Yaponiyada Bank Sistemi - Wikipedia
Yaponiyada bank sistemi - Amerika sisteminin nümunəsi üzrə, yüksək ixtisaslaşma səviyyəsində qurulmuş bu sistemə Yaponiya Bankı, kommersiya bankları və digər kredit-maliyyə institutları daxildir.
Yaponiya Bankı | |
---|---|
Yerləşməsi | |
Ünvan | Yaponiya, Tokio |
Ümumi məlumatlar | |
Yaranma tarixi | 1982 |
Ehtiyatları | 2 660 007 mln. iyen (2009) |
Valyuta | Yaponiya iyeni |
Digər məlumatlar | |
Saytı | www.boj.or.jp |
Tarixi
redaktə1873-cü ildə milli banklar haqqında Qanuna əsasən (bu qanun 1863-cü ildə ABŞ-da qəbul edilmiş qanunun, demək olar ki, təkrarı idi) Yaponiyada ilk milli bank təsis edildi.
Yaponiya Bankı
redaktəYaponiya Bankı 1882-ci ildə təsis edilmişdir [1].
Kommersiya bankları
redaktəKommersiya bankları bir neçə kateqoriyaya bölünürlər.
Şəhər bankları
redaktəŞəhər bankları və ya City banks Meydzi dövründən başlayaraq qısamüddətli və uzunmüddətli kreditlərin ölkənin bütün ərazisi boyunca iri müəssisələrə, hər şeydən əvvəl, onların aid olduqları qrupların müəssisələrinə verilməsi ilə məşğul olur. Şəhər bankları ölkənin kredit sisteminin özəyini təşkil edir. Yaponiyada olan bütün şəxsi banklardakı depozitlərin 20%-dən çoxu, həmçinin bank sisteminin kapitalının ümumi həcminin 36%-ə qədəri onların payına düşür. Şəhər banklarının sayı 11-dir. Onların ikisi bank, doqquzu bank korporasiyasıdır. «Daiiti-Kanqe» (Daiti- Kange), «Mitsubisi» (Mitsubishi), «Sumitomo» (Sumitomo), «Fudzi» (Fuji), «Sanva» (Sanva) və Yaponiya Bankının yardımından istifadə edən digərləri bu qəbildəndir. Yaponiya banklarının xarici əməliyyatlarının böyük hissəsi şəhər banklarının payına düşür («Benk of Tokio» (Bank of Tokyo) liderlik edir). Bu bank son illər ərzində öz beynəlxalq filiallar şəbəkəsini intensiv şəkildə genişləndirir.
Regional banklar
redaktəRegional banklar prefektur miqyasında fəaliyyət göstərirlər. Şəhər bankları ilə müqayisədə, onların kapitallarının həcmi və əməliyyatlarının miqyası sox azdır, lakin filialların geniş şəbəkəsinə malikdirlər. 64 regional bankın ən irisi «Benk of Yokohama» (Bank of Yokohama) təqribən 28 milyard dollarlıq aktivlərə malikdir. Regional bankların əsas fəaliyyət növü xırda və orta müəssisələrin kreditləşdirilməsidir. Onlardan bəziləri əmanətləri qəbul edir. Bundan başqa, regional banklar yerli özünüidarə orqanlarının maliyyələşdirilməsində mühüm rol oynayırlar. Bunlar struktur etibarilə kredit banklardır. Müharibədən sonrakı dövrdə regional bankların inhisarçı banklardan asılılığı nəzərə çarpacaq dərəcədə artmışdır.
Trast-banklar
redaktəTrast-banklar ilkin olaraq əmlakın idarə edilməsi məqsədilə yaradılırdı. Hazırda onlar ehtiyat qismində təcili əmanətlərə və istiqrazlara, aktivlərdə isə müəssisələrə və şəxsi adamlara verilən kreditlərə malikdirlər. Lakin bankların ixtisası əvvəlki kimi trast əməliyyatlarının həyata keçirilməsidir. Ölkədə belə bankların sayı yeddidir. Onlardan beşi dünyanın əlli iri bankları sırasına daxildir. Son dövrlərdə trast bankların və digər kommersiya banklarının qarşılıqlı nüfuz etmə tendensiyası güclənmişdir. Trast-banklarda bank şöbələri, kommersiya banklarında isə etibarlı əməliyyat şöbələri fəaliyyət göstərir.
Uzunmüddətli kreditləşmə bankları
redaktəUzunmüddətli kreditləşmə bankları uzunmüddətli kreditləri daha prioritet sahələrin müəssisələrinə məqsədəuyğun şəkildə təqdim edərək Yaponiya iqtisadiyyatını canlandırdılar. Ilk belə bank 1952-ci ilin qanunu ilə yaradılmışdır. Hazırda onlar əsasən daha yüksək maliyyə riski ilə bağlı olan sferalardakı şirkətləri maliyyələşdirirlər. Bunlar prinsip etibarilə yeni texnologiyaların hazırlanması, gələcəyin enerji mənbələrinin yaradılması və başqalarıdır. «Indastrial Benk of Cepen» (Industrial Bank of Japan), «Lonq Term Kredit Benk» (Long Term Credit Bank) və «Nippon Kredit Benk» (Nippon Credit Bank) bu qəbildəndir. Ilk iki bank iri müəssisələrin kreditləşdirilməsi, üçüncü bank isə ipoteka kreditləşməsi ilə məşğul olur, xırda və orta müəssisələrlə aparılan əməliyyatlar üzrə ixtisaslaşır. Onlar öz kapitallarını əsas etibarilə öz istiqrazlarının emissiyasının köməyi ilə səfərbər edirlər. Son vaxtlar bu ixtisaslaşmış bankların əhəmiyyəti artmışdır, çünki yapon inhisarlarının kommersiya bankları, bir qayda olaraq, qısa və orta müddətli kreditlər təqdim edirlər.
