Vartasen Rayonu - Wikipedia
Bu məqalə Oğuz rayonu haqqındadır. Oğuz şəhəri üçün Oğuz səhifəsinə baxın. |
Oğuz rayonu (əvvəlki adı: Vartaşen rayonu) — Azərbaycan Respublikasında rayon. İnzibati mərkəzi Oğuz şəhəridir. Şəki xanlığının mahallarından Xaçmaz mahalı və Padar mahalı Oğuz rayonu ərazisində olub. Oğuz rayonu 8 avqust 1930-cu ildə təşkil olunmuşdur. 1963–1965-ci illərdə Nuxa (1968-ci ildən Şəki) rayonunun ərazisi Oğuz rayonunun tərkibində olmuşdur. Rayon mərkəzi Vartaşen (indiki Oğuz şəhəri) 1961-ci ilə qədər kənd olmuşdur. 1961–1968-ci illərdə ona şəhər tipli qəsəbə, 1969-cu ildə rayon tabeliyində şəhər statusu verilmişdir. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Vartaşen rayonu Oğuz rayonu adlandırılmışdır.[3]
Rayon | |
Oğuz | |
---|---|
41°04′15″ şm. e. 47°27′30″ ş. u.HGYO |
|
Ölkə | |
Daxildir | Şəki-Zaqatala |
İnzibati mərkəz | Oğuz |
İcra başçısı | Cavid Əbdul-Qədirov |
Tarixi və coğrafiyası | |
Yaradılıb | 8 avqust 1930 |
Sahəsi | 1080[1] km² |
Hündürlük | 1.090 m |
Əhalisi | |
Əhalisi | 45 200[2] nəfər |
Rəqəmsal identifikatorlar | |
ISO kodu | AZ-OGU |
Telefon kodu | 994 24 |
Poçt indeksi | AZ 4800 |
Avtomobil nömrəsi | 48 |
Rəsmi sayt | |
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
redaktəOğuz rayonu Azərbaycanın qədim tarixə malik yaşayış məskənlərindəndir. Burada insanlar hələ neolit dövründə məskunlaşmışlar. Bizim eranın əvvəllərində bu ərazi Qafqaz Albaniyasının, IX–XVI əsrlərdə Şirvanşahlar dövlətinin, XVI–XVIII əsrlərdə Səfəvilər dövlətinin, XVIII əsrin ortalarından XIX əsrin əvvəllərinədək Şəki xanlığının tərkibinə daxil olmuşdur. Arxeoloqlar Kərimli və Qarabaldır kəndlərinin yaxınlığında qədim insan məskənləri aşkar etmişlər. Burada nizələr üçün ucluqlar, tunc silahlar, daşdan hazırlanmış qadın heykəlləri və əşyalar tapılmışdır.
Eramızdan əvvəl I əsrdə yaşamış, 17 kitabdan ibarət "Coğrafiya" əsərinin müəllifi, yunan coğrafiyaçısı Strabon Qafqaz Albaniyası haqqında konkret məlumatlar vermiş və göstərmişdir ki, Oğuzun da daxil olduğu indiki Şəki-Zaqatala zonası 20–25 əsr əvvəl abad və əhalisi sıx olan yaşayış yerləri olmuşdur.
Oğuz rayonunun ərazisi Ptolemeyin Albaniya xəritəsindəki ikinci zonaya müvafiq gəlir; qədim yunan astronomu və coğrafiyaşünası adı çəkilən xəritədə 12 yaşayış məntəqəsi yerləşdirmişdir. Yeddi cildlik "Azərbaycan tarixi" əsərinin I cildində qeyd edildiyi kimi, bu yaşayış məntəqələrindən ikisinin-Mamexiya (çox güman ki, Mal(l)exiyadır),
Oğuzdan cənubda yerləşən Maluq yaşayış sahəsinin adına müvafiq gəlir), Baruda — Vartaşen — müasir Oğuz şəhəri) Oğuz rayonu ərazisində yerləşdiyi ehtimal olunur.
Oğuz rayonunun şərq hissəsi Ptolemey xəritəsinin üçüncü zonasına müvafiq gəlir.[4] Tədqiqatçılar burada adları qeyd edilən Xabota (ola bilsin, Oğuz rayonunun indiki Xaçmaz kəndidir), Boziata (ola bilsin, Vardanlı — (indiki Kərimli kəndi) yaşayış məntəqələrinin də Oğuz rayonu ərazisində yerləşməsi barədə də öz mülahizələrini irəli sürmüşlər.[5]
Görkəmli arxeoloq, Oğuz yetirməsi olan Saleh Qazıyevin 1956–1959-cu illərdə rayonun ərazisində apardığı arxeoloji tədqiqatlar nəticəsində əldə edilmiş maddi-mədəniyyət nümunələri təsdiq edir ki, bu ərazidə neolit və eneolit dövrlərindən insanlar toplu şəkildə məskunlaşmışdır. Saleh Qazıyev 1948-ci ildə rayonun Vardanlı (indiki Kərimli) və Qarabaldır kəndlərindən cənubda qazıntı işləri aparmış , qədim yaşayış yeri və qəbiristanlıq aşkarlanmışdır. Böyük alim qədim qəbirlərdən, daş qutu abidələrdən 2500–3000 il bundan əvvələ aid edilən aşağıdakı maddi-mədəniyyət nümunələrini taparaq elm aləminə bildirmişdir: tunc bıçaq, xəncər, nizə ucluğu, əsa başlığı, daş qadın fiquru, gil sacayaq, coxsayli bəzək əşyaları (kəmər, qolbaq, üzük , muncuq və s.) keramika nümunələri və s. Bunlardan bəzilərinin 5 min il tarixi kecmişi var. Rayonun Filfilli və Baş Daşağıl kəndlərinin şimalında yaşı bilinməyən, tədqiq olunmamış qəbirlərdən öz uzunluğu ilə fərqlənən, qədim Oğuz tayfalarının "Kitabi Dədə Qorqud" dastanındakı boylarla səsləşən Oğuz qəbirləri bu gün də qalmaqdadır, VIII əsrin ortalarında Şəki xanlığı 8 mahala bölünürdü ki, bunlardan ikisi- Padar və Xaçmaz mahalları indiki Oğuz rayonunun ərazisini əhatə edirdi. Görkəmli Azərbaycan tarixçisi Abbasqulu Ağa Bakıxanovun (1794–1847) "Gülüstani-İrəm" adlı tarixi əsərində Xaçmaz mahalının və rayonun Tərkeş kəndinin adı çəkilir. Ziya Bünyadov "Azərbaycan VII–VIII əsrlərdə" əsərində ərəb müəllifi Bəlazuriyə istinadən Filan şahlığının adını çəkir. Firidun Qədirov isə "Azərbaycanın şimal müdafiə istehkamları" adlı kitabında Ibn əl Fəqihə istinadən yazır ki, Sasanilər xəzərlərin hücumlarından qorunmaq məqsədilə Dərbənd və Dəryal dərəsi arasında 360-a qədər qala tikdirmişlər ki, bunların da əksəriyyəti Filan və Sahib- əs Sərir torpaqlarında yerləşmişdir. F. Qədirov daha sonra V. F. Minorskiyə əsaslanaraq bildirir ki, Filan torpağı Şəkinin şərq tərəfində yerləşirdi. V, F. Minorski Filan torpağından danışarkən etnik əlamətlərə əsaslanan Fil, Filfilli, Fill-Dzax adlarından istifadə etmişdir.
2010-cu ildə Oğuz rayonu ərazisində aparılmış arxeoloji qazıntılar zamanı üzündə qızıldan öküz maskası taxılmış bir skelet də taplmışdır. Maraqlıdır ki, Tolstov, Bernştam və Bekmıradov kimi tanınmış türkoloq alimlər oğuzların ən qədim zamanlarda öküzə totem münasibəti bəslədiklərini söyləmişlər.
İndiki Oğuz rayonunun ərazisi 1867-ci ildən Yelizavetpol quberniyasının Nuxa qəzasına aid olub. Azərbaycan Xalq Cümhuriyyəti dövründə və 1920-ci ildə Azərbaycan SSR yaradılandan sonra da rayonun ərazisi Nuxa qəzasının tərkibində qalmışdır.
