Quslarin Miqrasiyasi - Wikipedia
Quşların bol qida və yararlı reproduksiya şəraiti tapmaq üçün yerini dəyişməsinə miqrasiya deyilir. Miqrasiya əsasən yazda və payızda olur. Yaz miqrasiyasının səbəbi reproduksiya instinktinin oyanması, payız miqrasiyasının səbəbi isə qidanın azalması.
Miqrasiyanın istiqaməti və səbəbləri
redaktəAvropa və Asiya quşlarının miqrasiyasının iki əsas istiqaməti var: yazda cənubi-qərbdən şimalı-şərqə, payızda isə bunun əksinə olan miqrasiya. Ümumi istiqamət cənubdan-şimala və onun əksinədir. Qərbi Avropada nəsil verib, qışlamaq üçün Afrikaya köçən quşlar payızda düz cənuba istiqamət alıb uçurlar[1]. Yaz-yayda Azərbaycan ərazisində havada cücülər çox olur, payızda soyuqlar düşəndə isə azalır. Bu vaxt qaranquş kimi quşlar qida tapmır. Ona görə də ilin qiş mövsümündə havada bol cücə olan Afrikaya köçməli olurlar. Ətraf mühitdə temperaturun dəyişməsi quşların qida bazasına və birbaşa özünə təsir edir. Havalara soyuduqda cücülər yox olur, quşun oksigenə tələbi üç dəfə çoxalır; onun bədənindən ətrafa yayılan istilik də üç dəfə çoxalır. Qışda günün gödəlməsi də quşun özünü qida ilə təmin etməsini çətinləşdirir. Ona görə bir sıra quşlar isti ölkələrə köçür. Soyuq yerdə qalan quşlar qidasını dəyişir, lələkləri sıxlaşır və uzanır, örtülü yerlərə sığınır, bir-birinə sıxlaşıb gecələyir, maddələr mübadiləsi zəifləyir, piy ehtiyatından istifadə edir, qida tapmağı və vaxtdan istifadəni səmərəli etmək üçün sürülər əmələ gətirir[1]. Reproduksiya yerini dəyişən quşların hamısına köçəri quş demək olmaz. Onların çoxu məhəlli köçmələr edir, yəni qida bazası azalmış quş yaşama regionunu dəyişir. Məhəlli yerdəyişmələr yayın ortasından yaza qədər davam edir, özü də əsasən qida tapmaq üçündür. Əsl köçəri quşların reproduksiya vilayəti onun qışlama yerindən çox uzaq olur, hətta ayrı-ayrı qitələrdə yerləşir ( bir sıra qaz, ördək, cüllüt, durna, leylək, qaranquş, sarıköynək, bülbül və s.). Bunlar özləri də iki qrupa ayrılır: zəif miqrantlar, güclü miqrantlar. Birincilər başqa qitəyə köçmür, fərdlərinin müəyyən qədəri reproduksiya regionunda qalır. Güclü miqrantlar reproduksiya yerindəki şəraiti tapana qədər köçüb uzaqlaşırlar. Quşların miqrasiyasına metereoloji şərait təsir edir. Bəzi quşlar köçmə vaxtında hipotermiya qabiliyyətindən (aclıq yuxusu) istifadə edir. Məsələn, qaranquş, uzunqanad və s. quşlar köçərkən pis hava ilə rastlaşanda miqrasiyanı bir neçə günlük dayandırır, mağaraya, evlərin çardağı altına və bu kimi örtülü yerlərə toplaşıb elə bil qış yuxusuna gedirlər. Lakin onların bu vəziyyəti geriyə dönən prosesdir: hava yaxşılaşan kimi yenə də fəal olurlar.
Quşların miqrasiyasının forması və qaydası
redaktəBəzi quşlar gecə, bəziləri gündüz, bəziləri isə gecə və gündüz miqrasiya edir[2]. Gündüz miqrasiya edənlər əsasən iri quşlardır (durna, leylək, flaminqo). Lakin bəzi xırda quşlar da gündüz köçürlər: vələmirquşu, turağay, qaratoyuq, qaranquş, uzunqanad və s. Bunlar tez-tez dayabıb qidalanır, gecələyir və dincəlir. Gecə və gündüz tədricən miqrasiya edənlər çox deyil: sığırçın, bəzi ördək, cüllüt və s. Bir sıra quşlar gecə miqrasiya edir: cücüyeyən xırda quşlar, bir sıra dənyeyənlər, bataqlıq quşları və s. Bunlar gündüz qidalanır və dincəlir[2]. Gecə miqrasiya edən quşlar özlərini yırtıcılardan yaxşı qoruya bilir. Quşların miqrasiyasının dəniz səviyyəsindən hündürlüyü müxtəlifdir. Çox hündürdə (5000–6000 m) miqrasiya edən quş azdır: bəzi qazlar, cüllütlər, odquyruq və s. Radiolakatorlardan müşahidə aparmaqla müəyyən edilib ki, okean üzərindən miqrasiya edən quşlar adətən 450–750 m hündürlükdə uçurlar. Quru sahədə xırda quşlar 100 m-dən alçaqda uçurlar. Pis hava şəraitində daha da alçaqdan miqrasiya edirlər. Belə halda quşlar yerin topoqrafiyasından istifadə edirlər. Quşların uçma sürəti müxtəlifdir[3]. Ördəklər saatda 90, cüllütlər-70, xırda quşlar-50 km sürətlə uçur. Lakin miqrasiya edən quşlar uçma sürətindən tam istifadə edə bilmirlər. Məsələn, 2000 km məsafəni 30 saata uça bilən quş əslində 50 günə uçur. Əsl miqrantların uçma sürəti sutkada 200 km, zəif miqrantlarınkı isə 100 km-dir. Birincilər dəniz, dağ və səhra üzərindən 2000–3000 m məsafəni birbaşa uça bilir. Gecə miqrasiya edən quşların sürəti gündüz köçənlərə nisbətən çoxdur[3]. Quşların miqrasiyasının ümumi məsafəsi məhəlli yerdəyişmə üçün 7–8 km-dən 60–70 km-ə qədər, regional köçərilər üçün 600–700 km-ə qədər, əsl miqrantlar üçün isə 10000–15000 km-ə qədərdir. Quşların köçmə istiqaməti onların qışladığı zonadan asılıdır. Əsl köçəri quşlar qar örtüyü olmayan zonada, məhəlli yerdəyişmə edənlər soyuq zonada, zəif miqrantlar isə mülayim zonada qışlayırlar.
