Vikipediya Heftenin Yaxsi Meqalesi 10 Hefte 2018 - Wikipedia
Psycho-Pass — Saiko Pasu (サイコパス?, azərb. Psixopasport) – Production I.G studiyası tərəfindən istehsal olunmuş kiberpank və cinayət trilleri anime serialı. Rejissorları Naoyoşi Şiotani və Katsuyuki Motohiro, ssenaristi Qen Urobuçi, personaj dizayneri Akira Amano, bəstəkarı Yuqo Kannodur. Personajları səsləndirən orijinal heyətə Kana Hanazava (Akane Tsunemori), Tomokazu Seki (Şinya Koqami) və Takahiro Sakuray (Şoqo Makişima) daxildirlər. Anime serialı 12 oktyabr 2012-ci ildən 22 mart 2013-cü ilə kimi Fuji TV telekanalının NoitaminA veriliş blokunda yayımlanmışdır.
Anime serialında hadisələr avtoritar antiutopik gələcəkdə baş verir. Bu dünyada hər yerdə mövcud olan ictimai sensorlar fasiləsiz olaraq hər keçən vətəndaşın zehni vəziyyətini analiz edir. Hazırkı zehni vəziyyətinə və ümumi şəxsiyyətinə əsaslanaraq cinayət törətmə potensialına malik vətəndaşlar müəyyənləşdirilir. Bu göstəricilərə vətəndaşın psixopasportu deyilir. Göstəricilərin qiyməti həddən çox yüksək qeydə alınanda məsul şəxslər bundan xəbərdar olurlar və İctimai Təhlükəsizlik Bürosunun rəsmiləri dərhal hadisə yerinə göndərilirlər. Rəsmilər "Hökmdarlar" adlandırılan və qarşısındakı şəxsin psixopasportuna əsaslanaraq gücünü tənzimləyən enerji tapançaları daşıyırlar. Hekayə Şinya Koqami, Akane Tsunemori və İctimai Təhlükəsizlik Bürosunun Cinayət Tədqiqat Diviziyasının bir nömrəli birliyinin digər üzvlərinin başına gələn hadisələrdən bəhs edir. "Psycho-Pass" animesi Production I.G studiyasının Mamoru Oşiinin uğurlarının davamını gətirmək marağından doğmuşdur. Anime serialı bir neçə filmdən ilhamlanmışdır. Baş rejissor Katsuyuki Motohiro antiutopik hekayədən istifadə edərək cəmiyyətin gəncliyindəki psixoloji mövzulara toxunmaq istəmişdir. "Psycho-Pass" bir çox kitab və filmdən təsirlənmişdir. Bunlardan ən önəmlisi 1982-ci ildə istehsalı "Ülgücün üzəri ilə qaçan" elmi fantastika filmidir. |