Turkan Xanim Sultan - Wikipedia
Türkan xanım Sultan və ya Türkan Mayatepek (4 iyul 1919, İstanbul – 25 dekabr 1989) — Osmanlı sülaləsinin üzvü, Osmanlı xanım sultanı.
Türkan xanım Sultan | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 4 iyul 1919 |
Doğum yeri | Beşiktaş sarayı, İstanbul, Osmanlı imperiyası |
Vəfat tarixi | 25 dekabr 1989 (70 yaşında) |
Vəfat yeri | Ankara, Türkiyə |
Atası | Ənvər Paşa |
Anası | Əminə Naciyə Sultan |
Həyat yoldaşı | Hüveyda Mayatəpək |
Uşağı | Osman Mayatəpək |
Ailəsi | Osmanlı xanədanı |
Həyatı
redaktəTürkan xanım Sultan 4 iyul 1919-cı ildə Beşiktaş sarayında dünyaya gəldi. Atası İttihaq və Tərəqqi cəmiyyətinin görkəmli nümayəndəsi Ənvər Paşa, anası isə Sultan Əbdülməcidin oğlu Süleyman Əfəndinin qızı Naciyə Sultandır. Hələ anasının bətnində ikən atası Ənvər Paşa vəzifədən alındı və ingilislərin İttihad və Tərəqqi üzvləri haqqında həbs qərarı çıxarmasının ardından da ölkədən qaçmağa məcbur qaldı. Ancaq o əsnada anası hamilə olduğu üçün İstanbulda qaldı. Türkan xanımın dünyaya gəlişindən bir neçə ay sonra anası və 2 yaş böyük bacısı Mahpeykər xanımla birlikdə Berlinə getdi (1920). Ancaq çox keçmədən atası Sovet Rusiyasına qaçdı, Türkan xanım və digər ailə üzvləri əmiləri Mehmed Kamil bəyin himayəsində Berlində qaldı. Cəmi 2 il sonra - 4 avqust 1922-ci ildə atasının vəfatının ardından dul qalan anası Naciyə Sultan övladlarını da yanına alaraq İstanbula döndü və ərinin vəsiyyətinə əsasən, ertəsi il 30 oktyabr 1923-cü ildə qaynı Mehmed Kamil bəylə nigahlandı. Türkan xanımın bu nigahdan bir bacısı daha - Rəna xanım dünyaya gəldi.
Ancaq çox keçmədən 3 mart 1924 tarixli TBMM qərarı ilə digər Osmanlı sülaləsi üzvləri kimi, Türkan xanım da ailəsiylə birlikdə sürgünə göndərildi. İlk öncə Parisdə yaşayan Türkan xanım və ailəsi daha sonra Nitsaya köçdü. Burada bacısı və qardaşıyla, eləcə də Fərrux Əfəndinin qızları Nəslişah Sultan, Xanzadə Sultan və Nəcla Sultanla birlikdə ögey atası olan əmisi Mehmed Kamil bəy tərəfindən Osmanlı türkcəsini öyrəndilər.
1939-cu ildə Ənvər Paşanın ailəsi üçün çıxarılan xüsusi əfv qanunuyla, Türkan xanım, Mahpeykər xanım və qardaşı Əli bəy Türkiyəyə qayıda bildi və İstanbulda yaşadılar. Soyadı qanunuyla Ənvər soyadı aldılar. Ancaq İkinci Dünya müharibəsinin başlaması ilə Nitsada tək qalan anaları Naciyə Sultanın yanına qayıtdılar və 1943-cü ilədək İsveçrədə yaşadılar.
Bu illər ərzində kimyaçı olaraq təhsil alan Türkan xanım kimya mühəndisi oldu və müxtəlif universitetlərdə dərs deməyə başladı. 1945-ci ildə diplomat Həsən Tahsin Mayatəpəkin oğlu, eləcə də Türkiyənin Danimarka, İordaniya, Vatikan və Avstriyadakı səfiri Hüveyda Mayatəpək (d. 1914, İstanbul - ö. 1 may 1973, Vyana) ilə evləndi və bu nigahdan bir oğlu dünyaya gəldi. Ərinin vəfatının ardından Türkiyəyə köçən Türkan xanım 25 dekabr 1989-cu ildə Ankarada vəfat etdi və burada dəfn olundu.
Övladı
redaktəMənbə
redaktə- Adra, Jamil (2005). Genealogy of the Imperial Ottoman Family 2005. p. 32
- Bardakçı, Murat (2017). Neslishah: The Last Ottoman Princess. Oxford University Press. ISBN 978-9-774-16837-6
- Sönmez, Cahi̇de. "Sürgünden Vatana Osmanlı Hanedanının Geri Dönen İlk Üyeleri (1924-1951)". Tarihin Peşinde (in Turkish)
- Milanlıoğlu, Neval (2011). Emine Naciye Sultan'ın Hayatı (1896-1957) (in Turkish)