Zerdust - Wikipedia
Zərdüşt, Zaratuştra və Zoroastr — zərdüştçülük dininin yaradıcısı, İranın ən böyük tarixi şəxsiyyətlərindəndir. İndiki İranın şərqində e.ə. VI–V yüzilliklər arasında yaşaması ehtimal edilir. Bəzi mənbələrdə Zərdüştün doğulduğu yer Bəlx, bəzən isə Raqa göstərilir.
Zərdüşt | |
---|---|
Doğum tarixi | ən tezi e.ə. 1500 və ən geci e.ə. 550 |
Doğum yeri |
|
Vəfat tarixi | ən tezi e.ə. 1500 və ən geci e.ə. 520 |
Vəfat yeri |
|
Vəfat səbəbi | bilinmir |
Həyat yoldaşı |
|
Vikianbarda əlaqəli mediafayllar |
Avesta kitabı Orta əsrlərdə ən möhtəşəm tarixi olması barədə məlumat verilir. Avestanın qatlarında verilən moizə-nəğmələrdə Zərdüşt tək Tanrıya sitayiş edən qədim Ariya (Əryan) dinlərinin əsaslarını yenidən qaytarmağa çalışır, qanlı qurbanlara və "xaum" ayininin həyata keçirilməsinə qarşı çıxır. Öz moizələrində Zərdüşt təbiətcə bir-birinə zidd və daima mübarizə aparan iki qüvvə – Xeyir və Şəri Tanrının iki başlanğıc enerjisi kimi qələmə verir. İnsanlara Xeyirə tabe olub (xeyirli işlər görüb) Şərdən qaçmağı təbliğ edirdi. Zərdüşt Peyğəmbər bəşəriyyətin ümumi yaşam konsepsiyasını bircə cümlədə ifadə etmişdir – Doğru Düşüncə, Doğru Söz, Doğru İş! Bütün dinlərin mahiyyəti, insanlığın mənası, Allahı dərk etməyin yolu bu fikirdə ifadə olunub..
Həyatı
redaktəOrta əsrlərdə yaranmış "Zərdüştnamə" adlı kitabda deyilir ki, uşaqlıqda Zərdüşt yaşıdlarından heç zaman ağlamaması və daim öz gülüşü ilə evlərini ilahi nura qərq etməsi ilə seçilirmiş. Erkən yaşlarından ruhanilərdən dərs alan Zərdüşt on beş yaşından kamil bir din xadimi kimi həqiqət axtarışı ilə dünyanı dolaşmağa başlayır..
Peyğəmbərliyə yüksəlməsi
redaktəOtuz yaşında Tanrıdan bilik alan Zərdüşt artıq yeni dinin yaradıcısı kimi peyğəmbərlik səviyyəsinə yüksəlir. Öz vətənində həmfikirlər tapmayan Zərdüşt yeni təlimini yaymaqdan ötrü şərqə tərəf üz tutur. O səhər müqəddəs çayı keçərkən səmavi ruhlardan Brahman onun qarşısında nazil olur və Zərdüştü Tanrının – Ahura Məzdanın yanına qaldırır. Dərgahda Zərdüşt ilahidən vəhy alır. Buradan cəhənnəmə düşən Zərdüşt onu öz dinindən döndərmək istəyən şər ruhu Anhra Manyu (Əhrimən) ilə görüşür. Əhrimən istəyinə çata bilmir və Zərdüşt göylərdən enərək öz təlimini "Avesta" adlı müqəddəs kitabda ifadə edir. İlhamını göylərdən alan Zərdüşt ağ libasa bürünüb əlinə müqəddəs od və sərv ağacından əsa alaraq şah Viştaspın (bəzi müəlliflərə görə Midiya hökmdarı Astiaqın) sarayına yollanır və onu öz dininə gətirir.
