Verqa Ve Gulsa - Wikipedia
Vərqa və Gülşa (az.-əski. ورقا و گولشا) - XVII əsr Azərbaycan şairi Məsihi tərəfindən yazılmış liro-epik poemadır (məsnəvi). Poema 1628-1629-cu illərdə[1] Azərbaycan dilində[2] yazılmışdır. Əsər Yaxın Şərq xalqları arasında məşhur olan qədim əfsanənin süjeti əsasında yazılmışdır. Əsər Səfəvi şahı I Abbasın ölüm ilində tamamlanmışdır. Şah Abbasın mədhi ilə başlayan poema, Şah I Səfiyə həsr edilmiş qəsidələr və şairin oğluna vəsiyyəti ilə tamamlanır.[1] "Vərqa və Gülşa" poeması orta əsrlərdə azərbaycandilli ədəbiyyatın ən yaxşı romantik poema nümunələrindən biri hesab edilir.[2]
Vərqa və Gülşa | |
---|---|
az.-əski. ورقا و گولشا | |
Janr | məsnəvi |
Müəllif | Məsihi |
Orijinal dili | Azərbaycan dili |
Yazılma ili | 1628-1629 |
Nəşriyyat | Şərq-Qərb |
Vərqa və Gülşa Vikimənbədə |
Məzmunu
redaktəPoemada Vərqa və Gülşa adlı baş qəhrəmanların sevgisindən və onların birlikdə keçməli olduqları ağır sınaqlardan bəhs edilir. Əsərdə çoxlu döyüş səhnələri, döyüşçüləri, onların quldurlarla toqquşmalarını təsvir edən hissələr mövcuddur. Vərqa şairin ideal insan obrazının təcəssümü olmaqla ədalət uğrunda mübarizə aparır. Yaxşı təhsil almış Vərqanın əsas həyat prinsipi insanlara qarşı ədalətli davranmaqdır.[2]
Vərqa uzaq ölkələrə səyahət etdiyi vaxtda Gülşanın valideynləri onu, Suriya əmiri Möhsün şaha ərə getməyə məcbur edirlər. Toy gecəsi Gülşa əmirə Vərqaya qarşı olan sevgisindən bəhs edir. Əmirin Gülşaya yazığı gəlir və ona kömək etməyə söz verir. Bu zaman sevgilisinin başına gələnlərdən xəbər tutan Vərqa Dəməşqə tələsir. Yolda quldurlarla döyüşməli olan Vərqa çətinliklə də olsa, onlara qalib gəlir, lakin ağır yaralandığına görə huşunu itirir. Ov zamanı Möhsün şah ağır vəziyyətdə olan Vərqanı tapır, evinə gətirir və ona qulluq edilməsini buyurur. Qısa zaman sonra Möhsün şah evə gətirdiyi yaralının Gülşanın sevgilisi Vərqa olduğunu öyrənir. Əmir Vərqaya sevgilisini qaçırmağı təklif etsə də, o, imtina edərək, belə hərəkətin onu xilas etmiş adama qarşı ədalətsizlik olacağını deyir. Hətta Gülşanın yalvarışları belə Vərqanı yola gətirməyə kömək etmir.
Möhsün şahın sarayını tərk edən Vərqa Tanrıya yalvararaq ona ölüm bəxş etməsini istəyir. Vərqanın məzarını ziyarət edən Gülşa da dərddən onun məzarı üzərində vəfat edir. Lakin, tezliklə, peyğəmbərin duaları nəticəsində onlar ikisi də dirilirlər. Gülşa ilə qovuşan Vərqa şah olur. Möhsün şah da aşiqlərlə bir yerdə qalır. Sonda şair mənasız döyüşlər və müharibələrdən narazılığını bildirir.[2]
Tədqiqi
redaktə“Vərqa və Gülşa” poemasının əsas mövzusunu məhəbbət, gözəllik və hünər təşkil edir. Şair Nizami ədəbi ənənəsindən gələn qaydalara sadiq qalaraq əsərin süjetini yarı tarixi, yarı əfsanəvi qədim ərəb rəvayətindən almışdır. Həmin əhvalatı ərəb şairi Urva bin Hizamın (645-680) talesiz həyatı ilə əlaqələndirirlər. Bir çox cəhətdən Məcnunu xatırladan bu talesiz qəhrəmanın məhəbbət macəraları İran şairi Əyyuqi[3] və türk şairi Yusif Məddah tərəfindən qələmə alınmışdır.
Azərbaycan şairi Məsihi də sələfləri kimi poemanın süjetini əmioğlu və əmiqızının məhəbbət macəraları, habelə iki qohum ailənin bir-birinə inamsızlığı və bunun nəticəsi olaraq iki aşiqin fəlakətlərə düşməsi hadisələri və başqa əlaqədar epizodların məntiqi rabitəsi əsasında qurmuşdur. Şairin poemaya daxil etdiyi bütün epizodlar bilavasitə Vərqa və Gülşanın həyatı, onların sevinc və iztirablarının arzu və düşüncələrinin təsvirinə həsr olunmuşdur.
