Vefa Quluzade - Wikipedia
Vəfa Mirzəağa oğlu Quluzadə (21 dekabr 1940, Bakı – 1 may 2015, Bakı) — Azərbaycanın dövlət xadimi, politoloq, Xəzər Regionu Dövlətlərinin Siyasi Tədqiqatı Fondunun prezidenti və Azərbaycan Respublikasının Xarici siyasət məsələləri üzrə dövlət müşaviri.
Vəfa Quluzadə | |
---|---|
Azərbaycan Respublikasının Xarici Siyasət Məsələləri üzrə Dövlət Müşaviri | |
23 may 1992[1] – 11 noyabr 1999 | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 21 dekabr 1940 |
Doğum yeri | |
Vəfat tarixi | 1 may 2015 (74 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | ürək çatışmazlığı |
Dəfn yeri | |
Təhsili |
|
Fəaliyyəti | diplomat, politoloq |
Atası | Mirzəağa Quluzadə |
Anası | Yaqut Dilbazi |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəVəfa Quluzadə 21 dekabr 1940-cı ildə Bakıda kasıb ailədə anadan olmuşdur.[2] Onun atası ədəbiyyatşünas, filologiya elmləri doktoru və professor Mirzəağa Quluzadə idi.[3] Anası Yaqut Dilbazi şairə Mirvarid Dilbazinin bacısıdır.[3] O, Qazax rayonunun Dilboz bəylərindən olan ruhani şair Seyid Nigarinin nəslindəndir.
Uşaqlığı
redaktəİkinci dünya müharibəsi illərində Qazax rayonunun Aslanbəyli kəndində böyümüşdür.[4] Uşaqlıqda tərbiyəsi ilə əsasən nənəsi Cəvahir Dilbazi məşğul olub.[2] Quluzadə nənəsin ona böyük təsirini belə izah edir:
Bizim qaldığımız daxmanın döşəməsi taxta deyildi, torpaq idi. Çox çətin şəraitdə yaşamışıq. Nənəm böyük bir nəslin qızı, Paşa bəyin həyat yoldaşı idi, mənə bizim nəslin bütün tarixçəsini danışmışdı. Nənəmdə həm də böyük tərbiyəçi xüsusiyyətləri vardı. O, uşaqlıqdan məni sərt tərbiyədə böyüdüb. Kişi nə cür olmalıdır? Kişinin sözü bir olmalıdır, kişi gərək iş görsün, kişi gərək yorulmasın. Üstəlik, mənə siyasi təhsili də nənəm verdi. Nənəm başa saldı ki, bizim ailə tamamilə günahsız bir ailə idi, amma sovet hökuməti onların hamısını məhv etdi.[4] |
Bakıda öz sözlərinə görə, "beynəlmiləl bir həyətdə" böyümüş və rus dilini yaşadığı həyətdə "mükəmməl öyrənmişdir".[5] Evləri zəbt olduğundan, 1946-cı ilə kimi ailəsi ilə Bakının Şors küçəsində (indi ki, Bəşir Səfəroğlu küçəsində) kommunal evlərdə yaşamışdır.[5]
Təhsili
redaktə1958-ci ildə Bakı şəhəri 23 nömrəli tam orta məktəbi bitirərək Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Şərqşünaslıq fakültəsinə qəbul olmuş, 1963-cü ildə məzun olmuşdur.[3] Universtitetdə Azərbaycanın keçmiş prezidenti Əbülfəz Elçibəylə bir yerdə oxumuş və onunla yaxşı dost olmuşdur.[5] Vəfa Quluzadə Elçibəy haqqında xatirələrindən:
