Tariyel Abbasov - Wikipedia
Tariyel Abbasqulu oğlu Abbasov — 1977-ci ildə Bakı şəhərində keçirilən ifaçıların I Respublika müsabiqəsinin laureatı, Gülarə Əliyeva adma “Dan ulduzu” instrumental ansamblında solo tarzəni, Azərbaycan Dövlət Konservatoriyasının müəllimi[1], Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü (2023-cü ildən).
Tariyel Abbasov | |
---|---|
Tariyel Abbasqulu oğlu Abbasov | |
Ümumi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Naxçıvan şəhəri |
Vətəndaşlığı | Azərbaycanlı |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | Tarzən |
Musiqi aləti | Tar |
Həyatı
redaktəTariyel Abbasqulu oğlu Abbasov 10 mart 1953-cü ildə Naxçıvan şəhərində dəmiryolçu ailəsində anadan olmuşdur. Uşaqlıqda Naxçıvan şəhər dəmiryol ərazisində yaşayan Tariyel qatarların hərəkətini izləməyi çox sevər, ürəyində isə “Bir gün gələcək mən də arzuma çatacağam” deyərdi. Arzularının qanadında o musiqi dünyasına qovuşmağı, bunun üçün uşaq təxəyyülü ilə qatarla Bakıya getməyi xəyal edirdi. Daha bilmirdi ki, gün gələcək o nəinki Bakıya gedib arzusuna çatacaq, buranın sakini, burada ailə, uşaq sahibi olacaqdır. Bir də bilmirdi ki, ona ayrılan ömrün 25 ilini hələlik Naxçıvanda keçirəcəkdir.[1]
Musiqi təhsili
redaktə1964-cü ildə Naxçıvan şəhər Uşaq Musiqi Məktəbinin xalq çalğı alətləri şöbəsinin tar sinfinə daxil olan Tariyel ixtisas üzrə əvvəlcə gənc mütəxəssis Azər Abasov, sonra virtuoz tarzən Əkrəm Məmmədovdan, muğam sənətini isə qocaman ustad Yusif Əliyevdən öyrənmişdir. Müəllimlərinin hər üçü öz sənətini dərindən bilən, tanınmış musiqiçilər idi. Azər müəllim gənc olmasına baxmayaraq Asəf Zeynallı adına Bakı Orta Musiqi Məktəbini uğurla bitirmiş, görkəmli pedaqoq Adil Gərayın sinfində təhsil almışdır. Bir müddət sonra isə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasını bitirən A.Abasov musiqi elmini dərindən mənimsəməkdə Tariyelə lazımi tövsiyələr verirdi. Naxçıvan musiqi məktəbinin ilk müəllimlərindən olan Yusif Əliyev gənc tarzənə muğamın sirlərini öyrətmiş, mahir ifaçı, tarzən Əkrəm Məmmədov isə öz məharətli ifası ilə, sözün əsl mənasında, Tariyelə “ifaçılıq” dərsi keçirdi. 1969-cu ildə Tariyel musiqi məktəbini bitirir. Lakin ümumtəhsil məktəbini bitirmədiyindən valideynləri ona bir il də səbir etməyi məsləhət görürlər. 1970-ci ildə o, orta məktəbi bitirsə də təhsilini harada davam etdirəcəyinə qərar verə bilməyərək hərbi xidmətə yollanmalı olur. Hərbi xidməti başa vuran və bir müddət əmək fəaliyyəti ilə məşğul olan Tariyel Abbasov 1975-ci ildə yenicə açılmış Üzeyir Hacıbəyov adına Naxçıvan şəhər Orta ixtisas Musiqi Məktəbinə daxil olur. 1979-cu ildə orta ixtisas musiqi məktəbini bitirən Tariyel Abbasov Üzeyir Hacıbəyov adma Azərbaycan Dövlət Konservatoriyasına (Musiqi Akademiyası) daxil olur. Konservatoriyada o, görkəmli bəstəkar, dirijor, Azərbaycan Respublikasının Xalq artisti, professor Səid Rüstəmovun sinfinə təyin edilir. Ümumiyyətlə, naxçıvanlı gənçlər istər Asəf Zeynallı adma Bakı Orta ixtisas Musiqi Məktəbində (Musiqi Kolleci), istərsə də Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında çalışan ən güclü, tanınmış müəllimlərin siniflərinə təyin edilirdilər. Onların sırasında Azərbaycan musiqi təhsili sisteminin sütunları hesab edilən görkəmli pedaqoqlar