Vikipediya Heftenin Yaxsi Meqalesi 18 Hefte 2024 - Wikipedia
Vikipediya:Həftənin_yaxşı_məqaləsi/18._Həftə_2024 - Haqqında Məlumat
Osmanlı–Məmlük müharibəsi (1516–1517) — Osmanlı imperiyası ilə Məmlük sultanlığı arasındakı ikinci müharibə. Osmanlılarla Məmlüklər arasındakı qarşıdurmaya, hər iki dövlətin iddia etdiyi Kiçik Asiyadakı mübahisəli ərazilər səbəb oldu. Həmçinin hər iki tərəfin Hindistandan və Uzaq Şərqdən gələn ticarət yoluna nəzarəti ələ keçirmək üstündə də maraqları toqquşurdu. Şərti olaraq Ədviyyat yolu adlanan ticarət yolunun üzərində Qırmızı dəniz və Ərəbistan dənizi limanları və Aralıq dənizinin şərq sahillərinin limanları kimi strateji məntəqələr daxil idi. Bütün bu strateji məntəqələrə məmlüklər nəzarət edirdilər. Osmanlı dövləti böyük gəlir verən bu ticarət yolunu da ələ keçirməyə çalışırdı.
İlk Osmanlı-məmlük müharibəsi 1491-ci ildə Məmlük Sultanlığının faktiki qələbəsi sona çatdı. Lakin müharibənin strateji nəticəsi tamam fərqli oldu. Müharibə Yaxın Şərqdə təsir dairələrinin bölünməsi və status-kvo ilə yekunlaşdı. Sülh müqaviləsi imzalansa belə, hər iki dövlət bölgədəki təsir dairələrini davam etdirməkdə israrlı idilər. Bu səbəbdən Osmanlı-Məmlük siyasi münaqişəsinin davamı gözlənilirdi. Təsir dairələrinin bölüşdürülməsinə baxmayaraq, Kiçik Asiyada olan həm Ramazanoğulları bəyliyi, həm də Dulqədiroğulları bəyliyinin hökmdarları hər iki tərəfdən davamlı təzyiq altında idilər. XVI əsrin əvvəllərində bölgə üzərində nəzarəti ələ almağa çalışan üçüncü bir qüvvədə peyda oldu — Səfəvi şahı I İsmayıl. |