Elçibəy isə tələbəlik dostum olub. O, bizim evimizə gəlirdi, birlikdə yemək yeyirdik. Elçibəy hələ prezident olmamışdan əvvəl də mən Prezident Aparatında müşavir işləyirdim. Onda da görüşlərimiz olurdu. Bir xatirəmi də sizinlə bölüşüm: universitetdə tələbə bileti üçün şəkil çəkdirəndə Elçibəyin kostyumu və qalstuku yox idi. O qədər kasıb idi. Atasından qalma bir plaşı vardı. Şəkil üçün kostyumumu, qalstukumu ona verdim. Sonra da onda qaldı. Bu hadisə yadımdan çıxmışdı. Bunu mənə sonradan Elçibəy özü prezident olandan sonra İstanbulda xatırlatdı.[2] |
Quluzadə iki il Azərbaycan radiosunda ərəb dilində verilişlər aparmışdır.[3] Universtiteti bitirəndən sonra KQB tərəfindən sənədlərdə edilən qeydlərə görə ərəb ölkələrinə buraxılmamışdır.[5] Sovet İttifaqında tələbə olarkən o, yay tətili zamanı kənd təsərrüfatı işlərində işləməyə məcbur olmuşdu.[6]
KQB sədrinin müavini Aydın Bünyadovun köməkliyindən sonra 1962–1964-cü illərdə SSRİ Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun aspiranturasında təhsil almışdır.[5] Dissertasiyasını müvəffəqiyyətlə müdafiə edərək filologiya elmləri namizədi elmi adı almışdır.[3] 1968-ci ildə Azərbaycan Kommunist Partiyasının üzvü olmuşdu.[2]
Son illəri
redaktəHakimiyyətdən istefadan sonra o, Xəzər regionu dövlətlərinin siyasi tədqiqatı Fondunun prezidenti olmuş və fəaliyyətini mətbuatla qurmuşdu.[7] O, səfirliklərlə, diplomatlarla, xarici nümayəndələrlə görüşüb, xaricə konfranslara gedirdi.[5] Qafqaz Universitetində və Azərbaycan Dillər Universitetində mühazirələri olmuşdur.[5][8]
2001-ci ildə Heydər Əliyevin dəvəti ilə Azərbaycan Respublikasının Milli Məclisində Qarabağ mövzusu ilə bağlı çıxış etmişdir.[5]
Vəfatı
redaktə1 may 2015-ci ildə Bakı şəhərində səhhəti qəflətən pisləşib və o, Bakıdakı xəstəxanalardan birinə yerləşdirlimişdir.[9] Onun ürəyində şuntlama əməliyyatı keçirilib, əməliyyatdan sonra Quluzadə palataya yerləşdirlimişdir.[9] Lakin bir az sonra onun səhhəti qəflətən pisləşib və ürək xəstəliyindən vəfat etmişdir.[9][10] Onun cənazəsi Əjdərbəy məscidinə aparılıb.[11]
Vəfa Quluzadə 2 may 2015-ci ildə Yasamal qəbiristanlığında oğlunun məzarı yanında torpağa tapşırılıb.[11] Onun vida mərasimində Demokratik Qüvvələrin Milli Şurasının sədri Cəmil Həsənli, AXCP lideri Əli Kərimli, millət vəkili Rasim Musabəyov, politoloq Eldar Namazov, aparıcı Mübariz Əsgərov, siyasətçi Pənah Hüseyn, eləcə də digər siyasətçilər və məşhur simalar iştirak edib.[12]
Şəxsi həyatı
redaktəƏrəb, rus, ingilis və fars dillərini bilirdi.[3] Vəfa Quluzadə Azərbaycan mətbəxini, musiqini, xüsusən də muğam və cazı çox sevirdi.[5][5][13] Xədicə Abbasovanın oxuduğu Sıravi Əhməd mahnısı onun sifarişi ilə yazılmışdır.[14]
Quluzadə rus ədəbiyyatını, xüsusən də İvan Buninin yaradıclığını və şeirlərini sevirdi.[13] O, Qərb ədəbiyyatından Cek Londonu və Gi de Mopassanı, Azərbaycan ədəbiyyatında isə klassikanı bəyənirdi.[14] Quluzadə Səməd Vurğunun "Azərbaycan" şeirini sevirdi.[14] Mirvarid Dilbazi "Bütün nöqsanlarınla sevirəm səni" şeirini Vəfa Quluzadəyə həsr edib.[15]
