Zencan Xanligi - Wikipedia
Zəncan xanlığı — tarixi Azərbaycan torpaqlarında mövcud olmuş Azərbaycan dövlətlərindən biri.
Xanlıq | |
Zəncan xanlığı | |
---|---|
|
|
|
|
Paytaxt | Zəncan |
Rəsmi dilləri |
Azərbaycan dili, fars dili |
Dövlət dini | İslam (Şiəlik) |
Əhalisi | Azərbaycanlılar |
İdarəetmə forması | Mütləq monarxiya |
Sülalə | Əfşar eli |
Xan | |
• (1747-1780) | Zülfüqar xan Əmirli-Avşar (ilk) |
• (1797-1810) | Əmənulla xan Avşar (son) |
Xanlığın tarixi
redaktəZəncan xanlığın banisi Zülfüqar xan Əmirli-Avşar idi. Avşar elinin Əmirli oymağının Zəncan ətrafında çəkisi ağır idi. "Kitabi-məcməül-sultaniyyə"nin 370-ci səhifəsində yazılır: "Əmirli-Avşar elindən bir tayfa adıdır ki, Xəmsənin (Zəncanın) ətrafında sakindirlər.
Zülfüqar xan Əmirli-Avşar (Zəndiyyə dönəmində) Zəncanın valisi və Kərim xan Zəndin siyasi rəqibi idi. Bugünkü Zülfüqarilərin ulu babası olub və Zəncanın Səbzə meydanında yerləşən imarət onunkudur". "Gülşəni-murad", "Rüstəmüttəvarix" və başqa kitablarda da onun haqqında məlumatlar verilib. Kitabların bir neçə yerində onun iqtidarı və qüdrətinə görə, "Alicah Zülfüqar xan", "Sultan Zülfüqar xan Əmirli-Avşar", "Xaqan" ünvanları ilə xatırlanıb. Zülfüqarilərin daxil olduğu əmirlilərin olduqları yer, Qoltuq qalası Zəncanın cənub yörəsində yerləşirdi.
Zülfüqar xan Kərim xan Zəndin ölümündən sonra qoşun çəkib Qəzvini tutdu. Şahlıq iddiasında idi. Əlimurad xanın hücumundan sonra Qəzvini buraxıb Zəncana qayıtdı. Zülfüqar xan Ağaməhəmməd xan Qovanlı-Qacarın qardaşı Cəfərqulu xanla vuruşub məğlub olmuşdu. Zülfüqar xan məğlub olub Xalxala qaçmışdı. Xalxalın hakimi onu tutub Əlimurad xana verdi. Əlimurad xan 1780-ci ildə Zülfüqar xanı öldürdü.
Zülfüqar xanın törəməsi Zülfiqari soyadını daşıyır.
Zülfüqar xandan sonra, 1780-ci ildə Zəncanın hakimi Əli xan Avşar oldu. Onun soyu Zayirli adlanırdı. Zayirli soyu Zəncanın ətrafında məskunlaşıblar. "Gülşəni-murad" kitabında bu barədə yazır ki, Əli xan Zayirli-Avşar Xəmsə və Zəncan əyalətinin hakimi və Zülfüqar xanın qohumu idi.
1783–cü ildə Təbriz şəhəri Urmiya qoşunları tərəfindən mühasirəyə alınmışdı. Nəcəfqulu xan Dünbili mühasirənin götürülməsindən sonra oğlu Xudadad xanı yardım üçün Əlimurad xanın yanına göndərdi. Əlimurad xan ona yardım etməyə söz verdi. Urmiya hakimi İmamqulu xan Qasımlı-Avşar bu hadisəni eşidib Əlimurad xanın üstünə qoşun göndərdi. Qoşun Sovucbulaq tərəfdən yola düşdü. Əmənulla xan Ərdəlani də yolda qoşuna qoşuldu.
Zəncan hakimi Əli xan bir müddət idi ki, Əlimurad xandan üz döndərmişdi, sevincək halda onlarla birləşdi. Onları ağırlayıb məsləhət gördü ki, əvvəl evin içi, sonra çölü. Bildirdi ki, gəlin Azərbaycanı iç düşmənlərdən təmizləyək, sonra Əlimurad xanın üstünə gedərik. Bu məsləhəti İmamqulu xan Qasımlı-Avşar qəbul edib İraqa getməkdən əl çəkdi. Birləşdiyi Əli xanın sərkərdələrindən olan Vəli bəyi qoşunla Azərbaycana göndərdi. Dost bildiyi Azərbaycan xanlarına məktub yazıb onlara qoşulmağı təklif etdi. Xalxalın hakimi Fərəculla xan Miyanədə ona qoşuldu. Sərab hakimi Əli xan Şəqaqi böyük oğlu Sadıq sultana qoşun götürüb onlara qoşulmasını tapşırdı. Onlar Təbrizin bir ağaclığında toplanıb oturaq etdilər. Qış həmin il soyuq gəldiyindən şəhəri mühasirə etməyə tablamayıb Urmiyaya yollandılar.
