Xezer Deniz Gemiciliyi - Wikipedia
Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi Qapalı Səhmdar Cəmiyyəti (ASCO) — Gəmiçilik sahəsində çoxistiqamətli fəaliyyət göstərən Azərbaycan şirkəti.
Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi Qapalı Səhmdar Cəmiyyəti (ASCO) | |
---|---|
Ümumi məlumatlar | |
Tipi | Dənizçilik |
Təsis tarixi | 1858-ci il |
Baş qərargahın yeri | |
Struktur | |
İşçi sayı | 8,000-ə yaxın personal |
Rəhbərlik | |
Rəhbərlik | Rauf Vəliyev |
www.asco.az | |
Vikianbarda əlaqəli mediafayllar |
Haqqında
redaktəAzərbaycan Xəzər Dəniz Gəmiçiliyi Qapalı Səhmdar Cəmiyyəti (ASCO) yük daşımaları, neft-qaz sənayesinə ixtisaslaşdırılmış ofşor xidmətləri, gəmi təmiri, dənizçilərin hazırlanması və sertifikatlandırılması xidmətləri təqdim edən aparıcı gəmiçilik şirkətdir. Gəmiçilik sahəsində 165 ildən çox təcrübəyə malik ASCO-nun fəaliyyət coğrafiyası Xəzər dənizi və Xəzərdənkənar yükdaşıma bazarlarını əhatə edir. Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi Xəzərdə ən böyük nəqliyyat donanmasına, neft və qaz hasilatı sənayesinə xidmət göstərən ən böyük ixtisaslaşdırılmış ofşor donanmaya, geniş texniki imkanları ilə seçilən gəmi təmiri zavodlarına, müasir tədris sistemi və elmi-texniki bazaya malik Azərbaycan Dövlət Dəniz Akademiyasına, eləcə də modern trenajor və simulyatorlarla təchiz edilmiş Təlim-Tədris Mərkəzinə sahibdir.[1]
Azərbaycanın Avropa ilə Asiya arasında əlverişli coğrafi mövqeyi və Xəzərdən keçən beynəlxalq yükdaşıma marşrutları Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin nəqliyyat donanmasını tranzit yükdaşımaların həyata keçirilməsində xüsusi əhəmiyyətli edir. Eyni zamanda, Xəzər dənizində irimiqyaslı neft və qaz layihələrinin müvəffəqiyyətlə həyata keçirilməsində Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin geniş profilli ixtisaslaşmış ofşor donanması böyük əhəmiyyət kəsb edir.
Tarixi
redaktəAzərbaycan Xəzər Dəniz Gəmiçiliyi Xəzərdə ən böyük və ən qədim tarixə malik gəmiçilik şirkətidir. Əsası 1858-ci il may ayının 21-də "Qafqaz və Merkuri" Səhmdar Cəmiyyətinin yaradılması ilə qoyulub. XIX və XX əsrlərdə Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi Xəzəryanı ölkələrə müxtəlif təyinatlı yüklər daşıyan ən böyük gəmiçilik şirkəti kimi fəaliyyət göstərib. Bununla belə, Gəmiçiliyin fəaliyyəti təkcə Xəzərlə məhdudlaşmayıb. Hazırda da, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinə məxsus gəmilər Xəzərdə və Xəzərdənkənar hövzələrdə fəaliyyət göstərir.
XIX əsrdə Bakıda neft hasilatının sürətli artımı Xəzərdə gəmiçiliyin inkişafına təkan verib. Təbii ki, həmin dövrdə neft və neft məhsullarının daşınması üçün yeni üzən vasitələr tələb olunurdu. Təsadüfi deyil ki, dünyada ilk neftdaşıyan "Aleksandr" barjı 1873-cü ildə Xəzərdə istismar edilib. Dünyada ilk tanker — "Zərdüşt" də (1878-ci ildə inşa edilib) Xəzərdə səfərlər edib. İlk daxiliyanma mühərrikli "Vandal" (1903-cü il), ilk reversivli iki mühərriklə çalışan "Delo" (1908-ci il) gəmilərində üzmək də Xəzər dənizçilərinin qismətinə yazılıb.