Vəfa Quluzadənin ən sevdiyi şəhər — Bakı idi.[5] O, bir müddət şəkərli diabetdən əziyyət çəkmişdir.[16]
Vəfa Quluzadə musiqi məktəbinin müəlliməsi Leyla Əhmədova ilə ailə həyatı qurmuş və ömrünün sonuna qədər onunla evli idi.[17] Qızı-həkim Cəmilə Quluzadə,[18] ABŞ universitetinin məzunu və Mirzə İbrahimovun gəlinidir, oğlu Murad Quluzadə Corc Vaşinqton Universitetinin məzunu, beynəlxalq siyasət və biznes üzrə mütəxəssis idi.[15][19] Oğlu Murad 2010-cu ildə 36 yaşında ikən onkoloji xəstəlikdən vəfat etmişdir.[19]
İctimai-siyasi fəaliyyəti
redaktəDiplomatik fəaliyyəti
redaktə1970-ci ildə Misirdəki SSRİ səfirliyində attaşe kimi işə başlamışdır.[3] Quluzadə Misirdə çalışarkən SSRİ xarici işlər nazirinin I müavini və diplomat Vladimir Vinoqradov orada səfir idi.[5] Ərəb-İsrail müharibəsinin getdiyi bir vaxtda Misir prezidenti Ənvər Sadatın SSRİ Xarici işlər naziri Andrey Qromıko ilə görüşündə iştirak etmişdir.[3][5]
Onun SSRİ Xarici İşlər Nazirliyindəki dosyesində belə yazılmışdır:
Fövqəladə ünsiyyətcil, olduğu ölkənin yüksək dairələri ilə etibarlı əlaqələr qurmağı bacarır.[13] |
O, 1973-cü ildə Heydər Əliyev ilə Azərbaycan Kommunist Partiyasının I katibi kimi Misirə gələndə tanış olmuşdur.[2][5] 1973-cü ildə vətənə qayıdan Quluzadə Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsində işə başlamışdır.[3] Həmin illərdə Sov.İKP MK yanında İctimai Elmlər Akademiyasını bitirmişdir.
O, Dağlıq Qarabağdakı münaqişənin həll olunması üzrə aparılmış danışıqlarda aktiv iştirak etmişdir.[3] Azərbaycan-Ermənistan danışıqları zamanı nümayəndə heyətinə rəhbərlik etmiş, ATƏT-in sammitlərində, Cenevrə (1984) və İstanbulda keçirilmiş beynəlxalq konfranslarda, NATO-nun iclaslarında iştirak etmişdir.[3] Bir müddət sonra Moskvada çalışandan sonra, 1987-ci ilə qədər Bakıda yaşamışdır.[5] Həmin müddət Azərbaycanda mərkəzi komitədə Heydər Əliyevlə çalışmışdır.[5] Yenidən diplomatik xidmətə qaytarılan Quluzadə Əlcəzairdəki SSRİ səfirliyinə məsləhətçi qismində göndərilmişdir.[3][5]
Dövlət müşaviri fəaliyyəti
redaktə1990-cı ildə Qara Yanvar faciəsi zamanı Əlcəzairdə olarkən Türkiyəyə və Əlcəzairə siyasi sığınacaq üçün müraciət eləsə də, onlar da SSRİ-i ilə münasibətlərə xələl gətirməmək üçün Quluzadyəyə siyasi sığınacaq verməkdən imtina etmişlər.[2]
Quluzadə 1990-cı ildə Azərbaycana qayıdır və əvvəlcə Əbülfəz Elçibəy, sonra isə Heydər Əliyev hakimiyyəti dövründə Azərbaycan Respublikasının xarici siyasət üzrə dövlət müşaviri işləmişdir.[3] Bu zaman ərzində Quluzadə Azərbaycan xarici siyasətinin formalaşmasında yaxından iştirak etmişdir.[3] 1999-cu ildə istefa verənə qədər Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının üzvü olmuşdur.[3]
Ayaz Mütəllibov hakimiyyətində fəaliyyəti
