Vikipediya Heftenin Yaxsi Meqalesi 33 Hefte 2019 - Wikipedia
Vikipediya:Həftənin_yaxşı_məqaləsi/33._Həftə_2019 - Haqqında Məlumat
Qədim Gəncə qalası — Qədim Gəncə şəhərini əhatə edən üç qatlı müdafiə səddləri. Şəhər ərazisi əvvəlcə daxili, daha sonra ikinci, sonradan isə üçüncü qat divarlarla əhatə edilmişdir. Qala divarlarının dəqiq inşa edilmə tarixi bilinməsə də, məlumdur ki, Gəncə Şəddadilər dövlətinin paytaxtı olarkən (971-1088) artıq şəhər qala divarı ilə əhatə edilmişdir. 1063-cü ildə isə Əbüləsvar Şavurun sifarişi ilə usta İbrahim ibn Osman tərəfindən Qədim Gəncə qalası üçün qoşa qala qapıları hazırlanmışdır. 1139-cu ildə baş vermiş Gəncə zəlzələsi zamanı qala divarlarına ciddi zədə dəysə də, onlar sonradan bərpa olunmuş və 1235-ci ildə monqollar tərəfindən dağıdılana kimi şəhəri müdafiə etmişdir. XVII əsrdə şəhər ərazisi I Şah Abbas tərəfindən köçürülənə kimi Gəncə qalası əhali ilə məskunlaşmışdır.
Qala-şəhərin solsahil hissəsi daşlarla üzlənmiş qala divarları və dərin xəndəklərlə əhatə olunmuşdur. Qala divarları ilə əhatə olunmuş ərazi düzgün olmayan dördbucaqlı formasına və 600x750 m ölçüyə malikdir. Daxili qala divarları çaydaşı və əhəng məhlulu qarışığından inşa edilmişdir. Qala divarları arasındakı dərin xəndək Gəncəçayından gələn su ilə doldurulurdu. Divarlar bir-birindən aralıda yerləşən bastionlarla möhkəmləndirilmişdir. |