Sadao Araki - Wikipedia
Sadao Araki (荒木 貞夫, Araki Sadao?, 26 may 1877[1] – 2 noyabr 1966, Tokio[d]) – Yaponiya İmperator ordusunun generalı. Ultramilliyyətçi olmuş, Mancuriyanın işğalını və Yaponiyada imperator ənənələrinin möhkəmləndirilməsini dəstəkləmişdir.
Sadao Araki | |
---|---|
yap. 荒木貞夫 | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 26 may 1877[1] |
Vəfat tarixi | 2 noyabr 1966 (89 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | ürək tutması |
Dəfn yeri |
|
Vətəndaşlığı | |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Yaponiya imperiyası |
Qoşun növü | Yaponiya İmperator ordusu |
Xidmət illəri | 1898-ci ildən |
Rütbəsi | general |
Döyüşlər | |
Təltifləri | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktə1897-ci ildə Hərbi Akademiyadan məzun olmuş, 1904–1905-ci illərdə Rus-yapon müharibəsində kiçik zabit kimi döyüşmüşdür. 1908-ci ildə Ordu Heyəti Kollecini bitirdikdən sonra Rusiyada dil zabiti (1909) və hərbi ateşe (1912) kimi fəaliyyət göstərmişdir. 1918-ci ildə Yaponiyanın Sibir müdaxiləsində iştirak etmişdir.[2]
Araki general-mayor kimi 1923-cü ildə 23-cü piyada briqadasına komandanlıq etmişdir. 1927-ci ildə general-leytenant rütbəsinə yüksəlmiş və 1928-ci ildə Ordu Heyəti Kollecinin nəzarətçisi olmuşdur. 1929-cu ildə 6-cı piyada diviziyasına komandanlıq etmişdir. 1931-ci ildə Təhsil Nazirliyinin bir bölməsinin direktoru olmuşdur.[2] Sağçı fikirləri ilə tanınan "Kokuhonşa" təşkilatının vitse-prezidenti seçilmişdir.[3]
1931–1934-cü illərdə Yaponiyanın ordu naziri kimi, 1934–1936-cı illərdə Ali Müharibə Şurasının üzvü kimi fəaliyyət göstərərkən[3] gənc milliyyətçilər arasında populyar şəxs olmuşdur. Onun 1936-cı ilin fevralında baş vermiş hərbi çevriliş cəhdinin iştirakçılarına olan simpatiyası nazir vəzifəsindən ayrılmasına səbəb olmuşdur.[2] 1938–1939-cu illərdə Yaponiyanın təhsil naziri kimi fəaliyyət göstərmişdir.[3]
İkinci Dünya müharibəsinin başa çatmasından sonra Tokio tribunalı tərəfindən mühakimə olunmuş və 1948-ci ildə ömürlük həbs cəzası almışdır. 1955-ci ildə sağlamlıq problemləri əsas gətirilərək azadlığa buraxılmışdır.[2]
Fikirləri
redaktəAraki ultramilliyyətçi olmuş, kapitalizm, faşizm və kommunizm ideyalogiyalarını tənqid etmişdir. O, hərbi və mülki təhsildə mənəvi təhsili dəstəkləmişdir. O, həmçinin imperator yolu (kodo), imperator vətəni (kokoku) və imperator hərbi (koqun) kimi konsepsiyaları müdafiə etmişdir. Cinzaburo Mazaki, Sencuro Hayaşi, Toşiro Obata kimi generallarla yaxın münasibətlər qurmuşdur.[3]
Araki ordu naziri olduğu dövrdə Mancuriyanın işğalını dəstəkləmiş, 1932-ci ildəki Litton hesabatının rədd olunmasını istəmişdir. 1933-cü ildə Yaponiyanın Millətlər Liqasından çıxmasını müdafiə etmişdir. Yaponiya–Mançuko–Çin blokunun yaradılmasını, 1935–1936-cı illərdə SSRİ-nin potensial hücumuna hazırlaşmağı və Beş Nazir Konfransının yaradılmasını dəstəkləmişdir. Təhsil naziri olduğu dövrdə vətənpərvər olmayan universitet müəllimlərinin işdən çıxarılması ideyası ilə çıxış etmişdir.[3]
İstinadlar
redaktəƏdəbiyyat
redaktə- Tucker, Spencer C. Who's Who in Twentieth-century Warfare (ingiliscə). Routledge. 2001. səh. 10. ISBN 0415234972. İstifadə tarixi: 7 avqust 2024.
- Huffman, James. Modern Japan: An Encyclopedia of History, Culture, and Nationalism (ingilis). Nyu-York: Routledge. 2013. 14. ISBN 978-0-815-32525-3. İstifadə tarixi: 7 avqust 2024.