Xezer Balladasi Balet - Wikipedia
Bu məqalə "Xəzər balladası" baleti haqqındadır. Digər mənalar üçün Xəzər balladası (dəqiqləşdirmə) səhifəsinə baxın. |
"Xəzər balladası" — Tofiq Bakıxanovun Xəzər neftçilərinin əməyinə həsr etdiyi bir pərdəli balet.[1] Musiqi tarixində "Xəzər balladası" dəniz neftçilərinin çətin və rəşadətli əməyinə həsr olunmuş ilk baletdir. Qara Qarayev bu baleti "Xəzər neftçilərinin qəhrəman, romantik əməyini əks etdirən əzəmətli musiqi" adlandırmışdır. Musiqişünas E. Abbasova baletin janrını "balet-novella", "balet-poema" kimi müəyyən etmişdir.
Xəzər balladası | |
---|---|
Tipi | Klassik |
Bəstəkar | Tofiq Bakıxanov |
Xoreoqraf | Maqsud Məmmədov, P. Abolimov, Soltan Dadaşov |
Premyera | |
Personajlar | Neft, Dəniz, Alov rəmzi obrazları |
Rəssam | İzzət Seyidova |
Tarixçə
redaktəƏsər müəllifinə Azərbaycanda də, onun hüdudlarından kənarda da böyük şöhrət gətirmişdir. Bu bir pərdəli balet 1968-ci ildə Azərbaycan Dövlət Opera və Balet teatrında tamaşaya qoyulduqdan sonra (baletmeysterlər Rəfiqə Axundova və Maqsud Məmmədov) tezlikdə Moskva, Sankt-Peterburq, Kiyev və keçmiş SSRİ-nin digər şəhərlərində, eləcə də Fransanın bir neçə şəhərlərində, Lüksemburqda və Monte-Karloda göstərilmişdir. Əlamətdardır ki, "Xəzər balladası" baleti Moskvanın Qurultaylar Sarayında oynanılmışdır, Xaricdə isə bu balet 30 dəfədən çox nümayiş etdirilmiş, Fransanın Amyen, Bezanson, Dijon, Le-Krezo, Nansi, Eks-Provans, Monpelye şəhərlərində tamaşaya qoyulmuşdur. Əsər Parisdə keçirilən VII Beynəlxalq rəqs festivalında "Şan Elize" teatrında oynanılaraq böyük uğur qazanmışdır.
Bu haqda Fransa mətbuatında da bir sıra müsbət rəylər çap olunmuşdur. Məsələn, "Parizyen libere" yazırdı ki, "Xəzər balladası" baleti koloritli və şəffaf tərzdə instrumentləşdirilmiş musiqidən ibarətdir". "Le Monde" qəzetində çıxmış rəydə belə deyilirdi: "Bu əsər həqiqətən dəniz neftçilərinin həyatından bəhs edən gözəl bir himndir... Bu musiqi əsərində maşınların işləməsi, neftin necə əldə olunması və s. geniş surətdə qələmə alınmışdır".
Müsahibələrinin birində Qara Qarayev qürurla qeyd edirdi ki, "Paris Azərbaycan baletinin varlığını etiraf etdi". Həmin festivalda Fərəc Qarayevin "Qobustan kölgələri" və Rauf Hacıyevin "Azərbaycan süitası (balet)" bir pərdəli baletləri də böyük uğurla nümayiş etdirilmişdi. Və buna işarə edərək, Q. Qarayev deyirdi: "Paris tamaşaçıları qarşısında sanki qısa şəkildə xaqımızın tarixi – qədim Qobustandan başlamış Neft Daşlarına kimi inkişaf dövrü canlanır".[2]
25 ildən sonra əsər 2001-ci ilin noyabr ayında yenidən Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı səhnəsində canlandılırdı. Yeni quruluşda xoreoqraf Tamilla Şirəliyeva, dirijor Cavanşir Cəfərov, rəssamlar Tahir Tahirov və Ağarahim Əliyev idilər [3].
Məzmun
redaktəSurətlər - Neftçilər, Qağayılar və Neft, Dəniz, Alov rəmzi obrazları [4]
İstinadlar
redaktə- ↑ "Azərbaycan balet tamaşaları xronologiyası". 2021-05-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-03-28.
- ↑ "C. Həsənova-İsmayılova -- Tofiq Bakıxanov 70". 2022-01-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-03-28.
- ↑ ""Azerbaijan İnternational" - Caspian Ballad Lives Again". 2022-07-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-05-02.
- ↑ "Balet ensiklopediyasında "Xəzər balladası"". 2021-12-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-05-02.