Vikipediya Ozunureklam - Wikipedia
Bu səhifə Vikipediyanın rəsmi prinsiplərindən biridir. |
Qayda səsvermə nəticəsində qəbul edilmişdir.
- Səsvermə müddəti: 17 fevral – 13 mart 2024
- Qüvvədədir: 13 mart 2024-cü ildən
Vikipediyada ensiklopedik əhəmiyyətlilik redaktorlar tərəfindən müəyyən bir mövzunun öz müstəqil məqaləsinin mövcud olmasına uyğun olub-olmamasına qərar vermək üçün istifadə edilən testdir.
Vikipediyadakı məlumatlar yoxlanıla bilən olmalıdır: əgər mövzu ilə bağlı etibarlı, müstəqil mənbə tapmaq mümkün deyilsə, o zaman onun ayrıca məqaləsi yaradılmamalıdır. Ensiklopedik əhəmiyyətlilik qaydaları mövzuların fərq qoyulmadan daxil edilməsinin qarşısını almaq üçün bu əsas standartı tətbiq edir. Məqalə və siyahı mövzuları ensiklopedik və ya "qeyd edilməyə dəyər" olmalıdır.
Məşhurluq, vaciblik və ya tanınmışlıq kimi faktorlar aşağıda verilmiş təlimatlara uyğun olan mövzunun qəbul edilmə ehtimalını artırmış olsa da, ensiklopedik əhəmiyyətliliyin müəyyən edilməsi üçün əsas deyil.
Mövzu o zaman öz ayrı məqaləsi mövcud olacaq qədər əhəmiyyətli olur ki:
- O, ya aşağıda göstərilən ümumi ensiklopedik əhəmiyyətlilik təlimatlarına (ÜEƏ), ya da mövzuya xas ensiklopedik əhəmiyyətlilik təlimatlarına (XEƏ) qeyd olunan meyarlara cavab verir;
- O Vikipediya nə deyil? qaydasındakı meyarlara cavab verir.
Bu şərtlər mövzunun mütləq ayrıca, müstəqil bir səhifədə məqalə kimi mövcud olması üçün zəmanət deyil. Redaktorlar öz seçimlərinə əsasən bir-biri ilə əlaqəsi olan iki və ya daha çox mövzunu tək bir məqalədə birləşdirə bilərlər. Həmçinin bu təlimatlar mövzunun yalnız öz məqaləsi və ya siyahısı mövcud olacaq qədər əhəmiyyətli olub-olmamasını müəyyən edir və məqalənin və ya siyahının məzmununu məhdudlaşdırmır. Vikipediyanın məzmunla bağlı tələbləri üçün Neytral mövqe, Yoxlanılabilərlik, Orijinal tədqiqata yer verməmək, Vikipediya nə deyil, və Yaşayan insanların bioqrafiyası qaydalarına baxın.
Ümumi ensiklopedik əhəmiyyətlilik təlimatları
Mövzunun o zaman ensiklopedik əhəmiyyətli olduğu fərz edilir ki, o ilk növbədə mövzudan asılı olmayan etibarlı mənbələrdə əhəmiyyətli dərəcədə əhatə olunmuşdur.
- "Fərz edilir" o deməkdir ki, etibarlı mənbələrdə əhəmiyyətli əhatə olunması tək başına mövzunun ensiklopedik olduğuna zəmanət vermir və sadəcə ilkin fərziyyə yaradır. Daha dərindən aparılan müzakirə nəticəsində belə nəticəyə gəlinə bilər ki, mövzu əslində müstəqil məqaləyə malik olmamalıdır. Buna səbəb mövzunun Vikipediya nə deyil qaydasını pozması ola bilər.[1]
- "Əhəmiyyətli əhatə" deyildikdə mənbələrdə mövzuya birbaşa və ətraflı müraciət edilməsi başa düşülür: belə olduqda məzmunun ortaya çıxması üçün heç bir orijinal tədqiqata ehtiyac qalmır. Əhəmiyyətli əhatə dedikdə mövzunun mənbədə sadəcə adının çəkilməsindən daha çoxu nəzərdə tutulsa da, mövzunun mənbə materialının əsas mövzusu olması da vacib deyil.
