Vikipediya Heftenin Yaxsi Meqalesi 1 Hefte 2022 - Wikipedia
Belçikada holokost — Nasist Almaniyası tərəfindən işğal edilmiş Belçikada 1940–1944-cü illərdə yəhudilərin və qaraçıların təqib edilməsi və məhv edilməsi.
Müharibənin başlanğıcında Belçika əhalisinin çox böyük hissəsi katolik idi. Bu dövrdə əhalisi 8 milyon olan Belçikada yəhudilərin sayı 70–75.000 nəfər idi və Belçikada qeyri-xristian əhalinin ən böyük təbəqəsini təşkil edirdilər. Yəhudilərin məskunlaşdığı əsas şəhərlər Antverpen, Brüssel, Şarlerua və Leyj idi. Yəhudilərin böyük əksəriyyəti Almaniya və Şərqi Avropada təqiblərə məruz qalanlardan ibarət idi və çox az qismi Belçika vətəndaşlığını ala bilmişdi. Belçikanın işğalından qısa müddət sonra Hərbi Hökumət 1940-cı ilin oktyabrında anti-yəhudi qanunlarını verdi. Belçika Sədrlər Komitəsi hər hansı anti-yəhudi tədbirindən ötrü əməkdaşlıq etməkdən imtina etdi və Hərbi Hökumət əlavə qanunlar verməkdə həvəssiz görünürdü. Almaniya hökuməti yəhudilərin ticarət fəaliyyətlərini mənimsəməyə və yəhudiləri dövlət xidmətindən uzaqlaşdırmağa başladılar. |