Səid Rüstəmov, Süleyman Ələsgərov, Eduard Novruzov, Adil Gəray, Kamil Əhmədov, Firudin Mehdiyev, Akif Novruzov, Ramiz Quliyev və başqalarının adlarını iftixarla çəkmək olar, illər boyu davam edən bu ənənə Naxçıvan ifaçılıq məktəbinin gücünün müsbət bir göstəricisidir. Səid Rüstəmov gənc tarzənin təhsilə münasibətindən, ifaçılıq qabiliyyətindən çox razı idi. Verilən tapşırıqları qısa müddətdə yerinə yetirən tələbənin boş vaxtlarının çox olduğunu hiss edən professor ona musiqi məktəblərinin birində işləməyi tövsiyə edir.[1]
Pedaqoji fəaliyyəti
redaktəTariyel Abbasov II kursda oxuya-oxuya (1980) Bakı şəhər 3 saylı uşaq musiqi məktəbinə işə düzəlir. Uğurlu müəllimlik fəaliyyəti tezliklə Tariyeli yeni iş yerinə, Azərbaycan Dövlət Konservatoriyasına gətirir. 1988-1995-ci illərdə burada çalışan Tariyel müəllim paralel olaraq Gülarə Əliyeva adma “Dan ulduzu” instrumental ansamblında solo tarzən kimi də fəaliyyətini davam etdirir. Ansamblın tərkibində o, Həbəşistan, Bolqarıstan, Finlandiya, Türkiyə, İran kimi dövlətlərdə Azərbaycan musiqisini layiqincə təmsil etmişdir.[1]
Əsərləri
redaktəGənc yaşlarından ifaçılıq sənətinə böyük məsuliyyətlə yanaşan Tariyel Abbasov yorulmadan çalışaraq solo ifa üçün yeni-yeni əsərlər hazırlayırdı. Yaxın dostu və həmkarı, Azərbaycan Respublikasının Əməkdar artisti Tağı Tağıyev bu gün də Tariyel ilə konservatoriyada təhsil aldığı vaxtları xatırlayaraq hər axşam konservatoriyanın boş otaqlarında gecədən xeyli keçənədək keçirdikləri məşq saatlarını sevinçli, nostalji hisslərlə xatırlayır. Yaradıcılıq fəaliyyətini genişləndirən tarzən Azərbaycan Dövlət Konservatoriyasının 60 illik yubileyi ilə bağlı (1982) Moskvada, MDB və Baltikyanı ölkələrdə solo konsertlərlə çıxış edir. Bundan əlavə, o, Səid Rüstəmovun “Oxu tar”, Zakir Bağırovun “Layla” mahnılarına solo ifada klip çəkdirmiş, Azərbaycan Televiziya və Radio Verilişləri Komitəsinin simfonik orkestri ilə Hacı Xanməmmədovun tar ilə simfonik orkestri üçün 2 nömrəli konsertini lentə yazdırmışdır. Bu nailiyyətlər Tariyel müəllimin çoxşaxəli fəaliyyətinin bir qismidir.[1]
Mükafatları
redaktəTarzən Tariyel Abbasov 1977-ci ildə Bakı şəhərində keçirilən ifaçıların I Respublika müsabiqəsinin laureatı olmuşdur. 10 may 2019-cu ildə[2], 7 may 2020-ci ildə[3] və 7 may 2021-ci ildə[4] Prezident Mükafatına layiq görülmüşdür. 6 may 2023-cü ildə Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülmüşdür.[5]
İstinadlar
redaktə- ↑ 1 2 3 4 5 Kərimov Rafail. Naxçıvan musiqi mədəniyyəti tarixindən. Musiqi təhsili. Bakı: Azəməşr, 2012, s.137-140
- ↑ President.Az. "İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). President.az. 10.05.2019. 2019-05-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-05-10.
- ↑ President.Az. "İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). President.az. 07.05.2020. 2020-09-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-07.
- ↑ President.Az. "İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). President.az. 07.05.2021. 2021-11-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-05-07.
- ↑ President.Az. "Azərbaycan mədəniyyət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). President.az. 06.05.2023. 2023-06-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-07.