1917-ci ilə aid Nuxa qəzasının Üçüncü sahəsi olan Vartaşen haqqında materiallardan 39 kəndin 5 kənd şurasında[6] 1921-ci ilə aid materiallarından 52 kəndin 4 kənd şurasında (1921-ci ilin payızından kənd sovetlərində) birləşdiyi məlum olur.[7] 1926-cı il yanvarın 1-nə olan məlumatlarda Nuxa qəzasının Vartaşen sahəsində 9 kənd şurasının kənd sovetinin) olduğu göstərilir. Təəssüf ki, kəndlərin, təsərrüfatların və əhalinin sayı göstərilmir.[8]
Bu ərazinin bir sıra kəndləri Sovet hakimiyyəti qurulmamışdan əvvələ aid materiallarda göstərilsə də, sonrakı illərdə həmin kəndlərdə ya yaşayış olmamışdır, ya da başqa kəndlərlə birləşmişlər. Məsələn, Calut kənd şurasına daxil olan Küllük (1908-ci il üçün 70 nəfər), Covlan (1908-ci il üçün 51 nəfər) kəndlərinin adlarına sonrakı illərdə rast gəlinmir. 1921-ci il Azərbaycanın kənd təsərrüfatı siyahıyaalma materiallarında bu kəndlərdən 9-nun dağıdıldığı, 3 kəndin sakinlərinin isə Ərəş qəzasına köçdükləri göstərilir. Həmin dövrdə baş verən hadisələri təhlil etdikdə belə nəticəyə gəlmək olur ki, bu kəndlərin boşalmasına 1918–1920-ci illərdəki siyasi proseslər, hərbi əməliyyatlar səbəb olmuşdur. Bu proseslər nəticəsində bir kənd şurasının, demək olar ki, bütün kəndləri dağıdılmışdır. Əhali həmin kəndlərin bəzilərində tədricən yenidən məskunlaşmışdır. Dağıdıldıqları göstərilən Zərrab və Yaqublu kəndlərində əhali daha tez məskunlaşır. 1933-cü ilə aid mənbədə bu kəndlərin adları var. Yenikənd və Top kəndlərinin adları isə 1961-ci il sənədlərində göstərilir. Axpilakənd, Salabəyli, Cucamış, Məclis və Qozlu kəndlərinin adlarına isə sonrakı sənədlərdə rast gəlmirik.[9]
1930-cu il 8 avqust tarixli qərarla Azərbaycan SSR-in rayonlaşdırılması ilə əlaqədar inzibati vahid kimi ayrıca Vartaşen rayonu təşkil olunur. Vartaşen rayonunun ərazisinə Nuxa qəzasının tərkibindəki Vartaşen yaşayış sahəsinin doqquz kənd soveti daxil edilir.
Rayonlaşmadan əvvələ və sonraya aid məlumatları müqayisə etdikdə məlum olur ki, rayon təşkil edilərkən Nuxanın Küngüt kənd sovetinə daxil olan Yuxarı Bucaq, Aşağı Bucaq, Muxas, Baş Daşağıl kəndləri və Ərəz qəzasına aid bir neçə kənd Vartaşen rayonunun ərazisinə verilir. Və ya digər bir fakt: 1933-cü ildə Oğuz rayonuna aid olan bəzi kəndlər 1966, 1977 və 1999-cu il materiallarında göstərilmir.
Xüsusilə, kənd sovetlərinin dəyişikliyinə əsasən Muxas və Bucaq kəndləri yerləşdikləri təbii-coğrafi mövqeyinə görə həmişə eyni kənd şurasının (kənd sovetinin) tərkibində olmuşdur. 1961-ci ilə aid məlumatda isə Qozlubucaq və Baş Daşağıl kəndləri Muxas kənd sovetinə daxil edilmişdir. Qozlubucaq kəndinin adına sonrakı illərə aid inzibati-bölgüdə rast gəlinmir. Padar kənd şurasına daxil olan 14 kəndin 1933-cü il məlumatlarında Sincan və Padar, 1961-ci ilə aid sənədlərdə isə Sincan, Padar və Vardanlı kənd sovetlərində birləşdirildiyi göstərilir. Bundan sonra isə Yaqublu, Yenikənd, Top və Zərrab kəndləri Vardanlı kənd şurasından (kənd sovetindən) ayrılaraq ayrıca Yaqublu kənd sovetində (1999-cu il üçün ərazi vahidində) birləşdiriliblər.
Rayon 1952-ci il 3 aprel – 1953-cü il 23 aprel tarixlərində mövcud olmuş Gəncə vilayətinin tərkibində olmuşdur (SSRİ Ali Sovetinin 1953-cü il 23 aprel tarixli qərarı ilə vilayət ləğv edilmişdir).[9] Kənd təsərrüfatının idarə edilməsi və xalq təsərrüfatı şuralarının yaradılması ilə əlaqədar bütün SSRİ ərazisində inzibati-ərazi islahatlar 1962–1964-cü illərdə də davam etdirilir. Nəticədə sahəsi böyük olan rayonların əsasında sənaye və kənd təsərrüfatı rayonları yaradılırdı. 1963-cü il yanvarın 4-də Azərbaycan SSR-də də 50 rayon və respublika tabeli 6 şəhərin ərazisində 31 rayon və 7 şəhər yaradılır. Bu qərara uyğun olaraq, respublika tabeliyində Nuxa şəhəri (1968-ci ildən Şəki) yaradılır və rayonun kəndləri Vartaşen rayonunun tərkibinə verilir. Bu islahat səmərəsizliyinə görə 1965-ci il yanvarın 6-da ləğv edilir. Bu səbəbdən də, Vartaşen rayonuna verilmiş kəndlər Nuxa şəhərinə tabe edilir. 1961-ci ilə qədər Vartaşen rayonunun mərkəzi Vartaşen kəndi olub. Kəndə 1961-ci il sentyabrın 9-da rayon tipli qəsəbə statusu, 1969-cu il martın 15-də isə şəhər statusu verilib.
1991-ci ilin fevralında Azərbaycan SSR Ali Sovetinin qərarına əsasən, Vartaşen rayonunun adı dəyişdirilərək Oğuz adlandırılır.
Tarixi abidələri
redaktəRayonda 39 arxeoloji və memarlıq abidəsi mövcuddur. Bu abidələrdən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli 132 nömrəli qərarı ilə təsdiqlənmiş, Oğuz rayonu ərazisində dövlət mühafizəsinə götürülmüş daşınmaz tarix və mədəniyyət abidələrindən 32-si siyahıya alınmışdır. Həmin abidələrdən 17-si ölkə əhəmiyyətli (15-i arxeoloji, memarlıq abidəsi) 15-i yerli əhəmiyyətli (13-ü memarlıq, 2-si arxeolojji abidə) abidələrdir. Rayondakı memarlıq abidələrindən alban məbədlərinin, Muxas qülləsinin (XIV əsr), Surxayxan qalasının qalıqları (XVIII əsr) bu günə kimi qalmışdır. Xaçmaz kəndi yaxınlığındakı Sarısu çayının üstündəki Daşüz körpüsü (XIX əsr), Sincan kəndindəki məscid (XVIII əsr), Kərimli kəndindəki məqbərə (XV əsr), Oğuz şəhəri ərazisində qədim sınaqoqlu (1849-cu il), hazırda yerli tarix-diyarşünaslıq muzeyinin yerləşdiyi alban məbədi rayonun qədim tarixi abidələrindəndir.
Oğuz rayonu ərazisində ilk arxeolji qazıntı işləri 1915-ci ildə aparılmışdır. 1945-ci ildə arxeoloji ekspedisiya qrupu geniş arxeoloji qazıntı işlərini davam etdirərək Kərimli kəndinin cənubunda Karqaya, Uzuntala, Qız qalası, Ocaq qoruğu adlanan ərazilərdən qədim dövrə aid çoxlu maddi-mədəniyyət nümunələri aşkar edilmişdir. Qarabaldır, Padar, Dəymədərə, Tərkeş kəndləri ərazisində aparılan tədqiqatlar zamanı məlum olmuşdur ki, Türyançay ilə Əlician çayları arasındakı ərazidə qədim dövrlərə aid çoxlu arxeoloji abidələr mövcuddur. XX əsrin 50-ci illərində respublikamızda arxeologiya elminin əsasını qoyanlardan biri Saleh Qazıyevin rəhbərliyi ilə aparılmış tədqiqatlar zamanı Qarabaldır, Xalxal, Sincan, Dəymədərə kəndlərində qədim dövrə aid çoxlu kurqanlar, daş qutu, adi torpaq qəbirlə aşkar edilmişdi.
