Vikipediya Yeni Istifadecilere Komek - Wikipedia
Vikipediyaya xoş gəlmisiniz! Yeni məqaləyə başlamazdan əvvəl...
Zəhmət olmasa Vikipediyanın əhəmiyyətlilik meyarlarını nəzərdən keçirin. Qısaca, məqalənin mövzusu etibarlı, ikinci dərəcəli, tamamilə müstəqil mənbələrdə dərc olunan mövzu olmalıdır. Bunlar kitablar, qəzetlər, jurnallar, elmi jurnallar və bunlar kimi digər yüksək keyfiyyətli mənbələr ola bilər. Vikipediyadakı məlumatlar yoxlanılabilən olmalıdır; əgər mövzu ilə bağlı etibarlı üçüncü tərəf mənbələri tapmaq mümkün deyilsə, onda həmin mövzuda məqalə olmamalıdır. Yazmaq istədiyiniz mövzu ilə bağlı məqalənin artıq mövcud olub-olmadığına əmin olmaq üçün əvvəlcə Vikipediyada axtarın.
Məqalə Vikipediya prinsip və qaydalarına uyğun olmalıdır, xüsusən:
- Neytral baxış bucağı
- Əhəmiyyətli mövzunun işıqlandırılması
- Etibarlı mənbələr tərəfindən təsdiq edilən
Birinci addım. Məqalənin mövzusunu müəyyənləşdirin
Sizə maraqlı olan mövzuda məqalə yaradın. Cəmiyyət üçün vacib və aktual olan, amma Sizə maraqlı görünməyən mövzulara üstünlük vermək vacib deyil. Əvvəlcədən mövzu haqqında ətraflı məlumatınızın olması da böyük əhəmiyyət kəsb etmir. Əsas məsələ, bu mövzunu dərindən öyrənmək həvəsinizin olmasıdır. Bununla belə, yaratdığınız məqalənin mövzusuna dair əsaslı məlumatı haradan götürəcəyiniz haqda təsəvvürünüzün olması vacibdir.
İkinci addım. Belə bir məqalənin mövcud olub-olmadığını yoxlayın
Sizin tərəfinizdən seçilmiş başlığı axtarış sətrinə daxil edin və axtar düyməsinə basın. Axtarışın nəticələrini keçidlər şəklində görəcəksiniz. Əgər Sizi maraqlandıran mövzuda məqalə artıq varsa, həmin keçid vasitəsilə məqaləyə keçin və "redaktə et" düyməsinə basın. Qarşınızda redaktə üçün tam hazır məqalə görəcəksiniz.
Üçüncü addım. Məqalə yaradın
Yox, əgər sizi maraqlandıran mövzuda məqalə yoxdursa, deməli, onu yaratmaq lazımdır. Bunun üçün məqalənin adını sağdakı axtarış qutusuna yazın, sonra isə lupa düyməsini basın. Açılmış səhifədə sizə bu başlıq altında məqalə yaratmaq təklif olunacaq, həmin yazını basın və məqalənin yazılması səhifəsinə keçin. Beləliklə, siz öz birinci səhifənizi yazmaq üçün hazırsınız.
Dördüncü addım. Məqaləni düzgün başlayın
Vikipediyada məqalələr məqalə başlığının təkrarlanmasıyla və məqalənin predmetinin açıqlanmasıyla başlayır. Məsələn, "Blek Metal – musiqi stili", "Xaç atası – məşhur ABŞ filmi". Mötərizədə terminin kökü haqqında məlumat verilə bilər. Şəxslər haqqında məqalələrdə mötərizə içərisində addan sonra anadan olduğu və öldüyü illər yazılmalıdır. Məsələn, Lui Jan Lümyer (fr. Louis Jean Lumière; 5 oktyabr 1864, Bezanson — 6 iyun 1948, Bandol) — kinematoqrafın icadçısı.
