Volyubilis - Wikipedia
Volyubilis (Latınca tələffüz: [woˈluː.bi.lis], bər. Wolubilis, ərəb. وليلي) — Mərakeşin Meknes şəhəri yaxınlığında yerləşən və Mavretaniya krallığının qədim paytaxtı hesab olunan, qismən qazıntı aparılmış bərbər şəhəri.[1] Bərəkətli kənd təsərrüfatı sahəsində inşa edilmiş şəhər Mavretaniya krallığının paytaxtı olmazdan əvvəl, e.ə. 3-cü əsrdən Bərbər, daha sonra isə Karfagen şəhəri olaraq inkişaf etmişdir. Volyubilis eramızın I əsrindən başlayaraq Roma hakimiyyəti altında sürətlə böyüdü və 2.6 km (1.6 mil) üzünluğundakı divar ilə əhatə olunaraq təxminən 42 hektara (100 hektar) qədər genişləndirildi. II əsrdə şəhər bir sıra böyük ictimai binalar, o cümlədən bazilika, ibadətgah və zəfər tağı qazandı. Əsasən zeytun yetişdirilməsindən əldə edilən tərəqqi böyük, mozaikalı döşəmələri olan bir çox gözəl şəhər evinin inşasına təkan verdi.
Volyubilis | |
---|---|
| |
34°04′16″ şm. e. 5°33′13″ q. u.HGYO | |
Yer | Meknes prefekturası, Fəs-Meknes, Mərakeş |
Region | Mavretaniya |
Tip | Yaşayış məntəqəsi |
Tarix | |
Əsası qoyulub | E.ə. III əsr |
Tərk edilib | B.e. XI əsr |
Mədəniyyətlər | Finikiya, Karfagen, Roma, İdrisilər |
Yer qeydləri | |
Rəsmi adı: Archaeological Site of Volubilis | |
Tipi | Mədəni |
Kriteriya | (ii), (iii), (iv), (vi) |
Ölkə | Mərakeş |
Region | Ərəb dövlətləri |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Şəhər 285-ci il ətrafında yerli qəbilələrin hakimiyyəti altına düşdü və Roma imperiyasının cənub-qərb sərhəddindən uzaqlığı və əlçatmazlığı səbəbindən bir daha heç vaxt Roma tərəfindən geri alınmadı. Şəhər ən azı 700 il daha Latınlaşmış xristian icması, daha sonra isə erkən Müsəlman əhalisi tərəfindən məskunlaşıldı. 8-ci əsrin sonlarında Mərakeş İdrisilər sülaləsinin banisi İdris ibn Abdullahın iqamətgahı oldu. Lakin, 11-ci əsrdə iqamətgah Fəsə köçürüldü və Volyubilis tərk edildi. Yerli əhalinin çox hissəsi Volyubilisdən təxminən 5 km məsafədə yerləşən yeni Moulay İdris qəsəbəsinə köçürüldü.
Dağıntılar 18-ci əsrin ortalarında baş verən zəlzələ nəticəsində dağlana və Meknesi inşa etmək üçün daş axtaran Mərakeş hökmdarları tərəfindən talan edilənə qədər əhəmiyyətli dərəcədə toxunulmaz qaldı. XIX əsrin sonlarına qədər ərazinin qəti olaraq qədim Volyubilis şəhəri olduğu müəyyən edilməmişdi. Fransızların Mərakeş üzərində hakimiyyəti dövründə və sonra ərazinin təxminən yarısı qazılmış, bir çox nəfis mozaika aşkar edilmiş, daha məşhur ictimai binalar və yüksək statuslu evlər bərpa edilmiş və ya yenidən qurulmuşdur. Şəhərin dağıntıları, bu gün "İmperiyadan kənarda böyük bir Roma müstəmləkə şəhərinin olduqca yaxşı qorunan bir nümunəsi" olaraq UNESCO-nun Ümumdünya irsi siyahısına daxil edilmişdir.