- "Etibarlı" o deməkdir ki, mənbələr etibarlı mənbə təlimatlarına uymalı, ensiklopedikliyin yoxlanıla bilən qiymətləndirilməsinə imkan vermək üçün güvənilən olmalıdır. Mənbələr bütün dillərdə və formalarda dərc edilmiş materialları əhatə edə bilər.
- "İkincidərəcəli mənbələr"[2] ensiklopedikliyin ən obyektiv sübutunu təmin edir. Mənbələrin keyfiyyəti və əhatə dairəsinin dərinliyi fərqli olduğundan sayı ilə bağlı hər hansı tələb mövcud olmasa da, çoxsaylı olmalarına üstünlük verilir.[3] Mənbələrin onlayn olması və ya Azərbaycan dilində yazılması şərt deyil. Eyni müəllifin və ya qurumun bir neçə nəşri, bir qayda olaraq, ensiklopedikliyi müəyyən etmək üçün vahid mənbə kimi qəbul edilir.
- "Mövzudan asılı olmayan" mənbələr dedikdə məqalənin mövzusunun və ya onunla əlaqəli birinin müəllifi olduğu materiallar istisna olunur. Məsələn, reklamlar, press-relizlər, avtobioqrafiyalar və subyektin veb-saytı müstəqil mənbə hesab edilmir.[4]
Əgər mövzu bu meyarlara cavab vermirsə, lakin hələ də bəzi təsdiq edilə bilən faktlara malikdirsə, mövzuya başqa əlaqəli məqalə daxilində toxunmaq faydalı ola bilər.
Mövzuya xas ensiklopedik əhəmiyyətlilik təlimatları
Bəzi kateqoriyalardakı mövzular üçün müstəqil məqalənin nə vaxt yazıla biləcəyini və ya yazılmalı olduğunu aydınlaşdırmağa kömək etmək məqsədilə mövzuya xas ensiklopedik əhəmiyyətlilik təlimatları (XEƏ) yazılmışdır. Hazırda qəbul edilmiş mövzuya xas təlimatlar bu səhifənin yuxarısındakı qutuda və Kateqoriya:Vikipediya ensiklopedik əhəmiyyətlilik qaydaları kateqoriyasında verilmişdir. Mövzuya xas ensiklopedik əhəmiyyətlilik təlimatlarına mövzu üçün uyğun mənbənin mövcud olmasının mümkünlüyünü göstərən yoxlanılmış meyarlar daxildir. Xüsusən də adekvat mənbə və ya əhəmiyyətli əhatə dairəsi aşkarlanmadıqda və ya mövzu ensiklopediya üçün uyğun deyilsə ÜEƏ və ya XEƏ-dən keçən məqalələr hələ də silinə və ya başqa məqaləyə birləşdirilə bilsə də, XEƏ-dən keçən mövzuların əsasən ensiklopedik olduğu güman edilir.
XEƏ-lər həmçinin mövzudan asılı olaraq başqa müxtəlif məqsədlərə də xidmət edir. Bəzi XEƏ-lər, məsələn, şəxslər haqqında olan, nə zaman ayrı məqalənin yaradılmamalı olduğu ilə bağlı təlimat verir. XEƏ-lər həmçinin ensiklopedikliyin müəyyən edilməsi üçün əhəmiyyətli hesab edilən mənbələr və əhatə dairəsi növlərinə dair nümunələr təqdim edə bilər. Bəzi XEƏ-lərin xüsusi funksiyaları var: məsələn, elm xadimləri üçün XEƏ meyarları ÜEƏ-dən fərqli prinsiplər ilə işləyir.