Şər ruhlar onu burada da təqib edirlər, lakin hər dəfə Zərdüşt müqəddəs kitabdan – Avestadan dualar oxumaqla onları qova bilir. Zərdüştün təlimi təkallahlılığı irəli sürür və dünyada iki əbədi başlanğıc – Xeyirlə Şər arasında daimi mübarizənin getdiyini və bunların Uca Tanrının enerjiləri olduğunu təbliğ edirdi. Bu təlimə görə insan ömrünün mənası Əhrimənlə mübarizədə Ahura Məzdaya xidmət etməkdir. Son nəticədə insan şərə qələbə çalmalı və şəri yer üzündən biryolluq silməlidir.
Zərdüşt Peyğəmbər öz Müqəddəs Missiyasını – dünyanın ən qədim biliklər sistemini, əbədi dinini və ruhi elmləri, tarixin hansı zamanındasa itirilmiş mədəniyyəti bütün insanlara yenidən qaytarmağa çalışır, Tanrı və yaradılış haqqda biliyin bərpasına can atırdı. Bu bilik ona Şəxsən Tanrının Özü tərəfindən verilmişdi və o bunu etməyə borclu idi. Bu qədim və mohtəşəm ideologiya ən ali prinsipə əsaslanırdı – Xeyirxah Fikir, Xeyirxah Söz, Xeyirxah Əməl. Tanrıya sonsuz məhəbbətlə xidmət və bütün canlılara hörmət. Budur elm və budur din (Rabindranat Taqor).
Qonşu hakimlər Viştaspın ata-baba dinindən dönməsindən narazı qalaraq, onun üzərinə hücuma keçirlər. Viştasp qələbə çalır və Zərdüştün təlimi onun ölkəsində möhkəmlənir. Viştasp Baktriyada atəşgahlar tikdirir. Öz ömrünün son illərini burada yaşayan Zərdüşt ya şər sehrbazlarının, yaxud da düşmən əskərlərinin əli ilə 77 yaşında öldürülür.[1]
Zərdüşt mənbələrdə
redaktəZərdüşt haqqında ilkin məlumat verən yunan tarixçisi Xsanti (e.ə. 465–425) olmuşdur. Kiçik Asiyanın Sard şəhərində yaşayan Xsanti Herodotdan da əvvəl Urmiya gölünə qədər olan əraziyə bələd olmuşdur. İlk əvvəl Herodot, sonralar isə Dəməşqli Nikolay onun yazılarından istifadə edib məzdəizm haqqında məlumat vermişdir.
On yeddi il Əhəməni sarayında yaşayıb, əsərini dövlət arxivinin sənədləri əsasında yazan Ktesidən (e.ə. 464–358) istifadə edən Diodor Zərdüştün Bəlx şahı olduğunu bildirmişdir.
Ammian Marsellin yazdığına görə Zərdüştün dövründən etibarən xüsusi ailədən xüsusi ailədən olan maqlar nəsildən-nəsilə din başçılığına təyin edilmişlər (Ammian Marselli, XXIII, 6). Ona görə ilk əvvəl onların sayı az olsa da sonralar get-gedə artmışlar. Maqlar adət-ənənələrinə görə digər təbəqələrdən fərqlənirdilər. Onlar xüsusi hörmət və nüfuza malik olmuşlar.
Plasta istinad edən Ammian Marsellin davam edərək yazır ki, "maqların təriqəti və dünyagörüşü yüksək olmaqla bərabər, həm də onların Allaha ibadət etmələri sırf və ciddidir. Bu dünyagörüşünün banisi Bəlxdən olan Zərdüştdür. Belə ki, onun ideologiyasını Daranın atası Gəştasib qəbul edib, onun dininə inanmışdır. Dara Bisütun qayasında atasın aişarə edərək yazmşdır: "Part və Varkan mənim əleyhimə çıxaraq Frasyakın tərəfinə keçdilər. Atam Part ölkəsində idi, orada yaşayanlar ona qarşı çıxdıqda o, ordusu ilə geri çəkildi. Partlarla olan vuruşmada atam Hörmüzdün köməyi ilə onlara qalib gəldi (e.ə. 521-ci il 5 fevralda). Mən isə Raqadan (indiki Rey şəhəri) Pars ordusunu atamın köməyinə göndərdim. Onlarla birlikdə düşmənə qarşı çıxan Gəştasib (e.ə. 520) üsyan edənləri darmadağın etdi." Kitabədə Dara atasını şah deyil, bir əyalətin satrapı adlandırır.