Adı
redaktəŞəhərin adının mənşəyi naməlumdur. Lakin, dərənin hər iki tərəfində yetişən Nerium bitkisinin bərbərcə adının latınlaşdırılmış forması olan Walilt sözündən götürülmüş ola bilər.[2]
Çarlton Tomas Levis və Çarliz Şortun tərtib etdiyi Latın lüğətində "volubilis" sözünün latınca mənası "çevrilən və ya öz ətrafında fırlanan, dönmək, burulmaq, fırlanmaq, dövr etmək, yuvarlanmaq" kimi verilib.[3] Horatsinin Epistles əsərində (I, 2, 43) sözə "labitur, et labetur in omne volubilis aevum" (O axır və axacaq, əbədi olaraq burulacaq) kimi istinad edilib.[3][4] Klassik Latın dilində "volubilis" dəki "v" hərfi, müasir Bərbər və Ərəb tələffüzlərinə yaxınlaşdırılaraq "w" kimi tələffüz olunurdu.[5]
Çarliz-İosif Tissot (1828–1884) Ərəb dilindəki bəzi mənbələrdə "Qasr Fara'on" (قصر فرعون Fironun sarayı) olaraq adlandırılan yerin Volyubilisə uyğun gəldiyini aşkarlamışdır.[6]
Əsasının qoyulması və Roma işğalı
redaktəZerhun dağının ətəyindəki düz bir yamacda inşa edilən Volyubilis, Fertassa adlanan kiçik bir çay axınının axdığı Xuman dərəsindən yuxarıda ucalan silsilə üzərində yerləşir.[7] Buradan müasir Meknes şəhərinin şimalındakı münbit bir allüvial düzənliyə mənzərə açılır.[7] Volyubilis ətrafındakı ərazidə aparılan arxeoloji qazıntılar zamanı Pireneydə tapılan qalıqlarla müqayisə edilə biləcək dizaynda, neolitə aid saxsı qablar aşkarlanmışdır və bu, ərazidə ən azı 5000 il əvvəl, neolit dövründə məskunlaşıldığını göstərir.[8] Pun tanrısı Baala aid məbədin qalıqları və Finikiya dilində yazılmış saxsı qab və daşlar kimi tapıntılar, eramızdan əvvəl III əsrə qədər Karfagenlilərin buradakı varlığını sübut edir.[9]
Volyubilis, e.ə. 146-cı ildə Karfagenin süqutundan sonra Roma vassalına çevrilən Mavretaniya krallığı daxilində yerləşirdi.[9] Şəhərdə pun təsiri xeyli müddət davam etmiş, çünki, şəhər hakimləri Pun hökmranlığının bitməsindən xeyli sonra belə Karfagen titullarını kifayət qədər qorumuşdurlar.[10] E.ə. 25-ci ildə Numidiya padşahı II Yuba, Avqust tərəfindən Mavretaniya taxtına çıxarıldı və o, diqqətini Volyubilisdə kral paytaxtı qurmağa yönəltdi.[11] Romada təhsil almış və Mark Antoni və Kleopatranın qızı II Kleopatra Selena ilə evlənmiş Yuba və oğlu Ptolemey, bərbər nəslindən olmalarına baxmayaraq əsaslı şəkildə Roma padşahları idilər. Onların Roma sənətinə və memarlığına üstünlük verməsi şəhərin dizaynında aydın şəkildə əks olunmuşdur.[12]
Eramızın 44-cü ilində Klavdi Mavretaniyanı Romaya ilhaq edir. Bundan sonra şəhər taxıl, zeytun yağı və qladiator tamaşaları üçün vəhşi heyvanlar kimi qiymətli ixrac məhsullarını istehsal edən münbit torpaqlardan yaranan zənginliyi və firəvanlığı sayəsində böyüdü. II əsrin sonlarında inkişafının zirvəsində olan Volyubilisin təxminən 20 000 sakini var idi və bu bir Roma əyalət şəhəri üçün çox əhəmiyyətli bir əhali sayı idi.[13] Şəhərin əhali təkibində romanlaşdırılmış bərbərlər üstünlük təşkil edirdi. Bundan əlavə, ərazidə aşkar edilmiş 50-dən çox villa qiymətlədirilərsə, şəhərin ətraf regionu da yaxşı məskunlaşılmışdı.[9]
