Sion Mudriklerinin Protokollari - Wikipedia
Sion müdriklərinin protokolları (rus. Протоколы сионских мудрецов) — naşirləri tərəfindən yəhudilərin dünyanı idarə etmək planlarını təsdiqləyən sənədlər kimi təqdim etdikləri və XX əsrin əvvəlində ortaya çıxan saxta mətnlər toplusu. Protokollar ilk dəfə 1903-cü ildə Sergey Nilus tərəfindən Sankt-Peterburqda dərc olunan "Znamya" qəzetində çap olunmuşdur. Nilus iddia edirdi ki, bu 1897-ci ildə İsveçrənin Bazel şəhərində keçirilmiş Sionist konqresinin iştirakçılarının hesabatlarının protokollarıdır.
"Sion müdriklərinin protokolları" | |
---|---|
Протоколы сионских мудрецов | |
Orijinalın dili | rus dili, fransız dili |
Ölkə | |
Orijinalın nəşr ili | 1903 |
Vikianbarda əlaqəli mediafayllar |
Mətnlərdə yəhudilərin dünya ağalığını əldə etmə planları, dövlət idarəetmə qurumlarına daxil olma, qeyri-yəhudilərin itaət altına alınması, digər dinlərin kənarlaşdırılması planları açıqlanır. "Sion müdriklərinin protokolları" yəhudi-mason qəsdinin mövcudluğunun təsdiq edilməsində mühüm rol oynayır.
1930-cu illərdə və sonrakı dövrdə aparılmış bir çox araşdırmalarla bu mətnlərin plagiat və mistifikasiya olması təsdiq olunsa da, hazırda bir çox ölkələrdə və xüsusilə müsəlman dünyasında bu protokollar həqiqi hesab edilir və onlara istinad edilir.
Protokolların 1864-cü ildə Fransada Moris Joli tərəfindən imperator III Napoleonun əleyhinə yazılan və həmin il qadağan edilən "Cəhənnəmdə Monteskyö və Makiavelli arasındakı dialoq və ya Makiavellinin XIX əsrdəki siyasəti" pamfletinin əsasında tərtib edildiyi güman edilir.