Vikipediya Heftenin Yaxsi Meqalesi 27 Hefte 2019 - Wikipedia
Azərbaycanda neft sənayesi — Azərbaycanda XX əsrin əvvəllərindən başlayaraq inkişaf edən və Azərbaycan Respublikasının iqtisadiyyatında əhəmiyyətli rolu olan sahə. Neft sənayesi əsas etibarilə Bakı ətrafında cəmləşib.
Ölkədə əsil neft bumu XIX əsrin sonu – XX əsrin əvvəllərinə təsadüf edir. Həmin dövrdə Rotşild və Nobel qardaşları, eləcə də Rusiya imperiyasının neft sənayeçiləri Bakı nefti sayəsində inkişaf edirdi. Sonra isə neft yataqlarının işlənməsi və hasilatı məsələlərinə Moskvada oturan Partiya funksionerləri rəhbərlik edirdilər. Yalnız 1990-cı illərin əvvəllərində ölkə müstəqillik qazandıqdan sonra azәrbaycanlılar öz təbii ehtiyatlarına sahib çıxa bildilər. Azərbaycanda neft hasilatı haqqında məlumatlar erkən orta əsr alim və səyyahlarının əsərlərində dəfələrlə qeyd olunmuş və bu qeyri-adi məhsulun böyük gəlirlər gətirdiyi bildirilmişdir. Lakin o dövrlər neft ancaq məişətdə yanacaq kimi, tibbi və hərbi məqsədlər üçün istifadə olunurdu. XIV əsr səyyahı Marko Polo bu bölgədə neftdən xəstəliklərin müalicəsi üçün istifadə edilməsi və yaxın ölkələrə neftin daşınması barədə yazmışdır. 1594-cü ildə Balaxanıdakı neft quyularının birində aşkar edilmiş daş üzərindəki yazıda 35 metr dərinliyində quyunun usta Allahyar Məmmədnur oğlu tərəfindən qazılıb istifadəyə verildiyi göstərilir. |