Qubadli Tarix Diyarsunasliq Muzeyi - Wikipedia
Qubadlı Tarix-Diyarşünaslıq Muzeyi — Azərbaycan Respublikasının Qubadlı rayonunda 1980-ci ilidən 1993-cü ilin avqust ayına qədər fəaliyyət göstərmiş, işğal olunmuş muzeylər siyahısına daxil olan yüksək bədii və tarixi səciyyə daşıyan eksponatlarla zəngin olan ən əhəmiyyətli muzeylərdən biri.
Qubadlı Tarix-Diyarşünaslıq Muzeyi | |
---|---|
| |
Əsası qoyulub | 26 sentyabr 1968 |
Açılış tarixi | 6 may 1980 |
Yerləşir |
1992-ci ilə qədər Qubadlıda, 1992-ci ildən sonra Azərbaycan, Bakı Sumqayıt şəhəri, Koroğlu prospekti, Sumqayıt şəhər “28 May” Mədəniyyət evinin binasıda |
Direktor | Vaqif Babayev |
Telefon | (018) 644-52-24 |
İş rejimi |
Çərşənbə axşamı - Cümə 10:00 -18:00, Şənbə-Bazar 10:00 - 20:00 İstitahət günü - Bazar ertəsi |
40°34′13″ şm. e. 49°40′42″ ş. u.HGYO |
Yaranma tarixi
redaktə- Qubadlı rayon muzeyi 1968-ci ildə Mədəniyyət Şöbəsinin müdiri Süleyman Rüstəmovun əmri əsasında yaradılmşdır. Mədəniyyət işçilərinin iki günlük seminar müşavirəsində rayonun tarixini öyrənmək və yaşatmaq məqsədilə Qubadlı rayon Tarix ölkəşünaslıq muzeyinin yaradılması bəyənilmişdir. Mədəniyyət işçiləri öz ərazilərində keçmiş tarixi əşyaları toplayaraq muzeyə təhvil vermişlər. Muzey üçün Mərkəzi kitabxanada bir otaq ayrılmışdır. Bu iş kitabxananın müdiri Telli xanım Qafarovaya həvalə edilmişdir. Muzeyə daxil olan eksponatlar Mədəniyyət Şöbəsi tərəfindən möhürlənmiş və səhifələnmiş kitaba qeyd olunurdu. Eyni zamanda yerlərdə guşələr yaradılırdı. Rayonda Mədəniyyət evi tikiləndən sonra Mədəniyyət evində muzey üçün iki otaq ayrılmış eksponatlar Mərkəzi kitabxanadan ora köçürülmüşdür.
- 1972-ci ildə Mədəniyyət evində muzeyə rəhbərliyi Avtoklubun müdiri Əvəz Hüseynquliyev edirdi. Qubadlı Tarix-Diyarşünaslıq Muzeyi 1980-ci il may ayınin 6-da Ulu Öndərimiz Heydər Əliyevin Sərəncamı ilə Qubadlı şəhərində yaradılmışdır. Muzeyin eksponatları əsasən rayon Mədəniyyət Şöbəsində vaxtı ilə yığılan eksponantlardan ibarət idi. Həmin dövrdə Qubadlı rayon Partiya komistəsinin I katibi işləmiş Zöhrab Məmmədovun yaxından köməkliyi sayəsində əhalidən qısa müddətdə minlərlə ekponant toplanmış və muzeyə hədiyyə edilmişdir. Muzeyin eksonantları bölmələrdə yerləşdirilmişdir. İşi daha yaxşı təşkil etmək üçün Bakı şəhərindən muzey işini bilənlər Qubadlı Tarix-Diyarşünaslıq Muzeyinə dəvət edilmişdilər. Bu şəxslərdən biri də əslən Qubadlıdan olan Sərraf Kərimov idi.
- Muzeyin yaradılmasında Rayon Mədəniyyət evinin direktoru işləyən Fəxrəddin Allahverdiyevin də əməyi az olmamışdır. Muzey dövrün muzeylərinə xas olan qədim dövr, Sovet dövrü, fauna və flora və s. bölmələrdən ibarət idi. Təbiət bölməsində rayonun florası, bitki örtüyü, faunası, heyvanlar aləmi haqqında geniş və hərtərəfli məlumatlat verilirdi. Qədim dövr bölməsi-ən qədim dövrlərdən b.e.ə. cəmiyyətin müxtəlif inkişaf dövrlərindən tutmuş b.e ilk əsrləri və orta əsrləri əhatə edirdi.[1]
Rəhbərlik
redaktəMuzeyə 1980-ci ildən 1992-ci ilədək Məmməd Qalayev rəhbərlik etmişdir. 1992-ci ildən bəri bu vəzifəni Vaqif Babayev icra edir.