Bu təlimatlar məqalələr və ya siyahılar daxilindəki məzmuna şamil edilmir
Məqalənin yaradılması və ya saxlanması üçün tətbiq edilən meyarlar ilə onun daxilindəki məzmununa tətbiq olunan meyarlar eyni deyil. Ensiklopedik əhəmiyyətlilik təlimatları məqalələrin məzmununa şamil edilmir. Bu meyarlar redaktorların siyahı daxilindəki müddəaların seçilməsi üçün əhəmiyyətlilik qaydalarına müraciət edilməsinə razı olması halı xaricində, siyahıların da məzmununun hazırlanması üçün əsas deyil. Hər hansı məqalə və ya siyahı daxilindəki məzmun məzmunla bağlı qəbul edilmiş qaydalar ilə nizamlanır. Siyahılar haqqında əlavə məlumatlar üçün siyahıların ensiklopedik əhəmiyyətliliyi meyarlarına baxın.
Məqalənin məzmunu ensiklopedikliyi müəyyən etmir
Ensiklopedik əhəmiyyətlilik Vikipediyadakı məqalənin deyil, müvafiq mövzunun qiymətləndirmə meyarıdır. Əgər mövzu Vikipediyadan kənarda işıqlandırılmayıbsa, Vikipediyadakı məqalənin məzmununda aparılmış heç bir təkmilləşdirmə mövzunu birdən-birə əhəmiyyətli edə bilməz. Əksinə, mövzu haqqında mənbə materialı mövcudursa, məqalənin zəif yazılmış məzmunu və istinad azlığı belə mövzunun ensiklopedikliyini azaltmır.
Ensiklopediklik yoxlanıla bilən sübut tələb edir
Ensiklopedik əhəmiyyətlilik təlimatlarında ümumi mövzu ondan ibarətdir ki, subyektin ensiklopedik olduğu iddiasını dəstəkləmək üçün onun müstəqil mənbələrdən əhəmiyyətli dərəcədə diqqət almasına dair yoxlanıla bilən, obyektiv sübutlar olmalıdır.
Heç bir mövzu avtomatik və ya mahiyyət etibarilə sadəcə mövcud olduğu üçün ensiklopedik deyil: sübutlar mövzunun əhəmiyyətli səviyyədə müstəqil əhatə və ya tanınma əldə etdiyini və bunun nə sadəcə qısamüddətli maraq, nə də təşviqat fəaliyyəti və ya reklamın nəticəsi olmadığını göstərməlidir. Bu tələbi ödəyən mənbələrə tanınmış resenziyalı nəşrlər, etibarlı və nüfuzlu kitablar, nüfuzlu media mənbələri və ümumiyyətlə digər etibarlı mənbələr daxildir.
Ensiklopediklik məqalədəki mənbə vəziyyətinə deyil, uyğun mənbələrin mövcudluğuna əsaslanır
Məqalədə mənbə və ya sitatların olmaması mövzunun ensiklopedik olmadığını göstərmir. Ensiklopedik əhəmiyyətlilik yalnız uyğun müstəqil, etibarlı mənbələrin ümumiyyətlə mövcud olmasını tələb edir, onların məqalədə göstərilməsini deyil. Məqalənin ensiklopedikliyini qiymətləndirən redaktorlar təkcə məqalədə qeyd edilmiş mənbələri deyil, həm də məqalədə hal-hazırda adı çəkilməyən, amma ensiklopedikliyi sübut edə biləcək mənbələrin mövcudluğunun mümkünlüyünü də nəzərə almalıdırlar. Beləliklə, məqalənin silinməsini təklif etməzdən və ya onu silinməyə namizəd göstərməzdən, həmçinin silinməsi ilə bağlı müzakirədə ensiklopedikliyi ilə bağlı rəy bildirməzdən əvvəl redaktorlara ciddi şəkildə tövsiyə olunur ki, sözügedən mövzu ilə bağlı mənbələr tapmağa cəhd etsinlər və axtarış zamanı tapa bilməsələr belə mənbələrin hələ də mövcud ola biləcəyi ehtimalını nəzərə alsınlar.