redaktə1990-cı ildə İstanbulda tanış olduğu və Kremldə işləyən yaxşı dostu Rafiq Nişanov (Özbəkistan KP MK-nın keçmiş I katibi) onu Moskvaya Qorbaçovun komandasına dəvət etdi.[2][5] Quluzadə onun təkliyini qəbul etməyib, ona Azərbaycanda işləmək istədiyini demişdi.[2] Nişanov Ayaz Mütəllibova bu barədə tapşırıq verdi.[2] Bakıya qayıdanda Quluzadə Mütəllibovun qəbulunda oldu və o, Quluzadəyə iki yer təklif etdi: Mərkəzi Komitə və Prezident Aparatı.[2] Quluzadə ikinci təklif seçib, prezidentlik strukturunda dövlət müşaviri olmuşdur.[2][5]
Əbülfəz Elçibəy hakimiyyətində fəaliyyəti
redaktə1992-ci ildə Azərbaycan Respublikasının prezidenti Əbülfəz Elçibəy Vəfa Quluzadəyə xarici işlər naziri postunu təklif etsədə,[2] Quluzadə öz istəyi ilə dövlət müşaviri olmuş, Azərbaycanla Qərbin yaxınlaşdırmasında böyük rol oynamışdır.[5] Elçibəy hakimiyyətinin dövründə Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Qasımovun sözlərinə görə, Vəfa Quluzadə ABŞ-yə səfir göndərilməsini çox istəyirmiş.[20] Ancaq nazir Qasımov buna razılaşmayıb, Quluzadəni açıq partnomenklatura işçisi kimi qəbul edirdi.[20] Tofiq Qasımov dövlət müşaviri vəzifəsini də Vəfa Quluzadəyə çox görürdü, ancaq Elçibəy müşavirini uzaqlaşdırmadı.[20]
Heydər Əliyev hakimiyyətində fəaliyyəti
redaktəOnun 1994-cü ilin sentyabrın 20-də Bakıda "Əsrin müqaviləsi" imzalanmasında rolu olub.[15] 1995-ci ildə "AMOKO" neft şirkətinin maliyyə dəstəyi ilə ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə keçmiş müşaviri Zbiqnev Bjezinski Bakıya gələndə onu Vəfa Quluzadə qarşılayır, Amerikanın təcrübəli diplomatını isə Hafiz Paşayev müşayiət edirdi.[20]
1999-cu il 8 oktyabrda, xarici işlər naziri Tofiq Zülfüqarov və prezident Heydər Əliyev administrasiyasının rəhbəri Eldar Namazovla bir vaxtda istefa verdi.[3][21] İstefa ərəfəsində Quluzadə Heydər Əliyevə məktub yazaraq, 41 illik ağır işdən yorulduğunu və istirahət etmək, sağlamlığının qayğısına qalmaq istədiyini bildirmişdi.[3] Lakin müşahidəçilər göstərilən səbəbləri diplomatik addım hesab edirlər.[3] Onun bu hərəkətin Azərbaycan-Ermənistan danışıqlarından uzaqlaşdırılmasına etiraz kimi dəyərləndirilirdi.[3] Vəfa Quluzadənin Heydər Əliyevə yazdığı yarımsəhifəlik məktub:
Hörmətli Prezident, mənim iş stajım 41 ilə bərabərdir. Onun 30 ilini yüksək diplomatik və dövlət işlərində çalışmışam. Sovet diplomatik işində, qaynar nöqtələrdə xidmətdə olmuşam. Sizinlə Kommunist Partiyasının Mərkəzi Komitəsində ən gərgin zamanlarda, Sovet İttifaqı çökdükdən sonrakı yeni dövrdə üç prezidentin müşaviri, həmçinin Təhlükəsizlik Şurasının üzvü olmuşam. Bu dövrdə mən çox yorulmuşam, çox streslər almışam. Hesab edirəm ki, indi şərait belədir ki, müstəqil şəxsiyyət kimi də xalqıma xidmət edə bilərəm. Xahiş edirəm mənim istefamı qəbul edin və mənim bu addımımı siyasi addım kimi qiymətləndirməyin.