Dənizlə daşınan yüklərin həcmi artdıqca Xəzər dənizinin sahillərində limanların da sayı artır. Yeni körpülər inşa edilir, anbarlar tikilir, kranlar qurulur. Donanmanın genişlənməsi gəmi təmiri bazasının yaradılmasını da zərurətə çevirir və 1866-cı ildə "Qafqaz və Merkuri" Səhmdar Cəmiyyətinin Bakıda mexaniki zavodunun bünövrəsi qoyulur. İnkişaf etməkdə olan donanmanın kadrlara tələbatını ödəmək məqsədilə 1881-ci ildə Bakı dənizçilik sinifləri təşkil edilir.
Sonrakı illərdə gəmiçiliyin donanması ölkədə və xaricdə inşa edilmiş yeni tipli gəmilərlə zənginləşir. Xəzər dənizçilərinin ixtiyarına "çay-dəniz" tipli tankerlər, pambıq, taxta-şalban və s. daşıyan gəmilər verilir. 1962-ci ildə Xəzər Dəniz Nəqliyyatı Layihə-Axtarış Elmi-Tədqiqat İnstitutu mütəxəssislərinin layihəsi əsasında o dövr üçün Avropada ən böyük Bakı — Türkmənbaşı gəmi-bərə keçidi işə salınır.
1960-cı ildən etibarən Xəzər Dəniz Gəmiçiliyinə məxsus gəmilər Volqa — Balt kanalı vasitəsilə dünya sularına çıxmağa başlayır.
"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyəti isə Azərbaycan Respublikası Prezidentinin 22 oktyabr 2013-cü il tarixli Sərəncamı ilə Azərbaycanda mövcud olan iki böyük donanmanın — Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyi və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Xəzər Dəniz Neft Donanmasının birləşdirilərək yenidən təşkil olunması yolu ilə yaradılıb.
İki donanmanın birləşdirilməsində məqsəd dəniz gəmiçiliyi sahəsində yerli və beynəlxalq daşımaların artırılmasına və ölkənin tranzit potensialının gücləndirilməsinə nail olmaqdır.
Xəzər Dəniz Neft Donanmasının da 60 ildən artıq bir dövrü əhatə edən tarixi şanlı səhifələrlə zəngindir. SSRİ Nazirlər Sovetinin 31 oktyabr 1949-cu il tarixli "Xəzərdə dəniz neft istehsalının inkişafı haqqında" sərəncamı ilə "Azərneft" birliyi, onun tərkibində isə SSRİ Neft Sənayesi Nazirliyinin 4 noyabr 1949-cu il tarixli əmri ilə "Üzən vasitələr" idarəsi yaradılır. Xəzər Dəniz Neft Donanmasının inkişafı məhz bu tarixdən başlanır. Həmin dövrdə "Artyomneft" və "Stalinneft" dəniz qazma trestlərinin üzmə vasitələri yeni yaradılmış idarənin tərkibinə keçirilir. Bunlar əsas etibarilə "Transportnik", "Qəbələ", "BMK-90" tipli kiçik həcmli katerlər, özühərəkətetməyən 20 tonluq üzən kranlar və barjlar idi.[2]
AXDG-nin tarixində əhəmiyyətli hadisələr
redaktə- 1858 — "Qafqaz və Merkuri" Səhmdar Cəmiyyətinin yaradılması ilə Xəzər Dəniz Gəmiçiliyinin əsasının qoyulması
- 1866 — "Qafqaz və Merkuri" Səhmdar Cəmiyyətinin Bakıda mexaniki zavodunun bünövrəsinin qoyulması
- 1873 — Dünyada ilk neftdaşıyan "Aleksandr" barjının Xəzərdə istismara verilməsi
- 1878 — Dünyada ilk tanker "Zərdüşt"ün Xəzərdə istismara verilməsi
- 1881 — Gəmilərin kadrlara təlabatını ödəmək üçün Bakı Dənizçilik siniflərinin fəaliyyətə başlaması
- 1903 — İlk daxiliyanma mühərrikli "Vandal" gəmisinin Xəzər dənizində istismara verilməsi
- 1908 — İlk reversivli iki mühərriklə çalışan "Delo" gəmisinin Xəzər dənizində istismara verilməsi