Alban məbədləri
redaktəOğuzda 7 alban məbədi mövcuddur. Bunlardan 3-ü rayon mərkəzində, 2-si Qarabulaq və 2-si Calut kəndlərindədir. Mərkəzdəki ibadətgah 1981-ci ildə tam bərpa edildikdən sonra burada Oğuz rayon Tarix-diyarşünaslıq muzeyi təşkil olunmuşdur. Digəri rayon mərkəzi xəstəxanasının həyətində, üçüncüsü isə Xalxal yolunun üstündəki təpədə yerləşir. Oğuz rayonundakı Alban ibadətgahları tam tədqiq edilməmişdir.
Yaşayış məntəqələri
redaktəRayonda 1 şəhər, 33 kənd vardır.
Coğrafi mövqeyi
redaktəOğuz rayonu Böyük Qafqazın cənub yamacında yerləşir, şimaldan Rusiya (Dağıstan MR), şərqdən Qəbələ, qərbdən Şəki, cənubdan Ağdaş rayonları ilə sərhəddir. Rayonun şimal hissəsində Baş Qafqaz silsiləsinin cənub yamacları, mərkəzi hissəsində Qanıx-Əyriçay vadisi, cənubunda isə Acınohur alçaq dağlığı əsas relyef formaları kimi ayrılır. Baş Qafqaz silsiləsindən Qazdağ, Qaynararxac, Fıy və Qoşunkar (Çaldaş dağı 3468 m.) qolları ayrılır. Oğuz ərazisinin şimaldan cənuba uzunluğu 37 km, şərqdən qərbə eni 27 km-dir. Ərazisi 1077 kvadrat kilometrdir. Rayonun ərazisi −52 dərəcə şaxtası olan Məlkəmud dağının zirvəsindən başlayıb, +42 dərəcə istiliyi olan Böyük Söyüdlü kəndinə və Ağdaş rayonuna qədər uzanıb gedir. Maksimum hündürlük isə 3879 m. (Məlkəmud dağı), ən alçaq yer isə dəniz səviyyəsindən 360 metr yuksəklikdə olan Qarabaldır kəndinin cənub-qərbidir.
Relyefi
redaktəOğuz rayonu Şəki-Zaqatala iqtisadi rayonunda, Böyük Qafqazın cənub yamaclarında yerləşir. Rayonun şimal hissəsində Baş Qafqaz silsiləsinin cənub yamacları, mərkəzi hissəsində Qanıx-Əyriçay vadisi, cənubunda isə Acınohur alçaq dağlığı əsas relyef formaları kimi ayrılır. Baş Qafqaz silsiləsindən Qazdağ, Qaynararxac, Fiy və Qoşunkar (Çaldaş d., 3468 m) qolları ayrılır. Maksimum hündürlük isə 3879 m-dir (Məlkəmud d.). Rayonun şimalında Yura və Təbaşir yaşlı çöküntülər, mərkəzi və cənub hissədə isə Antropogen, qismən də Neogen yaşlı çöküntülər yayılmışdır. Gil ehtiyatları və mineral bulaqlar vardır.
Təbiəti
redaktəRayon ərazisinin yarısından bir qədər azı meşələrlə örtülüdür. Burada çoxlu şəlalə, kükürdlü və termal su bulaqları var. Rayonun faunası dovşan, ayı, dağ keçisi, qaban, qırqovul, kəklik, qaz, həmçinin som və forel balıqları ilə təmsil olunmuşdur. Rayon ərazisində müxtəlif meyvələr və giləmeyvələr – qoz, fındıq, alma, armud, zoğal, yemişan, gilas, alça, qarağat və moruq yetişir.
Rayonun ən böyük çayı Əlicançaydır. Əlicançay Qumlaq kəndindən keçərək rayonun bir çox kəndlərini ağuşuna alır.
Torpağı
redaktəOğuz kənd təsərrüfatı rayonudur və başlıca istehsal vasitəsi torpaq örtüyüdür. Daşağılçay, Xalxalçay, Qalaçay və Ağçayın hövzəsində, Şəki yaylasının şimal-şərq hissəsində yerləşən Oğuz rayonunun ümumi sahəsi 121,6 min ha-dır. Rayonun torpaq-ekoloji şəraiti kənd təsərrüfatının bağçılıq, əkinçilik, tütünçülük, üzümçülük və maldarlıq sahələrinin inkişafına şərait yaratmışdır. Tədqiqatlara əsasən rayon ərazisində Böyük Qafqaz tirəsinin suayrıcı hissəsindən başlayaraq Alazan-Həftəran vadisinə və Şəki yaylasının şimal yamacına daxil olan sahələrdə, dağ çəmən- çimli, dağ çəmən-qaratorpağa bənzər, dağ çəmən-meşə, dağ meşə-qonur, dağ meşə, allüvial-çəmən, çəmən-bataqlıq, dağ qara və dağ şabalıdı torpaq tiplərinin yayıldığı müəyyən olunmuşdur.
Dağ-çəmən torpaqları rayon ərazisinin şimal-şərq hissəsində Qəbələ rayonu ilə sərhəd zonasında nisbətən geniş ərazini əhatə edərək çay dərələri ilə kəsilən zolaq şəklində qərbə doğru, Baş Daşağıl kəndinin ərazisinə qədər uzanır. Dağ-çəmən torpaqları suayrıcı və ona yaxın alp və subalp zonalarında dəniz səviyyəsindən 2000–3000 m yüksəkliklər arasında 12 min ha sahəni əhatə edir.
Dağ çəmən-meşə torpaqlarının sahəsi 3 min ha-a qədər olub, dəniz səviyyəsindən 1800–2100 m yüksəklik arasında meşənin yuxarı sərhəddində və meşə arası tala sahələrində, seyrək fıstıq meşələri və subalp çəmənlikləri altında gilli sistlərin alınma məhsulları üzərində əmələ gəlib.
Dağ qonur-meşə torpaqlar Daşağılçay, Ağlıqçay və Qalaçayın hövzələri boyunca, dəniz səviyyəsindən 1100 m-dən 2200 m-ə qədər olan yüksəkliklər arasında yayılaraq 26 min ha sahəni əhatə edir. Bu torpaqlar üçün qalın meşə döşənəyinin tünd və geniş hümuslu qatın, yaxşı su toplama qabiliyyətinin və yüksək hümusluğun (8,0 – 15,0%), ağır gillicəli mexaniki tərkibin və kül elementlərinin zəngin olması kimi əlamətlər səciyyəvidir.
Dağ meşə-qəhvəyi torpaqlar Calut, Xalxal və Xaçmaz kəndlərinin ətraf sahələrində dəniz səviyyəsindən 500–1200 m yüksəkliklər, nisbətən mülayim və quru iqlim şəraitində, palıd meşələri, kol və ot bitkiləri altında, karbonatlı gillərin aşınma məhsulları üzərində ayrı-ayrı ləkələr, tala və zolaq şəklində yayılmışdır.
Oğuz rayonu ərazisində Daşağılçayın, Xalxalçayın, Əlicançayın, Ağçayın çoxlu qolları ilə kəsilən, Alazan-Həftəran vadisinin şərq qurtaracağına daxil edilən geniş allüvial düzənlikdə, Bucaq, Qumlaq, Kərimli, Padar, Sincan, Mollalı və b. kəndlər ətrafında allüvial-çəmən, Bayan və Qumlaq kəndləri ərazisindəki kiçik sahələrdə isə çəmən-bataqlıq torpaqlar yayılmışdır. Allüvial çəmən-meşə torpaqlarının bir hissəsi Tuğay meşələri altındadır, bir hissəsindən isə az məhsuldar biçənək və suvarılan tərəvəz əkinləri üçün istifadə olunur.
Allüvial çəmən-meşə, allüvial-çəmən və çəmən-bataqlıq torpaqlar iqlim göstəricilərinə, relyef şəraitinə, torpaqəmələ gətirən suxurların xarakterinə, hidrogeoloji vəziyyətinə və istifadə xüsusiyyətlərinə görə bir kompleks təşkil etməklə bir-birinə nisbətən yaxın olub dənli-taxıl, tütünçülük, tərəvəzçilik, meyvəçilik, ot əkinləri və s. təsərrüfat sahələrinin inkişafı üçün yararlıdırlar.