Hörmətlə, Vəfa Quluzadə.[2] |
Quluzadə dövlət müşaviri olarkən Heydər Əliyev administrasiyasının üzvlərindən (hətta daha aşağı vəzifə sahiblərindən belə) fərqli olaraq, prezidentin siyasi opponentlərinə qarşı çıxışlar etmirdi.[5] Bu da onun peşəkar imicini müəyyən edirdi.[5]
Siyasi mövqeyi
redaktəQərbpərəstlik
redaktəQuluzadənin xarici siyasət baxışları geniş mənada realist idi.[22] Bir çoxları Quluzadəni ancaq Rusiyanı tənqid edən Qərbpərəst siyasətçi adlandırsa da, Vəfa Quluzadənin ABŞ və Avropaya qarşı sərt fikirləri də olub.[23][24][25] O, 2012-ci ildə "Azadlıq Radiosu"nu və Xədicə İsmayılı ABŞ-dən aslı olduğunu və bu dövlətin tapşırıqlarını icra etdiyində günahlandırmışdı.[26][27] 2015-ci il 23 yanvarda verdiyi müsahibədə Vəfa Quluzadə bu hadisə ilə öz mövqeyini açıqlamışdır:
Mən hər zaman Qərbpərəst olmuşam və Amerikanı dünyanın lideri kimi yüksək qiymətləndirmişəm. Ancaq bu o demək deyil ki, Amerikanın bütün mövqelərini və addımlarını gözüyumulu təqdir edirəm. Mənim Amerikaya münasibətim heç vaxt dəyişməyib. Müsbət şeyləri təqdir edirəm, mənfi hallarla bağlı da fikrimi ifadə edirəm.[25] |
Quluzadə Rusiyanı və İranı Azərbaycana qarşı aqressiv siyasət yürüdən imperiya sayırdı.[28] O, hesab edirdi ki, Rusiya və İran indiki sərhədlərinin daxilində parçalanıb gedəcəklər.[22] O, Azərbaycanda Rusiyanın beşinci kolonnasının qəti əleyhinə idi.[29][30] Azərbaycanın Cənubi Azərbaycanla birləşməsini isə Quluzadə qaçılmaz hesab edirdi.[28][31]
O, İranı demokratik dövlətlər qrupuna daxil olmayan, ABŞ və İsrailə meydan oxuyan, bütün Qərb dəyərlərini yaxın buraxmayan, avtoritar yox, totalitar bir dövlət sayırdı.[31] O, Azərbaycanın İsrail və Türkiyə ilə sıx münasibətlərinin tərəfdarı kimi çıxış edirdi.[14][28]
Ölkədaxili siyasi mövqeyi
redaktəQuluzadə özünü nə iqtidar, nə müxalifət tərəfli görürdü.[32] Onun fikrincə, Azərbaycanda iqtisadi və dövlət strukturların hamısı SSRİ dövründə Heydər Əliyev tərəfindən formalaşdırılmışdı.[14] Vəfa Quluzadənin sözlərinə görə, qısa müddətli Əbdürrəhman Vəzirovun hakimiyyəti "heç nə idi, o, heç nəyi dəyişə bilmədi".[14] Vəfa Quluzadəyə görə, Ayaz Mütəllibovun dövründə bütün strukturlar Heydər Əliyevin yaratdığı strukturlar olduğundan, Heydər Əliyev hakimiyyətə gəlmiş və uğur qazanmışdır.[14] Vəfa Quluzadənin izahında, Elçibəyin hakimiyyətə gəlməsi heç bir şeyə əsaslanmırdı.[14] Onun fikrincə, Heydər Əliyev gəlməsəydi, dövlət baş tutmayacaqdı:
Bir hakimiyyət o birisini dəyişəcəkdi, o biri digərini, axırda da ortalıqda heç nə olmazdı.[14] |
Qarabağla bağlı mövqeyi
redaktəQuluzadənin Qarabağla bağlı mövqeyi birmənalı idi.[5] O, Qarabağ torpaqlarının işğalının problemi nə sülh, nə də hərb yolu ilə həll etmək mümkün olmadığını və "açar"ını Rusiyada görürdü.[2][28] O, iddia edirdi ki, Dağlıq Qarabağın işğalı Barbarossa planından daha qəddar idi, çünki ermənilər işğal etdikləri ərazilərdə evləri məhv ediblər.[22] Quluzadə Dağlıq Qarabağın tam muxtar statusuna qəti əmin idi və ümid edirdi ki, günlərin birində Ermənistana işğala son qoyması şərti ilə BTC-yə qoşulmağı təklif edəcək.[22] O, hesab edirdi ki, Ermənistanın Xəzərin mineral resurslarından fayda götürməsi onun Avropaya inteqrasiyasına kömək edəcək.[22] Vəfa Quluzadənin sözlərinə görə, 1999-cu ildə Azərbaycan və Ermənistan sülh müqaviləsi bağlamağa yaxın idilər, amma bu Rusiyanın xoşuna gəlmədi.[33]
