Rehman Orxan - Wikipedia
Rəhman Orxan (24 iyul 1950, Qayabaşı, Nuxa rayonu – 2 fevral 2024) — SSRİ Jurnalistlər İttifaqının və Azərbaycan Jurnalistlər Birliyinin üzvü , Azərbaycan Respublikasının Əməkdar jurnalisti, Osman Mirzəyev adına Respublika mükafatı laureatı.[1]
Rəhman Orxan | |
---|---|
Rəhman Abdurəhman oğlu Məmmədzadə | |
Doğum tarixi | |
Doğum yeri | Qayabaşı, Şəki rayonu, Azərbaycan SSR, SSRİ |
Vəfat tarixi | (73 yaşında) |
Vətəndaşlığı |
SSRİ → Azərbaycan |
Milliyyəti | azərbaycanlı |
İxtisası | jurnalist |
Təhsili | Azərbaycan Dövlət Neft və Kimya İnstitutu |
Fəaliyyəti | jurnalist |
Mükafatları |
Əməkdar jurnalist Osman Mirzəyev adına Respublika mükafatı laureatı |
Həyatı
redaktəRəhman Orxan 1950-ci il iyulun 24-də Şəki rayonunun Qayabaşı kəndində fəhlə ailəsində anadan olub. 1967-ci ildə Qayabaşı kənd orta məktəbini, 1976-cı ildə Azərbaycan Neft və Kimya İnstitutunu mühəndis-mexanik ixtisası üzrə bitirib, 1982–83-cü illərdə Azərbaycan Marksizm-Leninizm Universitetində jurnalist ixtisasına yiyələnib[1].
2 fevral 2024-cü il tarixində vəfat edib.[2]
Fəaliyyəti
redaktəƏmək fəaliyyəti
redaktəƏmək fəaliyyətinə 1967-ci ildə akademik Y. Məmmədəliyev adına Azərbaycan Elmi-Tədqiqat Neft və Kimya Prosesləri İnstitutunun Sumqayıt filialında (indiki Sumqayıt Polimer Materialları İnstitutunda) laborant kimi başlayıb.
1971–1979-cu illərdə Azərbaycan Boru-prokat zavodunun Layihə şöbəsində, sonra isə prokat sexində mühəndis-konstruktor işləyib. 1979-cu ilin dekabrında həmin zavodda nəşr olunan "Metallurq" qəzetində çalışıb, 1981-ci ilin yanvarından isə "Vışka" qəzetinə müxbir vəzifəsinə işə dəvət olunub. 1983-cü ilin mayından 1992-ci ilin iyuluna qədər "Vışka" qəzetinin Sumqayıt-Quba, Naxçıvan-Dağlıq Qarabağ zonaları üzrə xüsusi müxbiri işləyib. Ölkə sənayesinin və iqtisadiyyatının, həmçinin Sumqayıtın metallurgiya, kimya və maşınqayırma sənayesinin inkişafına, şəhərin sosial-iqtisadi problemlərinə dair bir sıra məqalələrlə respublika qəzetlərində çıxış edib[1].
1979-cu ildən başlayaraq hazırladığı oçerk, reportaj, məqalə və publisistik yazılar ölkə mətbuatında dərc edilib, həmçinin keçmiş SSRİ-nin Xəbərlər Mətbuat Agentliyi (XMA) və AzərTAC vasitəsilə yayılaraq, dünyanın bir sıra mətbuat orqanlarında, eləcə də Türkiyənin "Zaman" qəzetində çap olunub[1].
1992-ci ilin iyul ayından 2001-ci ilədək missiyası erməni təbliğatına qarşı ideoloji mübarizə aparmaq olan, Azərbaycanın məşhur ictimai-siyasi xadimi, keçmiş SSRİ Dövlət Plan Komitəsinin sədri Nikolay Baybakovun və Kosmik uçuşlar üzrə SSRİ Dövlət Komissiyasının sədri, general-leytenant Kərim Kərimovun fəxri redkollegiya üzvləri olduğu, Rusiya, Ukrayna, Belarus, Moldova, Gürcüstan və Baltikyanı ölkələrdə, həmçinin İsrail və Bolqarıstanda, qismən isə ABŞ, Kanada və Monqolustanda da yayılan Beynəlxalq ictimai-siyasi "Bakinets" qəzetinin təsisçisi və baş redaktoru olub[1].
Dağlıq Qarabağ mövzusuna, Azərbaycan xalqının erməni faşizminə qarşı apardığı ədalətli mübarizəyə həsr olunmuş yazılarına və jurnalist hüquqlarının müdafiəsinə görə 1993-cü ildə Osman Mirzəyev adına Respublika mükafatına layiq görülüb[1].
Qarabağ münaqişəsi
redaktəQarabağ münaqişəsi başlanan ilk günlərdən özünün əsas diqqətini bu mövzuya yönəldib. Dəfələrlə döyüş zonalarında, cəbhə bölgələrində — Şuşa, Xankəndi, Laçın, Füzuli, Cəbrayıl, Qubadlı, Beyləqan, Tərtər, Zəngilan və Nüvədidə olub, vətənpərvərlik mövzusunda, düşmənə qarşı mübarizəyə səsləyən yazıları ilə ardıcıl olaraq "Azərbaycan", "Vışka", "Səhər", "Respublika", "Yeni Azərbaycan", "İki sahil", "Bakinski raboçi", "Azərbaycan gəncləri", "Molodyoj Azerbaydjana", "Həyat", "Bakinets" və Türkiyənin "ZAMAN" qəzetlərində çıxış edib[1].
2001-ci ilin iyulundan 2013-cü ilin avqustunadək "Azərikimya" İstehsalat Birliyinin (əvvəl — "Azərikimya" Dövlət Şirkərti) Mətbuat xidmətinin rəhbəri vəzifəsində çalışıb. 1985-ci ildən SSRİ Jurnalistlər İttifaqının, hazırda isə Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür[1]. Bir neçə kitabın müəllifi və redaktorudur.
İstinadlar
redaktə- ↑ 1 2 3 4 5 6 7 8 "Sumqayıtlı jurnalistə fəxri ad verilib" (az.). Modern.az. 12 Oktyabr 2016. 2017-07-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-09-13.
- ↑ bizim.media. "Rəhman Orxan vəfat etdi". bizim.media (az.). 2024-02-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-02-02.