Siyasi Sistem - Wikipedia
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Ümumi mənada siyasi sistem, cəmiyyətin siyasi həyatında rol alan siyasi qurumları və digər ictimai qurumları, bunların fəaliyyətini və qarşılıqlı münasibətləri ifadə edir. Əlbəttə ki, hər cəmiyyətin siyasi sistemi onun inkişafının qanunauyğun nəticəsi kimi formalaşır. Siyasi sistem cəmiyyətin sosial-siyasi təbiətini, mövcud siyasi münasibətləri, təsisatları, normaları və hakimiyyətin təşkili prinsiplərini ifadə edir.[1] Kilsələr, yaxud vətəndaş cəmiyyətin digər ünsürləri, ictimai birliklər kimi, bunları da siyasi sistemin bir parcasıdır.
Siyasi sistem bütövlükdə ictimai sistemin mühüm hissələrindən, ünsürlərindən biridir. O, siyasi hakimiyyətin təşkilini, cəmiyyətlə dövlət arasındakı münasibətləri ehtiva edir və ictimai sistemin digər hissələri ilə – sosial, iqtisadi, ideoloji, etik, hüquqi, mədəni sistemlərlə qarşılıqlı əlaqədədir.
Konkret cəmiyyətin siyasi sistemi bir sıra amillərlə müəyyən olunur. Bu amillər içərisində cəmiyyətin sosial strukturunu, idarəçilik formasını, dövlətin tipini, siyasi rejimin xarakterini, sosial-siyasi münasibətləri, dövlətin siyasi-hüquqi statusunu, cəmiyyətdə siyasi-ideoloji və mədəni münasibətlərin xarakterini, siyasi həyatın formalaşmasının tarixi və milli ənənələrini göstərmək olar.
Müasir politologiyada və sosiologiyada cəmiyyətin siyasi sisteminin öyrənilməsi mühüm yer tutur. Bu sahədə D. İston, Q. Almund, K. Doytç, D. Trumen, Q. Pauell, M. Kaplan, T. Parsnos, St. Koleman, T. Madron, K. Şelf, R. Qoldman, T. Yaniq, C. Veltman, İ. Hus və başqalarının tədqiqatlarını xüsusi qeyd etmək lazımdır.
Elmi ədəbiyyatda siyasi sistemin müxtəlif, bəzən biri digərini tamamilə istisna edən anlayışları mövcuddur. Məsələn, Amerika politoloqu D. İston belə hesab edir ki, siyasi sistem bir-biri ilə qarşılıqlı əlaqədə olan subyektlərin məcmusudur ki, həmin subyektlər vasitəsilə cəmiyyətdə dəyərlər hökmlə və peşəkarcasına bölüşdürülür. İ. Husa görə siyasi sistem bütövlük təşkil edən və müəyyən fəlsəfi, dini, idarəçilik forması məzmunu kəsb edən ideyaların, prinsiplərin, qanunların, doktrinaların və s. kompleksidir.
T. Madronun fikrincə, cəmiyyətin siyasi sistemi mürəkkəb münasibətlər şəbəkəsi vasitəsilə birləşən obyektlərin və onların əlamətlərinin məcmusudur.
Siyasi sistem nəzəriyyələrinin əksəriyyətində onun struktur baxımından təhlili aparıcı yer tutur.
"Siyasi sistem" anlayışı geniş və dar mənalarda işlənir. Geniş mənada siyasi sistem siyasi münasibətləri, siyasi şüuru və cəmiyyətin siyasi təşkilatlarını özündə birləşdirir. Dar mənada siyasi sistem cəmiyyətin siyasi həyatında iştirak edən dövlət təsisatlarını, siyasi partiyaları və ictimai təşkilatları, kütləvi informasiya vasitələrini əhatə edir. Siyasi sistemin əsas ünsürlərinə aid olan başlıca tələblər bundan ibarətdir ki, onlar daxili nizamlılığa, mütəşəkkilliyə malik olmalı və siyasi xarakter daşımalıdırlar. Başqa sözlə, cəmiyyətin siyasi sisteminin ünsürü kimi nəzərdən keçirilən hər bir qurum təşkilati və siyasi əlamətlərə malik olmalıdır.
