Xanbaliq - Wikipedia
Xanbalıq—Yuan sülaləsinin paytaxtı. Pekin şəhərinə şamil edilir.
Mənası
redaktəƏvvəlcə Balıq şəhəri haqqında. Bu adla üç şəhərin adı qeyd olunur. 1) Balık- islamdan çox öncə türk dilində «sığnaq, qala, şəhər»lərə verilən ad; 2) BEŞ-BALIK- Göytürklərdən uyğurlara keçən tanınmış bir türk şəhəri. 3) YANĞI BALIK və yoxud YENGİ BALIK- Uyğur şəhərlərindən biri.
Ümumiyyətlə, balık komponentli oykonimlərə Orxon-Yenisey abidələrində də rast gəlirik. Bu fakt həmin oykonimin tarixiliyini göstərməklə yanaşı, geniş və müxtəlif adlar adı altında yayıldığını da göstərir. Məsələn, Beşbalık oykoniminə Bilgə xaqan, Kül çor və ya ihe-Huşotu abidələrində, 11; Baybalık oykoniminə Şine-Usu və ya Moyun Çor abidəsində; Toğu balık oykoniminə Kül tiqin, 4 və Bilgə xaqan abidələrində, 30; Koçu balık və Süğçu balık oykonimlərinə IV uyğur əlyazmalarında rast gəlirik.[1]
Əhməd Cəfəroğlu türk toponimlərindən bəhs edərkən yazır: «Bu qədər incə düşünən bu türk mütəfəkkirinin əməyi, türklüyün hər elm sahəsində öz keçərliyini isbat etmiş və doqquz yüz illik türk çoğrafiyasının və toponimikasının da şeyhlik payesini Kaşğarlıya vermişdir. Elmi baxımdan, ilk olaraq Kaşğarlı Mahmudun üzərinə əyildiyi türk yer adlarının yarısının və örgüsünün bir takım xüsusiyyətləri vardır. Çünki türkün və ümumiyyətlə, bəşəriyyətin də beşiyi sayılan Orta Asiya, eyni zamanda türk yer adlarının da doğuşunu hazırlayan bir sahə olmuşdur. Burası, qədim tarixi bir çox millətlərə keçid vermiş, yerləşmə və daşma qaynağı olmuşdur. Tarixi qaynaqların işığı altında VI-VII yüzilliklərdə burada Göktürk dövləti qurulmuş, b a l ı k, oba, yazı, yurt, yış tagözü, yal, kaş və əmsalı kimi ilk köçəbə dövlət çoğrafiya məfhumları təşəkkül etməyə başlamışdır. Daha sonraları Göktürk dövlətinin yerini alan Uyğur xanlığıında, türk yer adları sistemi daha verimli gəlişmələr saxlamışdır. Müxtəlif dinlərə intisapta heç bir əngələ rast gəlməyən bu türk xanlığı dövründə, köçərilikdən yerəşik həyata keçiş, türk çoğrafiyasını, geniş bir yabançı təsir sahəsinə aparıb çıxarmış və şəhərlərdə yerləşməyə başlayan türk cəmiyyətinin yer adları sistemi dəyişməyə üz tutmuşdur. Türk adlı yeni şəhərlər, b a l ı k l a r törəməyə başlamışdır. Türk yerləşmə və iskanının ilk yer adına aid ünsürü olaraq irəli sürülən bu b a l ı k kəlməsinin törəyişi VII yüzillikdəe etibarən türk dövlət və kültür təşkilatı içərisində yer tutmuş, yerinə və kaviminə görə xüsusi mənalar almışdır. Əslində kəlmə dövlət təşkilatında, rəsmən «şəhər, qala» mənalarında istifadə edildiyi halda, XI əsr Arğularında «çamur, palçıq» mənalarında işlənmişdir Eyni simvolik kəlmə köçəri türk mühitində yurt kəlməsi ilə dəyişdirilmişdir. Çeşidli mərhələlər keçirən türk yer adları sistemi, zamanla türk tayfalarının yayımına və gəlişməsi ilə bağlı qalaraq, olduqca zəngin bir yapı xarakterinə sahib olmuşdur. Kaşğarlının «Divan»ında işlənmiş dövrün yer adları xəritələrdə olanlardandır.[2]
Tarixi
redaktəMonqollar bütün Çini idarə edən ilk şimal xalqı olmuşlar. Uzaq qərbə qədər uzanan imperiya yaradan monqollar 1210-cu ildə çjurçjenlərin Tszin dövlətini fəth etdilər. 1215-ci ildə Çingiz xan Pekini ələ keçirdi. 1227-ci ildə monqollar Qərbi Syaya uğurlu zəfər yürüşü etdilər. Bu yürüşdən qayıdan zaman Çingiz xan ölür. 1229-cu ildə monqolların böyük xanı Çingiz xanın üçüncü oğlu Uqedey olur. İmperiyanın paytaxtı Qaraqorum olur.
Uqedey öz hakimiyyətinə Çinin çjurçjenlərin əlində olan şimal vilayətlərinə yürüşlərlə başladı. Bu müharibədə Sonrakı Sun sülaləsi monqollarla ittifaq bağlayaraq ümid etdi ki, onların köməyi ilə çjurçjenlərin zəbt etdiyi torpaqlarını geri qaytara biləcək. Lakin bu ümidlər doğrulmadı. Monqollar 1235-ci ildə çjurçjenləri darmadağın edib Çinin cənubuna istilaçı yürüşlərə başladılar və bu da 1280-ci ildə müvəffəqiyyətlə nəticələndi.
Bu dövrdə hakimiyyətdə olan Çingiz xanın nəvəsi Qubilay qaan monqolların paytaxtını Qaraqorumdan Daduya (indiki Pekin) köçürdü. O, özünü Çin imperatoru elan etdi və və bununla da "Əzəli" mənasını verən Yuan sülaləsinin əsasını qoydu. Bu ad monqolların dünyəvi hakimiyyətinin uzun bir erasının başlanğıcını göstərmək məqsədilə seçilmişdir. Pekin Xanbalıq adlandı.
Monqolların Çində hakimiyyəti yüz ildən az çəkdi. Monqolların ilkin planı Çin ərazisini böyük bir otlağa çevirmək idi. Lakin Xubilayın monqol olmayan müşavirləri onu ölkəni idarə etməkdə Çin metodlarından istifadənin səmərəlliliyinə inandırdılar. Monqollar inzibati idarəetmə aparatını öz əllərinə götürərək aşağı vəzifələri əcnəbilərə etibar edir, Çin aristokratiyasını isə hakimiyyətə buraxmırdılar. Ölkənin yerli əhalisi üçün hər cür qadağalar qoyulmuşdu. Onlara gecələr çölə çıxmaq və hər hansı bir yığıncaq keçirmək qadağan idi. Kəndli və sənətkarlara ağır vergilər qoyulmuşdu. Çin tacirləri böyük rüsumlar verməyə məcbur idilər. Hakimiyyətlərini möhkəmləndirdikdən sonra monqollar bəzi güzəştlərə yol verirlər.