Vikipediya Heftenin Yaxsi Meqalesi 52 Hefte 2022 - Wikipedia
Azərbaycan döyüş sənətləri və oyunları — Azərbaycanda tarixən oynanılmış döyüş tipli idman növləri və oyunlar. Azərbaycan milli güləşi və zorxana əsas döyüş sənətləridir.
"Kitabi-Dədə Qorqud"da (XIII–XV əsrlər) və "Koroğlu" dastanının Azərbaycan versiyasında (XVII əsr) döyüş sənətləri və meydan tamaşaları ilə bağlı məlumatlar verilir. Azərbaycan xanlıqları dövründə (XVIII əsrin II yarısı — XIX əsrin əvvəlləri) isə ordularda "bahadır" adlandırılan pəhləvanlar var idi. Müasir dövr Azərbaycan pəhləvanlarına "Altıaylıq pəhləvan" ləqəbli Məşədi Əbdüləli Axundov, bakılı Şonu Abdulla, Sali Süleyman, Rəşid Yusifov daxildir. 2022-ci ildə pəhləvanlıq irsi UNESCO səviyyəsində "Pəhləvanlıq sənəti: ənənəvi zorxana oyunları, idman növləri və güləş" adı altında Azərbaycanın qeyri-maddi mədəni irsi elan edilmişdir. Zorxana döyüş sənətinə sinə oyunu, mil oyunu, yekba, səngi-daşqaldırma, kəbbadə, ayaqdöymə, çərxi, güləş daxildir. Azərbaycanda zorxananın keçirildiyi qədim yerlər Bakıdakı XV əsr İçərişəhər zorxanası və Ordubaddakı XVII əsr Qeysəriyyə abidəsidir. Bakını ziyarət edən XVIII əsr erməni müəllifi Artemi Araratski Bakı zorxanalarındakı yarışmaları, buralardakı cambaz və pəhləvanları təsvir edir. Keçmiş dövrdə meydanda pəhləvanların güc sınamaq, güşt tutmaq, daş oynatmaq, kərən sındırmaq, buğa boynu əymək, ağırlıq qaldırmaq, ağırlıq dartmaq və s. oyunlarına rəğbət var idi. XIX əsrdən etibarən Gəncə, Şuşa, Şəki, Naxçıvan, Şirvan şəhərlərində zorxanalar tikilmişdir. Sovet dövründə zorxana fəaliyyəti zəifləsə də, müstəqillik dövründə vəziyyət müsbət istiqamətdə dəyişmişdir. |