Vikipediya Heftenin Yaxsi Meqalesi 5 Hefte 2022 - Wikipedia
Muğam üçlüyü — Azərbaycanın milli musiqi alətləri olan tar, kamança və qaval ifaçılarından ibarət klassik muğam triosu; Azərbaycan muğam dəstgahlarını icra edən ənənəvi sazəndələr ansamblı; xanəndə və sazəndə dəstəsi.
Muğam üçlüyü adından da göründüyü kimi üç nəfərdən ibarətdir. Bu dəstə yeganə çalğıçı üçlüyüdür ki, muğamlar bütöv, dəstgah şəklində, bütün incəlikləri ilə dinləyiciyə çatdırılır. İlk dövrlərdə sazəndə dəstəsində tar, kamança və balabandan, təsnif və rəngləri ifa etdikdə isə dairə, qoşanağaradan istifadə olunurdu. Məşhur tarzən Mirzə Sadıq Əsəd oğlunun tar alətində apardığı yenidənqurma işlərindən sonra artıq gur səsli qoşanağaraya ehtiyac qalmır, bu, xanəndənin əlində tutduğu incə səsli qaval ilə əvəz olunur. Beləliklə, bu dəstə yalnız 3 nəfərdən ibarət olur. Bu dəstəyə tarzən, kamançaçı və xanəndə daxildir ki, həmin üçlük XIX əsrin ikinci yarısından başlayaraq ta bu günə qədər fəaliyyət göstərir. Onların Azərbaycan xalq musiqisinin inkişafında, muğam ifaçılıq məktəbinin yaradılmasında rolu misilsizdir. Üçlüyün başlıca icraçısı qavalda çalan müğənni - xanəndədir. O, öz zövqünə və fərdi imkanlarına görə kompozisiya qurur. Daha doğrusu, dəstgaha hansı şöbələrə hansı guşələrin daxil edilməsi, onların həcmi, rəng və ya təsniflərin yerləşdirilməsini məhz xanəndə həll edir. Xanəndə muğamı oxuyarkən qavalı üzünə yaxınlaşdırır, səsinin dinləyicilərə yönəlməsini, rezonanslanmasının təmin edir. Rəng və təsniflərin ifası zamanı isə xanəndə tərəf müqabillərini və özünü qavalla müşayiət edir. |