Rayon ərazisinin cənub və cənub-şərq hissəsi Şəki yaylasının zəif meyilli şimal yamacını əhatə edir. Buradakı Yaqublu, Yenikənd, Böyük Söyüdlü kəndlərinin ərazisində və Quru Kəhriz tirəsinin şimal yamacında adi bərkimiş və karbonatlı, dağ-qara torpaqlarla yanaşı, kiçik sahələrdə tünd şabalıdı və şabalıdı torpaqlar da yayılmışdır. Dağ-qara və şabalıdı torpaqlar suvarma və dəmyə əkinçilik üçün yararlı olub, yüksək məhsuldarlığı ilə səciyyələnir.
Rayonun ümumi ərazi torpaqlarının 36,5 %-i, yəni 44492 hektarı kənd təsərrüfatı sahələri üçün əlverişlidir. Torpaq sahələrinin 19183 hektarı, yəni 15,8%-i suvarılır. Rayonda ümumi torpaq fondunun 46,6 %-i dövlət mülkiyyətinə, 8,1%-i bələdiyyə mülkiyyətinə, 45,2 %-i xüsusi mülkiyyətə aiddir. Ümumi torpaq fondunun 15,8 %-i əkin üçün yararlıdır.
Florası
redaktəOğuz rayonu ərazisində bitki örtüyü dağ sistemlərinə məxsus şaquli qurşaqlıq qanununa uyğun olaraq yayılmışdır. Dağətəyi zonada–Bozqır yaylada palıd meşələrinin qalıqlarına təsadüf edilir. Əyriçay vadisində kiçik sahələrdə düzən meşələr mövcuddur. Aşağı dağ-meşə qurşağında iberiya palıdı və vələs meşələri, orta dağ-meşə qurşağında fıstıq — vələs meşələri, yuxarı dağ-meşə qurşağında isə seyrək, əyrigövdəli tozağacı, şərq palıdı, quşarmudu ağacları yayılmışdır.
Meşələrin yuxarı sərhəddindən yüksəkliyə qalxdıqca üç qurşaq–subalp, alp və subnival qurşaqları bir-birini əvəz edir. Burada subalp və alp çəmənləri yayılmışdır.
Bütün yüksəklik qurşaqlarında ilkin bitki örtüyünün tərkibi dəyişmiş, pozulmuş, onları törəmə tipli bitkilər əvəz etmişdir. Rayonun dağ meşələrində fıstıq, vələs və palıd üstünlük təşkil edir. Bu 3 ağac cinsindən ibarət meşələr rayon meşələrinin 95 %-nə bərabərdir. Digər ağac cinslərinin (göyrüş, qovaq, ağcaqayın, dəmirqara və s.) üstünlük təşkil etdiyi meşəliklər az sahə tutur. Meşələr nisbətən məhsuldar olub boniteti Ş. I, orta doluluğu 0.56, bir ha-da orta oduncaq ehtiyatı 145m³, orta yaşı 83-dür. Rayon ərazisinin 37,6%-i meşələrdən ibarətdir. Meşə ilə örtülü sahənin 37107 hektarı ətraf mühiti mühafizə edən qoruyucu kateqoriyasına aid edilmişdir. Oğuz şəhəri ətrafında 546 ha meşə sahəsi yaşıllıq zonası kimi ayrılmışdır. Böyük torpaqqoruyucu, sanitar – sağlamlıq, estetik və rekreasiya əhəmiyyəti daşıyır. Oğuz–Şəki şose yolu ətrafında 137 ha meşəlik avtomobil yolu boyu qoruyucu funksiyalı meşə kateqoriyasına aid edilmişdir.
Oğuzun dağ meşələrinin 60 faizə qədəri tez-tez sel hadisəsi baş verən Baş Daşağıl, Oğuz, Xalxal və Calut çaylarının hövzələrində dikliyi 30º-dən çox olan yamaclarda yerləşərək böyük torpaqqoruyucu, su təmizləyici rola malikdir.
Rayonun dağ, dağətəyi və düşən meşələrində palıd, vələs, fıstıq, ağcaqayın, qovaq, göyrüş, dəmirqara (cağan), qızılağac, tozağacı, quşarmudu, yalanqoz, lapan, qarağac, şam ağacı, cökə kimi çoxyayılmış ağac növləri ilə yanaşı dəmirağacı, dağdağan, qaraçöhrə (həmişəyaşıl iynəyarpaqlı ağac), saqqız ağacı, sarağan, şümşad, ardıc kimi çox qiymətli, aztapılan, nadir ağac növləri də bitir. Rayon ərazisindəki bütün meşə və çəmənliklərdə, qoruqlarda, yaylaqlarda, dağ yamaclarında, bağlarda, çay vadilərində, əkin və biçənəklərdə qiymətli dərman bitkilərindən andız, bağayarpağı, baldırğan, bulaqotu, Phlomoides, çobanyastığı, dazı, dəvədabanı, əvəlik, gəndəlaş, gicitkən, gülxətmi, xarıbülbül, xımxımı, isitməotu, kasnı, kəklikotu, qaraqınıq, qatırquyruğu, qırxbuğum, quşqonmaz, limon nanəsi, səhləb, maralçiçəyi, siçanotu, süpürgəgülü, şirquyruğu, yandıran çilə, yarpız, zanbaq, zəncirotu, zirə və s. yetişir. Onların böyük ehtiyatı vardır. Bu bitkilərdən xalq təbabətində geniş istifadə edilir.
Rayonun dağətəyi və düzən meşələrində, bağlarda, çay vadilərində, dağ yamaclarında və dərələrdə çoxlu yabanı meyvə və giləmeyvələr yetişir. Onlardan alça, alma, armud, böyürtkən, cır üzüm (qora), çaytikanı (çisqana), əzgil, fındıq, gilas, göyəm, xurma, qaragilə, qızılcıq, qoz, quşarmudu, meşə çiyələyi, moruq, sumaq, şabalıd, yemişan, zirinc, zoğal kimi növlərin zəngin ehtiyatı var və təbabət əhəmiyyətlidir.
Oğuz rayonunun adını yaxın-uzaq ellərdə məşhurlaşdıran isə onun çox qiymətli, bol ehtiyatları olan qızıləhmədi alma, qoz, fındıq, şabalıd, tut, zoğal kimi mədəni meyvə və giləmeyvələridir. Əgər Göyçay narı, Lənkəran limonu, Quba ağ alması ilə tanınırsa, Oğuz da qozu, fındığı, şabalıdı və Qızıləhməd alması ilə tanınır.
Rayonun yüksək dağlıq zonasında üç bitki qurşağı ayrılır: subalp (1900–2600 m), alp (2600 – 3000 m) və subnival və nival. Subalp qurşağında əsasən mezofil subalp çəmənləri, bozqırlaşmış subalp çəmənləri, alp qurşağında isə alçaqboylu alpçəmənləri – "xalıları" yayılmışdır. Alp zonasından yuxarıda dəniz səthindən 3000–3200 m yüksəklikdə yerləşən subnival ərazidə qaya və dağ–tundra bitkiləri (vələmir, kəklikotu, müxtəlif otlu, kəklikotlu, vələmirotlu bitki qrupları) inkişaf edir. 3500 m-dən hündürdə subnival və nival qurşaqları torpaq və bitki örtüyündən məhrumdur. Ərazi qayalıqlardan, çınqıllardan ibarətdir. Subalp və alp çəmənləri (18 min hektar) zəngin bitki örtüyünə malik olub rayonda maldarlığın inkişafında mühüm yem bazası sayılır. Oğuzun yay otlaqları (yaylaqlar) əsasən bu çəmənlərdə yerləşir.
Faunası
redaktəOğuz rayonun uca dağları, dərin dərələri, sıx meşələri, təbii mağara və kahaları, qoruq və kolluqları, şirin sulu çayları, zəngin bitki örtüyünə malik subalp və alp çəmənləri, meşələrindəki bol yabanı meyvə və giləmeyvələr bu ərazidə vəhşi heyvan və quşların yaşamasına, artıb çoxalmasına şərait yaradır. Məhz bu təbii şəraitə görə Oğuzun faunası olduqca zəngindir.
