Qiymet Meherremli - Wikipedia
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Qiymət Məhərrəmli (Qiymət Məmmədiyə qızı Məhərrəmli; d.2 dekabr, 1963; Şəki, Vərəzət k.) — şair, publisist, 1998-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Jurnalistlər Birliyinin üzvü (1998).
Qiymət Məhərrəmli | |
---|---|
Qiymət Məmmədiyə qızı Məhərrəmli | |
Doğum tarixi | |
Doğum yeri | Şəki rayonu, Vərəzət |
Vətəndaşlığı | SSRİ → Azərbaycan |
Milliyyəti | azərbaycanlı |
Təhsili | Nəsrəddin Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetinin filologiya fakültəsi |
Fəaliyyəti | publisist |
Mükafatları | "Məhsəti Gəncəvi" mükafatı |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktə1963-cü ildə dekabrın 2-də Azərbaycanda Şəki rayonunun Vərəzət kəndində anadan olub. Baş Zəyzid kənd orta məktəbini bitirdikdən sonra ailəlikcə Bakıya köçmüş, 1988–1992-ci ildə 222 saylı uşaq bağçasında tərbiyəçi, 1992-ci ildə istehsalat texniki komplektləşmə idarəsində mühasib, 1993-cü ildə isə təmir-tikinti sahəsində hesabdar işləmişdir. 1993–1995-ci illərdə Bakı Məktəbəqədər Pedaqoji Texnikumunda təhsil almış Qiymət xanım, 1995–2000-ci illərdə Nəsrəddin Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetinin filologiya fakültəsinin axşam şöbəsində bakalavr pilləsi üzrə ali təhsil almış, 2002-ci ildə həmin universiteti magistr pilləsi üzrə bitirmişdir. 2007-ci ildə namizədlik dissertasiyasını müdafiə edib.
Fəaliyyəti
redaktə1998-ci ildə "Maarifçi" qəzetində ELm, təhsil, mədəniyyət şöbəsinin müdiri, iki ildən sonra baş redaktoru olmuşdur. 2001-ci ildən AMEA Əlyazmalar İnstitutunda elmi fəaliyyətə başlamış, 2014-cü ilin noyabr ayınadək burada işləmiş, daha sonra iş yerini AMEA Folklor İnstitutuna dəyişmişdir. Hal-hazırda AMEA Folklor İnstitutu "Cənubi Azərbaycan folkloru" şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktorudur. 2009-cu ildən "Elimiz.Günümüz" qəzetinin təsisçisi və baş redaktorudur. Müxtəlif illər ərzində "Xəmsə", "Qafqaz" jurnallarının, "Ərən", "Planet-press", "Ana Vətən çağırır", "Milli Qəhrəmanlar" qəzetlərinin redaktoru olub. 2008-ci ildən "Elimiz.Günümüz" adlı elmi-ədəbi, mədəni-kütləvi publisistik qəzetin təsisçisi və baş redaktorudur. Gürcüstanda nəşr olunan "Meydan" dərgisinin Azərbaycan təmsilçisidir. Müxtəlif ölkələrdə Beynəlxalq elmi konfrans və simpoziumlarda, şeir yarışmalarında və poeziya festivallarında iştirak etmişdir. Türkiyədə keçirilən şeir yarışmasında qalib gələrək ödülə layiq görülmüşdür. Qiymət Məhərrəmli AzərKİVİHİ-nin "Məhsəti Gəncəvi" mükafatına, müxtəlif fəxri fərmanlara layiq görülmüşdür. Bədii yaradıcılığa erkən yaşlarından başlayan şair ilk şeirlərini 80-çi illərdən qəzet və jurnallarda çap etdirir. İlk şeiri Məmməd İsmayılın rəhbərlik etdiyi "Gənclik" jurnalında (1988) işıq üzü görüb. "Ürəyimdən nələr keçir" adlı ilk şeirlər kitabı 1996-cı ildə nəşr olunmuşdur. Ölkəmizdə və xaricdə — Türkiyə, İran, Gürcüstan, Qırğızıstan, Almaniya, İsveç, Hollandiya və digər ölkələrdə, həmçinin Moskvada, Sankt-Peterburqda, Sevastopolda və digər şəhərlərin mətbu orqanlarında şeirləri çap olunub.
Xalq şairi Bəxtiyar Vahabzadə Qiymət Məhərrəmlinin ədəbi yaradıcılığına yüksək qiymət verərək, "Ədəbiyyat qəzeti"nin 1998-ci il 20 mart tarixli sayında onun şeirləri barəsində "Alt qat" adlı yazı ilə çıxış etmişdir. Xalq artisti, xanəndə Könül Xasıyeva 2011-ci ildə Qiymət xanımın şeirlərindən ibarət "Könüldən-könüllərə" adlı muğam diski buraxdırmışdır. Şeirlərinə xeyli sayda mahnı və marş yazılmışdır. Dəfələrlə "Ovqat" və "Səhər sovqatı" adlı yüksək reytinqli TV verilişlərinin qonağı olub.
Əsərləri
redaktə- "Ürəyimdən nələr keçir" (1996);
- "Qərib durna" (1999) (Sankt-Peterburq);
- "Ana səndən doymadım" (2001);
- "İşığa sarı" (2004);
- "Şahin Fazil "Divan"ı və klassik ədəbi ənənələr" (elmi monoqrafiya) (2007);
- "Hardasan, Göy adamı" (2008);
- "Hardasan, Göy adamı" (2008) (Tehran, İran, əski əlifba ilə, Azərbaycan dilində);
- "Mənim ünvanımı ürəyinə yaz", (2013);
- "Slovo moyo" (2014) (Tbilisi. rus dilində);
- "Dərviş" (2016)
- "Bu dünya sənin yerindi" (2018)
- "Sözün izi ilə…" (Elmi məqalələr toplusu) (2019)
- "Bitmişəm köksündə özüm, Borçalı" (2021)
- "Gəl gedək Qarabağa…" (2021)
Ədəbiyyat
redaktə- Teymur Əhmədov. Azərbaycan yazıçıları (XX–XXI yüzillikdə) ensiklopedik məlumat kitabı; "Nurlar", Bakı — 2011