Xocali Gedebey Medeniyyeti - Wikipedia
Gədəbəy - Xocalı mədəniyyəti — Azərbaycanın Gədəbəy və Xocalı rayonu ərazisindəki abidələr, yerli türk əhalisinin yaşayış tərzi, ənənələri və digər mədəniyyət nümunələridir. Rayonun memarlıq abidələrindən Söyüdlü kəndində Qız qalasını (“Namərdqala” - 9 cu əsr) və Mahrasa məbədini, Novosaratovka kəndindəki məbədi (1535), Qalakənd kəndindəki qalanı (XVI əsr), Böyük Qaramurad kəndindəki qalanı (1634), Dikdaş kəndi ərazisindəki (Bayram dərəsində) alban kilsəsini və Həmşivəng məbədini, Cəbətkeçməz kəndindəki üç körpünü (XIX əsr) xüsusi qeyd etmək lazımdır.[1]
Xocalı kurqanında 1895-ci ildə E. Resler tərəfindən aparılmış arxeoloji qazıntılar
zamanı tapılmış aqat boyunbağı və Assuriya şahı II Adadnirarinin adı yazılmış e.ə. X-IX əsrlərə aid muncuq. Sankt-Peterburqun Ermitaj muzeyi |
Xocalı-Gədəbəy mədəniyyətinin mərhələləri
redaktə1) Xocalı-Gədəbəy mədəniyyətinin ilk mərhələsinə- e.ə. XIV-XIII əsrlərə aid edilir.
2) Xocalı-Gədəbəy mədəniyyətinin ikinci dövrü e.ə. XII-XI əsrlərlə tarixləndirilir. Bu dövrə Araçadzor, Axmaxi, Ballıqaya, Qarabulaq kurqanları, Gədəbəy daş qutularının bir qrupu daxildir. М.A.Hüseynova bu dövrə aid dörd keramika tipi müəyyən etmiş və onların üçünün yerli zəmin əsasında inkişaf etdiyini göstərmişdir. Qarabağ və Gədəbəy zonasının abidələri ikinci qrup keramikanın üstünlük təşkil etməsi ilə fərqlənir. Bu dövrə aid Gəncəçay abidələrində ağ inkrustasiyalı keramika üstünlük təşkil etməkdə davam edir.
Gillikdağ və Lüləlidə ağ inkrustasiyalı keramikanın əvvəlki dövrə nisbətən xeyli sadələşdiyi nəzərə çarpır. Bu dövrə aid abidələrdən aşkar edilmiş konusvari başlığı olan yastı tiyəli xəncərlər e.ə. XIII-XII əsrlərə aid edilmişdir. Xocalı-Gədəbəy mədəniyyətinin üçüncü inkişaf dövrü e.ə. X-IX əsrləri əhatə edir. Gəncəçay rayonunun bu dövrə aid abidələri birinci və ikinci qrup keramikanın mövcudluğu ilə xarakterizə edilir. Lakin bu dövrdə, ikinci qrupa daxil olan keramikada ağ inkrustasiyalı bəzəmələr meydana çıxır. Bu dövrə, həmçinin Dağlıq Qarabağın bir sıra abidələri də aid edilməkdədir.
Naxçıvan ərazisində aşkar olunan Xocalı-Gədəbəy tipli arxeoloji abidələr e.ə. II minilliyin sonu, I minilliyin əvvəlləri ilə tarixləndirilmişdir. Onlar daş qutu qəbirlərlə, kollektiv dəfn adəti ilə, boz rəngli keramika və zəngin tunc əşyalarla xarakterizə edilirlər. Abidələrin tarixləndirilməsi üçün, başlıca olaraq, keramika məmulatı, bəzən isə konusvari başlıqları olan tunc xəncərlər əsas tutulmuşdur. Naxçıvanın ikinci qrup arxeoloji abidələri üçün boyalı qablar xarakterikdir. Şahtaxtı, Yurdçu daş qutuları, Qızılburun və Culfa nekropolları belə abidələrdəndir. Bu abidələr onlar üçün xarektirik olan gil məmulatı və tunc əşyalarla birlikdə e.ə. XIV-XI əsrlərə aid edilir. Bu komplekslərin tarixləndirilməsi üçün çaynik və qədəh tipl qablardan, həmçinin digər diaqnostik nümunələrdən istifadə edilmişdir. Bu baxımdan, yanları hər iki tərəfdən içəri batıq olan kasalar diqqətəlayiqdir. Gövdəsinin hər tərəfi bəzəməli olan bu tip qablar yalnız Son Tunc dövrü abidələri üçün xarakterikdir.
