Zumrud Yagmur - Wikipedia
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Zümrüd Yağmur (tam adı: Zümrüd İsrafil qızı Abıyeva; 20 mart 1971, Masallı rayonu) — realist, distopik yazar, ədəbiyyatşünas, 1998-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri namizədi.[1]
Zümrüd Yağmur | |
---|---|
Zümrüd İsrafil qızı Abıyeva | |
Doğum tarixi | 20 mart 1971 (53 yaş) |
Doğum yeri | |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Milliyyəti | azərbaycanlı |
Həyat yoldaşı |
|
Təhsili | |
İxtisası | filoloq |
Fəaliyyəti | alim |
Əsərlərinin dili | Azərbaycan, Türk, Ukraynaca |
Həyatı
redaktəZümrüd Yağmur 1971-ci il martın 20-də Masallı rayonunun Məmmədxanlı kəndində anadan olmuşdur. Şərəfə kənd orta məktəbini bitirdikdən sonra 1988–1993-cü illərdə Bakı Dövlət Universitetinin Filologiya fakültəsində təhsil almışdır. Hələ tələbəykən "Müstəqil qəzet"ində köşə yazıları ilə çıxış etmişdir.
1990-cı illərdən ədəbi yaradıcılığa başlamışdır. "Müstəqil qəzet"də müxbir işlədiyi illərdə dövri mətbuatda hekayələri, elmi, fəlsəfi məqalələri dərc edilmişdir. "Hüseyn Cavid yaradıcılığında insan konsepsiyası" mövzusunda namizədlik dissertasiyası müdafiə edib filologiya elmləri namizədi alimlik dərəcəsi almışdır (1997). İlk kitabı "Suada" adlı povest və hekayələr toplusu 1995-də nəşr olunmuşdur. "İnsan axtarışında" (1998) kitabı bədii ədəbiyyatda insan konsepsiyası probleminə həsr edilmişdir.
1994–1999-cu illərdə "Azərbaycan Ensiklopediyası" Nəşriyyat-Poliqrafiya Birliyində elmi redaktor olmuşdur. Bu müddət ərzində eyni zamanda "Önər" jurnalının baş redaktoru kimi də çalışmışdır. O, 1999-cu ildə həmçinin "Müasir Azərbaycan nəsrində insan konsepsiyası"adlı doktorluq üzərində işə başlamış, 2000-ci ildə elmi işini tamamlamışdır.
Yazarın ikinci monoqrafiyası olan "İnsan və ədəbiyyat" 1998-ci ildə dərc edilmişdir.
Bir müddət yazılarına ara verən, mətbuatda ancaq az saylı hekayələri ilə çıxış edən Zümrüd Yağmurun təqribən 10 illik fasilədən sonra yeni kitabı işıq üzü görmüşdür. 2009-cu ildə "Günahkarın ölüm" hekayələr kitabı nəşr olunmuşdur. Bu hekayələr toplusu eyni zamanda İranda da işıq üzü görmüşdür.
Yazarın ilk romanı "Allah qayıdır!?" (2010) siyasi əsərdir. Ölkəsindəki diktatura durumunu anladan, insanların sarsıntılarını dilə gətirən və eyni zamanda ölkədəki ədalətsizlikləri real obrazların protetiplərilə canladıran müəllifin bu əsəri yaşadığı ölkənin durumunu tam olaraq təsvir etmişdir. Bu əsər Ukraynada da çap olunmuşdur (2013).
2012-ci ildə daha bir romanı "Dirirləri basdırın" adlı əsəri dərc olunmuşdur. Müəllif siyasi roman adlandırmasa da əsər siyasi çalarla boldur. Əsər "diktatorlara ithafən" yazlıb və müəllif insanların güc əldə etmək üçün mənəvi və əxlaqi dəyərlərini qurban verməsini və bu gücün sonda elə "savaşçıların" özünü məhv edişini anlatmışdır. Bu əsər eyni zamanda Türkiyədə də nəşr olunmuşdur (2013).
Xocalı faciəsinə həsr olunmuş Azərbaycan tarixinin üç dönəmində Qarabağda yaşanan faciələri təsvir edən "Yağış Qadın" əsəri 2014-də çap edilmişdir.
2016-cı ildə yayımlanan "Ölkə adı: 22" adlı Azərbaycan ədəbiyyatında ilk distopik əsərdir. Bu roman Zümrüd Yağmurun digər əsərlərindən metafor zənginliyi və simvolizmin güclü istifadəsinə görə fərqlənir. Hadisələr dünyadan izole edilmiş bir adada, "Ağa" adlanan şəxsin qurduğu diktatura rejimi altında yaşayan insanların həyatından bəhs edir. Z. Yağmur bu əsərində ilk dəfə olaraq fərqli bir texnikadan istifadə edərək, obrazları oxucuya yazar təsvirləri və obrazların öz düşüncələri vasitəsilə yox, onların hərəkətlərində əks etdirərək, oxucuya hər obrazı öz pəncərəsindən şərh etmə imkanı tanıyıb.
Zümrüd Yağmur ölkəsindəki siyasi-ictiami hadisələrə hər zaman öz yazıları ilə reaksiya verir. Müxalif düşüncəsi və yazılarına görə heç bir dövlət müəssisəsində işə götürülməyən, işlədiyi Ensiklopediyadan da uzaqlaşdırlan yazar "Azadlq" qəzetində siyasi köşələrlə çıxış edib.
Övladları Sənay Yağmur və Selcan Yağmurdur.
Kitabları
redaktə- Suada (1997)
- İnsan axtarışı(1998)
- İnsan və ədəbiyyat (1999)
- Günahkarın ölümü (2009)
- Allah qayıdır?!
- Diriləri bastırın(2012)
- Yağış Qadın (2014)
- Ölkə Adı: 22 (2016)
- Qaranlığa Şərqi Söyləmək (2019)
İstinadlar
redaktə- ↑ "Zümrüd Yağmur". 1000kitap.com. 2024-01-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024.01.05.