Vikipediya Heftenin Yaxsi Meqalesi 26 Hefte 2024 - Wikipedia
İntibah dövrü — Avropa tarixinin XV və XVI əsrlərini əhatə edən, Orta əsrlərdən müasirliyə keçid dövrü. O, son orta əsrlər dövrü böhranından sonra baş vermişdir və böyük sosial dəyişikliklərlə səciyyələnir. Standart dövrləşdirməyə əlavə olaraq uzun renessans dövrü fikrini dəstəkləyənlər bu dövrün XIV əsrdə başlayıb, XVII əsrdə sonlandığını irəli sürürlər. Ənənəvi baxış renessansın daha çox erkən müasir aspektlərinə yönələrək onun keçmişdən bir qırılma olduğunu iddia etsə də, bu gün tarixçilərin əksəriyyəti bu dövrü orta əsrlər aspektindən dəyərləndirərək, renessansın orta əsrlərin davamı olduğunu düşünür.
İntibah dövrünün intellektual əsası onun öz humanizm versiyasıdır. Humanizm roma mənşəli humanitas anlayışı və hər şeyin ölçüsü insandır deyən Protaqorun fəlsəfi fikirləri kimi, klassik Yunan fəlsəfəsinin yenidən kəşf edilməsindən törənmişdir. Bu yeni düşüncə incəsənət, memarlıq, siyasət, elm və ədəbiyyatda manifestə çevrildi. Dövrün ilk örnəkləri yağlı boya rəsmlərində perspektivin inkişafı və beton hazırlamadakı yenilənən biliklərdə görülür. Baxmayaraq ki, daşına bilən metal növünün ixtirası 15-ci əsrin sonundan başlayaraq sürətli şəkildə yayılmışdı, renessans dəyişiklikləri bütün Avropada eyni deyildi: İtaliyada renessansın ilk izlərinə 13-cü əsrin əvvəllərində, xüsusilə Dantenin yazılarında və Cottonun rəsm əsərlərində rast gəlmək olur. |