Hər hansı təşkilatın səciyyəvi əlamətləri onların yaradılması və fəaliyyətinin müəyyən qaydasının olması, daxili və xarici işlərini həll edən orqanların mövcudluğudur. Təşkilatın siyasi xarakteri isə hər şeydən əvvəl aşağıdakılarla müəyyənləşdirilir:
- müəyyən sosial təbəqənin siyasi mənafelərini ifadə etməsi;
- siyasi həyatda iştirak etməsi və siyasi münasibətlərin daşıyıcısı olması;
- dövlət hakimiyyəti, onun əldə edilməsi, təşkili, həyata keçirilməsi ilə bilavasitə və ya dolayısı əlaqədar olması;
- özünün fəaliyyətində cəmiyyətdə formalaşmış siyasi normalara və qaydalara əsaslanması.
Cəmiyyətin siyasi sistemində dövlət mərkəzi yer tutur. Bu, hər şeydən əvvəl onunla əlaqədardır ki, dövlət siyasi hakimiyyətin xüsusi təşkilatıdır. Siyasi hakimiyyət iqtisadi, ideoloji, təşkilati-hüquqi təsirlər vasitəsilə, habelə nüfuzun, ənənənin, zorakılığın köməyi ilə insanların, sosial qrupların davranışına təsir göstərmək qabiliyyəti kimi səciyyələnir. Siyasi hakimiyyət insanların birgə fəaliyyətinin təşkili və tənziminin mühüm amili, onların qarşılıqlı münasibətlərinin qaydaya salınmasının, cəmiyyətdə nizam-intizamın və sabitliyin təmini vasitəsidir.
Siyasi hakimiyyət onu sosial varlığın təsirli amilinə çevirən təmərküzləşdirilmiş gücə malikdir. Belə güc kimi dövlətin müxtəlif institutları çıxış edir; onlar təşkilati cəhətdən hakimiyyəti rəsmiləşdirir, ona daimi fəaliyyət göstərən və ümumməcburi xarakter verir. Bu institutlara ordu, cəza orqanları, həbsxanalar kimi maddi əlavələrlə birlikdə dövlət hakimiyyət orqanları və hüquq normaları aiddir. Siyasi hakimiyyət mahiyyət etibarilə onun mexanizmini təşkil edən orqanlar və təsisatlar sistemində maddi təcəssümünü tapır. Dövlət hüquq institutlarında maddiləşən siyasi hakimiyyət dövlət hakimiyyəti kimi çıxış edir. Başqa sözlə, siyasi hakimiyyət dövlətçiliyin inkişafının bu və ya digər forması və səviyyəsi ilə sıx surətdə bağlıdır.
Dövlətin siyasi xarakteri həm də onunla şərtlənir ki, dövlət bu və ya digər dərəcədə sosial qruplar arasındakı münasibətləri nizama salır. Cəmiyyətdə həmişə müxtəlif fərdlərin və qrupların fərqli maraqları var. Bu maraqları nizamlayan başlıca qüvvə isə dövlətdir. Beləliklə, dövlət cəmiyyətdə birləşdirən, təşkil edən və nizama salan başlıca qüvvədir.
Cəmiyyətin siyasi sistemində dövlətin xüsusi yeri və rolu həmçinin aşağıdakılarla şərtlənir: — dövlət bütün ölkə miqyasında tam hakimiyyətə malik olan yeganə təşkilatdır; — dövlət cəmiyyətin inkişafının əsas istiqamətlərini müəyyən edir, müxtəlif fərdi və kollektiv maraqların uzlaşmasını təmin edir; — dövlət cəmiyyətdə rəsmən zorakılıqdan istifadə inhisarına malik olan təşkilatdır.
Cəmiyyətin siyasi sistemində dövlətlə yanaşı digər təşkilatlar da – siyasi partiyalar və ictimai birliklər fəaliyyət göstərir. Onlar bu və ya başqa dərəcədə ölkənin siyasi həyatında iştirak edir və bununla da cəmiyyətin siyasi sisteminin ünsürləri kimi çıxış edirlər.
Cəmiyyətin siyasi sisteminin bütün ünsürləri sıx, üzvi vəhdətdə olur və bir-biri ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərirlər. Siyasi sistemin bütün ünsürləri cəmiyyətin və dövlətin hüquqi əsasını təşkil edən qanunlar əsasında və çərçivəsində fəaliyyət göstərirlər.
