Teymur Ehmedov - Wikipedia
Teymur Əkbər oğlu Əhmədov (25 dekabr 1930[1], Şamxor – 16 mart 2021, Bakı) — tənqidçi, ədəbiyyatşünas, publisist, professor.
Teymur Əhmədov | |
---|---|
Doğum tarixi | |
Doğum yeri | Şamxor, Azərbaycan SSR, SSRİ |
Vəfat tarixi | (90 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan |
Vəfat səbəbi | Koronavirus |
Dəfn yeri | |
Vətəndaşlığı | Azərbaycan |
Elm sahəsi | ədəbiyyat |
Elmi dərəcəsi | filologiya elmləri doktoru |
Elmi adı | professor |
İş yeri | "Respublika" qəzeti |
Təhsili | |
Mükafatları |
Həyatı
redaktəTeymur Əhmədov 25 dekabr 1930-cu ildə Şəmkir şəhərində anadan olmuş, 1936-cı ildə ailəlikcə valideynlərinin vaxtilə deportasiya olunduğu İrəvana köçmüşdür. 1949-cu ildə Qərbi Azərbaycanın Zəngibasar (indiki Masis rayonu) rayonunda orta məktəbi qızıl medalla bitirmiş, təhsilini Bakı Dövlət Universitetinin filologiya fakültəsində davam etdirmişdir (1949–1954). Eyni zamanda 1954–1958-ci illərdə Ermənistan KP MK-nın orqanı "Sovet Ermənistanı" qəzetində müxtəlif vəzifələrdə çalışmış, Ermənistan KP İrəvan şəhər komitəsi yanında Marksizm-Leninizm Axşam Universitetini (1955–1957), Moskvada isə "Pravda" qəzeti nəzdində olan Ümumittifaq jurnalistika və fotoreportaj üzrə qiyabi lektoriyanın jurnalistika şöbəsini (1959–1961) bitirmişdir[2].
1961–1964-cü illərdə AEA-nın Nizami adına Dil və Ədəbiyyat İnstitutunda aspirantura təhsili almış, "Nəriman Nərimanovun dramaturgiyası" mövzusunda namizədlik (1966), "Nəriman Nərimanovun yaradıcılıq yolu" mövzusunda doktorluq işi müdafiə etmişdir. 1984-cü ildə nəşr edilən "Nəriman Nərimanov" kitabı rus, ingilis, fransız və ərəb dillərində kütləvi tirajla nəşr edilib.
1965–1968-ci illərdə "Azərbaycan" jurnalı redaksiyasında şöbə müdiri, 1968-ci ildə AEA Nizami adına Dil və Ədəbiyyat İnstitutunda baş elmi işçi, Cənubi Azərbaycan ədəbiyyatı şöbəsində müdir müavini (1968–1990), 1988-ci ildən aparıcı elmi işçi olmuşdur.
1990–1991-ci illərdə "Vətən həsrəti", 1992–1993-cü illərdə "Hikmət", "Yeni fikir" qəzetlərinin baş redaktoru işləmişdir. 1996-cı ildən Ədəbiyyat İnstitutunda Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri, 1995-ci ildən "Respublika" qəzetinin baş redaktorudur.
AEA "Dünya ədəbiyyatının inkişaf qanunauyğunluqları problemi" üzrə Respublika Əlaqələndirmə Şurasının elmi katibi (1968-ci ildən), Nizami adına Ədəbiyyat İnstitutunun Elmi Şurasının və Azərbaycan Qaçqınlar Cəmiyyətinin İdarə Heyətinin üzvü kimi geniş elmi axtarışlar aparmış, AMEA Milli Münasibətlər İnstitutunda Elmi nəşriyyat şöbəsinin müdiri və "Elturan" ("Milli məsələlər") jurnalının məsul redaktoru olmuşdur (1992–2003).
Səmərəli əməyi dövlət tərəfindən yüksək dəyərləndirilərək Azərbaycan Ali Soveti Rəyasət heyətinin fəxri fərmanı (1982), akademik Yusif Məmmədəliyev adına mükafat və medalla qiymətləndirilmiş, 1996-cı ildə "İlin layiqli ziyalısı" fəxri adına layiq görülmüş, 2002-ci ildə "Tərəqqi" medalı ilə təltif edilmişdir.
Azərbaycan Respublikasında jurnalistika sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə 2020-ci ildə "Şöhrət" ordeni ilə təltif olunub[3]
Teymur Əkbər oğlu Əhmədov ilk gənclik illərindən bədii yaradıcılıqla da məşğul olmuş, "Ülkər" adlı şeir və hekayələr kitabı 1961-ci ildə İrəvanda işıq üzü görmüşdür. "Dostluq nəğməkarı", "Nəriman Nərimanovun dramaturgiyası", "Nəriman Nərimanov", "Vedibasarın qanlı-qadalı günləri", "Erməni xəyanəti və ya Andranik Ozanyanın qanlı əməlləri (1918–1920-ci illər)", "Mirzə İbrahimov" və s. monoqrafiyaları dərin oxucu marağı qazanıb. "Azərbaycan sovet yazıçıları (ədəbi sorğu kitabı)" (1987), "Azərbaycan yazıçıları (Ensiklopedik məlumat kitabı)" (1995) da sizin məhsuldar əməyi sayəsində araya-ərsəyə gəlib.
2007-ci ildən başlayaraq Azərbaycan mətbuatında dərin iz qoymuş "Füyuzat" jurnalının 100 il sonra yenidən təsisinə başlayan Teymur Əhmədov "Füyuzat" jurnalının baş redaktorudur.
Teymur Əhmədov 16 mart 2021-ci ildə 90 yaşında koronavirusdan dünyasını dəyişib.
Kitabları
redaktə- Azərbaycan yazıçıları XX–XXI yüzillikdə (ensiklopedik məlumat kitabı). Bakı: Nurlar, 2011, 1056 səh.
İstinadlar
redaktə- ↑ Library of Congress Authorities (ing.). Library of Congress.
- ↑ "Tanınmış alim-publisistin həyat və yaradıcılıq yoluna işıq salan toplu". Azərbaycan qəzeti (az.). azerbaijan-news.az. 09 İyul 2014. 2021-10-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-07-10.
- ↑ "T.Ə.Əhmədovun "Şöhrət" ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2021-10-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-12-30.