- 1949 — "Azərneft" birliyinin tərkibində "Üzən vasitələr" idarəsinin yaradılması ilə Xəzər Dəniz Neft Donanmasının təməlinin qoyulması
- 1960 — Xəzər Dəniz Gəmiçiliyinə məxsus gəmilərin Volqa — Balt kanalı vasitəsilə dünya sularına çıxması
- 1962 — Xəzərdə ilk ən böyük bərə keçidinin inşası (Türkmənbaşı)
- 1975–1985 — Nəqliyyat donanması üçün yeni tankerlərin, universal quru-yük gəmilərinin və bərələrin alınması və tikintisi
- 1970–1980 — Hər il 20–30 gəmi olmaqla, ümumilikdə 200-ə yaxın ixtisaslaşmış ofşor gəmilərin tikintisi, Ofşor donanmasının sürətli inkişaf dövrü
- 2005–2012 — Bərə donanmasının yenilənməsi
- 2003–2011 — Tanker donanmasının yenilənməsi
- 2004 — Xəzərdə ən böyük — 13,000 ton dedveytə malik ilk tankerin ("Prezident Heydər Əliyev" tankeri) istismara verilməsi
- 2013 — Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyi və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Xəzər Dəniz Neft Donanmasının birləşdirilməsi ilə "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin yaradılması
İnventar
redaktəNeft donanmasına 204 gəmi daxildir:
- 21 kran gəmisi
- 23 sərnişin gəmisi
- 21 lövbərdaşıyan təchizat-yedək gəmisi (AHTSV)
- 4 özül təchizat gəmisi (PSV)
- 3 yedək gəmi
- 6 liman-yedək gəmisi
- 10 dalğıc gəmisi
- 5 yanğınsöndürən gəmi
- 5 barj
- 10 maye yükdaşıyan gəmi (tanker)
- 5 mühəndis-geoloji gəmi
- 2 sualtı borudüzən gəmi
- 1 kabeldüzən təchizat gəmisi
- 9 neft məhsulları ilə çirklənmiş və fekal sular yığan gəmi
- 24 xidmətçi kater
- 5 gəmi təmiri emalatxanası
- 1 üzən kopyor
- 6 torpaqqazan gəmi və karvanı
- 34 Yedək katerləri
- 1 Gəmi muzey
Fəaliyyət sahələri
redaktəYükdaşımalar
redaktəAXDG-nin yükdaşımaları həyata keçirən nəqliyyat donanmasının 54 gəmisi var. Gəmiçilik Xəzərdə ən böyük donanmaya malikdir, Xəzərdən kənarda isə 6 gəmi fəaliyyət göstərir.
- 21 tanker
- 15 quru yük
- 2 Ro-Ro
- 13 bərə
- 23 xidmətçi-köməkçi
ASCO 4 növ yükdaşımalar həyata keçirilir:
- Tankerlərlə maye yük daşımaları
- Universal quru yük gəmiləri ilə daşımalar
- Gəmi-bərələrlə daşımalar
- Ro-Ro tipli gəmilərlə daşımalar
Gəmi təmiri
redaktəAXDG-nin "Bibiheybət" və "Zığ" gəmi təmiri zavodları vardır. Zavodların fəaliyyəti AXDG-nin və kənar təşkilatların gəmilərini, texniki avadanlıqları təmir etməkdən və onlar üçün sifarişlər əsasında müxtəlif növ ehtiyat hissələri, xüsusi boyalar və texniki vasitələr hazırlamaqdan ibarətdir.
Zavodlarda gəmi sistem və qurğularının, elektrik və radionaviqasiya avadanlıqlarının, mühərriklərin, cihazların quraşdırılması və sazlanması, dalğıc və sualtı hidrotexniki işlər, gəmilərin doka qaldırılaraq sualtı gövdə, sükan və vintlərinin yoxlanılması, onların təmizlənməsi və rənglənməsi, hava ilə doldurulan xilasetmə sallarının, hidrostatik ayırıcı qurğuların, fərdi xilasetmə vasitələrinin yoxlanılması və təmiri, ASV tipli nəfəs aparatlarına texniki xidmətin göstərilməsi və s. bu kimi işlər həyata keçirilir.