Dinə olan münasibəti
redaktəQuluzadə Qurana və Məhəmməd Peyğəmbərdən gələn hədislərə dəxli olmayan ritualların heç birini qəbul etmirdi.[4] O, öz ad gününü keçirmirdi və bunu İslamla əlaqələndirirdi.[21] Vəfa Quluzadə hafiz idi və Quranı çətin və ağır dövründə oxumağı sevirdi.[14] O, dinə olan münasibətini müsahibələrin birində bildirir:
İslama böyük sevgim və məhəbbətim var. İslamı dərindən başa düşürəm. Çox adam "Allahu-əkbər" sözünün mənasını dəqiq bilmir. "Allah böyükdür" deyirlər. Bu, belə deyil. "Əkbər" - üstünlük formasıdır. Allahdan böyük məfhum yoxdur və ola bilməz. Bu, çox dərin ifadədir.[14] |
1994-cü ildə Səudiyyə Ərəbistanında Kəbə evinin içində Heydər Əliyevlə birlikdə namaz qılmışdır.[16][34]
Vəfa Quluzadə barədə olan fikirlər
redaktə- "Dərin məntiqi, maraq doğuran siyasi nəticələri, vətənpərvərliyi onun əsas xarakteristikası idi. Cəsarətli və vətənpərvər çıxışları ilə istənilən auditoriyanı ələ ala bilirdi." — Aydın Mirzəzadə[35]
- "O, ən yaxşı növ bir diplomat idi." — Tomas de Vaal[36]
- "Azərbaycanın Henri Kissinceri" — Eldar Namazov[37]
Biblioqrafiya
redaktəƏsərləri
redaktəİstinadlar
redaktə- ↑ "Arxivlənmiş surət". 2021-01-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-01-17.
- ↑ 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 "Vəfa Quluzadə: "Hər axşam Mirzə Xəzərə qulaq asıb, üstünə beşini də qoyub, Əlcazair mətbuatına ötürürdüm"". anl.az. anl.az. Archived from the original on 2016-03-05. İstifadə tarixi: 23 iyul 2016.
- ↑ 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 "Vəfa Quluzadə vəfat edib". 2015-09-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-08-19.
- ↑ 1 2 3 "Vəfa Quluzadə: "Zibili olan adamlar belə addım atmırlar" - MÜSAHİBƏ". news.lent.az. news.lent.az. 2015-09-21 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 23 iyul 2016.
- ↑ 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 "Vəfa Quluzadə: "Türkiyədən siyasi sığınacaq istədim, vermədilər" - MÜSAHİBƏ". modern.az. modern.az. Archived from the original on 2021-11-30. İstifadə tarixi: 23 iyul 2016.
- ↑ "ABŞ prezidentinin Bakıya qəfil zəngi..." virtualaz.org. virtualaz.org. Archived from the original on 2018-11-03. İstifadə tarixi: 23 iyul 2016.
- ↑ "Vəfa Quluzadə vəfat etdi". 2016-03-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-08-20.
- ↑ "Politoloq Vəfa Quluzadə ilə görüş". www.adu.edu.az. www.adu.edu.az. Archived from the original on 2022-12-02. İstifadə tarixi: 23 iyul 2016.
- ↑ 1 2 3 "Vəfa Quluzadə dəfn edildi". news.lent.az. news.lent.az. 2015-09-21 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 23 iyul 2016.