Vikipediyadakı məqalələr "mükəmməl" deyil və mövzu haqqında mənbələr mövcud olsa da, məqalədə qeyd edilməmiş ola bilər. Odur ki, həmin mənbələr məqalədə qeyd edilməsələr belə mövzunu ensiklopedik edə bilər. Mövzu haqqında müstəqil mənbələrdə əhəmiyyətli əhatənin tapılması ehtimalı varsa, ensiklopedik olmaması səbəbindən silinməsi yersizdir. Bununla belə, məqalənin ensiklopedikliyi mübahisə mövzusu olduqda qeyri-müəyyən mənbələrin mövcud olduğunu iddia etmək xüsusən də vaxt keçərsə və faktiki sübut üzə çıxmazsa nadir hallarda inandırıcı olur.
Ensiklopediklik müvəqqəti deyil
Ensiklopediklik müvəqqəti deyil: bir mövzu ümumi ensiklopediklik təlimatına uyğun olaraq "əhəmiyyətli əhatə" mövzusuna çevrildikdən sonra onun yenə də işıqlandırılmağa davam etməsinə ehtiyac yoxdur.
Ensiklopedikliyin özü müvəqqəti olmasa da, zaman-zaman hər hansı bir istifadəçi tərəfindən müzakirə vasitəsilə mövcud məqalələrin ensiklopedikliyi ilə bağlı sübutların yenidən qiymətləndirilməsi tələb oluna bilər və ya əvvəllər ensiklopedik olmadığı hesab edilən məqalələr üçün yeni sübutlar yarana bilər. Beləliklə, məqalə yaradıldıqdan aylar və ya hətta illər sonra silinməsi təklif oluna bilər və ya onun müstəqil məqalə kimi mövcudluğunu dəstəkləyən yeni sübutlar ortaya çıxarsa yenidən yaradıla bilər.
Ensiklopedik mövzular kifayət qədər əhəmiyyətli bir müddət ərzində diqqəti cəlb etmişdir
Vikipediya ensiklopedikliyin "geridə qalan" göstəricisidir. Belə ki, mövzu yalnız o halda "ensiklopedik" hesab edilir ki, Vikipediyadan kənarda dünya artıq "onu nəzərə alıb". Qısa xəbərlər mövzunun əhəmiyyətini yetərincə nümayiş etdirməyə bilsə də, mövzunun davamlı əhatə edilməsi, hadisələrin ensiklopedikliyi təlimatlarında da təsvir olunduğu kimi, ensiklopedikliyin göstəricisidir. Həmçinin baxın: Vikipediya:Ensiklopedik əhəmiyyətlilik#Hadisələr
Etibarlı mənbələr bir şəxsi yalnız bir hadisə səbəbi ilə işıqlandırırsa və həmin şəxsi bundan başqa əhəmiyyətli edən hər hansı səbəb yoxdursa və böyük ehtimal olmayacaqsa, həmin şəxs haqqında məqalə yaratmaqdan çəkinilməlidir.
Müstəqil səhifələrin yaradılıb-yaradılmaması
Redaktorlar ensiklopedik bir mövzu haqqında yeni məzmun yaradarkən oxuculara onu anlamaqda ən yaxşı şəkildə necə kömək edə biləcəklərini düşünməlidirlər. Çox vaxt bu, mövzunu ayrı bir səhifədə təqdim etməklə əldə edilsə də, bizdən bunu etmək mütləq şəkildə tələb olunmur: bəzən ensiklopedik bir mövzunu daha geniş mövzu haqqındakı daha geniş məqalənin bir hissəsi kimi, daha geniş kontekstlə əhatə etmək daha yaxşı seçimdir (və bunu etmək heç bir şəkildə mövzunun əhəmiyyətini azaltmır). Ayrıca səhifənin yaradılıb-yaradılmaması ilə bağlı qərar redaktorların dəyərləndirməsi nəticəsində əldə edilə bilər, lakin qərar yalnız şəxsi fikirlərə deyil, mövzunun necə başa düşülməsinə dair xüsusi mülahizələrə əsaslanmalıdır. Vikipediya rəqəmsal ensiklopediyadır və buna görə də məzmunun və təfərrüatların miqdarı bunun üçün "yer olub-olmaması" ilə bağlı narahatlıqlarla məhdudlaşdırılmamalıdır.