Eramızın 1-ci əsrində, coğrafiyaşünas Pomponi Mela şəhəri öz "De situ orbis libri III" əsərində "kiçik şəhərlər arasında ən varlı olmasına baxmayaraq Mavretaniyada ən varlı şəhərlərdən biri" olaraq təsvir etmişdir. Şəhər Böyük Plini tərəfindən də xatırlanır və 2-ci əsrə aid Antonina marşrutu şəhərin yerləşdiyi yerə istinad edərək onu "Volubilis Colonia" adlandırmışdır.[14]
40–44-cü illərdə Ptolemeyin azad etdiyi qullardan biri olan Edemonun başçılığı ilə baş vermiş üsyana baxmayaraq şəhər Romaya sadiq qaldı və onun sakinləri vətəndaşlıq hüququ və 10 illik vergi azadlığı ilə mükafatlandırıldı.[15] Şəhər munisipi[q 1] statusuna qaldırıldı və idarəetmə sistemi əsaslı şəkildə dəyişdirildi. Yeni idarəetmə sistemində Pun üslubundakı sufferlər[q 2] hər il seçilən magistrat cütləri ilə əvəz olundu. Ancaq şəhərin mövqeyi həmişə sabit idi: əyalətin cənub-şərq kənarında, şəhərə düşmən olan və getdikcə daha da güclənən bərbər qəbilələri ilə həmsərhəd yerləşirdi.
Şəhərin müdafiəsini gücləndirmək üçün müasir Eyn-Şkor, Bled-el-Qaada, Sidi-Mussa, Sidi-Seyd və Bled Takourart (qədim Tokolsida) yaşayış məntəqələrində yerləşən beş qaladan ibarət bir halqa inşa edilmişdi.[15] Eyn-Şkorda hispan və belq koqortaları yerləşir, Sidi-Seyd isə Qalliyanın köməkçi süvari dəstəsi olan IV süvari koqortası üçün baza idi. Sidi-Mussada Parfiya koqortası, Tokolsida da isə qall və Suriya süvariləri yerləşirdilər.[16]
II əsrin sonlarına yaxın bölgədə artan gərginlik imperator Mark Avrelini səkkiz qapısı və 40 qülləsi olan, 2.5 km (1.6 mil) uzunluğundakı divarın inşası ilə bağlı əmr verməsi ilə nəticələndi.[15] Volyubilisin yol vasitəsilə Liksus və Tinqis (Romanın Tinqitana Mavretaniyası əyalətinin paytaxtı, müasir Tanjer) ilə əlaqəsi olsa da, bərbər beqervat qəbiləsinin ərazisi daxilində yerləşdiyindən qonşu Sezaryen Mavretaniyası əyaləti ilə əlaqəsi olmamışdır.[15] İvrit, Yunan və Latın dilindəki bir neşə dəfn kitabəsinə və Menora lampalarına əsasən, üçüncü əsrdə şəhərdə yəhudi icması mövcud olmuşdur. Bura qədim İvrit yazısının tapıldığı ən cənub-qərb yerdir.[17]
Romanın şəhərə nəzarəti Üçüncü əsr Roma böhranından sonra sona çatdı. Təxminən 280-ci ildə Roma hakimiyyəti Mavretaniyanın çox hissəsində tənəzzülə uğradı və bir daha bərpa edilmədi. 285-ci ildə imperator Diokletian, əyalətdən geri qalan Liksus, Tinqis və Septa (müasir Seuta) arasındakı sahil zolağını yenidən təşkil etdi. Tinqisdə Roma ordusunun yerləşməsinə baxmayaraq, bunun həssas bir sərhəd bölgəsini yenidən qurmaq üçün sadəcə çox baha olacağı qərara alındı.[15] Lakin, şəhərdə hələ də məskunlaşılmağa dəvam edilirdi. Bununla birlikdə, Venera evində tapılan, heyvanlar tərəfindən keçirilən bir döyüş arabası yarışı kimi nəfis mozaikalar dördüncü əsrdən əvvəl yaradıla bilməzdi.
