Urmiya Doyusu 1604 - Wikipedia
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Urmiya döyüşü — 1603-1618 Osmanlı-Səfəvi Müharibəsində baş verən döyüş. Döyüş Səfəvi ordusunun qələbəsi ilə başa çatmışdır.
Urmiya döyüşü | |||
---|---|---|---|
Səfəvi-Osmanlı münasibətləri | |||
Tarix | 9 sentyabr 1605 | ||
Yeri | Sufiyan, Urmiya gölünün şərqi, İran | ||
Nəticəsi | Səfəvilər qalib gəldi | ||
Münaqişə tərəfləri | |||
|
|||
Komandan(lar) | |||
|
|||
|
Döyüşdən öncəki vəziyyət
redaktə1578-1590 Səfəvi-Osmanlı müharibəsinin nəticəsində Osmanlılar bütün Cənubi Qafqazı və qərbi İranı ələ keçirmişdi. 1587-ci ildə taxta çıxan Şah I Abbas Səfəvi ordusunu ingilislərin də köməyilə modernləşdirmiş, ordunu odlu silahla təmin etdikdən sonra itirilən torpaqları geri qaytarmaq üçün 1603-cü ilin əvvəllərində anidən hücuma keçdi. Osmanlı ordusu o dönəmdə Avstriya ilə 1593-cü ildən bu yana davam edən müharibənin içindəydi. Anadoluda da Cəlali üsyanları davam etməkdə idi. Şərq sərhədindəki zəif mövqe səbəbilə Səfəvi ordusu qısa zamanda Təbriz də daxil olmaqla Qərbi İranı Osmanlılardan azad etdi.
1603 tarixi Osmanlı taxtında da dəyişiklik baş verdi. Sultan III Mehmed vəfat etmiş, 13 yaşlı oğlu I Əhməd taxta keçmişdir. Yeni sultan Cığalızadə Yusif Sənan Paşanı şərq sərdarı olaraq təyin etdi. Yusif Sənan Paşa bölgəni yaxşı tanıyırdı. Vaxtilə bu bölgələrə böyük miqyaslı səfərlər təyin etmişdi.[1]
Şah Abbas 1604-cü ildə də hərbi taktikasını davam etdirdi. İrəvan qalası ələ keçirildi və Səfəvi ordusu Qarsa hücum etdi.
Şərq sərhəddində baş verən bu hadisələrə cavab olaraq Yusif Sənan Paşa 15 iyun 1604 tarixində İstanbuldan hücuma keçdi və 8 noyabr tarixində Qars qalası önlərinə çatdı.[2] Səfəvilərin ələ keçirdiyi torpaqları geri qaytarmaqla yanaşı, həmçinin Anadoluda davam edən Cəlali üsyanlarını da yatırmaq istəyən Yusif Sənan Paşa üsyankar dəstələrə qarşı mübarizə aparmaq yerinə, onları Osmanlı ordusu tərəfinə çəkdi. Yusif Sənan Paşa Osmanlı ordusu ilə irəliləməkdə ikən Şah Abbas da Səfəvilərin ənənəvi taktikasını – "yandırılmış torpaq" taktikasını yürüdürdü. Ancaq bu dəfəki taktika öz miqyası və qəddarlığı ilə indiyə qədərkilərdən fərqlənirdi. Osmanlılarla Şirvanı ayıran nəhəng bir ərazi boşaldıldı, şəhərlər təmizləndi, əhali isə İranın mərkəzi rayonlarına köçürüldü. Dağıdılan şəhərlər arasında Culfa, Naxçıvan və İrəvan da var idi. Yusif Sənan Paşanın başçılıq etdiyi Osmanlı ordusu İrəvana girdikdən sonra ərzaqsız qalıb, yenidən Vana döndülər. Və elə bu zaman Allahverdi xanın qoşunları Van üzərinə yürüş edərək, qalanı mühasirəyə aldı. Mehmed Paşadan gözlədiyi dəstəyi ala bilməyən Yusif Sənan Paşa Vandakı ordunu yerli bəylərdən olan Şəmsi bəyə tapşırıb gəmiylə öncə Adilcəvaza, daha sonra Həsənqalaya qaçdı. Yusif Sənan Paşanın qalanı tərk etməsini öyrənən Allahverdi xan ordunu geri çəkərək Xoy ətrafında Şah Abbasın ordusuna qatıldı.[3]
Bölgədəki kürd əmirlərindən də dəstək alaraq ordusunu bərpa edən Yusif Sənan Paşa 1605-ci ilin yaz aylarında Təbrizə yürüdü. Səfərin planına görə, Təbrizdən sonra Ərdəbil də ələ keçirilməli, Şirvanda qışladıqdan sonra isə Səfəvilərə son zərbə vurulmalı idi. Şah Abbas isə Osmanlı ordusunu Xoy-Mərənd istiqamətində izləməkdə idi. Şahın planına görə, Osmanlı ordusu Təbrizə qədər pərən-pərən salınmalı və qala ələ keçirilmədən Osmanlı ordusu iki od arasında yox edilməli idi.