M. Quluzadə qeyd edir ki, “Məsihinin poeması dövrün tarixi şəraiti ilə, müasir həyatla bağlı olan yeni əsər kimi əhəmiyyətli hadisədir.”[4] “Vərqa və Gülşa” poemasının Füzulinin “Leyli və Məcnun” poemasının təsiri ilə yazıldığı və müəllifinin Füzuli ədəbi məktəbinə mənsub olduğunu akademik H. Araslı, professor M. Quluzadə və Ə.Səfərov əsərlərində elmi dəlillərlə sübut etmişlər.[5] Q. Cahani isə yazır ki, “XVII əsr “Leyli və Məcnun” motivlərini yeni süjet və üslubda qələmə alan Məsihi dövrünün dövrünün ictimai həyatını real, canlı obrazlar, təbii və inandırıcı hadisələr vasitəsi ilə əks etdirmişdir.” [6]
Mövzular
redaktəDini adətlərin ictimai həyata mənfi təsirini[6] qeyd edən Məsihi poemanın girişində yazır:
“Çün fərq idi ol iki güzidə, Həmqədr oluban misal didə. Bu ona müti, o muna münqad Əhyan xərab olar, din abad.”[7] |
Sənətkar aydın poetik təfəkkür' malik olduğundan iki misrada bütün XVII əsr, ümumiyyətlə feodal dünyasının əsas xüsusiyyətini dolayısı ilə də olsa göstərməyə müvəffəq olmuşdur.[6] Feodal dünyasını çürüdüb məhv edən şöhrət və rəyasət ehtirası idi. Bu hiss, bir tufan kimi birinci növbədə şah saraylarını uçurtdu. Şöhrət və rəyasət düşgünü şahzadələr əvvəl bir-birini, sonra bütün məmləkəti məhv etdilər. Ölkəni ancaq şah idarə etməlidir deyə düşünən Məsihi bu şahzadələri müsbət planda təsvir edir.[6] Onlar həyatda olan şahzadələrə bənzəmirlər. Şahzadələrin övladı yoxdur. Məsihi burada sələfləri Nizami və Füzulinin fikirlərini[6] yeni poetik vasitələrlə bir növ təkrar etməyi lazım bilir:
“Fərzənd ki, yaxşıdır sifatı. Hətta olur atənin həyatı. Oğul kişidən qalur nişanə, Oğulsizi itirür zəmanə.” [8] |
Nəşrləri
redaktə- Məsihi. Vərqa və Gülşa. Tərtib edən, ön söz və şərhlərin müəllifi: Ə. Səfərli. Bakı: Azərnəşr, 1977, 288 s.
- Məsihi. Vərqa və Gülşa. Tərtib edəni, ön sözün və şərhlərin müəllifi: Ə. Səfərli. Bakı: "Şərq-Qərb" Nəşriyyat evi, 2005, 336 s.
İstinadlar
redaktə- ↑ 1 2 Алияр Сафарли - Поэма Масихи «Варга и Гюльша» // «Литературный Азербайджан». — 1971. — С. 108.
- ↑ 1 2 3 4 А. Дадашзаде. Азербайджанская литература Arxivləşdirilib 2006-10-09 at the Wayback Machine // История всемирной литературы в девяти томах. — Наука, 1987. — Т. 4-й. — С. 420-421.
- ↑ H. Javadi and K. Burrill. AZERBAIJAN x. Azeri Turkish Literature Arxivləşdirilib 2013-02-01 at the Wayback Machine // Encyclopædia Iranica. — 1988. — Vol. III. — P. 251-255.
In the 17th century, although the transfer of the capital to Isfahan favored Persian at the court, Azeri poetry in the style of Fożuli and the Čaḡatāi poet Navāʾi still flourished. ʿAlijān Esmāʿiloḡlu Qawsi Tabrizi (born in Tabriz and educated in Isfahan) was an important poet who combined classical refinement with the candor of popular poetry. Rokn-al-Din Masʿud Masiḥi (d. 1656) was a musician and poet who wrote three romantic maṯnawis—Dām va Dāna, Zanbur-e ʿasal, and Varqa va Golšāh. The last was modeled on a Persian work of the same name by ʿAyyuqi.
- ↑ Quluzadə, M.Y. Füzulinin lirikası. Bakı. 1965. səh. 335.
- ↑ Araslı, 1956, s. 131
- ↑ 1 2 3 4 5 Cahani, Qasım. Azərbaycan ədəbiyyatında Nizami ənənələri. Bakı: Elm. 1979. səh. 134. (#accessdate_missing_url)
- ↑ Məsihi, 2005, s. 11
- ↑ Məsihi, 2005, s. 23
Mənbə
redaktə- Araslı H. XVII-XVIII əsr Azərbaycan ədəbiyyatı tarixi (Ali məktəblər üçün dərslik). Bakı: "Azərbaycan Universiteti" nəşriyyatı, 1956, s. 120-131.
- Məsihi. Vərqa və Gülşa. Tərtib edəni, ön sözün və şərhlərin müəllifi: Ə. Səfərli. Bakı: "Şərq-Qərb" Nəşriyyat evi, 2005, 336 s. ISBN 9952418350