İxtisaslaşmış dövlət bankları
redaktəYaponiyanın bank sistemində əsas yerlərdən birini də ixtisaslaşmış dövlət bankları tutur. Bunlar Yaponiyanın ixrac-idxal bankı (Eport-Bank of Japan, 1950-ci il), Yapon inkişaf bankı (Japan Bank pf Development, 1951-ci il) və dövlət maliyyə korporasiyalarıdır.
Yaponiyanın ixrac-idxal bankı xarici ticarəti kreditləşdirir, xarici investisiyalarda və kreditlərdə iştirak edir. Ixrac-idxal bankı 1999-cu ildə Beynəlxalq əməkdaşlıq Fondu ilə birləşmiş və nəticədə Beynəlxalq əməkdaşlıq Bankı yaranmışdır.
Yapon inkişaf bankı sənayenin, nəqliyyatın, energetikanın uzunmüddətli kreditləşdirilməsi ilə məşğul olur. Bankın bütün kapitalı dövlətə məxsusdur. Kredit resurslarının böyük hissəsi etibarlılıq fondlarının vəsaitləridir. Bankın xüsusi vəsaitləri və istiqrazların buraxılması hesabına səfərbər edilmiş vəsaitlər də kreditləşdirmə məqsədilə istifadə olunur. Yapon inkişaf bankı vəsaitlərini əsas etibarilə avadanlığın alınması, təzələnməsi və təmiri üçün təqdim edir. Bu bank kreditləşdirməkdən başqa, istiqrazları alır, şəxsi institutların kreditlərinə zəmanət verir və ya onların hüquqlarını kreditorlardan alıb satır, həmçinin kapital yatırımlarını həyata keçirir.
Yaponiyada xarici banklar
redaktəYaponiyada xarici banklar dünyanın 88 dövlətini təmsil edirlər. Bu mənada ABŞ və Böyük Britaniya bankları hakim mövqe tutur, Almaniya və Fransa bankları da əhəmiyyətli çəkiyə malikdirlər. Xarici banklar tərəfindən rəqabət 1960-cı ildə başlamışdır. Həmin dövrə qədər onların fəaliyyəti iki istiqamətlə məhdudlaşırdı: xarici valyutada olan borcların təqdim edilməsi və «Sarakin» istehlak krediti müəssisələrinin kreditləşdirilməsi. Xarici bankların ənənəvi funksiyası xarici valyuta ilə ticarətdir. Onların sayəsində Yaponiyada xarici ticarətdəki riskləri sığortalayan yeni maliyyə alətləri yaranmışdır. Xarici banklar faiz bazarında da öz tətbiqini tapmışdır. Hazırda Yaponiya iri beynəlxalq svop bazarlarından biridir.
Bankların birləşdirilməsi prosesi
redaktə2000-ci ilin sentyabrında üç aparıcı bank («Indastrial Benk of Cepen», «Daiiti-Kanqe» və «Fudzi», yəni iki şəhər bankı və bir uzunmüddətli kreditləşmə bankı) «Midzuho» (Midzuho) holdinq qrupunda birləşməklə bağlı planlarını reallaşdırmağa başladılar. Bu, aktivlərinin ölçüsünə görə dünyanın iri maliyyə qruplarından biri olacaq. 2001-ci ildə «Tokay» (Tokai), «Asahi» (Asahi) və «Sanva» (Sanva) banklarının holdinqdə birləşməsi, həmçinin «Sumitomo» (Sumitomo) və»Sakura» (Sakura) banklarının vahid «Sumitomo Misui» (Sumitomo Mizui) bankında birləşmə prosesi başlandı. Bu proses bank işindəki qlobal rəqabətin nəticəsi və Yaponiya iqtisadiyyatı üçün qeyd şərtsiz üstünlük idi.
Həmçinin bax
redaktəMənbə
redaktə- Щенин Р. К. Банковские системы стран мира. — М.: КноРус, 2010.
- Андрюшин С. А. Банковские системы: учебное пособие. — М.: Альфа-М, Инфра-М, 2011
- Алексеев А. М. Военные финансы капиталистических государств. — 2-е. — М: Госполитиздат, 1952.
- Большая советская энциклопедия / Под редакцией А. М. Прохорова. — 3-е издание. — М.: Советская энциклопедия, 1969—1978.
İstinadlar
redaktə- ↑ Vande Walle, Willy et al. "Institutions and ideologies: the modernization of monetary, legal and law enforcement 'regimes' in Japan in the early Meiji-period (1868-1889)" Arxivləşdirilib 2013-05-16 at the Wayback Machine (abstract). FRIS/Katholieke Universiteit Leuven, 2007; retrieved 2012-10-17.