Yüksək dağ çəmənlərində boz qırqovullar, qayalıqlarda Dağıstan dağ keçiləri, qarapaçalar, bezoar keçiləri, bəbirlər, qar siçanları, canavarlar və b. heyvanlar yaşayır.
Dağ, dağətəyi meşə və kolluqlarda, düzənlik meşələrində, Qanıx-Əyriçay dağətəyi çökəkliyində Dağıstan dağ keçisi, Qafqaz maralı, cüyür, qarapaça, ayı, canavar, çöl donuzu, çaqqal, dovşan, tülkü, vəhşi pişik, porsuq, köfkər, süleysin, kirpi, tısbağa, sincab, daşlıq dələsi, yarasa və s. yaşayır. Quşlardan qaratoyuq, alacəhrə, qırqovul, bülbül, sərçə, sarıköynək, ağacdələn, qarquşu, şəfəq quşu, arıquşu, kəklik, turac, şanapipik, göyərçin, torağay, qartal, qızılquş, yapalaq, bayquş, qaz, ördək vardır. Şirin sulu dağ çaylarında forel, çapaq, usac kimi balıqlar yaşayır. Rayonun ərazisində suilanı, gürzə, koramal, kərtənkələ kimi sürünənlər də məskunlaşmışdır.
Geoloji quruluşu
redaktəƏsasən, Yura, təbaşir Dövrlərinin gil şistlərindən, qumdaşı, əhəng daşı, argillitlərindən ibarətdir. Qanıx -Həftəran vadisi IV Dövr çaqıl daşlarından, qum və gillərindən ibarətdir.
Geoloji təbiət abidələri
redaktəDaşağıl çayın əmələ gətirdiyi Daşağıl keçidi. Keçid Baş Daşağıl kəndinin şimalından Qıdım aşırımınadək uzanır. Xaçmaz kəndi yaxınlığında 3 dağ yolunu birləşdirən Xaçmaz keçidi. Qıdım Aşırımı (2906 m), Gədim Aşırımı (2000 m), Fiy Aşırımı (3100 m), Məlkəmud Aşırımı (3800 m).[10]
Arxeoloji abidələr
redaktəKərimli kəndində m.ə. I minilliyin əvvəllərinə aid kurqanlar. Oğuz şəhəri yaxınlığında Tunc və İlk Dəmir Dövrlərinə aid qədim qəbiristanlıq (nekropol). Qarabaldır kəndi yaxınlığında m.ə. IV–I əsrlərə aid qəbiristanlıq.
Əhalisi
redaktəƏhalinin sayı — 43540 nəfər (1 yanvar 2017-ci il) AzStat[11]
Etnik tərkibi
redaktəEtnik qrup |
27 yanvar-3 fevral, 1999-cu il sa.[12] | 13–22 aprel, 2009-cu il sa.[11][13] | ||
---|---|---|---|---|
Sayı | % | Sayı | % | |
Cəmi | 36 488 | 100.00 | 40 284 | 100.00 |
Azərbaycanlılar | 29 735 | 81.49 | 34 296 | 85.14 |
Ləzgilər | 5 167 | 14.16 | 4 831 | 11.99 |
Türklər | 1 021 | 2.80 | 805 | 2.00 |
Ruslar | 200 | 0.55 | 142 | 0.35 |
Yəhudilər | 179 | 0.49 | 85 | 0.21 |
Udinlər | 104 | 0.29 | 74 | 0.18 |
Kürdlər | … | … | 21 | 0.05 |
Tatarlar | 33 | 0.09 | 5 | 0.01 |
Ukraynalılar | 17 | 0.05 | … | … |
Ermənilər | 5 | 0.01 | … | … |
Avarlar | 3 | 0.01 | … | … |
Digərləri | 24 | 0.07 | 25 | 0.06 |
İqtisadi xarakteristikası
redaktə"Azərbaycan Respublikası regionlarının 2009–2013-cü illərdə sosial-iqtisadi inkişafı dövlət Proqramı"nın Oğuz rayonunda 2009–2011-ci illərdə icrası barədə məlumat.
Yol təsərrüfatı və nəqliyyat sahəsi
redaktəOğuz rayon 61 saylı YİS-nin balansında 71 km respublika əhəmiyyətli, 152 km yerli əhəmiyyətli avtomobil yolu vardır. Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun 95–114-cü km-də yerləşən 19 km uzunluğunda yolun 4 km-lik Oğuz-Bayan avtomobil yolu hissəsində asfaltlaşma işləri aparılmış, Kərimli və Əlican çay körpülərinin tikintisi, yolun qalan hissəsinin asfaltlaşması işləri davam etdirilir.
Şəhərdaxili yollara asfalt örtüyünün salınması məqsədilə təmir ediləcək küçələr müəyyənləşdirilib. Təmir olunacaq küçələrdə su-kanalizasiya işləri başa çatdıqdan sonra təmir işlərinə başlanılacaqdır.
Enerji, istilik və qaz təchizatı
redaktə10 kv-luq EVX üzrə 33 km məsafə əsaslı təmir olunub , 0,4 kv-luq EVX-lər üzrə 17,461 km məsafədə SİP kabel çəkilib, lakin mal-material ayrılmadığından işlər yarımçıq qalmışdır. Elektrik verilişi xətlərinin 38 km məsafəsində əsaslı təmir işləri aparılmışdır, 10/0,4 kv-luq y/st-ları üzrə 8 ədədi yenidən qurulmuşdur. Oğuz Birləşmiş Qazanxanalar və İstilik Şəbəkəsi Sahəsinin balansında 5 istilik sistemi var. Rayonun 34 yaşayış məntəqəsindən 11-ə təbii qaz verilir.
Su təchizatı və kanalizasiya
redaktəAzərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin göstərişinə əsasən Nazirlər Kabinetinin 241-saylı 30 iyul 2010-cu il tarixli sərəncamına uyğun olaraq Oğuz şəhərinin əhalisinin içməli su ilə təminatı, kanalizasiya sisteminin yenidən qurulması işlərinə başlanmışdır.
Hazırda şəhərin yuxarı hissəsində 2 ədəd 1000 kubluq yeni su anbarı, xlorator, laboratoriya və mühafizə binaları tikilmiş, 2.4 km D-315 mm-lik polietilen magistral boru, 300 metr drenaj işləri başa çatdırılmışdır. Şəhər daxili şəbəkənin qurulması işlərinə başlanmış şəhərin 9 küçəsində işlər tamamlanmaq üzrədir.
Hazırda Böyük Söyüdlü Balaşum su kəmərində tikinti işlərinə başlanmış, 10 km su kəməri çəkilmişdir. Həmin kəmərin yenidən qurulması imkan verəcək ki, kəmər boyuna olan Qarabulaq, Astraxanovka, Sincan, Padar, Yenikənd, Yaqublu, Top, Zərrab kəndləri içməli su ilə təmin olunsun.
Meliorasiya və irriqasiya
redaktəQala çay sistemində Padar, Yemişənli, Daşağıl çay sistemində Baş Daşağıl və Muxas kəndlərinin əkin sahələrinin mühafizəsi üçün 1278 p/m daş beton bəndləri tikilmiş, 176 min m³ çay yatağının təmizlənməsi işləri aparılmışdır, işlər davam etdirilir. Xalxal çay sistemində mühafizə bəndləri tikilməmiş, 336 min m³ çay yatağının sıyrılması və təmizlənmə işləri aparılmışdır, işlər davam etdirilir. Oğuz çay sistemində Bayan kəndinin mühafizəsi üçün 150 p/m üzlük beton bəndləri tikilmiş, 324 min m³ çay yatağının təmizlənməsi işləri aparılmışdır işlər davam etdirilir. Türyan çay sistemində üzlük bənd quraşdırılmamış, 381 min m³ çay yatağının təmizlənməsi işləri aparılmışdır işlər davam etdirilir.