- Digər məlumatlar lazımi konteksti təmin edirmi?
Bəzən ensiklopedik bir mövzunu ayrı bir səhifədə yerləşdirilsə itiriləcək olan daha dolğun kontekstin mövcud olduğu daha geniş məqalənin bir hissəsi olaraq təqim etmək daha yaxşı bir seçimdir. Digər hallarda, mövzunun müstəqil səhifədə verilməsi əsaslı qərardır.
- Əlaqədar mövzular lazımi konteksti təmin edirmi?
Bəzən hər biri eyni dərəcədə ensiklopedik olan bir neçə əlaqəli mövzu bir səhifədə toplana bilər və bu zaman onların arasındakı əlaqələr hər birinin ayrıca məqalə halında mövcud olması halına nəzərən daha yaxşı dəyərləndirilə bilər. Geri qalan hallarda çox sayda oxşar ensiklopedik mövzu mövcud olduqda onları bir səhifədə toplamaq qeyri-mümkündür, çünki nəticədə ortaya çıxan məqalə əhəhmiyyətsiz dərəcədə böyük olacaq. Bu halda, daha geniş mövzu haqqında yeni siyahı və ya kateqoriya yaratmaq və oradan ayrı-ayrı məqalələrə keçid etmək (Kateqoriya:İosif Qoslavskinin tikdiyi binalar olduğu kimi) uyğun seçimdir.
- İndi hansı mənbə mövcuddur?
Bəzən bir mövzu ensiklopedik olsa da, onun haqqında geniş bir məzmun yazmaq ehtimalı az olur. Bu halda redaktorlar daimi bir qaralama yaratmağın müsbət və mənfi cəhətlərini dəyərləndirməlidirlər. Digər tərəfdən, bir çox mənbənin mövcud olmasına baxmayaraq, məzmun hələ də genişləndirilmədiyi üçün məqalə qaralama halında ola bilər. Belə qısa məqalələr daha böyük bir məqaləyə birləşdirilməkdənsə genişləndirilməlidir. Əgər gələcək üçün gözlənilən bir hadisə haqqında məlumat az olarsa, mövzu haqqında məlumatın daha geniş əhatəli məqalədə verilməsi daha uyğun olmaqla birlikdə, yetərli məlumat olduğu halda bu cür hadisə haqqında baş verməzdən əvvəl (məsələn, növbəti Yay Olimpiya Oyunları kimi) müstəqil məqalənin yaradılması doğrudur. Bununla belə, belə bir məqalə yaratmazdan əvvəl gələcək hadisənin baş vermə ehtimalının əsaslı şəkildə təmin olunduğundan əmin olun.
Hər hansı bir mövzu haqqında müstəqil bir səhifə yaradıldıqda, onu daha geniş məqalədən ayırmaq olar. Bu zaman geniş məqalədə mövzu haqqında başlığı saxlayıb burada qısa məlumatın verilməsi və {{əsas}} şablonundan istifadə edilərək oxucuların mövzu haqqındakı müstəqil məqaləyə yönləndirilməsi məqsədə uyğundur. Əksinə, ensiklopedik bir mövzu üçün müstəqil məqalə yaradılmadıqda, yönləndirmə və dəqiqləşdirmə səhifələri həmin mövzunu axtaran oxucuları həmin mövzunun əhatə olunduğu müvafiq məqalə və bölməyə yönəltmək üçün istifadə edilə bilər (həmçinin bax:Vikipediya:Yönləndirmələr ucuzdur).
