Vahid Naxis - Wikipedia
Mustafayev Vahid Fuad oğlu və ya Vahid Naxış (4 sentyabr 1968[1], Bakı) — Azərbaycan rejissoru,[2] ssenarist, yazıçı və naşir, reportyor və media təşkilatçısı, ANS Şirkətlər Qrupunun prezidenti, VMF Natural Frequencies şirkətinin təsisçisi.
Vahid Mustafayev | |
---|---|
Doğum tarixi | 4 sentyabr 1968[1] (56 yaş) |
Doğum yeri | |
Atası | Fuad Mustafayev |
Fəaliyyəti | jurnalist, kinorejissor, ssenarist |
Fəaliyyət illəri | 1988-ci ildən |
Mükafatları |
Həyatı
redaktəVahid Mustafayev 4 sentyabr 1968-ci ildə Bakı şəhərində hərbçi ailəsində dünyaya gəlib. Gənc yaşlarından yaradıcılıq fəaliyyətinə qədəm qoyan Vahid Mustafayev keçən əsrin 80-ci illərində Azərbaycanda başlayan milli azadlıq hərəkatına qoşulur, 1988-ci ildə həm müxbir, həm də naşir kimi çalışmağa başlayır və rəsmi icazəsi olmadığı üçün Sovet dövründə "gizli nəşr" sayılan "RokOko" adlı dövri məcmuə dərc edir.
1989-cu ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutuna qəbul olunan Vahid Mustafayev qeyri-formal Tələbə Jurnalistlər Birliyi təşkil edir və bunun sayəsində həm "RokOko" məcmuəsinə müxtəlif ali məktəblərdə təhsil alan yeni fikirli tələbə müxbirləri cəlb etməyə, həm də məcmuəni tələbələr arasında daha geniş yaymağa nail olur və əldən-ələ gəzən bu məcmuə xüsusən gənclər arasında çox böyük rəğbət qazanır. Vahid Mustafayev Azərbaycan Memarlıq və İnşaat Universitetində magistr elmi dərəcəsi alır və Universitetin "Fəxri məzunu" adına layıq görülür.
Azərbaycanda milli azadlıq hərəkatının genişləndiyi dövrün ilk müstəqil qəzeti kimi 1989-cu ilin oktyabr ayında xalq şairi və ictimai xadim Sabir Rüstəmxanlı tərəfindən nəşrinə başlanılan "Azərbaycan" qəzetində Vahid Mustafayev 1990-cı ilin əvvəllərində "Gənclər Bürosu" adlı şöbə təşkil edir, qəzetin "Koroğlu kəşfiyyatı" adlı məcmuəsini və video əlavəsini yaradır.
Azərbaycanda milli azadlıq hərəkatını boğmaq məqsədilə Mixail Qorbaçovun başçılığı ilə SSRİ rəhbərliyi 1990-cı ilin yanvarında ölkəyə Sovet Ordusu qoşunlarını yeridəndən sonra Vahid Mustafayev Azərbaycanın ilk hərbi reportyoruna çevrilir və o, Qarabağ uğrunda başlayan və illərlə davam edən müharibədə çəkilişlər aparan ilk azərbaycanlı reportyor olur. O vaxtdan bu günə qədər o, Qarabağla yanaşı, dünyanın bir çox qaynar nöqtələrində – Əfqanıstan, Çeçenistan, Bosniya, Livan, Misir, Liviya və digər ölkələrdə hərbi reportyor kimi çalışır, ölümlə üz-üzə reportajlar hazırlayır və münaqişələr haqda sənədli filmlər çəkir.
1991-ci ildə 23 yaşlı Vahid Mustafayev qardaşı Seyfulla Mustafayev ilə birlikdə SSRİ-də ilk özəl müstəqil televiziya şirkəti yaradır və sonradan çox şaxəli media qurumuna çevriləcək bu şirkətə "ANS" adını verir. 1992-ci ilin əvvəlində Vahid Mustafayev daha bir məşhur media şirkəti olan "ANS Press" İnformasiya Agentliyini yaradır və bu agentlik bütün dünyaya Azərbaycan həqiqətlərini çatdıraraq, o illərdə ölkənin düşdüyü informasiya blokadasının yarılmasında mühüm rol oynayır.
1993-cü ildə 25 yaşlı Vahid Mustafayev daha bir yeniliyə imza ataraq, FM dalğalarda yayımlanan Qafqazda və Orta Asiyada ilk radio kanal açır. Qarabağ döyüşləri zamanı şəhid olmuş böyük qardaşı, telereportyor, Azərbaycanın Milli Qəhrəmanı Çingiz Mustafayevin adını əbədiləşdirmək üçün o, yaratdığı FM radioya "ANS ÇM" adını verir.