- ↑ "Oxu.az — Vəfa Quluzadə vəfat etdi". 2015-05-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-05-01.
- ↑ 1 2 "Vəfa Quluzadə dəfn edildi". 2015-05-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-08-20.
- ↑ "Vəfa Quluzadə dəfn edildi". 2015-09-10 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-08-20.
- ↑ 1 2 3 "Правила жизни. Вафа Гулузаде: «Утром я пришел на работу, а мне говорят: «Ну и где твой президент?»". 1news.az. 1news.az. Archived from the original on 2017-06-25. İstifadə tarixi: 23 iyul 2016.
- ↑ 1 2 3 4 5 6 7 8 9 10 11 ""Heç vaxt dissident olmamışam" — BRİFİNQ — FOTO". 2015-04-29 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-08-20.
- ↑ 1 2 3 "Vəfa Quluzadənin 20 il saxladığı sirr..." www.moderator.az. www.moderator.az. 23 iyul 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 iyul 2016.
- ↑ 1 2 ""BÜTÜN ŞİƏLƏR DƏ DEYİR Kİ, BÜTÜN SÜNNİLƏR HAMISI VƏHHABİDİR"". 2016-03-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-08-20.
- ↑ "Vəfa Quluzadə kimdir?". 2014-08-19 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-08-19.
- ↑ "Vəfa Quluzadənin zəngi". 2017-07-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-08-20.
- ↑ 1 2 "Politoloq Vəfa Quluzadənin oğlu vəfat edib". 2014-04-22 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-04-15.
- ↑ 1 2 3 4 "AZƏRBAYCANIN ORİJİNAL XARİCİ İŞLƏR NAZİRLƏRİ". www.mediaforum.az. www.mediaforum.az. 23 iyul 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 iyul 2016.
- ↑ 1 2 "VƏFA QULUZADƏ HAKİMİYYƏTƏ MESAJ VERDİ". musavat.com. musavat.com. 23 iyul 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 iyul 2016.
- ↑ 1 2 3 4 5 "ABŞ prezidentinin Bakıya qəfil zəngi…". 2018-11-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-08-20.
- ↑ "Vəfa Quluzadə həqiqətləri dünyanın üzünə belə çırpırdı (VİDEO)". 2016-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-08-20.
- ↑ "Diplomat". 2016-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-08-20.
- ↑ 1 2 "Vəfa Quluzadə: "Mənim Amerikaya münasibətim heç vaxt dəyişməyib"". 2016-03-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-08-20.
- ↑ Vəfa Quluzadə həqiqətləri dünyanın üzünə belə çırpırdı [ölü keçid]
- ↑ "Vəfa Quluzadənin sensasion səs yazısı yayıldı". 2015-08-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-08-20.
- ↑ 1 2 3 4 "The Last Dragoman: Azerbaijan's Vafa Guluzade". 2015-08-13 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-08-20.
- ↑ ""5-ci kolon"la hökumət ciddi surətdə məşğul olmalıdır"". 2016-03-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-08-20.
- ↑ "Anti-Azərbaycan mərkəzləri məğlubiyyətə uğrayacaq". 2016-03-08 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-08-20.
- ↑ 1 2 "Vəfa Quluzadə: "Bəlkə bu hadisələrin gedişində yeni Azərbaycan dövləti yarandı"". 2016-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-08-20.
- ↑ "Sabiq dövlət müşaviri, politoloq Vəfa Quluzadə müsahibə verib". 2021-12-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-08-20.
- ↑ "Azərbaycan eksperti Qarabağ haqqında danışdı". 2015-09-10 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-08-20.
- ↑ Identity, power and the city in the works of young social scientists in the South Caucas (2005). Heinrich Böll Stiftung. 33. (#accessdate_missing_url)
- ↑ Vəfa Quluzadə haqda xatirələr [ölü keçid]
- ↑ "Remembering an Azerbaijani Diplomat". 2015-09-09 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-08-20.
- ↑ "Azərbaycan öz Henri Kissincerini itirdi" [ölü keçid]
- ↑ 1 2 VƏFA QULUZADƏNİN KİTABI ÇIXIB [ölü keçid]