Döyüşün gedişi
redaktəHər iki ordu plana uyğun olmayaraq Urmiya gölünün şərqində - Təbrizin 40 km şimal-qərbindəki Sufiyanda qarşı-qarşıya gəldi. Səfəvi ordusunun bir qismi Allahverdi xanın əmrində mərkəzi hissədə, digər bir qismi isə Qaraçaqay xanın əmrində yüksəklikləri qorumaqda idi. Şah Abbasın planına görə, Osmanlı orduları Təbrizə yaxınlaşanadək hücuma keçilməməli idi. Ancaq Osmanlı ordusunda döyüşən keçmiş Cəlali üsyançısı Kosa Səfər Yusif Sənan Paşanın əmrinə tabe olmayaraq anidən hücuma keçmiş, qorxuya düşən Səfəvi ordusu geriyə çəkilməyə başlamışdı. Osmanlı ordusunun pərakəndə vəziyyətdə olduğunu görən Şah Abbas düşmən ordusunun böyük bir qismini tələyə salaraq məhv etdi. Geridə qalan əsgərləri isə Allahverdi xanın əmrindəki ordu dəstələri məhv etdi. Kosa Səfər əsir düşdü və başı kəsilərək edam edildi. Ordunun məğlub olduğunu görən Canpoladoğlu Hüseyn Paşa və ordudakı bəzi kürd əmirləri döyüşü yarım qoyub Anadoluya çəkildi. Səfəvi ordusunun böyük bir hissəsinin döyüş meydanına yaxınlaşması xəbərini eşidən Osmanlı əsgərləri mərkəzə tabe olmayaraq geri çəkilməyə başladı. Bunun ardından ağır texnikanı döyüş meydanında buraxan Yusif Sənan Paşa sürətlə Vana çəkildi. Osmanlı qərargahı Səfəvilər tərəfindən ələ keçirildi.
Mapkey:
1. General Allahvardi xan süvarilərini Osmanlı ordusunda tərəf yönəldir və cinahlara qarşı şiddətli şəkildə hücuma keçir; 2. Osmanlılar qarşı hücuma keçir bu zaman Allahvardi xan geri çəkilərək, Osmanlı generalı Cığalızadə Yusif Sinan paşanı ordusunun böyük bir hissəsi ilə bir istiqamətdə təqibə qoşulmağa təşviq edir. 3. Şah I Abbas Qaraçay xanın tabeliyində olan təpədəki gizli ordusuna təpənin üstündən keçməyi və dönərək Allahvərdi xanın qüvvələrini təqib edən Osmanlıların üzərinə getməyi əmr edir; 4. Gizli Səfəvi qoşunlarından başqa bir dəstə qərargahı müdafiə edən və zəifləyən Osmanlı ekipajına qarşı yürüş edir və onları asanlıqla məğlub edir. 5. Daha sonra yuxarıda adı çəkilən qrupun bir hissəsi baş cəbhədə qalan Osmanlılarla döyüşmək üçün geri qayıdır və tələyə salaraq təslim olmayanların hamısını öldürür və imdat diləyənləri həbs edir.
Döyüşün nəticələri
redaktə- Osmanlı ordusu böyük zərbə aldı;
- Səfəvi ordusu itirilmiş bütün torpaqları ələ keçirdi;
- Cəlali üsyanları böyüdü;
- Osmanlı ordusu Səfəvilər qarşı psixoloji üstünlüklərini itirdi.
İstinadlar
redaktəBu məqalədəki istinadlar müvafiq istinad şablonları ilə göstərilməlidir. |
- ↑ "Arxivlənmiş surət". 2015-05-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-02-02.
- ↑ "Arxivlənmiş surət". 2015-12-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-02-02.
- ↑ https://www.academia.edu/6985521/1595_EFLAK_SEFER%C4%B0_ve_AKINCI_OCA%C4%9EININ_SONU