Ötən əsrin 90-cı illərindən başlayaraq, Vahid Mustafayev film istehsalı ilə də məşğul olur, özünün yazdığı ssenarilər əsasında "Heç kim və heç nə unudulmayacaq" (1992), "Qazma" (1993), "Qarabağ" (1994), "Payızın 17 anı" (1995) və digər filmlərini çəkir. Kinematoqrafiya sahəsində topladığı təcrübə tezliklə uğurlu bəhrəsini verir və Vahid Mustafayev 2006-cı ildə "Bakı Film" kinostudiyasını yaradır. Onun "Bulağıstan" (2007), "Seçilən" (2008), "Qaydasız döyüş" (2009) və digər əsərləri əsasında, ard-arda "BAKIFİLM" kinostudiyası bədii filmlər və seriallar istehsal edir. 2009-cu ildə ciddi avtomobil qəzasından sonra xəstəxanada olarkən, Vahid Mustafayev Azərbaycan tarixinin müasir dövrünü əks etdirən daha bir neçə əsər yazır. Bir ildən sonra o, həmin əsərləri həm də rejissor kimi canlandırmağa başlayır: "Yaddaş" bədii filmi və eyni adlı 5 epizodlu serial (2010), "Xoca" bədii filmi (2012) və eyni adlı 5 epizodlu serial (2012), 60 epizodlu "Ağabəyovlar" serialı (2012–2013), "Qanlı Yanvar" bədii filmi və eyni adlı 5 epizodlu serial (2015).
Vahid Mustafayev Azərbaycan kinosunu beynəlxalq aləmdə təmsil edən azsaylı kinematoqraflarımızdan biridir. Onun çəkdiyi "Xoca" bədii filmi 35-ci Qahirə (Misir, 2012), 31-ci "Fəcr" (İran, 2013) və 43-cü "Altun Portağal" (Türkiyə, 2013) beynəlxalq film festivallarının iştirakçısı və diplomantı olmağa müvəffəq olmuşdur. "Qanlı Yanvar" bədii filmi isə Azərbaycan kinematoqrafiyası tarixində ilk dəfə 4 qitənin (Avropa, Şimali Amerika, Cənubi Amerika, Asiya) film festivallarında iştirak etmişdir. Bu film 19-cu "Qara Gecələr" (Estoniya, 2015), 39-cu Monreal (Kanada, 2015), 39-cu "Mostra" (Braziliya, 2015), 46-cı "Qoa" (Hindistan, 2015) və 33-cü "Fəcr" (İran, 2016) beynəlxalq film festivallarında iştirak edərək, müxtəlif mükafatlara layiq görülmüşdür. Tarixi hadisələri əks etdirən və müxtəlif dillərə tərcümə olunmuş bu filmlər Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasına xidmət edir.
2014-cü ildə Vahid Mustafayev daha bir yeniliyə imza ataraq, "BALANS" Milli Animasiya Studiyasını təsis edir. Qısa müddət ərzində o, prodüser, ssenarist və quruluşçu rejissor kimi müxtəlif yaş kateqoriyalarına aid uşaqlar üçün əqli, qanun tanıtdırıcı, ibrətamiz və əyləncəli bir sıra cizgi serialları yaratmağa nail olur, o cümlədən: "Qoyunlarla oyunlar" (12 seriya), "Bil" (12 seriya), "Dostlar" (8 seriya) və "Yol yoldaşı" (24 seriya). 2014–2017-ci illər ərzində "BALANS" Studiyasında Vahid Mustafayev 30-a yaxın uşaq mahnısı üçün şeirlər yazır və beynəlxalq aləmdə populyar olan 160 uşaq mahnısının sözlərini Azərbaycan dilinə tərcümə edir.
2017-ci ildə Vahid Mustafayev Qobu kəndində "QOBUFİLM" kinostudiyasını yaradır.
Vahid Mustafayev həm də bir neçə uğurlu musiqi layihəsinin rəhbəri, rok tərzində onlarla mahnının sözlərinin müəllifidir. Hələ 1987-ci ildə o, Azərbaycan rokunun əfsanələrindən biri olan "Çarli Atl" art-rok qrupunu yaradır, qrupa rəhbərlik edir və qrupun ifa etdiyi bütün mahnıların sözlərini yazır. Sonralar Vahid Mustafayev daha iki rok-musiqi layihəsinə rəhbər və müəllif kimi imza atır: "Qan qrupu" (2010) və "Mina Sovetski" (2011).
