Vikipediya Heftenin Secilmis Siyahisi 52 Hefte 2018 - Wikipedia
Kventin Tarantinonun filmoqrafiyası — ABŞ kinorejissoru, prodüser, ssenarist və aktyor kimi fəaliyyət göstərir və 2015-ci ilin göstəricilərinə əsasən, 11 film çəkmiş və onların hər birinin ssenari müəllifi olmuşdur. Öz karyerasını 1980-ci illərin sonlarında başlayan Tarantino ağ-qara filmi olan "Ən yaxşı dostumun doğum günü" filmində həm rejissor, həm ssenari müəllifi, həm də aktyor kimi iştirak edir. Bu film rəsmi olaraq, heç vaxt təqdim edilməmiş və həvəskar şəkildə çəkilmiş müstəqil qısametrajlı bədii film idi.
1988-ci ildə "Qızıl qızlar" sitkom serialında məşhur müğənni Elvis Preslinin obrazını canlandırmış, ardınca isə "Eddi Presli" filmində (1992) epizodik rolda çıxış etmişdir. Rəsmi müstəqil film istehsalçısı kimi bir-birini tanımayan beş nəfərin qiymətli daş-qaş oğurluğu naminə yığışıb birgə fəaliyyət göstərməsindən bəhs edən "Quduz köpəklər" (1992) kriminal triller filmini çəkmiş, eyni zamanda bu layihənin ssenari müəllifi və rol ifaçısı olmuşdur. "Quduz köpəklər"in təsir qüvvəsi böyük olduğuna görə, "Empire" kino jurnalı bu filmi "Bütün zamanların ən böyük müstəqil filmi" elan edib. Tarantinonun Toni Skottun "Əsl sevgi" (1993) filminə yazdığı ssenari Ən yaxşı ssenariyə görə Saturn mükafatına namizəd olub. 1994-cü ildə Kventin Tarantino neonuar janrında "Kriminal qiraət" qara komediya filminin həm ssenaristi, həm də rejissoru kimi çıxış edir. Bu film onun yaradıcılığında tənqidi və kommersiya baxımından ən böyük uğur qazanan iş olur. |