Kənd təsərrüfatı
redaktəOğuz rayonu Şəki-Zaqatala İqtisadi zonasında yerləşir. Rayonun inzibati ərazisi 107739 ha torpaq sahəsini əhatə edir. Rayon üzrə kənd təsərrüfatına yararlı torpaqlar 35355 hektardır. Bu torpaqlardan 7517 hektarı dövlət mülkiyyətinə, 9415 hektarı bələdiyyə mülkiyyətinə, 18423 hektarı xüsusi mülkiyyətə daxildir. 18368 ha torpaq hazırda əkin altındadır, 2414 hektar bağ, 1450 hektarı dövlət mülkiyyətində olan meşə fonduna aid dincə qoyulmuş torpaqlar, 13083 hektarı örüşlər və 40 hektarı isə biçənək sahələridir. Əhalinin əsas məşğuliyyəti əkinçilik, heyvandarlıqdır və meyvəçilik (fındıqçılıq) təşkil edir.
Oğuz rayonunun ənənəvi əkinçilik növlərindən biri taxılçılıqdır.
Rayonda fındıq, alma, armud və sair meyvələr istehsal olunur.
Hazırda rayonda iri buynuzlu mal-qara 29245 başdır ki, bunun da 12978 baş inək və camışlardır. Qoyun –keçilərin sayı 62184 baş, donuzların sayı isə 38 başdır. İri buynuzlu malın 28602 başı, qoyun-keçinin 57632 başı, donuzun isə 38 başı ev təsərrüfatlarının, əhalinin və qalanı isə kənd təsərrüfatı müəssisələrinin və sahibkarın payına düşür.
Rayonda quşçuluğun inkişaf etdirilməsi istiqamətində işlər görülmüşdür.
Rayonun təbii iqlim şəraiti, dağ meşələrində bitən cökə və şabalıd ağaclarından arıların bol nektar əldə etməsi arıçılığın inkişaf etməsi üçün əlverişli şərait yaradır.
Aqroservis" xidmətləri
redaktəOğuz rayonunda "AQROLİZİNQ" ASC-nin Oğuz "Aqroservis" filialı fəaliyyət göstərir. "AQROLİZİNQ" ASC-nin Oğuz Aqroservis filialı rayonda kənd təssərrüfatı ilə məşğul olan istehsalçılara 10 şum traktoru, 3 səpin texnikası, 3 kimyəvi mübarizə aqreqatları, 14 taxıl biçən kombayn vasitəsilə xidmət göstərir.
Rayonda kənd təsərrüfatı ilə məşğul olan hüquqi və fiziki şəxslərdə, xüsusi mülkiyyətdə olan 52 şum traktoru, 52 səpin texnikası, 10 kultivator, 8 kimyəvi mübarizə aqreqatı, 50 yığım kombaynı (43 taxıl biçən, 1 qarğıdalı biçən və 6 yonca biçən) vardır. Bütün kənd təsərrüfatı texnikaları əkin biçin mövsümündə rayon əhalisinə xidmət edir.
Mədəniyyət, təhsil və səhiyyə müəssisələri
redaktəOğuz rayonunda 18 məktəbəqədər, 5 məktəbdənkənar təhsil müəssisəsi, 34 ümumtəhsil məktəbi, 30 kitabxana, 21 klub, 5 mədəniyyət evi fəaliyyət göstərir.
Təhsil
redaktəİlk dünyəvi məktəblər
redaktəOğuz rayonu ərazisində ilk dünyəvi məktəblər XIX əsrin 80-ci illərində kənd ictimaiyyətinin vəsaiti hesabına açılan xalq məktəbləri olmuşdur. 1883-cü il 28 oktyabrda rayonun Xaçmaz kəndində, 1 noyabrda isə Padar kəndində ibtidai məktəblərin əsası qoyulmuşdu. İlk dəfə Xaçmaz məktəbinə 15 nəfər, Padar məktəbinə isə 4 nəfər şagird qəbul edilmişdir.[14] 1898-ci ildə Vartaşen ikisinifli məktəbini yoxlayan Gəncə quberniyası xalq məktəbləri direktoru yazırdı ki, "Mən məktəbin müəllimi ilə bərabər məktəbə baxarkən 80-ə qədər şagird var idi ki, onlardan ancaq 5 nəfəri qız idi". Direktor qızların azlıq təşkil etməsinin səbəbini bir tərəfdən qızların oğlanlarla bir yerdə oxumasına valideynlərin narazı olması ilə, digər tərəfdən də qadın müəllimin (Çernılazovanın) təcrübəsizliyi ilə izah etmiş, qızların sayının artırılması üçün Vartaşendə müstəqil qız məktəbinin açılmasını təklif etmişdir.[15]
1899-cu ildə Xaçmaz kənd məktəbində 7 nəfər, Padar kənd məktəbində 15 nəfər təhsil alırdı.[16]
Azərbaycanın görkəmli maarif xadimlərindən Rəşidbəy Əfəndiyev 1890–1892-ci illərdə Xaçmaz, Mahmud bəy Mahmudbəyov isə 1883-cü ildə Padar məktəbində müdirlik etmişlər. Onların hər ikisi Qori müəllimlər seminariyasının məzunları idi.
1887-ci ildə Oğuz (keçmiş Vartaşen) kəndində ikisinifli kənd məktəbi açılmışdır.[17]
1898-ci il sentyabrın 30-da Yaqublu kəndində növbəti xalq məktəbi açılmışdır. İlk dəfə Yaqublu məktəbinə 31 nəfər qəbul olunmuşdur.[18] Məktəbin şəriət müəllimi 1899-cu ilin yanvarınadək ödənişsiz işləməyə razılıq vermişdir.[19]
1898-ci ildə Nuxa qəzasının Qarabulaq kəndində açılan ibtidai məktəbdə təhsil alan 60 şagirddən 16 nəfəri, Vartaşen kənd məktəbində oxuyan 80 şagirddən 5 nəfəri qızlar idi.[20]
Məktəblər bir sıra sərgilərdə iştirak edir, şagirdlərin əl işlərini, məktəblərin tədris-təcrübə sahələrində yetişdirilmiş məhsulları nümayiş etdirirdilər. 1889-cu ildə Tiflisdə kənd təsərrüfatı və sənaye sərgisinin iştirakçısı olmuş Vartaşen (indiki Oğuz) kənd məktəbi II dərəcəli fəxri diplom və və gümüş medalla təltif olunmuşdur.[21]
1893-cü ilin aprel ayında Nuxa qəzasının Qutqaşen məktəbində keçirilən müəllimlərin sahə qurultayında Padar kənd məktəbi qurultay iştirakçılarının təcrübə məktəbinə çevrilmişdir. Qurultayın tövsiyə tədbirləri Padar kənd məktəbinin müdiri Q. Bağırov tərəfindən hazırlanmışdır.[22]
Oğuz təhsili XX əsrin əvvəllərində
redaktə1905-ci ildə Padar məktəbinə müəllim təyin edilmiş Ə. Hüseynov xalq məktəbləri inspektorunun əmrinə tabe olmayaraq dərsləri ana dilində apardığı üçün işdən çıxarılmışdır.[23]
XX əsrin əvvəllərində ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımlarla bağlı əhalinin kütləvi yerdəyişməsi ilə əlaqədar Yaqublu və Qarabulaq kənd məktəbləri öz fəaliyyətlərini dayandırmışdılar. 1919-cu ildə rayonda 3 ibtidai məktəb və cəmi 6 nəfər müəllim fəaliyyət göstərirdi.
1919-cu ildə Yaqublu kəndinin bir qrup sakini Azərbaycan Xalq Cümhuriyyətinin maarif və dini etiqad naziri Nəsibbəy Yusifbəyli ilə görüşdə ondan kənddə məktəb açılmasını xahiş etmişdilər.[24]
Oğuz təhsili Sovet hakimiyyəti dövründə
redaktəXX əsrin 20–30-cu illərində rayonun Bayan, Baş Daşağıl, Böyük Söyüdlü, Sincan, Kərimli, Muxas, Ərmənət, Tayıflı, Filfilli, Mollalı, Xaçmaz kəndlərində, 1930-cu illərdə isə Bucaq, Xalxal, Qumlaq, Yaqublu, Zərrab, Calut, Qarabulaq, Qarabaldır, Tərkeş, Dəymədərə, Xalxalqışlaq, Xaçmaz (3-cü məktəb) kəndlərində yeni məktəblər açılmışdır.
1936-cı ildə Vartaşen kəndində uşaq bağçası və Pionerlər evi, 1937-ci ildə isə Böyük Söyüdlü kəndində uşaq bağçası fəaliyyətə başlamışdır. 1939-cu ilin yayında Padar kənd natamam orta məktəbin direktoru Hacızadə Əziz Hidayət oğlu "Şərəf nişanı" ordeni ilə təltif olunmuşdur.
