Uilyam Lindley - Wikipedia
Ser Vilyam Hirleyn Lindley (ing. Sir William Heerlein Lindley; 30 yanvar 1853, Hamburq — 30 dekabr 1917, London) — ingilis mülki mühəndisi və inşaatçısı. Avropanın 30-dan çox şəhərində (Frankfurt, Varşava, Praqa və s.), o cümlədən Bakıda su kəmərlərinin və kanalizasiya qurğularının tikintisini həyata keçirmişdir. Həyatını şəhərlərin su təchizatına həsr etmiş mühəndis Vilyam Lindleyin oğludur.
Ser Vilyam Hirleyn Lindley | |
---|---|
Sir William Heerlein Lindley | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Almaniya, Hamburq |
Vəfat tarixi | (64 yaşında) |
Vəfat yeri | Böyük Britaniya, London |
Vətəndaşlığı | Böyük Britaniya |
Atası | Vilyam Lindley |
Anası | Culiya Hirleyn |
İşləri və nailiyyətləri | |
İşlədiyi şəhərlər | Bakı, Praqa, Varşava |
Əsas tikililəri |
Şollar su kəməri Varşava su filtrləri Bubenets kanalizasiya təchizatı (Praqa) |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəAtası və kiçik qardaşları Robert və Cozeflə birlikdə işləmişdir. 1881–1889-cu illərdə atasının layihəsi əsasında Varşava şəhər su kəmərinin çəkilməsinə, 1895–1906-cı illərdə Praqa şəhərinin kanalizasiyasının tikintisinə rəhbərlik etmişdir. Bubenets rayonunda tikdiyi təmizləmə stansiyası 1991-ci ildə mədəniyyət abidəsi, 1992-ci ildə isə ekotexniki muzeyə çevrilmişdir.
Vəfatı
redaktə1917-ci ilin sentyabrında Bakını tərk edən Vilyam Lindleyin vəfat etməsi barədə xəbər Bakıya 1918-ci ilin martında çatmışdı. Bakı şəhər Duması bu kədərli xəbəri bir dəqiqəlik sükutla yad etdi.
Fəaliyyəti
redaktəBakı-Şollar su kəməri
redaktə1899-cu ilin yanvarında Bakı şəhər su təchizatı komissiyası Bakı Dumasına təqdim etdiyi məlumatda qeyd etmişdi ki, şəhərin su təchizatının təşkili üçün layihə hazırlanması zərurəti yaranmışdır. Həmin məlumatda Samurçay və Kür çaylarının potensialından istifadə edilməsi təklif edilirdi. Bu məqsədlə komissiya üç avropalı mühəndisə müraciət etmişdi və onlardan biri Lindley idi.
1899-cu ilin iyununda Lindley müraciəti qəbul edir və oktyabrda Bakıya gəlir. Lindley öz hesabına ümumi tədqiqatlar aparmış və Şahdağ zirvəsinin ətəyindən süzülüb bulağa çevrilən Şolların zəngin su ehtiyatlarına diqqət yetirmişdi. Lindley Kür çayı, Samurçay və Şollar bulağı kimi su təchizatı mənbələrini müqayisə edərək Şollara üstünlük vermiş və öz qərarını iqtisadi cəhətdən də əsaslandırmışdı.
23 iyun 1901-ci ildə Bakı şəhərinə su kəməri çəkilməsinə dair Lindleylə müqavilə bağlandı. Bu məqsədlə 35000 rubl büdcə müəyyən edilmiş və həmin məbləğin 25000 rubl hissəsi Bakı milyonçusu Hacı Zeynalabdin Tağıyev tərəfindən ödənilmişdi. Daha sonra, Bakı şəhər Duması bu layihəyə 182000 rubl vəsait ayırmışdı.
1905-ci il inqilabı su kəmərinin çəkilməsini dayandırdı və işlər ancaq 1908-ci ildə bərpa edildi.
Su kəmərinin tikintisinə Lindley rəhbərlik edirdi. Ona bu işdə P.P.Freze və S.F.Skrjival kömək edirdilər. Bu Lindleyin karyerasında texniki cəhətdən ən çətin layihə idi.
Birinci dünya müharibəsi su kəmərinin tikintisini ləngitsə də, 1917-ci ilin yanvarında 180 km uzunluğa malik olan və böyük çətinliklər dəf edilməklə çəkilən bu su kəmərinin tikintisi başa çatdırıldı. Yanvarın 22-də təntənəli şəkildə Şollar suyu rezervuarlara vuruldu.
Şollar suyunun yüz vedrəsinə 75 qəpik istifadə haqqı müəyyən edilmişdi.
Ədəbiyyat
redaktə- Jaroslav Jásek: William Heerlein Lindley a pražská kanalizace (William Heerlein Lindley and sewage works in Prague), Scriptorium, Prague, 2006, ISBN 80-86197-65-4. A Czech language monograph.
- Franz Lerner, William Heerlein Lindley (1853–1917). Umriss seines Lebens von Franz Lerner, in: Archiv für Frankfurts Geschichte und Kunst, Heft 49, Frankfurt am Main 1965, s. 123–133.
- The Dictionary of National Biography, Oxford University Press, 2004, Vol. 33
- Ryszard Żelichowski, Lindleyowie. Dzieje inżynierskiego rodu (The Lindleys. Works of a family of engineers), Warszawa 2002, ISBN 83-88794-91-4