Vikipediya Heftenin Yaxsi Meqalesi 8 Hefte 2021 - Wikipedia
Vikipediya:Həftənin_yaxşı_məqaləsi/8._Həftə_2021 - Haqqında Məlumat
Xudavəng monastırı — Kəlbəcər rayonunun Vəng kəndi ərazisində yerləşən tarix-memarlıq abidəsi. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən dünya əhəmiyyətli abidə kimi qeydiyyata alınmışdır. Məbədin memarlıq xüsusiyyətlərini tədqiq etmiş prof. G. Məmmədova Xudavəng monastırının Azərbaycan Respublikası ərazisindəki ən böyük monastır kompleksi olduğunu qeyd edir.
Xudavəng monastırına dini və dünyəni xarakter daşıyan ondan çox müxtəlif ölçü və dizayna malik tikililər daxildir. Həmin tikililər müxtəlif tarixi dövrlərdə, müxtəlif şəxslərin sifarişi və himayəsi ilə inşa edilmişdir. Kompleksin ən erkən tikilisi VIII-IX əsrlərə aid edilən Qədim bazilikadır. Həmin tikili Müqəddəs Faddeyin göstərişi ilə xristianlığı təbliğ etmək üçün gəlmiş və Abqar adlı yerli hakim tərəfindən öldürülmüş Həvari Dadinin məzarı üzərində inşa edilmişdir. Kafedral statusu daşıyan Arzu xatun kilsəsi isə 1214-cü ildə Yuxarı Xaçın knyazı Vaxtanqın həyat yoldaşı tərəfindən inşa olunmuşdur. |