Niyə belə tələblərimiz var
Redaktorlar bütün mövzulara həmin mövzuda Azərbaycanca Vikipediyada ayrıca, müstəqil məqalənin mövcud olub-olmamlı olduğunu müəyyən etmək üçün ensiklopedik əhəmiyyətlilik standartalarını tətbiq edirlər. Bu standartların əsas məqsədi redaktorların əsas məzmun prinsiplərinə uyğun məqalələr yaratmasını təmin etməkdir.
- Etibarlı mənbələrdə "əhəmiyyətli əhatə olunma" tələb edirik ki, biz həmin mövzu haqqında yarım abzas və ya sadəcə tərfi yerinə bütöv bir məqalə yaza bilək. Mövzu haqqında mənbələrlə dəstəklənmiş yanlız bir neçə cümlə yazmaq mümkündürsə, bu mövzu, haqqında ayrıca məqalənin olması üçün uyğun deyil və daha böyük bir mövzu haqqında məqalə və ya uyğun siyahı daxilində əhatə olunmalıdır.
- "Etibarlı mənbələr"in mövcudluğunu tələb edirik ki, təsadüfi dedi-qodunu, saxtakarlığı davam etdirmədiyimizə və ya fərq qoymadan məlumat kolleksiyaları dərc etmədiyimizə əmin ola bilək.
- Bütün məqalələrin ilk növbədə "üçüncü tərəf" və ya "müstəqil mənbələrə" əsaslanmasını tələb edirik ki, biz Vikipediyanın neytral mövqe prinsipinə uyğun ədalətli və tərəfsiz məqalə yaza bilək və məqalələrin hər hansı məhsul, xidmət və ya təşkilatı reklam etməməsini təmin edək.
- Ən azı bir ikinci dərəcəli mənbənin olmasını tələb edirik ki, məqalə Orijinal tədqiqata yer verməmək prinsipinin "bütün məqalələrin ikinci dərəcəli mənbələrə əsaslanması" tələbini ödəsin.
- Çoxsaylı mənbə tələb edirik ki, yalnız bir müəllifin nöqteyi-nəzərini ifadə edən yox, Neytral mövqe prinsipinə uyğun olan, kifayət qədər tərəfsiz məqalə yaza bilək. Elə buna görə də eyni şəxs və ya təşkilatın bir neçə nəşri vahid mənbə hesab olunur.
- Redaktorlardan mövzuları hansı formada yerləşdirmək barədə öz mülahizələrindən istifadə etmələrini tələb edirik ki, nə uzun, yüklənmiş məqalələr, nə də lazımi şəkildə işlənib hazırlana bilməyəcək qədər qısa məqalələr olmasın. Redaktorlar haqqında az məlumatın olduğu mövzunu oxuculara daha geniş mövzunun bir hissəsi kimi təqdim etməyin daha yaxşı olduğuna qərar verə bilərlər.
Bu tələblər əsas məzmun prinsiplərinə əsaslandığına görə bütün məqalələrə şamil edilsə də, əsas məqsədi naviqasiya olan səhifələrə şamil edilmir (məsələn, bütün dəqiqləşdirmə səhifələri və bəzi siyahılar).
Çox rast gəlinən hallar
Özünü təbliğ və reklam
Etibarlı bir mənbədəki dərc ensiklopedik əhəmiyyət üçün heç də həmişə yaxşı sübut deyil. Vikipediya reklam vasitəsi deyil. Təbliğat, avtobioqrafiya, məhsul yerləşdirilməsi, press-relizlər, brendinq kampaniyaları, reklamlar və ödənişli materiallar məqalələr üçün yolverilməzdir. Ensiklopedikliyin barometri mövzudan (yaxud onun istehsalçısından, yaradıcısından, müəllifindən, ixtiraçısından və ya satıcısından) asılı olmayan insanların mövzunu haqqında öz işlərini yazmağa və dərc etməyə dəyər hesab edib-etməməsidir.
Neytral bir məqalənin yazıla biləcəyini təmin etmək üçün müstəqil mənbələr də lazımdır. Hətta məhsulu müşayiət edən texniki təlimatlar kimi reklam xarakterli olmayan sərbəst nəşrlər belə ensiklopedikliyin sübutu deyil, çünki belə nəşrlər subyektin aldığı diqqətin miqdarını əks etdirmir.