1940-cı ildə Oğuzda 35 məktəb (15 ibtidai, 14 natamam orta və 6 orta) fəaliyyət göstərirdi. Bu məktəblərdə 5376 nəfər şagird təhsil alırdı, onların 2328 nəfəri qızlar idi. Onların təlim-tərbiyəsi ilə 220 nəfər müəllim məşğul olurdu, onların 60 nəfəri qadın idi.
1940-cı ilin əvvəlində rayonda uşaq evi təşkil olunmuşdur, uşaq evi əvvəlcə Dəymədərə, sonra isə Vartaşen (indiki Oğuz) kəndlərində fəaliyyət göstərmişdir. 1955-ci ildə Naxçıvana köçürüldüyünə görə uşaq evinin fəaliyyətinə son qoyulmuşdur.
1947-ci ildə Xaçmazqışlaq kəndində yeni məktəb açılmışdır. 1949-cu ilin yayında Daşağılda -yaylaqlarda savad kursları — yay kursları təşkil olunmuşdur. 1951–1956-cı illərdə Xalxalqışlaq və Astraxanovka (indiki Çaldaş) kəndlərində yeni məktəblər açılmış, Padar, Muxas və Böyük Söyüdlü kənd natamam orta məktəbləri orta məktəblərə çevrilmişdir. 1964-cü ildə Maluqda, 1983-cü ildə Daşüzdə ibtidai məktəblər fəaliyyətə başlamışdır.
1955-ci ildə Oğuz şəhərində uşaq bağçası (ikinci) təşkil olunmuşdur. 1964-cü ildə Kərimli, 1967-ci ildə Oğuz şəhərində (üçüncü) və Padar, 1968-ci ildə Calut, 1969-cu ildə Qumlaq, 1975-ci ildə Xaçmaz kəndlərində yeni uşaq bağçaları fəaliyyətə başlamışdır. 1976-cı ildə rayonda 11 uşaq bağçasında 775 uşaq tərbiyə alırdı.
1961–1962-ci dərs ilində Oğuzda 15 ibtidai, 9 yeddiillik, 4 səkkizillik və 6 orta olmaqla 34 məktəb fəaliyyət göstərirdi. Bu məktəblərdə 241 sinif komplektində 4094 şagird təhsil alırdı.
1967-ci ildə Oğuz qəsəbəsində və 1979-cu ildə Xaçmaz kəndində birtipli layihə əsasında yeni məktəb binaları tikilmiş, Oğuz qəsəbəsində 7 illik musiqi fəaliyyətə başlamışdır.
1974-cü ildə Oğuz şəhərində Uşaq-Gənclər İdman Məktəbi açılmışdı. İdman məktəbində 15 qrupda 185 şagird məşğul olurdu. 1975-ci ildə Bayan kəndində 143 nömrəli texniki peşə məktəbi açılmışdır. Oğuz şəhərində 1984-cü ildə şahmat məktəbi, 1985-ci ildə gənc texniklər, 1987-ci ildə isə gənc təbiətçilər stansiyaları fəaliyyətə başlamışdı.
1988-ci ildə Padar kəndində 504 yerlik, Oğuz şəhərində 1176 yerlik yeni məktəb binaları istifadəyə verilmiş, Tayıflı və Ərmənət kənd məktəbləri orta məktəblərə çevrilmişdir.
Oğuz təhsili müstəqillik illərində
redaktəMüstəqillik illərində rayonun təhsil müəssisələrinin maddi-texniki bazasının genişləndirilməsi istiqamətində çidd dəyişikliklər baş verdi. 2005-ci ildə Maluq ümumi orta məktəbi üçün 60 yerlik, Zərrab və Xalxal kəndlərinin hər birində 100 yerlik, Xalxal kəndində 200 yerlik, 2006-cı ildə Oğuz şəhərində 240 yerlik, 2008-ci ildə Bucaq kəndində 260 yerlik, 2009-cu ildə Oğuz şəhərində, Qumlaq və Böyük Söyüdlü kəndlərinin hər birində 360 yerlik, 2011-ci ildə Calut kəndində 220 yerlik, 2012-ci ildə Filfilli və Dəymədərə kəndlərinin hər birində 180 yerlik, 2013-cü ildə Qumlaq kəndində 360 yerlik, Ərmənət kəndində 180 yerlik, Sincan kəndində 220 yerlik, 2014-cü ildə Qarabulaq kəndində 160 yerlik, 2015-ci ildə Yaqublu kəndində 220 yerlik yeni məktəb binaları istifadəyə verilmişdir. 2017-ci ildə Yemişənli, Qarabaldır və Xalxalqışlaq kəndlərində, 2020-ci ildə Baş Daşağıl, Mollalı və Xaçmazqışlaq kəndlərində modul tipli məktəb binaları quraşdırılmışdır. 2022-ci ildə Oğuz şəhər 2 nömrəli tam orta məktəbin bazasında Respublika tabeli lisey təşkil olunmuşdur.
2017-ci ildə rayon Uşaq-Gənclər İdman Məktəbinin və rayon Uşaq-Gənclər Şahmat Məktəbinin bazasında rayon Uşaq-Gənclər İdman-Şahmat Məktəbi, rayon Uşaq Yaradıcılıq Mərkəzinin, rayon Texniki Yaradıcılıq Mərkəzinin və rayon Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzinin bazasında rayon Uşaq-Gənclər İnkişaf Mərkəzi təşkil olunmuşdur.
Mətbəx
redaktəQoz, zoğal, itburnu çiçəyindən bişirilən mürəbbələr məşhurdur. İtburnu çiçəyini burada dəmləyib içirlər. Böyrək ağrıları və soyuqdəymə üçün əladır. Meşə yabanı meyvələrlə doludur. Bu bolluq Oğuz mətbəxində də əks olunur.
- Zirinc mürəbbəsi
Qripə, soyuqdəyməyə qarşı ən yaxşı dərman hesab edilir. Sarılıq üçün də yaxşı gəlir. Yabanı bitki olan zirinc turşməzə dadlı giləmeyvədir. Yarpaqları da yeməlidir və dadı turşdur. Meyvəsi payızda bitir – yetişir, tikanlı budaqların arasından çətinliklə toplanır. Onu eyni zamanda turşusunu da hazırlayırlar.
- Afar
Oğuz üsulu ilə bişən qutab belə adlanır. Göyərti və quru şor ilə hazırlanır. Sacda bişir. İnqridiyentləri dəyişir. İçərisinə pencər deyilən bitki qoyulur. Pencər qovurması da burada çox dəbdədir. Göyərtiyə ət maşınında üyüdülmüş qoz ləpəsi qatılır. Tamam fərqli bir dad əmələ gəlir. Bəzən içərisinə nar dənələri də qoyulur. Qatıq və sumaxla yeyilir.
- Çığırtmalı aş
Bir növ plovdur. Əvvəlcə çolpa bir az pörtlədilir. Onun üçün ayrıca soğança hazırlanır. Bol soğan yağda qovruluqdan sonra çolpa buraya qoyulur. Ayrıca qayğanaq bişirilir. Daha sonra bunların hamısı qarışdırılaraq düyünün üstünə düzülür və bu şəkildə servis edilir.
- Qıymalı aş
Qış aylarında Oğuz süfrələrinin vazkeçilməz ləzzətidir. Daha çox məclislər üçün dəmlənən aş növüdür. Ayrıca düyü dəmlənir. Onun üçün xüsusi olaraq mal və qoyun ətindən qıyma, şabalıd və quyruqdan ibarət aşqara hazırlanır. Bunun əvəzinə yayda isə Səbzəli aş hazırlanır ki, burada qıyma yerinə göyərtidən istifadə edilir.
- Cökə dolması
Cökə ağacının yarpağından hazırlanan bölgə yeməyidir. Yazda, ağaclar yenicə yarpaqlamağa başlayanda, mart sonu və aprel aylarında təzə yarpaqdan bişirilir.