Vahid Mustafayev həm də uğurlu iş adamıdır. O, adları yuxarıda sadalanan media qurumları ilə yanaşı, VMF, ALLSTAR və AZMAN kimi tanınmış şirkətlərin sahibidir. Bu şirkətlər dünyada məşhur olan dəqiq cihazlar, audiovizual avadanlıqlar və digər məhsullar istehsal edən qabaqcıl şirkətlərin Azərbaycanda distributorlarıdır. Onun 2017-ci ildə Rasim Müzəffərli ilə yaratdığı "OZANS" şirkəti isə bədii istehsalat və nəşriyyat fəaliyyəti ilə yanaşı, bir sıra innovativ layihələr həyata keçirmək niyyətindədir.
O, 1997-ci ildə VMF adlı şirkətini yaradır və özü onun idarəçiliyinin başına keçirərək ideyalarını həyata keçirməyə başlayır. Beləliklə, Azərbaycanda ilk dəfə saat və aksesuarlar sektorunda VMF adlı şirkəti fəaliyyətə başlayıb. VMF-in Azərbaycanda təmsil etməyə başladığı ilk saat markası Swatch Grupa daxil olan "Longines" saat markası oldu. Elə həmin ildə dövrümüzə qədər fəaliyyət göstərən ilk satış məntəqəsi olan "Longines" butikini açdı. İsveçrənin məşhur Longines saat şirkəti ilə uğurlu əməkdaşlığından sonra, VMF SWATCH Qrupa daxil olan – Breguet, Blancpain, Glashütte Original, Omega, Rado, Hamilton, Tissot, Swatch, Flik-Flak, Certina, Calvin Klein kimi dünyanın tanınmış şirkətləri ilə öz biznesini daha da genişləndirdi. 2004-cü ildə ilk Swatch və Tissot butiklərinin rəsmi açılışını etdi. Bu gün artıq Azərbaycan paytaxtının bir neçə nöqtəsində bu brendlərin butik və kioskları uğurla fəaliyyət göstərir.
Mükafatlar
redaktəİdmançı kimi Şərq döyüşü sayılan Muay-Thai üzrə Respublika, Avropa və Dünya Çempionatlarında iştirak edib və mükafatlar qazanıb. 2005-ci ildə Tailandın Banqkok şəhərində Çempion Kəmərinə layiq görülüb.
4 noyabr 2008-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə (№ 25) Azərbaycanda televiziyanın inkişafındakı xidmətlərinə görə "Tərəqqi" medalı ilə təltif edilmişdir.[3]
Ailəsi
redaktə- Jurnalist, Azərbaycan Respublikasının Milli Qəhrəmanı Çingiz Mustafayevin qardaşıdır.
- Jurnalist Rafael Mustafayevin qardaşıdır.
- Televiziya prodüseri Seyfulla Mustafayevin qardaşıdır.
- Hərbçi, SSRİ Məxfi Raket Hərbi Hissəsinin Komandiri Fuad Mustafayevin oğludur.
- Naxış Mustafayevanın oğludur.
Filmoqrafiya
redaktə- Adam cinsi arasında cins adam (qısametrajlı sənədli film) (ANS)-arxiv kadrlar
- Allahın adı ilə (film, 2013)
- Azərbaycan naminə! (film, 2004)
- Azərbaycana namus və sevgiylə (film, 2006)
- Bəd xəbər gətirən qəribə insanlar-2 (film, 2005)
- Bəd xəbərlər gətirən qəribə adamlar (film, 1993)
- Dahilərin divanı (veriliş, 2007)
- Məhkəmə (veriliş, 2007)
- Payızın 17 anı (film, 2007)
- Qaydasız döyüş (film, 2009)
- Qızlar (film, 2007)
- Seçilən (film, 2008)
- Yaddaş (film, 2010)
- Xoca (film, 2012)
- Ağabəyovlar (film, 2012–2014)
- Qanlı Yanvar (film, 2015)
- Birlikdə (film, 2024)
İstinadlar
redaktə- ↑ 1 2 Freebase Data Dumps. Google.
- ↑ Mustafayev, V. Rejissor Vahid Mustafayev: Bizim dövlətimiz güclüdür və nə istədiyini bilir: [rejissorla müsahibə] /müsahibəni apardı Aygün Həsənova //İki sahil.- 2015.- 12 sentyabr.- S.19; //Yeni Azərbaycan.- 2015.- 12 sentyabr.- S.6.
- ↑ ""Azərbaycan Respublikasında televiziya işçilərinin "Tərəqqi" medalı ilə təltif edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 4 noyabr 2008-ci il tarixli Sərəncamı" (az.). Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurası. 2008-11-04. 2019-07-31 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-07-31.