Hadisələr
Vikipediya xəbər mənbəyi deyil: əhəmiyyətli əhatə dedikdə bir hadisə və ya mövzu haqqında adi xəbər hesabatlarından daha çoxu tələb olunur. Məsələn, press-relizlər, ictimai elanlar, idman xəbərləri və tabloid jurnalistikası kimi gündəlik xəbərlər əhəmiyyətli əhatə deyil. Hadisə ilə bağlı heç bir tənqidi təhlil təqdim etməyən çoxlu sayda xəbər belə əhəmiyyətli əhatə sayılmır. Vikimedia layihəsi olan Vikixəbər mövcud xəbərlərin mövzularını əhatə edə bilər. Bəzi hallarda mübahisəli obyektin (məsələn, kitab) ensiklopedikliyi ya obyektin özü ensiklopedik olduğu üçün, ya da mübahisə bir hadisə kimi ensiklopedik olduğundan yarana bilər – hər ikisinin də nəzərə alınması lazımdır.
Müstəqil siyahılar
Ensiklopedik əhəmiyyət qaydaları ayrıca siyahıların və cədvəllərin yaradılması zamanı da tətbiq edilir. Siyahıların ("X-lər siyahısı" və ya "X-lər" kimi adlandırılmasından asılı olmayaraq) ensiklopediliyi qrup şəklində dəyərləndirməyə əsaslanır. Belə ki, siyahı mövzusunun ensiklopedik hesab edilməsinin qəbul edilmiş səbəblərindən biri odur ki, əgər siyahıdakı mövzular müstəqil etibarlı mənbələr tərəfindən qrup və ya dəst şəklində müzakirə edilibsə siyahı ensiklopedikdir və müstəqil bir siyahı səhifəsində şəklində mövcud olması üçün uyğundur. Bununla birlikdə siyahının bütünlüklə mənbələrdə öz əksini tapmasına da ehtiyac yoxdur. Qrup və ya dəst şəklində ensiklopedik olduğu üçün siyahıdakı ayrı-ayrı elementlərin də ayrılıqda ensiklopedik olmasına ehtiyac yoxdur. Buna baxmayaraq, redaktorlar öz mülahizələrinə əsasən yalnız müstəqil olaraq ensiklopedik olan və ya Vikipediyada məqaləsi olan elementləri daxil etməklə böyük siyahıları məhdudlaşdırmağı seçə bilərlər.
Ensiklopedik olmayan məqalələr
Ensiklopedik əhəmiyyət meyarlarına uyğun gəlməyən mövzular ayrıca məqalə kimi saxlanılmır. Ensiklopedik olmayan mövzulardakı məqalələr çox vaxt əgər yaxından əlaqəli olduğu ensiklopedik məqalə və ya siyahı mövcuddursa, ona birləşdirilir, mövcud deyilsə isə ümumiyyətlə silinir.
Əgər məqalədə mövzunun ensiklopedikliyini nümayiş etdirmək üçün kifayət qədər mənbəyə istinad edilməyibsə, özünüz mənbələr axtarın və ya:
- Mənbələri harada axtarmaq barədə məsləhət almaq üçün məqalənin müəllifinə və ya mövzu üzrə mütəxəssisə müraciət edin.
- Digər redaktorları xəbərdar etmək üçün məqaləyə {{əhəmiyyət}} şablonu yerləşdirin.
Əgər axtarışdan sonra müvafiq mənbələr tapıla bilmirsə, məqalənin yoxlanıla bilən məzmununu mövzu üçün kontekst təmin edən daha geniş məqaləyə birləşdirməyi düşünün.[5] Əks halda, əgər silinirsə:[6]
- Məqalə sürətlə silinmə meyarlarımıza cavab verirsə, məqalədə {{sil}} şablonundan və səbəb olaraq da həmin səhifədə qeyd olunan kriteriyaya aid silmə etiketindən istifadə edə bilərsiniz.
