Yeni Iqbal Qezet - Wikipedia
Yeni İqbal — 1915—1917-ci illərdə Bakıda çap olunmuş gündəlik ictimai, iqtisadi və siyasi qəzet.
Yeni İqbal | |
---|---|
Format | Tabloid |
Nəşriyyat | Orucov Qardaşları Mətbəə Nəşriyyatı |
Baş redaktorlar | Məhəmməd Əmin Rəsulzadə (28.04.1915-11.10.1915); Üzeyir bəy Hacıbəyov (11.10.1915 - 19.02.1916); Zaman bəy Abdullabəyov (1916-1917); Oruc Orucov (1917-ci ildə) |
Yaranma tarixi | 28 aprel 1915 ) |
Dil | Azərbaycan dili |
Nəşrini dayandırıb | 1917-ci ildə, 31 iyul |
Baş ofis | Bakı |
Tiraj | 662 |
Haqqında
redaktə“Yeni iqbal” 1915-ci il aprelin 27-də nəşri dayandırılan “İqbal” qəzetinin davamı kimi fəaliyyətə başlamışdı. “Yeni iqbal” gündəlik “türk qəzeti” idi və sistemli olaraq millətçilik, türkçülük ideyalarını təbliğ edirdi.
Gündəlik “ictimai, iqtisadi, siyasi türk qəzetəsi” olan “Yeni iqbal” şənbə günü istisna olmaqla həftənin bütün günləri çıxırdı. Bəzən bu müntəzəmlik pozulur, qəzet 2 gündənbir, bəzən də 3 gündənbir nəşr olunurdu. Bu hal bayram günlərində daha çox nəzərə çarpırdı. Bundan əlavə 1915-ci ilin noyabr-dekabr aylarında Orucov qardaşlarının mətbəəsində tətil baş verdiyi üçün qəzet 10 gün nəşr olunmamışdı.
“Yeni iqbal” əsasən 4 səhifədən ibarət idi və A2 formatında çıxırdı. Lakin bunlar da sabit deyildi. Bəzən səhifələrin sayı azalır, 2 olur, bəzən də artır, 6 olurdu. Eləcə də tez-tez formatda da dəyişiklik gözə çarpırdı. Qəzet arabir A3, bəzi vaxtlarda isə A4 formatında çıxırdı. Bunlar da əsasən maddi çətinliklərdən irəli gəlirdi.
Bakıda Orucov qardaşlarının mətbəəsində Azərbaycan türkcəsində nəşr olunan “Yeni iqbal”ın ilk nömrəsi 1915-ci il aprelin 28-də işıq üzü görüb. Qəzetin ilk redaktoru azadlıq mücahidi, milli istiqlal fədaisi Məhəmməd Əmin Rəsulzadə olmuşdur. Onun redaktəsi ilə qəzetin 19 sayı çapdan çıxıb. Rəsulzadə redaktorluğu dövründə Qars və Ərdahan qaçqınlarına yardım məqsədilə Bakıda və Azərbaycanın digər bölgələrində keçirilən tədbirlərin fəal iştirakçısı olmuş, xalqı da bu tədbirlərdə yaxından iştirak etməyə səsləmişdir. Təsadüfi deyil ki, onun bu istiqamətdə ardıcıl fəaliyyəti və kəskin siyasi ruhlu yazıları çar xəfiyyə orqanlarının diqqətindən yayınmamış, o, 1915-ci ilin ortalarında tutularaq ay yarım həbsdə saxlanılmışdır[1]. Bu barədə qəzetin 24 may 1915-ci il tarixli 23-cü nömrəsində belə bir məlumata rast gəlirik:
Sər mühərririmiz Məhəmməd Əmin Rəsulzadə əfəndi mayın 19-da Bakı qradonaçalniki cənablarının əmrilə qradonaçalnik dəftərxanasında tovqif edilib həbsxanaya göndərilmişdir. |
Buna bənzər digər informasiyaya “Bəsirət” qəzetinin 11 iyul 1915-ci il tarixli 53-cü nömrəsində rast gəlirik:
Təqribən bir ay yarım bundan əvvəl tovqif edilmiş olan “Yeni iqbal” qəzetinin sər mühərriri Məhəmməd Əmin Rəsulzadə cənabları tovqif edilmişdi. Neçə gün əqdəm mumiəleyh həbsdən azad edilmişdir. Hələlik mühərrir əfəndi bağda vəqt keçirir. Təkrar Bakı mətbuatında işləyib-işləməyəcəyi məlum degildir. |
Həbsdən çıxdıqdan sonra Rəsulzadə Üzeyir Hacıbəylinin redaktorluq fəaliyyətinədək qəzetə ümumi rəhbərlik etmişdir. “Yeni iqbal”ın ilk naşiri isə Əbdürrəhman Məşədi Dadaş oğlu idi. Qəzetin 137 nömrəsi onun rəhbərliyi ilə nəşr edilmişdi. Üzeyir bəy Hacıbəyov 1915-ci il sentyabrın 18-dən qəzetin redaktoru, oktyabr ayının 11-dən 1916-cı il 9 fevraladək onun sahibi və baş redaktoru olmuşdur. Qəzetin 1915-ci ildə 76 (№ 120-196), 1916-cı ildə isə 33 (№ 197-229) sayı bilavasitə Üzeyir bəy Hacıbəyovun rəhbərliyi ilə nəşr olunmuşdur. Üzeyir bəy Hacıbəyov «Yeni iqbal»da çalışdığı dövrdə onunla müxalifətdə olanlara, «opera dramın evini yıxdı» deyənlərə qarşı «Tərəqqi və tədənni», «Yazıq ermənilər», «İş görək»„ «Küyçülük», «Biz qızışırıq», «Səsküy, qalmaqal» və s. başlıqlı publisist yazıları ilə kəskin mübarizə aparmış, «Dayaq» felyetonunda Bakı dumasının bivec qlasnılarını tənqid atəşinə tutmuşdur[2].
1916-cı il fevralın 9-dan (229-cu nömrədən) Zaman bəy Abdullabəyov “Yeni iqbal”a rəhbərlik etməyə başlayır. O, uzun müddət burada işləyir. Redaktor kimi 1917-ci ilin əvvəllərinə, naşir kimi isə həmin ilin may ayının 10-a kimi (577-ci nömrəyədək) fəaliyyət göstərir. Zaman bəyin rəhbərliyi ilə qəzetin ümumilikdə 348 nömrəsi çap olunmuşdur. “Yeni iqbal” qəzeti 577-ci nömrədən - sonuncu 662-ci nömrəyədək Orucov qardaşlarının idarəçiliyi altında nəşr olunmuşdur. Oruc Orucov qəzetin redaktoru, Qənbər və Abuzər Orucovlar isə naşiri olmuşlar. Orucov qardaşları həm də qəzetin sonuncu redaktor və naşirləri idilər. Belə ki, 662-ci nömrə (1917-ci il 31 iyul) çıxdıqdan sonra “Açıq söz” qəzetilə birləşən “Yeni iqbal” fəaliyyətini dayandırdı. Bunun da bir neçə səbəbi vardı. Əgər birinci səbəb maddi çətinlik idisə, ikinci və əsas səbəb hər iki qəzetin eyni əqidəyə, eyni məsləkə qulluq etmələri idi.[1]
Xarici keçidlər
redaktəHəmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ 1 2 "Xalidoğlu (Mirzəyev) S. Məhəmməd Əmin Rəsulzadə "Yeni İqbal" qəzetinin əsas redaktorlarından biri kimi.//Bakı Universitetinin xəbərləri. Humanitar elmlər seriyası. 2013, №1, s. 159-166" (PDF). 2022-07-05 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2018-01-08.
- ↑ "«Yeni iqbal»". 2020-01-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-03-05.