3) Xocalı-Gədəbəy mədəniyyətinin üçüncü inkişaf dövrü e.ə. X-IX əsrləri əhatə edir. Gəncəçay rayonunun bu dövrə aid abidələri birinci və ikinci qrup keramikanın mövcudluğu ilə xarakterizə edilir. Lakin bu dövrdə, ikinci qrupa daxil olan keramikada ağ inkrustasiyalı bəzəmələr meydana çıxır. Bu dövrə, həmçinin Dağlıq Qarabağın bir sıra abidələri də aid edilməkdədir Kiçik Qaramurad ətrafında qeydə alınmış mağara və Qalakənd kəndindən tapılmış nümunələrə görə Gədəbəyin tarixi daş dövrünə (mezolitə) gedib çıxır. Buradakı arxeoloji abidələr tunc və ilk dəmir dövrünə aid qəbirlərlə, daş qutu qəbirlərlə, kurqanlarla, qədim qalaçalarla, ibadətgahlarla izlənilir.[2]
Xocalı-Gədəbəy mədəniyyəti üçün xarakterik olan abidələrin bir qismi siklop tikintiləridir. Azərbaycanda Son Tunc və Erkən Dəmir dövrləri abidələrinin böyük bir qismi Xocalı-Gədəbəy mədəniyyətinə aiddir. Tədqiqatlardan bəlli olur ki, bu mədəniyyətin əhatə etdiyi tarixi dövrdə Azərbaycan tayfalarının qonşu regionlarla geniş əlaqələri olub. Təsadüfi deyil ki, hələ XX əsrin əvvəllərində Xocalı yaxınlığında aparılan qazıntılar zamanı üzərində Assur hökmdarının adı həkk olunan muncuq aşkar olunmuşdu.
Xocalı-Gədəbəy mədəniyyəti abidələri həm də emalatxanalar, qəbirlər və ibadətgahlardan ibarətdir. Mədəniyyətin yayıldığı ərazidə misəritmə kürələri, mis və tunc məmulatları hazırlayan emalatxanaların qalıqları, çaxmaq daşından alət və silahların istehsal tullantıları aşkar edilmişdir. Torpaq, daş qutu qəbirlər və kurqanlarda ölülər bükülü, uzadılmış, oturdulmuş vəziyyətdə dəfn olunmuşdur. Qəbirlərin keramikası, demək olar ki, eynidir. Qəbirlərdən tunc qılınc, təbərzin, toppuz, ox, yaba, xəncər, nizə ucluğu, bardaq, qazan, cilov, bilərzik, üzük, sümükdən düzəldilmiş bəzək əşyaları, gildən və daşdan hazırlanmış müxtəlif məmulatlar aşkar edilmişdir.[3]
Xocalı abidələri
redaktəXocalı ərazisi ən qədim memarlıq və ilk mədəniyyət abidələri ilə zəngindir. Memarlıq abidələrindən türbə (XIV əsr), dairəvi türbə (1356-1357-ci illər), ətafında son tunc və ilk dəmir dövrünə aid nekropol, kurqan çölü və s. var.