- Silinmə ilə bağlı əmin olmadığınız, başqalarının etiraz edə biləcəyinə inandığınız və ya başqa redaktorun əvvəlki silinmə təklifinə artıq etiraz etdiyi hallarda məqaləni silinmə prosesi üçün namizəd göstərin.
Digər variantlar cəmiyyətə hər hansı faydalı materialı saxlamağa kömək edə bilsə də, açıq-aşkar ensiklopedik olmayan mövzulardakı məqalələr üçün silmək ən yaxşı seçimdir.
Qeydlər
- ↑ Üstəlik, heç də etibarlı mənbələrdəki bütün məlumatlar məqalənin yaradılması üçün ensiklopedikliyin sübutu deyil: məsələn, kataloqlar və verilənlər bazaları, reklamlar, elanlar və kiçik xəbər başlıqları etibarlı mənbələr kimi mövcud olmalarına baxmayaraq araşdırıldıqda ensiklopedikliyi dəstəkləməyə bilər.
- ↑ Qəzetlər, kitablar və elektron kitablar, jurnallar, televiziya və radio sənədli filmləri, dövlət qurumlarının hesabatları və akademik jurnalları daxil edir, lakin bunlarla məhdudlaşmır. Bir neçə mənbə olmadığı halda, mənbənin neytral mövqeni əks etdirdiyini, etibarlı olduğunu və əhatəli bir məqalə üçün kifayət qədər təfərrüat verdiyini yoxlamaq mümkün olmalıdır.
- ↑ Çoxsaylı mənbənin mövcud olmaması mövzunun əlaqəli olduğu daha geniş bir mövzudakı məqalədə əhatə olunmasının daha uyğun seçim ola biləcəyini göstərir. Bir neçə qəzet və ya jurnalın eyni hekayəni, bəzən kiçik dəyişikliklərlə və ya fərqli başlıqlarla dərc etməsi adi haldır, lakin bu zaman bu mənbələr eyni məlumatı təqdim etdiyindən "çoxsaylı mənbə" olaraq qəbul edilmirlər. Bir neçə jurnalın eyni vaxtda müxtəlif məqalələr dərc etməsi də xüsusən də müəlliflər eyni mənbələrə əsaslandıqda və sadəcə eyni məlumatı təkrarladıqda mövzu üçün bizə birdən çox mənbə təqdim etmir. Eynilə eyni müəllifin və ya eyni dövri nəşrin bir neçə nəşri də normal olaraq bir mənbə kimi qəbul edilir.
- ↑ Mövzu və ya onunla əhəmiyyətli dərəcədə əlaqəsi olan subyektlər tərəfindən yaradılmış işlər əlbəttə ki, ensiklopedikliyin əhəmiyyətli sübutu ola bilməz. Həmçinin bax: Vikipediya:Yoxlanılabilərlik#Şübhəli_mənbələr.
- ↑ Məsələn, bədii əsərdəki kiçik personajlar haqqında məqalələr "…in kiçik personajlarının siyahısı"na birləşdirilə bilər; məktəblərə aid məqalələr məktəblərin yerləşdiyi şəhər və ya rayonlara aid məqalələrə birləşdirilə bilər; tanınmış şəxsin qohumları şəxs haqqında məqaləyə birləşdirilə bilər; yalnız müəyyən qrup və ya hadisə ilə bağlılığı ilə seçilən şəxslər haqqında məqalələr həmin qrup və ya hadisə ilə bağlı əsas məqaləyə birləşdirilə bilər.
- ↑ Vikipediya redaktorlarının məqalələrin kifayət qədər araşdırmamış silinməyə namizəd göstərilməsini qəbul etmədikləri məlumdur. Mövzunun araşdırılması ensiklopedik əhəmiyyəti nümayiş etdirə biləcək mənbələri və ya məlumatları tapmaq cəhdlərini əhatə etməlidir.