Vikipediya Heftenin Yaxsi Meqalesi 44 Hefte 2024 - Wikipedia
Robinzon Kruzo iqtisadiyyatı — iqtisadiyyatda bəzi fundamental məsələləri daha dərindən tədqiq etmək üçün istifadə olunan sadə struktur. Burada bir istehlakçı, bir istehsalçı və iki əmtəənin formalaşdırdığı iqtisadiyyat təsəvvür edilir. "Robinzon Kruzo" başlığı, 1719-cu ildə Daniel Defo tərəfindən qələmə alınmış eyniadlı romanın adından götürülmüşdür. İqtisadiyyatdakı düşüncə eksperimenti kimi, bir çox beynəlxalq ticarət iqtisadçıları, sadələşdirilmiş və idealizə edilmiş bu fərziyyəni real dünyadakı mürəkkəb halları sadə formada izah etmək qabiliyyətinə sahib olması səbəbindən vacib hesab etməkdədir. Nəzərdə tutulan fərziyyə odur ki, bir agentin olduğunu iqtisadiyyatın təhlili, çoxsaylı iqtisadi agentlərin olduğu real dünya iqtisadiyyatının işləmə prinsiplərini öyrənmək üçün faydalı məlumatlar aşkara çıxarır. Bu anlayış mikroiqtisadiyyatın bir hissəsi kimi istehlakçı və istehsalçı davranışlarını, o cümlədən iqtisadi tarazlığın daha yaxından öyrənilməsi üçün münasibdir. Əslində, iqtisadiyyatın digər sahələrində də Robinzon Kruzo iqtisadiyyatı strukturu eyni məqsəd üçün istifadə olunur. Məsələn, dövlət maliyyəsində Robinzon Kruzo iqtisadiyyatı, ictimai əmtəələrin müxtəlif növlərini və həmçinin müştərək mənfəətlərin müəyyən xüsusiyyətlərini təhlil etmək məqsədi güdür. Artım iqtisadiyyatında isə bu, zəif inkişaf etmiş və ya inkişaf etməkdə olan ölkələrin qənaət və investisiya vasitələrindən istifadə edərək daha davamlı inkişaf yoluna qədəm qoyması məqsədilə artım modelləri təkmilləşdirmək üçün istifadə olunur.