XIX əsrdə aşkar edilmiş, daş qutu və kurqanlardan ibarət olan Xocalı qəbristanlığı - son tunc və ilk dəmir dövrünə (e.ə.VIII-VII əsrlər) aid arxeoloji abidədir. Burada müxtəlif tipli saxsı qablar, silahlar (qılınc, xəncər, nizə və ox ucluğu, balta-təbərzin), qızıl, tunc, balıqqulağı, əqiq, şüşə, pasta və s.-dən hazırlanan bəzək əşyaları, tunc əmək alətləri və at əsləhətləri aşkar edilmişdir. Burada çoxlu sayda "Qoç və yəhər" şəkilli qəbir daşları, müqəddəs ziyarətgahlar- Seyid Cəlalın ocağı, Cahan nənənin ocağı və s. var.
Xocalı şəhəri və Əsgəran qəsəbəsi arasında Qarqar çayının sağ və sol sahillərində XVIII əsrə aid "Əsgəran qalası" mövcuddur. Qalanı Qarabağ xanı Pənahəli xan tikdirmişdir. Qala iki istehkamdan ibarətdir. Sağ sahildəki qala bürcü ikiqat daş divarlardan ibarətdir. Sol sahildəki qala dördkünc bürclüdür. Divarların qalınlığı 2–3 m-dir. 1810-cu ildə Rusiya ilə İran arasında sülh danışıqları "Əsgəran qalası"nda aparılmışdır.
Rayonun Kərkicahan qəsəbəsində 3 qəbristanlıq var. Burada XIV əsrə aid yazıları olan qəbirlər, "kilsəli" deyilən yerdə Alban kilsəsi, qəbirlər, 800 il əvvələ təsadüf edilən müsəlman qəbristanlığının qalıqları, Alban pir-ocaqları və s. var.
Rayonun Kosalar kəndi ərazisində "Məhəmməd ağanın otağı" tarixi abidə, "Darılı Piri", "Ələm ağacı" ziyarətgahları və daş qəbirlər var.
Rayonun Meşəli kəndi ərazisndə - Meydan yaylağında - müqəddəs ziyarətgah "seyid qəbri" (ermənilər tərəfindən dağıdıldı), "Yeddi kilsə" (Alban kilsəsi) vardı. Bundan əlavə 4 yerdə Alban kilsəsi mövcud idi.
Naxçıvanda Xocalı-Gədəbəy mədəniyyəti nümunələri
redaktəNaxçıvan ərazisində Xocalı-Gədəbəy mədəniyyətinin Gədəbəy qrupu üçün xarakterik olan mədəniyyət geniş yayılmışdır. Bu, onu göstərir ki, e.ə. II minilliyin sonunda Gədəbəy qrupuna aid olan etnoslar üstünlük təşkil etmiş və Azərbaycanın cənub rayonlarına da yayılmışdır. Ola bilsin ki, bu dövrdə Xocalı-Gədəbəy mədəniyyətinə aid tayfalar vahid bir etnos halında birləşmişdir.
Bəzək əşyaları
redaktəXocalı-Gədəbəy mədəniyyəti abidələrindən aşkar olunan tunc kəmərlər yüksək sənətkarlıqla hazırlanmaları ilə fərqlənir. Xocalı və Мingəçevirdən tapılan belə kəmərlərin bəzəmə motivi zəngindir.
İstinadlar
redaktəBu məqalədəki istinadlar müvafiq istinad şablonları ilə göstərilməlidir. |
- ↑ Tarixin Gədəbəy - Xocalı mədəniyyəti mərhələsi[ölü keçid]
- ↑ Vəli Baxşəliyev , " Azərbaycan arxeologiyasi", Azərbaycan Мilli Elмlər Akadeмiyasi, Naxçivan bölмəsi, Naxçivan Dövlət Universiteti,Bakı, 2006, 236 səh Arxivləşdirilib 2020-01-11 at the Wayback Machine.
- ↑ Xocalı-Gədəbəy mədəniyyəti[ölü keçid]