Vikipediya Heftenin Yaxsi Meqalesi 15 Hefte 2016 - Wikipedia
Ziya Bünyadov — şərqşünas, tarixçi, Sovet İttifaqı Qəhrəmanı, Dövlət Mükafatı Laureatı, əməkdar elm xadimi.
Ziya Bünyadov 1923-cü il dekabr ayının 21-də Astara şəhərində, Oktyabr inqilabından xeyli əvvəl ataman Lyaxovun kazak diviziyasının alaylarından birində xidmət etmiş hərbi tərcüməçi ailəsində anadan olmuşdur. Onun atası Bibi-Heybət alim-şeyxləri nəslindən olmuş Musa Mövsüm oğlu Bünyadov idi. O, atasının sayəsində hələ uşaqlıqdan ərəb dilini öyrənmiş və Quranı oxumağa başlamışdı. Onun anası – Lənkəranda doğulmuş Azərbaycandakı köhnə rus köçmənlərindən olan Raisa Mixaylovna Qukasova idi. Nəsil şəcərəsinin əsaslandığı tarixi sənədlərə görə, Bünyadov soyadı onun 13-cü ulu babası şeyx Bünyadın adından götürülüb. Onun bütöv adı: Şeyx Ziya əd-Din bin Şeyx Musa bin Şeyx Məsum bin Şeyx Mehdi bin Şeyx Mirzə bin Şeyx İsmayıl bin Şeyx Uli Məhəmməd bin Şeyx Məhəmməd Umin bin Şeyx Uli Usqər bin Şeyx Məhəmməd Muğam bin Şeyx Usgər Uli bin Şeyx Qulaməli bin Şeyx Bünyad əl-Bakuvi. Uşaqlıqda ciddi tərbiyə alan Bünyadov ailəsində altı uşaqdan ən böyükü idi. Xidməti işi ilə əlaqədar olaraq atası Göyçaya göndərildiyinə görə, Bünyadov orta məktəb illərini Göyçayda keçirmişdi. 1939-cu ildə orta məktəbi bitirdikdən sonra, o, təyyarəçilik məktəbinə daxil olmaq məqsədilə Bakıya getmişdi. Lakin tibb komissiyasından keçə bilmədiyindən, yaşına iki il əlavə edib S.Orconikidze adına Bakı Piyadalar Məktəbində təhsilini davam etdirmişdir. 1941-ci ilin mayında hərbi məktəbi leytenant rütbəsində əlaçı diplomu ilə bitirdi. |