Qosi - Wikipedia
Qoşi (郷士?) – Tokuqava dövründə aşağı rütbəli və kəndli samuraylara verilən titul. Qoşi titulu bəzən kənd başçılarına da verilirdi. Qoşilər Tosa və Satsuma hanlarının sosial həyatında vacib yer tutmuşdurlar. Sakamoto Ryoma kimi qoşilər Meyci islahatı zamanı Tokuqava şoqunluğuna qarşı gələrək imperatoru dəstəkləmişdirlər.
Tarixi
redaktəQoşi titulunun yaranma səbəbləri müxtəlifdir. Bəzi samuraylar öz torpaqlarında qalaraq döyüşçü və əkinçi sinifləri arasındakı sosial yeri tutmuşdurlar. XVI əsrin sonlarında Toyotomi Hideyoşi kimi kimi hökmdarlar və daymyolar samurayları torpaqlarından uzaqlaşdırıb qəsrlərə çəkməyə çalışsalar da, qoşilər bu sistemin istisnaları idilər. Bəziləri gördükləri meliorasiya işlərinə görə bu statusa layiq görülmüşdülər. Varlı kəndlilər və tacirlər isə qoşi titulunu pulla alırdılar.[1]
1872-ci ildə Böyük Dövlət Şurası qoşilərin çoxunu şizoku (keçmiş samuray) kimi təsnif etmişdir və nəticədə, Edo dövründəki qeyri-üstünlükləri yox olmuşdurlar. Bu islahat nəticəsində qoşilər şəhər samuraylarından fərqli olaraq öz torpaqlarını saxlamaq hüququna malik olmuşdurlar.[2]
Tosa qoşiləri
redaktəQoşi titulunun statusu hər ərazidə fərqli olsa da, hər yerdə şəhər samuraylarından aşağı status hesab olunurdu. Tosa hanında qoşilər vacib yerə malik idilər və Tokuqava dövrünün axırlarında Tosa hanının hərbi gücünə əhəmiyyətli töhfə vermişdilər. Onlar aşağı rütbəli samurayların ən yüksək beş rütbəsində yer tutmuşdular. Bütün qoşilərin iki qılınc daşıma və soyaddan istifadə hüququ var idi, lakin Tosa hanında qoşilərə daymyo ilə görüşmək və onorizomedə iştirak etmək kimi yuxarı rütbəli samurayların hüquqları da verilmişdi. Tosadakı qoşilərə inzibati və hərbi vəzifələr də verilirdi.[3]
Tosa hanındakı qoşilərin çoxu 1600-cü ildə Sekiqahara döyüşündə məğlub olmuş Çosoqabe klanına mənsub idilər. 1685-ci ildə Tosada 23498 tan torpağa nəzarət edən 747 qoşi var idi. Əvvəlcə qoşi statusu sadəcə samuray mənşəli şəxslərlə məhdudlaşdırılmışdı, lakin daha sonra heç bir cinayət qeydi olmayan tacirlərə belə bu titul verilməyə başlamışdır. Meyci islahatında vacib rol oynamış tosalı Sakamoto Ryoma tacir mənşəli qoşi olmuşdur. Sake istehsalçısı olan varlı atası qoşi titulunu 1771-ci ildə əldə etmişdir. XIX əsrdə Tosada qoşi titulunu satmaq belə mümkün idi. 1860-cı illərdəki 212 tosalı qoşilərin çoxu bu titulu 1830-cu illərdə satın alanlar olmuşdurlar.[3]
Xüsusiyyətlər
redaktəQoşi titulu soyaddan istifadə və iki qılınc daşıma hüququna malik olan bir neçə növ şəxsə verilən titul olmuşdur. Qoşilərin bir növü kəndlərdə yaşayan və əkinçilik və sahibkarlıqla məşğul olan aşağı rütbəli samuraylar idi. Əsasən döyüşçü sinfinə mənsub olduqlarını iddia edirdilər və tozama daymyo torpaqlarının sosial həyatında vacib yer tuturdular. Satsuma, Tosa, Çoşu, Vakayama, Senday və Yonezava ərazilərində qoşilərin sayı üstünlük təşkil edirdi. Bu ərazilərdə qoşilər kəndlərin idarə olunmasında iştirak edən məmurlar hesab olunurdular.[3]
Bəzi yerli ərazilərdə qoşi kənd elitasına verilən titul idi, xüsusilə də, yerli hakimlər pul və yerli xidmət qarşılığında kənd başçılarına qoşi titulu verirdilər. Tokuqava dövrünün sonlarında qılınc sənətini öyrənmək istəyənlər çoxaldığı üçün qoşilərin sayı artmışdır. Meyci islahatı zamanı qoşilər imperatorun loyalistləri kimi aktiv olmuş və Tokuqava şoqunluğuna qarşı gəlmişdirlər. Bəzi qoşilər kəndlərində proto-sənaye inkişafı istiqamətində işlər görmüşdürlər.[3]
Qoşilərlə şəhər samurayları arasında sosial gərginlik mövcud idi. Şəhər samurayları kəndli samuraylara aşağıdan yuxarı baxırdılar və qoşilər bu vəziyyətdən məmnun deyildilər. Qoşilərlə şəhər samurayları arasında bir çox məhdudiyyətlər qoyulmuşdu. Məsələn, qoşilərə bokuru geymək və şəhərdə gəzərkən günəş çətirindən istifadə etməyə icazə yox idi. Qoşilər şəhər samurayları ilə qarşılaşanda baş geyimlərini çıxararaq onlara ehtiram göstərməli idilər.[3] XIX əsrdə kənd elitasına mənsub olan qoşilərin şəhər samuraylarının sahib olduqları imtiyazlar qarşısında müqavimət göstərmişdirlər.[2]
İstinadlar
redaktəƏdəbiyyat
redaktə- Vaporis, Constantine Nomikos. Samurai: An Encyclopedia of Japan’s Cultured Warriors (ingiliscə). Bloomsbury Academic. 2019. səh. 246-248. ISBN 9781440842702. İstifadə tarixi: 28 avqust 2024.
- Kodansha Encyclopedia of Japan (ingiliscə). III cild (G–I). Tokio: Kodansha. 1983. səh. 48-49. ISBN 0-87011-623-1. İstifadə tarixi: 29 avqust 2024.