Xanqervend Xalcalari - Wikipedia
Xanqərvənd xalçaları — Qarabağ tipinə aid olan xovlu xalça.
Xalça | |
Xanqərvənd xalçaları | |
---|---|
Toxunması haqqında məlumatlar | |
Üslubu | Qarabağ xalçaçılıq məktəbi |
Ümumi məlumat
redaktə"Xanqərvənd" adlanan bu xalçalar əvvəllər Gəncə-Qazax tipinə, sonralar isə (təxminən XVIII əsrin II yarısından) Qarabağ tipinə aid edilmişdir. Xanqərvənd kəndi Bərdə şəhərindən 20 km şimal-qərbdə yerləşən böyük bir kəndin adıdır. İki böyük xalçaçılıq mərkəzinin – Gəncə və Qarabağın xalçaçılıq sənətini davam etdirən bu kənd bu iki xalçaçılıq məktəbinin bədii və texniki xüsusiyyətlərindən istifadə etmiş və qədim zamanlardan yüksək keyfiyyətli xalçaların istehsal olunduğu mərkəz hesab edilmişdir. Burada xalı, gəbə və müxtəlif ölçülü digər xalçalar, həmçinin xovsuz xalçalar – palaz, kilim, zili istehsal edilmişdir. Beləliklə, Xanqərvənd vaxtilə Gəncə və Qarabağın xalçaçılıq mərkəzi olmuşdur. O, ətraf ərazilərin – Faxralı, Samux, Şadılı, həmçinin Ağcabədi və Tərtər rayonlarının xalçaçılıq məntəqələrinin xalçaçılıq sənətinə də müsbət təsir göstərmişdir.
Azərbaycanın cənub-qərbində yerləşən Qarabağ xalça məktəbi iki regionda — dağlıq və aran zonalarında inkişaf etmişdir. Yazılı mənbələrdə ərəb tarixçiləri Əl-Müqəddəsi, Məsudi və b. tərəfindən X əsrdən başlayaraq yun və pambıq emalı ilə məşğul olan iri sənətkarlıq mərkəzi kimi adı çəkilən Qarabağın Dağlıq zonasında XIX əsrdə xalça istehsalında Şuşa şəhəri və Daşbulaq, Dovşanlı, Girov, Trniviz, Malıbəyli, Çanaxça, Tuğ, Tuğlar, Hadrut, Muradxanlı, Qasımuşağı, Qubadlı, Qozağ, Mirseyid, Bağırbəyli, Xanlıq, Tutmas kəndləri əsas rol oynayırdılar. Dağlıq zonaya nisbətən xammalla, şübhəsiz ki, daha yaxşı təmin olunmuş aran rayonlarında Cəbrayıl, Ağdam, Bərdə və Füzuli xalça istehsalında əsas yer tutur. Bu mərkəzin hər birində əhalisi satış üçün intensiv şəkildə xalça toxuyan çoxlu miqdarda kəndlər mövcud olmuşdur. Öz bədii quruluşu, texnoloji xüsusiyyətləri, rəng həlli baxımından Zəngəzur və Naxçıvan xalça istehsalı mərkəzləri də Qarabağ xalça məktəbinə daxildirlər. "Aran", "Bağçadagüllər", "Balıq", "Buynuz", "Bərdə", "Bəhmənli", "Qarabağ", "Qoca", "Qasımuşağı", "Ləmbərani", "Muğan", "Talış", "Ləmpə", "Malıbəyli", "Xanqərvənd", "Xanlıq", "Xantirmə", "Çələbi", "Şabalıdbuta", və s. çeşnili xalça kompozisiyaları Qarabağ xalçaçılıq məktəbinin klassik nümunələrindəndir. Qarabağda evlərin interyerlərinə uyğunlaşdırılmış 5 xalçadan ibarət dəst xalı — gəbələr geniş yayılmışdır[1].
Bədii analiz
redaktə"Xanqərvənd xalçaları" müxtəlif növdə olurlar. "Xanqərvənd xalçaları" orta sahəsində göl olan və olmayan növlərdə olur. Orta sahəsinin kompozisiyasını göllərin təşkil etdiyi xalçalar gölsüz kompozisiyaya malik xalçalardan daha çoxdur. "Xanqərvənd" xalçaları Cənubi Azərbaycan xalçası olan "Ləçək turunc xalçası"nı xatırladır və strukturuna görə onunla eynidir. XIX əsrdə yaradılmış bu xalçanın mərkəzi rombabənzər gölü və onu dörd tərəfdən əhatə edən ləçəklər – "Balıq" adlandırılan naxışlarla örtülmüşdür. Xanqərvənd kəndinin xalçaçıları "Balıq" naxışını yaddaşa görə toxuyurdular və ona tez–tez müraciət edirdilər. Mərkəzi göl ilə onun ətrafında yerləşdirilmiş ləçəklər arasında hamar fon, həmçinin fona doğru istiqamətlənmiş oxşəkilli caqlar – Xanqərvəndin özünəməxsus xüsusiyyətləridir. Orta sahəni əhatə edən haşiyə zolağı iki zərif mədaxil və "İslimi" adını almış orta haşiyədən ibarətdir. Belə mürəkkəb quruluşlu orta sahə haşiyəsinə Əfqanıstanın, İranın, Cənubi Azərbaycanın, xüsusilə, "Bicar xalçası", "Əraq xalçası", "Müstovfi xalçası" xalçalarında və Qarabağ xalçası olan "Balıq xalçası"nda rast gəlmək mümkündür. Göllü Xanqərvənd xalçası XX əsrin əvvəlində toxunmuşdur. Bu xalça, öz quruluşuna görə, yuxarıda analiz edilən xalçaya bənzəsə də, ondan öz sadəliyi ilə seçilir. Xovsuz Xanqərvənd xalçasının orta sahəsinin kompozisiyası müxtəlif elemnetlərdən ibarətdir, lakin onlar öz orijinallığı ilə seçilən bitkin naxışlardan ibarətdir.
"Xanqərvənd xalçaları" müxtəlif ölçüdə və müxtəlif sıxlıqda toxunur.
Texniki xüsusiyyətlər
redaktəHəm xovlu, həm də xovsuz "Xanqərvənd xalçaları" müxtəlif format və ölçüdə olur. Düyünlərin sıxlığı və xovun uzunluğu da müxtəlif olur.
"Xanqərvənd" xalçaları qədim zamanlardan Azərbaycanın ən yaxşı xalçaları hesab olunur.
Həmçinin bax
redaktə- ↑ "AZƏRBAYCANDA XALÇA SƏNƏTİNİN İNKİŞAFI". 2021-05-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-23.