Beşinci addım. Məqalənin məzmununun yazılması
Məsləhətdir ki, məqalənin ilkin həcmi 500 işarədən az olmasın. Məqalələrin yazı stili elmi-bədii olmalıdır. Həmçinin məqalələri yazarkən iki ümumvikipediya (əslində beşdir, lakin Siz yeni olduğunuz üçün hələlik ikisi deyilir) prinsipinə ciddi şəkildə əməl etmək lazımdır:
- Yazılmış məqalənin neytrallığı prinsipi - Bu prinsipə əsasən, yazılmış məqalənin məzmunu tamamilə tərəfsiz olmalı, heç bir subyektiv fikir əks etdirməməlidir. Əgər bir fikir ətrafında bir neçə versiya varsa onda bütün versiyalar bərabər şəkildə əks olunmalıdır.
- Müəllif hüquqlarının qorunması. Viki-cəmiyyətin əsas məqsədi pulsuz və ümumi istifadə oluna biləcək bir bilik bazasının yaradılmasıdır. Buna görə də Vikipediyaya müəlliflik hüquqları ilə qorunmuş mətn, şəkil və ya media faylların əlavə olunması qəti qadağandır. Yox əgər siz mənbənin müəlliflik hüquqları ilə qorunub-qorunmadığını bilmirsinizsə, onda bu cür mənbədən istifadə etməkdən çəkinin.
Altıncı addım. İstifadə etdiyiniz mənbəni qeyd edin
Məqalənin məzmununu qeyd etdikdən sonra Mənbə adında bölüm yaradın və ora istifadə etdiyiniz bütün çap materiallarının (kitab, qəzet və s.), müəlliflərin, nəşriyyatların adlarını, çap ilini və s. bu kimi parametrləri qeyd edin. Daha sonra Həmçinin bax adlı bölüm yaradın və orada Vikipediya daxilində məqaləyə yaxın məzmunlu digər məqalələrin adlarını göstərin. Ən sonda Xarici keçidlər adlı bölüm yaradın. Bura isə internetdə mövzu ilə əlaqədar istənilən səhifələri göstərə bilərsiz. Bir şərtlə ki, göstərilən linklər Spam olmasın. Spam səhifədən dərhal silinəcək, istifadəçiyə isə müəyyən məhdudiyyətlər qoyula bilər.
Yeddinci addım. Məqaləni kateqoriyalaşdırın
Axtarışda asanlıq təşkil eləsin deyə, xarici keçidlərdən sonra bir sətr boş qoyaraq məqalənizin daxil olduğu kateqoriyaların siyahısını göstərin: [[Kateqoriya:Avropa paytaxtları]][[Kateqoriya:Müharibələr]] və s.
Səkkizinci addım. Məqaləyə interviki linklərin artırılması
Vikipediya yalnız Azərbaycan dilində mövcud deyildir. Vikipediya dünyanın onlarca müxtəlif dillərində mövcud olan beynəlxalq ensiklopediyadır. İnterviki linklərin artırılmasında əsas məqsəd onlar arasında əlaqə yaratmaqdır. Öz məqalənizin adını bacarsanız ingilis dilinə tərcümə edin və həmin məqaləni ingilis vikipediyasında tapın.
Başlamaq üçün məqalə sehrbazına buradan keçid edin.
Biz əminik ki, Sizdə hər şey alınacaq! Uğurlar.
Unutmayın
- Vikipediyada reklam xarakterli məqalələr yaratmaq və ya mövcud məqalələrə reklam xarakterli mətnlər əlavə etmək olmaz. Reklam xarakterli məqalə və mətnlər tez bir zamanda silinəcəkdir.
- Əgər məqalədə məzmun səhvi tapmısınızsa, əvvəlcə bunu həmin məqalənin müzakirə səhifəsində müzakirəyə çıxarın, daha sonra redaktəyə başlayın.
- Məqalələr Azərbaycan dilində və elmi-bədii üslubda yazılmalıdır. Vikipediya ensiklopediya olduğuna görə burada mətbuat üslubunda məqalə yazılmasına yol verilmir.
- Məqaləni redaktə edərkən Azərbaycan dilinin orfoqrafiya qaydalarına ciddi şəkildə əməl edin, heç bir ləhcədən və ya şivədən istifadə etməyin.