Bu Roma şəhəri, ehtimal ki, əsrin sonlarına doğru baş vermiş və evlərin dağıntıları arasında çox sayda tunc heykəl basdırmış zəlzələ nəticəsində tənəzzülə uğramışdır.[18]
Romalılardan sonra
redaktəVolyubilis Roma hakimiyyətinin başa çatmasından sonra əsrlər boyu məskunlaşılmağa davam etdi.[19] Ərəblər 708-ci ildə şəhərə gələndə[13] onun adı Oualila və ya Vualil olaraq dəyişdirilmiş və ərazidə Liviyada yaranmış bərbər qəbiləsi olan Avraba xalqı məskunlaşmışdı. Şəhərin çox hissəsi tərk edilmiş və qəbiristanlığa çevrilmiş, yaşayış mərkəzi şəhərin cənub-qərbinə köçmüşdü.[20]
Volyubilis İslam dövrünə qədər bölgənin paytaxtı olaraq qaldı. Ərazidən tapılmış 8-ci əsrə aid İslam sikkələri İslamın Mərakeşin bu hissəsindəki mövcudluğunu təsdiqləyir.[21] Bu sikkələr şəhər divarları xaricində cəmləşmişdilər ki, bu da ərəb yaşayış məntəqəsinin divarlar daxilindəki bərbər yaşayış məntəqəsindən fərqləndiyini göstərir. Şəhər həmçinin, Moulay İdrisin 787–788-ci illərdə Mərakeşdə İdrisilər sülaləsinin əsasını qoyduğu yer idi. İslam peyğəmbəri Məhəmmədin birbaşa nəslindən olan İdris, 787-ci ildə baş verən Fəxx döyüşündən sonra Suriyadan Mərakeşə qaçır. O, İshaq ibn Məhəmmədin rəhbərliyi ilə Avraba qəbiləsinin işğalı altında olan Volyubilisdə "imam" elan edilir. İdris burada Avraba qəbiləsindən olan Kanza ilə evlənir və bu izdivacdan II İdris dünyaya gəlir. O da, şəhər divarları xaricində, bu yaxınlarda onun qərargahı ola biləcəyi düşünülən kompleksin tapıldığı Xuman vadisi böyunca yaşayırdı.[22] I İdris Fəs şəhərinin əsasını qoyduğu üç illik hakimiyyəti dövründə Şimali Mərakeşin çox hissəsini fəth etdi. İdris ibn Abdullah 791-ci ildə, Bağdad xəlifəsi Harun ər-Rəşidin əmri ilə Volyubilisdə sui-qəsd nəticəsində öldürüldü.[23][21] II İdris yetkinlik yaşına çatdıqdan sonra paytaxtı Fəsə köçürdü və beləliklə, Volyubilis siyasi əhəmiyyət kəsb edən son xüsusiyyətindən məhrum edildi.[23]
818-ci ildə Əl-Əndəlüsdəki (müasir İspaniyadakı Əndəlüs) Kordovada qiyam qaldırmış Rabedis adlı müsəlman qrupu Volyubilisə köçür. Bundan sonra insanlar daha bir neçə əsr boyu Volyubilisdə yaşamağa davam etsələr də, yəqin ki, şəhər 14-cü əsrə qədər tərk edilmişdir.