Azərbaycan Respublikasının siyasi sistemi milli və tarixi şəraitin xüsusiyyətlərini əks etdirməsi ilə səciyyəvidir. Onun meydana gəlməsində və fəaliyyətində çox müxtəlif amillər rol oynamış və oynamaqdadır. Siyasi sistemin fəaliyyətinin formalaşmasına əhalinin siyasi mədəniyyətinin xüsusiyyətləri mühüm təsir göstərir. Ümumiyyətlə, Azərbaycan Respublikasının siyasi sisteminin struktur formalaşması əsasən 1995-ci il noyabrın 12-də ölkənin yeni Konstitusiyasının qəbul edilməsi ilə başa çatmış oldu. Konstitusiyaya uyğun olaraq Azərbaycan dövləti demokratik, hüquqi, dünyəvi, unitar respublika kimi müəyyənləşmişdir. Azərbaycan Respublikasında dövlət hakimiyyətinin yeganə mənbəyi xalqdır. Sərbəst və müstəqil öz müqəddəratını həll etmək və öz idarəetmə formasını müəyyən etmək Azərbaycan xalqının suveren hüququdur.
Azərbaycan siyasi sistemində dövlət hakimiyyətinin həyata keçirilməsi formasına görə prezident üsul-idarəsinə əsaslanan respublika parametrlərinə uyğundur. Hakimiyyətin bölünməsi prinsipinə uyğun olaraq Azərbaycan Respublikasında müstəqil şəkildə formalaşan və fəaliyyət göstərən üç hakimiyyət qolu qərarlaşmışdır: qanunvericilik, icra və məhkəmə hakimiyyəti. Bu hakimiyyət orqanlarından hər birinin fəaliyyəti Konstitusiya və qanunvericilik aktları ilə tənzimlənir.
Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən orqan Milli Məclis, icra hakimiyyətini həyata keçirən Prezident, Məhkəmə hakimiyyətini həyata keçirən orqan Azərbaycan Respublikasının məhkəmələridir.
Azərbaycan Respublikasının Konstitusiya ilə müəyyən edilmiş unitarlığı spesifikliyə malikdir. Bu da onun tərkibində Naxçıvan Muxtar Respublikasının dövlət hakimiyyəti statusuna malik olmasıdır. Konstitusiyaya görə Naxçıvan Muxtar Respublikası Azərbaycan Respublikasının tərkibində muxtar dövlətdir. Orada qanunverici hakimiyyəti Naxçıvan Muxtar Respublikasının Ali Məclisi, icra hakimiyyətini Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti, məhkəmə hakimiyyətini Naxçıvan Muxtar Respublikasının məhkəmələri həyata keçirir. Naxçıvan Muxtar Respublikasında ali vəzifəli şəxs Ali Məclisin sədridir.
Azərbaycanın siyasi sistemində yerli özünüidarəetmə orqanı olan bələdiyyələr də mühüm yer tutur. Bu institut yeni yaranmasına baxmayaraq böyük perspektivə malikdir.
Bütün müasir siyasi sistemlər kimi Azərbaycanın siyasi sisteminə də çoxpartiyalılıq, plyuralizm xasdır. Siyasi partiyalar qanunverici və yerli özünü idarəetmə orqanlarında təmsil olunmaq vasitəsilə dövlət hakimiyyətinin həyata keçirilməsində iştirak etmək imkanına malikdirlər. Azərbaycan dövlətinin ali məqsədi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsidir. Azərbaycan Respublikasında dövlət hakimiyyəti daxili məsələlərdə yalnız hüquqla, xarici məsələlərdə isə yalnız Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn müddəalarla məhdudlaşır. Azərbaycan Respublikasının qanunları Azərbaycan Respublikasının bütün ərazisində qüvvədədir.
Azərbaycanda ilk respublika Azərbaycan Xalq Cümhuriyyəti adı ilə 1918-ci il mayın 28-də yaradılmış və 23 ay fəaliyyət göstərmişdir. 1920-ci il aprelin 28-də Azərbaycanda sovet hakimiyyəti qurulmuş və 1991-ci ildə SSRİ dağılanadək davam etmişdir. 1991-ci il oktyabrın 18-də Ali Sovetdə "Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında" Konstitusiya Aktı qəbul olunmuş və Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisi elan edilmişdir.
İstinadlar
redaktə- ↑ "R.J. Rummel, THE STATE AND POLITICAL SYSTEM". 2022-03-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-12-02.