Talis Xalcalari - Wikipedia
Talış xalçaları — Azərbaycanın bütün xalçaçılıq məntəqələrində toxunan xovlu xalça.
Xalça | |
Talış | |
---|---|
| |
Xalça haqqında məlumatlar | |
Tam adı | Talış xalçaları |
Məktəbi | Qarabağ xalçaçılıq məktəbi |
Ölkə | Azərbaycan |
Toxunması haqqında məlumatlar | |
Üslubu | Qarabağ xalçaçılıq məktəbi[1] |
Ümumi məlumat
redaktəAzərbaycanın səkkiz rayonunda "Talış" adlanan kənd yerləşir. Lakin bu xalça öz adını bu səkkiz kəndin adından deyil, Xəzər dənizinin sahilində, Talış dağları boyunca uzanan böyük ərazinin adından götürmüşdür. Bu ərazi çox zəngin və gözəl bir məkandır. Bu ərazidə sakin olan talışlar düyü yetişdirir, ipəkqurdu yetişdirilməsi, heyvandarlıq, bağçılıq, arıçılıq ilə məşğul olurdular. Xalçaların, cecimlərin, kilimlərin, yun corabların toxunması, mürəkkəb və asan hörmə, naxış qoyma — bütün bunlar talışların əsas məşğuliyyətidir. Sadalanan məhsulların əksəriyyəti yundan və ipəkdən hazırlanır.
Bu xalçalar Qarabağ tipinin Cəbrayıl qrupuna daxil edilsədə göründüyü kimi öz adını Azərbaycanın cənub ərazisindən almışdır[2].
Bədii analiz
redaktə"Talış" xalçalarının orta sahəsinin kompozisiyası mürəkkəb və ya sadə olur.
- Sadə kompozisiyalı xalça.
Toxunma üsulu baxımından kobud olan, hamar birrəngli orta sahəyə malik olan və ya kiçik elementlərlə bəzədilən xalçalar sadə kompozisiyaya malikdir. Birrəngli orta sahəyə malik olan xalçalar digərləri ilə müqayisədə daha çox istehsal edilmişdir. Əvvəllər belə xalçalar ən aşağı təbəqənin qızları üçün cehiz verilirdi. Dualar, xüsusilə də namaz belə xalçaların üzərində edilirdi. Orta sahəsində kiçik elementlərlə bəzədilmiş olan xalçalar orta zümrənin qızları üçün cehiz verilirdi. Xalçaçılar bu xalçanı "çəltik" adlandırırdılar. Talışlar "çəltik" təsvirini bol məhsulun simvolu hesab edirlər. Beləliklə, bu kompozisiya rəmzi mənaya malikdir. Orta sahəsi sadə quruluşa malik olan xalçaların haşiyələri ağ fonda sadə naxışlardan ibarətdir.
- Mürəkkəb kompozisiyalı xalça.
Kompozisiyası daha mürəkkəb olan xalçalar "Talış" xalçalarının II qrupunu təşkil edir. Bu xalçaların orta sahəsini sağda və solda bir – birini izləyən buta bəzəyir. Orta sahənin aşağı hissəsindən yuxarıya doğru butanın boyunca bükülərək gedən haşiyə zolağı bəzi yerlərdə həndəsi formalı medalyon əmələ gətirir. Medalyonun və orta sahənin fonu eyni rəngdədir. Belə rəng vahidliyi "Talış" və "Muğan" xalçaları üçün səciyyəvidir. II qrup "Talış" xalçaları əvvəllər ipəkdən, XIX əsrin III rübündən başlayaraq, yundan və pambıqdan hazırlanır. Rənglərin uyğunluğu, qamması "Talış" xalçalarında digər tiplərə nisbətən daha yoxsuldur. Bu da, əlbəttə ki, xalçanın bədii keyfiyyətini aşağı salır. II variant xalçalar əsrlər boyu yuxarı təbəqənin nümayəndələrinə məxsus olurdu. Cehiz kimi verilməli olan xalçanı qız özü toxumalı idi. Mürəkkəb kompozisiyalı xalçalara "paxlava naxış" adlanan göllərə malik olan uzunsov xalçalar da daxildir. Bir – birinin ardınca yerləşmiş, formasına görə eyni, lakin rənglərinə görə müxtəlif olan bu göllər orijinal bədii kompozisiya yaradırlar.
Texniki xüsusiyyətlər
redaktə"Talış xalçaları" bir qayda olaraq, kiçik ölçülü və uzunsov formada toxunurdu. Böyk ölçülərdə toxunmuş "Talış xalçaları"nada rast gəlmək mümkündür.
Xüsusi sifarişlə və cehiz olaraq toxunan Qarabağ xalçaçılıq məktəbinin "Talış xalçaları" Talış rayonunda toxunan digər xalçalara nisbətən daha yüksək keyfiyyətə malikdir.
İlmələrin (düyünlərin) sayı müxtəlif sıxlığa malik olan "Talış xalçaları"nın xovunun uzunluğu Qarabağ xalçaçılıq məktəbinin digər xalçaları ilə müqayisədə daha qısadır[3].
İstinadlar
redaktə- ↑ rstml Karabakh Carpets – Designs and Patterns (ing.). 2010.
- ↑ Qarabağ xalçaları [ölü keçid]
- ↑ "Talış xalçası". 2011-08-07 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-09-05.