Afrikalı Lev şəhərin divar və darvazalarını, həmçinin, yalnız iki və ya üç qəsr tərəfindən qorunan İdris türbəsini təsvir etmişdir.[24] O öldükdən sonra cəsədi şəhərdən 3 km (1,9 mil) məsafədə yerləşən Moulay İdrisə aparılmış və burada onun üçün böyük bir məqbərə qurulmuşdur.
Bu dövrdə şəhərin adı unutulmuş və yerli əhali tərəfindən qədim misirlilər tərəfindən qurulduğu iddia edilən əfsanəyə əsaslanaraq Ksar Faraoun, yəni "Fironun qalası" adlandırılmışdır.[25] Buna baxmayaraq, bəzi binalar 17 əsrə, Moulay İsmayılın Meknesdəki yeni imperator paytaxtına tikinti materialı təmin etmək üçün ərazini talan etməsinə qədər ayaqda qalmışdı. 1755-ci ildə baş vermiş Lissabon zəlzələsi isə şəhərdə daha ağır dağıntılara səbəb olmuşdur.
-
1887-ci ildə Henri Poisson de La Martinyer tərəfindən çəkilmiş zəfər tağının qalıqları
-
Bazilikanın qalıqlarının 1887-ci ildə, bərpa edilməzdən əvvəlki görünüşü
The Times qəzetinin yazıçısı Walter Burton Harris, 1887–1889-cu illər arasında Mərakeşə etdiyi səyahətlər zamanı, fransız arxeoloqları tərəfindən müəyyən edilsə də, hər hansı bir ciddi qazıntı və bərpa işləri başlamamış Volyubilisi səyahət edir.
Qeydlər
redaktəİstinadlar
redaktə- ↑ "Arxivlənmiş surət". 2019-08-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-08-10.
- ↑ "Archaeological Site of Volubilis". African World Heritage Fund. 20 oktyabr 2013 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 21 oktyabr 2012.
- ↑ 1 2 "Charlton T. Lewis, Charles Short, A Latin Dictionary, vŏlūbĭlis". www.perseus.tufts.edu. 2022-08-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-06-10.
- ↑ Kreeft, Peter; Tacelli, Ronald K. Handbook of Christian Apologetics (ingilis). InterVarsity Press. 2009-09-20. ISBN 978-0-8308-7544-3. 2022-08-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-08-11.
- ↑ University, The Open. Getting started on Classical Latin (ingilis). The Open University. 2015-08-07. ISBN 978-1-4730-0108-4. 2022-08-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-08-11.
- ↑ "وليلي أو قصر فرعون". زمان (ərəb). 2014-11-14. 2020-06-10 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2020-06-10.
- ↑ 1 2 Publishers, Nagel. Morocco (ingilis). Nagel Publishers. 1977. ISBN 978-2-8263-0164-6. 2022-08-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-08-12.
- ↑ Carrasco, 2000. səh. 128
- ↑ 1 2 3 Rogerson, 2010
- ↑ Parker, 2010
- ↑ Davies, 2009
- ↑ Rogerson, 2010. səh. 236
- ↑ 1 2 Davies, 2009. səh. 41
- ↑ Löhberg, 2006
- ↑ 1 2 3 4 5 Rogerson, 2010. səh. 237
- ↑ MacKendrick, 2000. səh. 312
- ↑ Andreeva, Fedorchuk və Nosonovsky, 2019
- ↑ Fentress, Limane, 2010. səh. 107
- ↑ Conant, 2012. səh. 294
- ↑ Akerraz, 1985
- ↑ 1 2 Volubilis Project – History
- ↑ Fentress, Limane, 2010. səh. 103–122
- ↑ 1 2 Rogerson, 2010. səh. 238
- ↑ Leo Africanus trad. A. Épaulard, I, səh. 245
- ↑ Windus, 1725. səh. 86