Xelvetilik - Wikipedia
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Xəlvətilik – İslamda ən geniş yayılmış sufi təriqətlərindən biri. X əsrdə Əbdülqahir Sührəverdidən etibarən təşəkülə başlamış xəlvətilik sufi məktəbinin əsası lənkəranlı İbrahim Gilani və şirvanlı Ömər Xəlvəti tərəfindən qoyulmuşdur.
Azərbaycanda təsəvvüf sahəsində yetişmiş görkəmli şəxsiyyətlərdən biri olan Seyid Yəhya Bakuvi və onun yenidən təsis etdiyi xəlvətilik XV əsrdən etibarən ədəbi, fəlsəfi, ictimai və siyasi sahələrdə böyük təsirə malik olmuş və müsəlman aləmində geniş şəkildə yayılmışdır.
Təsisçilərinin hamısı azərbaycanlı olan xəlvətiliyi S.Y.Bakuvi ətrafa mürşidlər göndərməklə məhəlli bir təriqət olma xarakterindən çıxarıb Şirvan xaricinə yaymışdır. Xəlvətilik hələ S.Yəhya həyatda olarkən Azərbaycanın hər tərəfinə (xüsusilə Şamaxı, Bakı və Təbrizə) ,İranda və Osmanlı dövlətində yayılmışdır. S.Yəhyanın vəfatından təqribən 40 il sonra isə xəlvətilik Azərbaycandan sonra Osmanlı imperiyası torpaqlarının hər tərəfində Balkan, Orta Asiya, Şimali Afrika, Qafqaz və Anadolunun ən böyük təriqəti kimi iyirmiyə yaxın qola, yüzlərlə təkyə və yüz minlələ müridə sahib olmuşdur. Daha sonralar qol və şöbələrinin sayı qırxı keçmişdir.
Seyid Yəhya Bakuvi və Xəlvətilik əsərinin müəllifi Mehmet Rıhtım əsərin girişində qeyd edir ki, "kiçik bir mövzudur deyə məqalə kimi düşünərək başladığımız bu araşdırma yeddi ilin sonunda bizi böyük bir ümmanın qarşısında olduğumuz həqiqəti ilə üzləşdirdi."
Əlidən başlayaraq Əbülqahir Sührəverdiyə, ondan İbrahim Gilaniyə və Ömər Xəlvətiyə doğru inkişaf etməklə gələn xəlvətilik təriqəti ən kamil şəklinə Seyid Yəhya Bakuvinin qoyduğu üsullar ilə qovuşmuşdur. Onun xəlvətiliyin həqiqi qurucusu olduğu bu sahənin tədqiqatçıları tərəfindən xüsusi qeyd olunmuşdur.
Xəlvəti əqidəsi
redaktəXəlvətilik təriqətinin xüsusiyyətlərini bu təriqətin mənsublarından Həririzadə Tibyan adlı əsərində aşağıdakı kimi açıqlamışdır: "Xəlvətilik təriqəti kəlimeyi-tövhid və gizli-açıq əsmayi-səba üzrə ziikrə davam etmək,yuxunun təbir və təvili, hadisələrin nəfsə və qəlbə təsirini nəzərə alaraq, könlü masivadan təmizləmə üzərində qurulmuşdur."
Xəlvətilik təriqətində bu mühüm xüsusiyyətlərdən başqa bir sıra digər özəlliklər də vardır. Bunların başlıcalarını aşağıdakı qaydada sıralamaq mümkündür:
- Xəlvət və xəlvət üsulu
- Seyri-süluk üsulu
- Zikr və zikr şəkilləri
- Tac (əmmamə) və paltarlar
- Təriqət ədəbi
Tədqiqatçılar Xəlvətilik təriqətinin inkişaf prosesini tarixi olaraq dörd hissəyə bölürlər:
- Əbülqahir Sührəverdidən – İbrahim Gilaniyə qədərki dövr (X-XIII əsrlər)
- İbrahim Gilanidən-Ömər Xəlvətiyə qədərki dövr (XIII-XIV əsrlər)
- Ömər Xəlvətidən-Seyid Yəhya Bakuviyə qədərki dövr (XIV-XV əsrlər)
- Seyid Yəhya Bakuvidən sonrakı dövr (XV əsrdən sonrakı dövr (yayılma və şöbələşmə dövrü))
Xəlvətilik və Səfəvilik təriqətləri arasında münasibətlər
redaktəŞeyx İbrahim Gilanidən sonra onun davamçıları tərəfindən xəlvətilik və səfəvilik təriqətləri kimi tanınan Azərbaycan mənşəli iki böyük təsəvvüf məktəbi qurulmuşdur. Səfəvilik təriqəti Azərbaycandan sonra ən geniş şəkildə Anadoluda yayılmışdır. XV əsrdə Anadoluda səfəvilikdən bayramilik, bayramilikdən şəmsilik, məlamilik və daha sonra cəlvətilik təriqətləri çıxmışdır.