Təhsil, tədris və təlim
redaktəAXDG-nin tərkibində olan Azərbaycan Dövlət Dəniz Akademiyası (ADDA) dənizçilik təhsili üzrə 130 illik təcrübəyə malikdir, hazırda 2 fakültə və 7 kafedra ilə tələbələrə xidmət göstərməkdədir. Akademiya Beynəlxalq Dənizçilik Təşkilatı (IMO) tərəfindən tanınır.
Bununla yanaşı, AXDG-də Təlim-Tədris mərkəzi mövcuddur. Bu mərkəz müasir trenajor və simulyatorlarla təchiz edilmişdir və burada dənizçilərin sertifikatlandırılması üçün xüsusi kurslar təşkil olunur. Mərkəzdə keçirilən tədris proqramları Beynəlxalq Dəniz Təşkilatının (IMO) standartlarına tam uyğundur.
Liman xidmətləri ("Zığ" quru yük limanı)
redaktəAXDG-nin tərkibində "Zığ" quru yük limanı fəaliyyət göstərir. Limanın əsas məqsədi qabaqcıl texnika və texnlogiyaları tətbiq etməklə quru yük limanının fəaliyyətinin təşkili, istismarı və idarə olunması, yerli və xarici şirkətlərə yüksək keyfiyyətli liman xidmətlərinin göstərilməsi, yük əməliyyatlarının aparılması, ticarət gəmiçiliyi məqsədilə istifadə olunan gəmilərə və sərnişinlərə xidmət göstərilməsi, habelə digər müvafiq liman xidmətlərinin göstərilməsindən ibarətdir.
Agentlik xidməti ("İnflot" agentliyi)
redaktə"İnflot" Dəniz Agentliyi Azərbaycanın dəniz limanlarına gəmilərin gəlməsi, limanda olması və limandan çıxması ilə bağlı müxtəlif rəsmiləşdirmələri, gəmi sahibinin, fraxt edənin və ya gəmini digər qanuni əsaslarla istismar edən şəxsin müvafiq orqan və təşkilatlarda təmsil edilməsini və onların adından maliyyə tapşırıqlarının yerinə yetirilməsini həyata keçirir.
Logistika xidmətləri (ASCO logistics)
redaktəAXDG-nin tərkibində logistika xidmətləri təqdim edən "ASCO logistics" şirkəti fəaliyyət göstərir. Şirkət müxtəlif nəqliyyat növləri cəlb etməklə müxtəlif təyinatlı yüklərin başlanğıc məntəqəsindən təyinat məntəqəsinə təhlükəsiz, qısa zaman ərzində və effektiv daşınmasını təşkil edir. Bundan əlavə, "ASCO logistics" şirkəti yükgöndərənlərə optimal marşrutun və nəqliyyat növünün seçilməsi ilə bağlı məsləhətlərin verilməsi və yükün daşınması zamanı tələb olunan sənədləşmə, müşayiət, gömrük və sığorta xidmətləri göstərir.
Tabeliyindəki qurumlar
redaktə- Azərbaycan Dövlət Dəniz Akademiyası
- Azərbaycan Dənizçilik Kolleci
- Xəzər Dəniz Nəqliyyat Layihə-Axtarış və Elmi-Tədqiqat İnstitutu
- Dəniz Nəqliyyatı Donanması
- Xəzər Dəniz Neft Donanması
- "Bibiheybət" Gəmi Təmiri Zavodu
- "Zığ" Gəmi Təmiri və Tikintisi Zavodu
- İstehsalat Xidmətləri İdarəsi
Rəhbərlik
redaktə- Vəliyev Rauf Göyüş oğlu — Sədr
- Mübariz Cabbarov Mustafa oğlu — Sədrin birinci müavini
- Fərəcli Cəlal Həsənağa oğlu — Sədrin müavini
- Əhmədzadə Nəzrəddin Murad oğlu — Sədrin müavini
- Mahmudlu Cəbrayıl İdris oğlu — Sədrin müavini
- Zaur Nağıyev — Sədrin müavini
- Tariyel Mirzəyev — Sədrin müavini
İstinadlar
redaktə- ↑ "ASCO. Haqqımızda". 2020-11-27 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-02-26.
- ↑ "ASCO. Donanma". 2020-12-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-02-26.