Vikipediya Heftenin Yaxsi Meqalesi 44 Hefte 2016 - Wikipedia
Şirvanşahlar sarayı — Şirvanşahlar dövləti hökmdarlarının Bakı şəhərində yerləşən köhnə iqamətgahı. Kompleksə saraydan başqa Divanxana, Şirvanşahlar türbəsi, Şah məscidi, Saray hamamı, ovdan, saray alimi Seyid Yəhya Bakuvinin türbəsi və Keyqubad məscidinin qalıqları daxildir.
Saray kompleksi XIII əsrdən XVI əsrə qədər müddət ərzində tikilib. Saray daxil olmaqla bəzi binalar XV əsrin əvvəllərində, Şirvanşah I Xəlilullahın hakimiyyəti dövründə tikilib. Osmanlı imperiyası Bakını ələ keçirəndə saray ərazisində onu şərqdən əhatə edən saray divarı ilə Murad darvazası tikilib. Saray XIX əsrdən bəri bir neçə dəfə təmir və restavrasiya edilib. Əsas tikililərin müxtəlif vaxtlarda tikilməsinə baxmayaraq saray kompleksi ümumi bədii təəssürat yaradır. Kompleksin memarları Şirvan-Abşeron memarlıq məktəbinin qədim ənənələrinə əsaslanırdılar. Dəqiq kubik formalı və çoxüzlü memarlıq abidələri yaradaraq onlar divarları zəngin oyma naxışlarla bəzəyirdilər və bu sübut edir ki, sarayı tikənlər bənnalıq sənətini yüksək səviyyədə bilirdilər. Hər memar ənənə və bədii zövq sayəsində öz sələfinin memarlıqla bağlı ideyasını mənimsəmiş, yaradıcı surətdə onu inkişaf etdirmiş və zənginləşdirmişdir. Müxtəlif dövrlərdə həyata keçirilən tikintilər həm ölçülərin vəhdəti, həm də əsas memarlıq formaları olan kubik şəkilli binalar, günbəzlər və portalların ahəngi və mütənasibliyi ilə əlaqələndirilmişdir. |