Eksponatlar
redaktəEksponantların əsas hissəsi müxtəlif qazıntılar və təsadüflər nəticəsində tapılmış qədim əmək və döyüş alətləri, qab nümunələri, taxta və mis qablardan ibarət idi. Müxtəlif etnoqrafik alətlər-xış, vəl, qədim, milli formada olan kişi və qadın geyimləri və s.fərqli ekspozisiyalar sırasında idi. Sovet dövrü bölməsində 1920-ci ildən sonrakı dövrlər kollektivləşmə, kolxoz qurulucuğu 1941–1945-ci illərdə Böyük Vətən Müharibəsi, mühaibədən sonrakı dinc quruculıuq illərinə aid stendlər, fotolar, sənədlər və s. əşyalar nümayiş etdirilirdi. 1993-cü ilə qədər, muzey fəaliyyətə başladığı dövrdən işğala qədər burada 5 mindən artıq eksponat qorunub saxlanırdı. Bunların sırasında qədim dovrlərə aid qılınc, xəncər, mis əşyalar, saxsı qablar, təbiət, fauna və floraya aid nadir nümunələr, Böyük Vətən müharibəsi iştirakçılarına aid əşyalar vardı. Həmçinin, görkəmli yazıçılar, elm, mədəniyyət və incəsənət xadimlərinə aid guşə fəaliyyət göstərirdi. Bu guşədə həmin şəxslərə aid əsərlər, şəxsi əşyalarından nümunələr sərgilənirdi. Muzeydə xalq qəhrəmanları Qaçaq Nəbi və Həcərə aid əşyalar, onların qəhrəmanlıqlarını əks etdirən rəsm əsərləri də qorunub saxlanırdı.[2]
İşğaldan sonra
redaktəBu kimi əşyalardan ibarət ekspozisiyalar 13 il öz qapılarını müsafirlərin üzünə açdı. 1993-cü il avqust ayının 31-də Qubadlı rayonu erməni işğalçıları tərəfindən işğal olundu. Muzeyin eksponantları işğal zonasında qalaraq ermənilər tərəfindən vəhşicəsinə talan edilmişdir və onların sonrakı taleyi məlum deyil. Məcburi köçkünlük dövründə də muzey işçiləri yeni eksponantlar toplayaraq muzeyin fəaliyyətini bərpa etmək istəyirdilər.
Muzeyin bərpa olunması
redaktə1998-ci ildə muzey Sumqayıt şəhərində yerləşən "28 May Mədəniyyət evi"ndə öz işini bərpa etdi. Qısa müddətdə muzeyin fonduna minə qədər eksponant toplandı. Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqovun sayəsində muzey 2013-cü ilin avqust ayında Qubadlı Rayon İcra Hakimiyyətinin binasında müasir standartlara cavab verən geniş və işıqlı otağa köçürülmüşdür. Muzeyin fondu qədim və müasir dövrə aid eksponantlarla daim zənginləşdirilir. Yeni ekspozisiyalar, sərgilər, stendlər, hər kəsdə maraq yaradan guşələr təşkil edilir.
Muzeyin yeni binası
redaktəİşğaldan sonra Qubadlı Tarix-Diyarşunaslıq Muzeyi 1998-ci ildə öz işini bərpa edərək Sumqayıt şəhərində "28 May" Mədəniyyət evində fəaliyyət göstərməyə başladı. Hazırda muzeydə 673 növ eksponat qorunub saxlanılır. Bunlara mis, saxsı qablar, məişət əşyaları (cəhrə, həvə, kirkid və s.) aiddir. Muzeydə həmçinin, əslən Qubadlıdan olan yazıçıların, elm, mədəniyyət xadimlərinin kitabları numayiş olunur. Burada xalq qəhərəmanı Qaçaq Nəbi və Milli qəhrəmanlara aid guşə də fəaliyyət göstərir.
İstinadlar
redaktə- ↑ "Qubadlı Tarix-Diyarşünaslıq muzeyi". 2020-08-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-08-20.
- ↑ "1905.az". 2022-01-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-08-20.