Miqrant quşlar azırmı?
redaktəBu sual hamını qədim vaxtlardan düşündürmüş, son 200 ildə güclü tədqiqatlar aparılmışdır. Miqrasiya edən quşların getmək istədiyi yeri necə tapması haqqında çoxlu nəzəriyyələr olmuşdur. Onların heç biri bütün quşlar üçün universal deyildir. XX yüzilliyin ikinci yarısında məlum olmuşdur ki, eyni quş (fərd) bir neçə mexanizmdən istifadə edib, getdiyi yeri tapır: bioloji saatından, gündüz günəşdən, gecə aydan, ulduzlardan, yerin maqnit xəttindən, dumanlı vaxtda havanın kimyəvi tərkibindən, yerin topoqrafiyasından və s. Bu mexanizmlər anadangəlmə instinktlərə əsaslanır. Lakin fərdi həyatda qazanılan təcrübənin əhəmiyyəti də inkar edilmir. Ən vacib instinktdən biri yuva konservatizmidir, yəni quş harada dünyaya gəlibsə, getdiyi yerin uzaqlığından asılı olmayaraq yenə də oraya qayıdır. Quşun bu xasiyyətinə imkan verən onun uçmasıdır. Bəzi quşları yuvasından 1200 km-ə qədər uzağa aparıb buraxdıqda qayıdıb yuvasını tapır. Bir sıra quşun yayda pərvaz olmuş balası başqa qitədə yerləşən qışlağa anasından tez köçür. Lakin miqrasiya edən quşlardan istiqamətini itirib azanlar da olur. Ona görə onların uçma sürəti ilə qət etdiyi məsafə uyğun gəlmir. Lakin miqrasiya edən quş vaxtının çox hissəsini qidalanmağa və dincəlməyə sərf etdiyi üçün az enerji itirir. Doğrudur, dəniz və okean üzərindən birbaşa uçub keçən quşlar az tələf olur. Qışlama yerində bəzən aclıqdan və başqa səbəbdən daha çox quş tələf olur. Müxtəlif səbəbdən oturaq quşlar da tələf olur. Deməli, quşların köçməsi onlar üçün təhlükəli hadisə deyildir.
Quşların miqrasiyasının əmələgəlmə səbəbləri
redaktəMiqrasiyanın əmələgəlmə səbəbləri çoxdur, lakin əsas səbəbi təbii şeçmənin adi mexanizmidir. Konkret ərazidə quşun sayı çoxalır, onların arasında rəqabət güclənir. Rəqabətdə uduzanlar yeni sahə tutub orada uğurlu nəsil verirlər. Yüz və min illər keçir... Yeni sahədə da rəqabət güclənir. Müəyyən qədər quş bir az da şimala tərəf köçüb yeni sahədə nəsil verir. Bu qayda ilə milyon illər ərzində növün reproduksiya sahəsi şimala tərəf genişlənir. Eyni vaxtda şimala tərəf yayılmağın əks tərəfinə yayılma prosesi də gedir. Qışda soyuq yerlərdə yaşamaq çətinləşir. Soyuq yerlərin quşları cənuba (isti yerə)tərəf çəkilməyə başlayır. Cənuba yaxın olanlar yaxındakı isti yeri tutur. Maksimal şimal bölgəsində olanlar cənuba tərəf uçduqca isti yerləri tutulu görüb daha da cənuba uçmalı olurlar. Beləliklə, eyni növün bəzi fərdləri oturaq, başqaları isə köçəri olur. Milyon illər ərzində elə növlərdə formalaşıb ki, onlar üçün qışda isti cənub bölgəsində, yayda isə bol qida, geniş sahə və uzun gün olan şimal bölgəsində yaşamaq daha çox uğur gətirmişdir. Belələri əsl köçəri quşlardır. Deməli quşların köçəri olması prosesi indi də davam edir və hər yerdə ola bilər. Bunu da inkar etmək olmaz ki, quşların köçəri olmasında və onların irsiyyətində köçəriliyin möhkəmlənməsində Yer planetində, o cümlədən Şimal yarımkürəsində geoloji dəyişmələr böyük rol oynamışdır. Keçmiş vaxrlarda formalaşmış köçərilik müasir şəraitin təsiri altında yeniləşir.
Ədəbiyyat
redaktə- Mustafayev Q.T.,Məhərrəmova N.A. Ornitologiya. Bakı: "Çaşıoğlu", 2005; səh 19-24
İstinadlar
redaktə- ↑ 1 2 "Arxivlənmiş surət". 2021-09-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-11-26.
- ↑ 1 2 "Arxivlənmiş surət". 2022-06-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-11-26.
- ↑ 1 2 "Arxivlənmiş surət". 2021-09-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-11-26.