Yerli media
redaktəRayonda "Oğuz yurdu" qəzeti nəşr olunur. İctimai siyasi qəzet olan "Oğuz Yurdu" rayonun yeganə mətbu orqanıdır. İlk nömrəsi 1934-cü ildə "Vartaşen kolxozçusu" adı ilə çıxmışdır. 1965-ci ildən 1990-cı ilədək "Lenin bayrağı" adı ilə nəşr olunmuşdur. 1990-cı ildən "Oğuz Yurdu" adı ilə nəşr edilir. Hazırda qəzet ayda iki dəfə çıxır və Mingəçevir Poliqrafiya Müəssisəsində ofset üsulu ilə çap edilir. Təsisçi Oğuz rayon İcra Hakimiyyəti və redaksiyanın yaradıcı kollektividir.
Tanınmış şəxsləri
redaktə- Aşıq Əhməd Qarabaldırlı — XIX əsrdə Oğuz rayonunun Qarabaldır kəndində yaşamış aşıq.
- Cabbar Oğuz — Əməkdar rəssam, Azərbaycan Rəssamlar İttifaqının üzvü.
- Cəlil Cavanşir — azərbaycanlı yazıçı, tərcüməçi, ssenarist.
- Eldar Qəhrəmanov — Azərbaycan Universitetinin keçmiş rektoru. Azərbaycan Respublikası Milli Məclisinin II çağırış deputatı, Azərbaycan Universitetinin İnzibati idaerəetmə kafedrasının müdiri.
- Elməddin Əlibəyzadə — Azərbaycan türkoloqu, Filologiya elmləri doktoru, professor.
- Əlfəddin Abdullayev — Azərbaycanın tanınmış həkimi, tibb elmləri namizədi, Ali Sovetin deputatı, 4 saylı Şəhər Xəstəxanasının baş həkimi, "Sağlamlıq" verilişlərinin aparıcısı, 91-lərdən biri.
- Ənvər Seyidov — Azərbaycan hüquqşünası.
- İntiqam Camaləddinov — Azərbaycan Milli Ordusunun leytenantı, "Azərbaycan Bayrağı" ordeni laureatı.
- Koroğlu Rəhimov — Azərbaycanın Milli Qəhrəmanı, Qarabağ müharibəsi şəhidi.
- Ləman Ələşrəfqızı — veriliş redaktoru, LAF TV-nin təsisçisi, Azərbaycan Respublikasının əməkdar jurnalisti (2015).
- Mücrim Kərim Vardani — XIX əsrdə Oğuz rayonunun Vardanlı (Kərimli) kəndində yaşamış şair.
- Nail İbrahimli — Vətən Müharibəsi Qəhrəmanı.
- Namiq Cavadov — aktyor.
- Nuridə Atəşi — Məşhur azərbaycanlı yazar, mədəniyyətşünas və tarixçi.
- Sara Nəzirova — Azərbaycan yazıçı-publisisti və jurnalisti.
- Tofiq Oğuz — Qarabağ müharibəsi vaxtı mövcud olmuş Azərbaycan Qarabağı batalyonunun komandiri.
- Ziyafət Əliyeva — Sosialist Əməyi Qəhrəmanı (1982).
İstinadlar
redaktə- ↑ "Arxivlənmiş surət" (PDF). 2016-03-06 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2021-02-16.
- ↑ "İnzibati-ərazi vahidləri" (PDF). 2021-05-12 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-02-02.
- ↑ "Azərbaycan Respublikasının Bakı, Gəncə və Sumqayıt şəhərlərinin, Abşeron, Ağdaş, Ağsu, Ağcabədi, Balakən, Bərdə, Beyləqan, Vartaşen, Quba, Qutqaşen, Daşkəsən, İmişli, Yevlax, Kəlbəcər, Kürdəmir, Gədəbəy, Goranboy, Laçın, Lerik, Lənkəran, Mirbəşir, Puşkin, Saatlı, Füzuli, Cəbrayıl və Şamxor rayonlarının, Dağlıq Qarabağ Muxtar Vilayəti Şuşa rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı". 2022-05-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-09-07.
- ↑ Məntəqələrin lokallaşdırılması və adların müəyyənləşdirilməsi S. N. Muravyov tərəfindən təklif edilmişdir: Mənbə: Муравьев С. Н. Птолемеевская карта Кавказской Албании и уровень Каспия. ВДИ, 1983, № 1.
- ↑ Azərbaycan tarixi. Yeddi cilddə. I cild. Bakı.2007
- ↑ Административно-территориальное деление Союза ССР. Районы и города СССР. М.: Власть Советов при президиуме ВЦИК, 1931
- ↑ Азербайджанская Сельскохозяйственная перепись 1921 года, с.22–23, 32–33, 42–43.
- ↑ Территориальное и административное деление Союза ССР на 1 января 1926 года. Народный Комиссариат Внутренних Дел. Статистический отдел. М.: Главное Управление Коммунального Хозяйства НКВ, 1926 год.
- ↑ 1 2 Bakı Universitetinin xəbərləri, № 3, Humanitar elmlər seriyası, 2013
- ↑ Yusifov E. F., İsayeva N., Əsgərov F. Abşeron yarımadasının təbiət abidələri. Bakı:Adiloğlu,2004.
- ↑ 1 2 Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi Arxivləşdirilib 2014-07-02 at the Wayback Machine: Oğuz rayonu Arxivləşdirilib 2015-11-13 at the Wayback Machine — yoxlanılıb: 5.6.2014
- ↑ Population statistics of Eastern Europe Arxivləşdirilib 2017-11-16 at the Wayback Machine: Ethnic composition of Azerbaijan by 1999 census Arxivləşdirilib 2017-09-19 at the Wayback Machine
- ↑ Population statistics of Eastern Europe Arxivləşdirilib 2017-11-16 at the Wayback Machine: Ethnic composition of Azerbaijan by 2009 census Arxivləşdirilib 2012-02-07 at the Wayback Machine
- ↑ H. Əhmədov. XIX əsr Azərbaycan məktəbləri, Bakı, 2000. səh.122.
- ↑ H. M. Əhmədov. Seçilmiş pedaqoji əsərləri. I cild. Bakı, 2001, səh.444–445
- ↑ H. M. Əhmədov. Seçilmiş pedaqoji əsərləri. I cild. Bakı, 2001, səh.306
- ↑ H. Əhmədov. XIX əsr Azərbaycan məktəbləri, Bakı, 2000. səh.51
- ↑ H. Əhmədov. XIX əsr Azərbaycan məktəbləri, Bakı, 2000. səh.124–125
- ↑ İ. Vahabov. Oğuz təhsili, Bakı, 2005. səh.17
- ↑ H. Əhmədov. Seçilmiş pedaqoji əsərləri, I cild. Bakı, 2001. səh.92, 444
- ↑ H. Əhmədov. XIX əsr Azərbaycan məktəbləri, Bakı, 2000. səh.148
- ↑ H. M. Əhmədov. Seçilmiş pedaqoji əsərləri. I cild. Bakı, 2001, səh.249
- ↑ F. Seyidov. Qori seminariyası və onun məzunları. Bakı,1988. səh.139–140.
- ↑ İ. Verdiyev. Yaqublu məktəbi. Bakı,2003.
Mənbə
redaktə- Azərbaycan Respublikasının inzibati–ərazi vahidləri. — Kənd rayonları, səhifə 868–869. // Azərbaycan Milli Ensiklopediyası. 25 cilddə. Məsul katib akademik T. M. Nağıyev. "Azərbaycan" cildi. Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi, 2007, 884 səhifə. ISBN 9789952441017
Xarici keçidlər
redaktə- [1] Arxivləşdirilib 2016-03-09 at the Wayback MachineWelcome to Oğuz, Azərbaycan
- [2] Rəşid Nurməmmədov. "Tolerant mühiti ilə seçilən Oğuz rayonu dini və milli dözümlülükdə nümunəvi bölgədir". 525-ci qəzet, 22 avqust, 2013.
- [3] Rəşid Nurməmmədov. "Tolerant mühiti ilə seçilən Oğuz rayonu dini və milli dözümlülükdə nümunəvi bölgədir". 525-ci qəzet, 23 avqust, 2013.
- [4] Rəşid Nurməmmədov. "Tolerant mühiti ilə seçilən Oğuz rayonu dini və milli dözümlülükdə nümunəvi bölgədir". 525-ci qəzet, 27 avqust, 2013.
- [5] Rəşid Nurməmmədov. "Tolerant mühiti ilə seçilən Oğuz rayonu dini və milli dözümlülükdə nümunəvi bölgədir". 525-ci qəzet, 28 avqust, 2013.