III Artakserks (Ərdəşir 356–338) Təxti Cəmşid kitabəsində öz əcdadı haqqında yazır: "Böyük şah, şahlar şahı, ölkələr şahı, bu ərazinin şahı. Mən şah I Artakserksin oğluyam. Artakserks Xaşayarşanın, Xaşayarşa Daranın, Dara isə Gəştasibin, Gəştasib isə Arşamın oğludur".[2] Abdulla Fazili qeyd edir ki, şübhəsiz adı bu kitabədə çəkilən Gəştasibi Zərdüştün himayədarı hesab etmək mümkün deyil. Ona görə ki, bütün dövrlərdə Gəştasib adlı şəxslər olmuşdur. Müasir dövrdə Zərdüşt dininə (daha doğrusu atəşpərəstliyə) inananların əqidəsinə görə Zərdüşt e.ə. 660–589-cu illər arasında yaşamışdır.[3] Bu ehtimal həmçinin pəhləvi mənbələrində az fərqlə təsdiq edilir.[4]
Ardavirafnamənin I fəslində deyilir ki, "müqəddəs və pak din olan bu dinin banisi Zərdüşt öz ideologiyasını əhali arasında yayıb təbliğ etmişdir. Məzdəizm 300 il müqəddəs və toxunulmaz qala bilmişdir. Nəhayət şər rəmzi olan Əhrimənin köməyi ilə Makedoniyalı İsgəndər Əhəmənilər imperiyasına hücum edib oranı dağıtmışdır".[5]
Zad Sparam əsərində deyilir: "Zərdüşt dininin yarandığı gündən 300 il sonra pərs taxt-tacı əldən getmişdir".[6] Şübhəsiz ki, burada da Makedoniyalı İsgəndərin Əhəmənilər imperiyasına yürüşü nəzərdə tutulur.
Bəndhüş adlı başqa bir mənbədə deyilir: "Kəyan sülaləsinin (Əhəmənilər) hakimiyyət başına keçməsindən İsgəndərin vəfatına qədər olan müddət 329 ildir. Buna görə də Zərdüşt e.ə. 595-ci ildə peyğəmbər olmasını elan etmişdir. Bəhdhüşə görə İsgəndər on dörd il hökmdarlıq etmişdir".[7]
Ərəb müəllifi Məsudi deyir: "maqların rəvayətinə görə onların peyğəmbəri olan Zərdüşt ibn Spitmanın dövründən İsgəndərə qədər olan müddət 258 ildir".[8]
Əbu Reyhan Biruni də Zərdüşt ilə İsgəndər arasında olan müddəti 250 il hesab edir.[9]
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ "Arxivlənmiş surət". 2022-03-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2008-09-12.
- ↑ M. A. Dandamayev – İran pri pervıx Axemenidax, Moskva, 1963, səh 41–79
- ↑ İ. Purdavud – Qatha, Bombey, 1927, səh 120 – 130
- ↑ Abdulla Fazili – Atropatena, Bakı, 1992, səh, 164
- ↑ Ardavirafnamə, IV–XII
- ↑ Zad Sparam, XIII fəsil, 12-ci vərəq, Zərdüşt haqqında
- ↑ Bəndhüş, 44 Fəsil, 7 – 8 vərəqlər
- ↑ Əl Məsudi – Müruc əz zəhəb və əl məadin əl cövhər, Paris, 1861
- ↑ Əbu Reyhan Biruni, səh 267