Səfəviliklə eyni silsilə və əsaslara sahib olan xəlvətilik təriqətinin Şirvanşahlar dövləti və cəmiyyəti tərəfindən rəğbətlə qarşılanmasının səbəbləri öz-özünə ortaya çıxır. Şeyx Cüneydin şəxsində siyasi bir şəxsiyyətə qovuşan səfəvilik Şirvanşahlar dövləti üçün təhlükə olmağa başlayan kimi ,eyni motivləri daşıyan xəlvətilik təriqəti əhəmiyyət qazanmış oldu. Yəni, o dövrdə şiəliyə meylli fəaliyyətlərin önünə keçmənin yənə onların metodu ilə ola biləcəyi düşünülməyə başlandı. Bu da ancaq eyni motivləri daşıyan, siyasi don geyindirilən səfəviliyə alternativ olaraq xəlvətilik təriqətinin ön plana çıxarılması surəti ilə ola bilərdi. Eyni şəkildə əhli-beyt sevgisindən yola çıxaraq xalqı öz yanlarına çəkmək istəyən şiələrin kənarlaşdırılması yenə də eyni metoddan istifadə edilməklə gerçəkləşə bilərdi. Şirvanşah I Xəlilullah xan (1417-1465) və Şirvanşah Fərrux Yəsar xan (1465-1500) tərəfindən tətbiq olunan bu siyasət 1500-cü ilə qədər öz nəticəsini vermişdi.
Şah İsmayıl Xətai tərəfindən Şirvanşahların tabe edilməsindən sonra xəlvətiliyin burada fəaliyyəti zəifləmiş və XVI əsrin ortalarna yaxın yox olmağa başlamşdır. XVI əsrdə yarandığı torpaqlardan uzaqlaşdırılan, Şirvan təsəvvüf məktəbi olan xəlvətilik hələ XV əsrin ortalarında Seyid Yəhyanın müridləri tərəfindən Anadoluda yayılmağa başlamışdı. Şah İsmayılnın Təbrizdə taxta çıxdığı və Azərbaycanda Səfəvilər sülaləsi hakimiyyətə gəldiyi tarixdə xəlvətilik Anadoludan sonra İstanbula yetişmiş və daha sonra o, yönümə öz adını verən Qoca Mustafa Paşa xanəgahında fəaliyyət göstərmişdir.
Xəlvətilik səfəvilərin hakimiyyəti dövründən Şirvanda varlığını qoruya bilsə də ,Təbrizdə fəaliyyətini davam etdirə bilmədi. İslam mədəniyyəti tarixində türklük rəngi qabarıq olan xəlvətilik təsəvvüf məktəbi Əli və əhli-beyt sevgisini daşıyan sünni bir təriqətdir. Xüsusilə xəlvətiliyə aid qol və şöbələrin qurucuları incələndiyi zaman hamısının türk mənşəli olmasının şahidi oluruq. Tarixə nəzər saldıqda xəlvətiliyin Azərbaycanda xüsusilə Bakı, Şamaxı, Qarabağ və Təbriz kimi mərkəzlərdə, Anadolu, Şimali Afrika və Balkanlarda etnik baxımdan tamamilə türk olan şəxslər tərəfindən yayılması və inkişaf etdirilməsini görürük.
Qaynaq və məcmuələrdə bu təriqətə aid təkyələrin sayının göstərilməsi və digər təriqətlərlə müqayisəli təqdim edilməsi bu təriqətin kəmiyyət baxımandan da türk cəmiyyətində təsirləri haqqında müəyyən təsəvvür yarada bilər. Məsələn XVII əsrdə Övliya Çələbi özünün Səyahətnaməsində Bursada 17 xəlvəti,9 qadiri,3 nəqşibəndi,1 qələndəri,1 sədi,1 bədəvi təkyəsinin varlığından bəhs edir.
XIX əsrdə yazılan Məcmueyi-təkaya adlı əsərə görə, İstanbul daxilindəki xəlvəti təkyələrinin sayı 89, nəqşibəndi təkyələrinin 65, qadiri təkyələrinin 57, rifai təkyələrinin 35, cəlvəti təkyələrinin 22, mövləvi təkyələrinin 5, şazeli təkyələrinin isə 3-dür.
II Əbdülhəmid dövründə hazırlanmış bu məcmuədə cəmi 305 təkyə olduğu nəzərə çarpır və bütün təkyə sayına nisbətlə xəlvətiliyin 89 təkyə ilə birinci sırada durması, o dövrdə xəlvətilik təriqətinin olduqca geniş yayılması baxımından önəmlidir. Xəlvətilik, qadirilik və cəlvətilik təkyələrinin birlikdə sayı 168 edir ki, bu da son dövrdə təriqətlərin 60 faizə qədərinin Azərbaycan mənşəli olduğunu göstərir.
Ümumilikdə Xəlvətilik və Səfəvilik təriqətləri arasındakı ortaq yönləri aşağıdakı kimi qeyd etmək olar:
- İbrahim Gilani məktəbinin qollarıdır
- Silsilələri Şeyx İbrahim Gilaniyə qədər ortaqdır
- Azərbaycan təsəvvüf məktəbidir
- Əvvəlcə Azərbaycanda, sonra Anadoluda yayılmışdır
- Azərbaycanda tənəzzülə uğradıqdan sonra qolları vasitəsiylə Anadoluda inkşaf etmişdir
- Zikr və süluk xüsusiyyətləri birdir
- Şeyxləri arasından böyük şairlər çıxmışdır
Xarici keçidlər
redaktə- Xəlvətilik və Seyid Yəhya Bakuvi[ölü keçid]
- Türkiyə xəlvətilərinin rəsmi saytı Arxivləşdirilib 2013-04-04 at the Wayback Machine
- Xəlvətilk haqqında Arxivləşdirilib 2010-07-17 at the Wayback Machine