Əli xan Avşar Qarabağ hakimi İbrahimxəlil xan Cavanşirlə yazışırdı. 1787-ci ildə Qarabağ xanı Əli xana yazırdı ki, Ağaməhəmməd xanın Azərbaycana girməsi böyük təhlükədir və buna görə də o, Məhəmmədhəsən xanın oğlunu şimala doğru hərəkətinə mane olmalıdır. Bunun üçün lazım gələrsə, ona qoşunla və pulla kömək etməyə hazırdır.
İbrahimxəlil xan Cavanşirin məktubu Təbriz xanı tərəfindən ələ keçirildi. Ağaməhəmməd xana göndərildi. Ağaməhəmməd xan Qovanlı-Qacar 50 min qoşunla Zəncana gəldi. Əli xan Zayirli bir məktub vasitəsilə Avşar elinin butün oymaqlarını Tehrana dəvət etdi. Ta Tehranda Avşarlar sülaləsinin şahlığını elan etsin.
Bir neçə dəfəlik yüngül qarşılaşmada Əli xan Zayirli-Avşar Ağaməhəmməd xan Qacarın ordusunun nizamını pozmuşdu. Ağaməhəmməd xan da qalib gələndən sonra onu Zəncanın hakimliyindən və qoşun sərkərdəliyindən azad etdi.
Əli xan Qacar xanına qarşı mübarizədən əl çəkmirdi. 1788-ci ildə (hicri qəməri 1201-ci ildə) Ağaməhəmməd xan Əli xan Avşarı İsfəhan şəhərinə aparıb gözlərini çıxartdırdı. Onun bütün vəzifələrini Abdulla xan Usanlı-Avşara verdi.
Əli xan Zayirli-Avşardan sonra Zəncanın valisi Abdulla xan Usanlı-Avşar oldu. 1797-ci ildə Ağaməhəmməd şah Qovanlı-Qacar onu hakim kimi tanımışdı. Abdulla xan Xəmsəyə yetişəndən sonra şahlıq həvəsinə düşmüşdü. Yar-yoldaşlarından, dost-tanışlarından qoşun toplayıb taxt-tac iddiası edirdi. Sonra iddiasından əl çəkib Zəncanı idarə etməyə başladı.
Abdulla xan Usanlı 1797-ci ildə Qacar şahları tərəfindən Xəmsə əyalətinin valisi olmuşdu. Fətəli şah Qovanlı-Qacara xidmət etmişdi.
Abdulla xan Hüseynqulu xan Qovanlı-Qacarın oğlu Süleyman xanın qiyamına qarışdığı üçün Fətəli şah tərəfindən kor edildi.
Zəncan xanlığının süqutu
redaktəAbdulla xandan sonra Zəncana Əmənulla xan Avşar başçılıq etməyə başladı.
Əmənulla xan Qacar dövlətinin adlı-sanlı sərkərdələrindən idi. 1806-cı ildə Fətəli şah Qovanlı-Qacar İbrahimxəlil xan Cavanşirin oğlu, İrana tabe olan Mehri mahalının başçısı Əbülfət xanı (Əbülfət xan Tuti) qızışdırıb 5 min nəfərlik qoşunla Qarabağa göndərdi. Əbülfət xanın yeznəsi Fərəculla xan Sarıxanbəyli-Şahsevəni də ona yardımçı təyin etdi. İranın adlı-sanlı sərkərdələri, o cümlədən Qəzvinli sərdar Hüseynqulu xan Qacar, Damğanlı İsmayıl xan, Xəmsəli (Zəncanlı) Əmənulla xan Avşar və başqaları Əbülfət xanın başçılığı altında idi.
Hakimləri
redaktə- Zülfüqar xan Əmirli-Avşar (1747–1780)
- Əli xan Zayirli-Avşar (1780–1782)
- Abdulla xan Usanlı-Avşar (1782–1797)
- Əmənulla xan Avşar (1797–1810)
Həmçinin bax
redaktəMənbə
redaktə- Ənvər Çingizoğlu, Aydın Avşar. Avşarlar. Bakı: Şuşa, 2008, səh. 323–324.
- Ənvər Çingizoğlu. Zəncan xanlığı. Bakı: Mütərcim, 2015, 176 səh.
İstinadlar
redaktə- ↑ Muriel Atkin. Russia and Iran, 1780—1828. 2nd. ed. Minneapolis:University of Minnesota Press Press. 2008. ISBN 0-521-58336-5.Orijinal mətn (ing.)
«In Safavi times, Azerbaijan was applied to all the muslim-ruled khanates of the eastern Caucasian as well as to the area south of the Araz River as fas as the Qezel Uzan River, the latter region being approximately the same as the modern Iranian ostans of East and West Azerbaijan.»