Teir - Wikipedia
Tank əleyhinə idarəolunan raket (TƏİR) (ingiliscə: anti-tank guided missile (ATGM), və ya anti-tank guided weapon (ATGW)) tankların məhv edilməsi məqsədilə hazırlanmış silahdır. Bu raketlərin əsas vəzifəsi tank və ya digər zirehli döyüş maşınlarını vurmaq və məhv etməkdir.
TƏİR-lər əsasən atəş məsafələrinə görə bir nəfər tərəfindən çiyindən, və ya bir birlik tərəfindən qurulan üçayaqlı qurğulardan, həmçinin helikopterlərdən də atıla bilir.
Birinci nəsil TƏİR-lər hədəfi tapmaq üçün komanda qolu kimi bir alətlə operator vasitəsilə hədəfi tapa bilirdi. Ancaq, bu iş üçün operatorun yaxşı təcrübəsinin olması və raketin uçuşu zamanı hərəkətsiz qalması lazım gəlirdi.
İkinci nəsil TƏİR-lərdə isə hədəf vurulana qədər operatorun nişangahı hədəfdən ayırmaması lazım idi. Bu sistemlərdə raketi idarə etmək üçün kabel, radio siqnalı, lazer işarələnməsi və ya raketə yerləşdirilən TV kamerasından istifadə olunurdu. Bu raketlərə ABŞ istehsalı TOW raketləri misal ola bilər. Ancaq, bu nəsil silahlarda da operatorun sabit qalması lazım gəlirdi.
Çox inkişaf etmiş üçüncü nəsil TƏİR-lər isə lazer, elektronik görüş sistemlərindən istifadə olunur. Raket hədəfə kilidləndikdən sonra onu idarə etməyə ehtiyac qalmır (Bu cür raketlər "Atəş aç, unut" prinsipi ilə işləyir). Raket hədəfə kilidləndikdən sonra operator öz yerini tərk edə bilər. Bu sistemlərə İsrail istehsalı olan Spayk, ABŞ istehsalı olan Javelin aiddir.