Qiyas Bey Sixlinski - Wikipedia
Şıxlinski Qiyas bəy Cahandar ağa oğlu — Azərbaycan Xalq Cümhuriyyətinin pristavı, Gəncə, və Şəki üsyanının iştirakçısı, siyasi mühacir.[1]
Qiyas bəy Şıxlinski | |
---|---|
Şıxlinski Qiyas bəy Cahandar ağa oğlu | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1895 |
Doğum yeri | İkinci Şıxlı, Qazax qəzası, Yelizavetpol quberniyası, Rusiya imperiyası |
Vəfat tarixi | 1975 |
Vəfat yeri | |
Uşaqları | Kamil, Əzizə, Qiyas, Çingiz |
Atası | Cahandar ağa |
Anası | Dürlü xanım |
Həyatı
redaktəŞıxlinski Qiyas bəy Cahandar ağa oğlu 1895-ci ildə Qazax qəzasının İkinci Şıxlı kəndində dünyaya gəlmişdir. Kənddə ibtidai məktəbi bitirdikdən sonra Qori Seminariyasına daxil olmuş, lakin ikinci kursda məktəbdən xaric olunmuşdur. Sonarkı illərdə quberniya idarələrində müxtəlif vəzifələrdə çalışmışdır.
AXC dövründə fəaliyyəti
redaktəAzərbaycan Xalq Cümhuriyyəti dövründə Gəncə şəhərində ştab-kapitan rütbəsində pristav işləmişdir. Sonradan Ərəş qəzasının rəisi , Yevlaxın Qarxunlu kəndindən olan Əşrəf bəy Tağıyevin köməkçisi vəzifəsində xidmət göstərmişdir. 1920-ci ildə Gəncədə qalxan May üsyanının iştirakçısı olmuş, üsyan yatırıldıqdan sonra xeyli müddət hakimiyyət orqanlarından gizlənmişdir.
Aprel işğalından sonra fəaliyyəti
redaktəBaş Siyasi İdarənin (BSİ) rəhbərlərindən olan Mircəfər Bağırovla şəxsi əlaqələri və dostluğu səbəbindən əvvəlcə qəza milis dəstəsinin komandiri, sonra isə Qazax qəza milis idarəsinin rəisi təyin edilmişdir.
Zaqatala qəzasında üsyançı dəstə ilə toqquşma zamanı Qiyas bəy dostu və rəisi Bağırovu labüd ölümdən xilas etdikdən sonra aralarındakı etimad daha da möhkəmlənmişdir. Qiyas bəyin kişi sözünə inanaraq, bir çox qaçaq dəstələrinin başçıları silahı yerə qoymağa və dinc həyata qayıtmağa razılaşmışlar. 1927–1929-cu illərdə Salahlı nahiyyə milis idarəsinin rəisi işləmişdir. Sonradan üsyançı antisovet dəstəyə başçılıq etməyə başlayır. Başçılıq etdiyi antisovet üsyançı dəstəyə Tomtuoğlu Əmiraslan və Sədi, Borçalıdan Həmzə bəy, Şıxlinskilərdən qardaşı Hasan ağa, Alay bəy, İsrafil bəy, Mustafa ağa, Süleyman ağa və başqaları daxil idilər. Bu dəstə bir müddət Dağıstan səmtində fəaliyyət göstərir. Burada Molla Mustafa Şeyxzadənin başçılığı altında qopan və Şimal-Qərb bölgəsində 8 rayonu bürüyən Nuxa-Zaqatala üsyanında iştirak edir. Üsyan nizami qoşunlar tərəfindən çox çətinliklə yatırıldıqdan sonra Qiyas bəyin dəstəsi fasiləsiz olaraq yerini dəyişir, gah Maymaq dağında, gah da Borçalı və Başkeçiddə görünür, tez-tez milis dəstələri ilə toqquşmalı olur. Borçalı-Qarayazıda fəaliyyət göstərən Qaçaq İsaxanla dostluq edir. 1930-cu ilin sonlarında sərhədi keçərək Türkiyənin Qars vilayətinə getmək qərara alınır.
Mühacirətdəki faəliyyəti
redaktəQarsda Qiyas bəy Azərbaycan üsyançı dəstələrinin qərargah rəisi təyin olunur. Türkiyə hakimiyyət orqanları ilə əlaqələr adətən onun vasitəsilə həyata keçirilir, çoxsaylı qaçaq dəstələrinin silah-sursatla təminatı, hərbi təlimlər, yaralıların müalicəsinin təşkili və başqa işlərə bilavasitə o, rəhbərlik edir. BSİ rəhbərlərinin üsyançılara qarşı nəzərdə tutduqları tədbirlər boşa çıxdıqdan sonra onların Azərbaycandakı qohumlarına divan tutmağa, potensial düşmənləri güllələməyə, arvad-uşaqlarını isə sürgünlərə göndərməyə başlayırlar.
Bu arada Türkiyənin ağır beynəlxalq vəziyyətinə istinad edən hakimiyyət orqanları Qiyas bəy və Əmiraslanı silahı yerə qoymağa və bir daha sərhədi keçməməyə razılaşdırırlar. Onlar da silahı yerə qoyaraq, bir daha Türkiyənin SSRİ ilə qarşılıqlı münasibətlərinə xələl gətirməyəcəklərini vəd edir və dinc həyata başlayırlar.
Qaçaqların Zaqafqaziyaya son reydləri 1936-cı ildə olmuşdur. Qiyas bəy və Tomtuoğlu Əmiraslanın Türkiyənin Moskvadakı səfirliyi vasitəsilə ailələri ilə birləşməyə imkan verilməsi xahişiylə sovet hökumətinə müraciətləri nəticəsiz qalır. Türkiyədəki bütün Şıxlinskilər "Alqazax" (bu nəslin daha qədim soyadı) soyadını götürürlər.
Siyasi fəaliyyətini davam etdirən Qiyas bəy İkinci Dünya Müharibəsi illərində azərbaycanlı əsirlərin xilas edilməsi və milli legionların yaradılmasında yaxından iştirak edir. 1944-cü ildə mühüm tapşırıqla SSRİ-yə sonuncu gəlişində Batumidə həbs olunur və şəxsiyyətini müəyyənləşdirə bilmədiklərindən azad olunur. Müharibədən sonrakı illərdə Qiyas bəy cəzalanma qorxusu altında Vətənə qayıtmaq istəməyən azərbaycanlı hərbi əsirlərin məsələləri ilə məşğul olur.
Ölümü
redaktə1972-ci ildə Türkiyənin Bandırma şəhərində dünyadan köçmüşdür.
Ailəsi
redaktə"Dəli Kür" bədii filmindəki Cahandar bəy surəti Qiyas bəyin atası Cahandar ağanın prototipidir.
Xalq yazıçısı İsmayıl Şıxlının dayısıdır.
Qiyas bəyin Türkiyəyə keçməyindən xəbər tutan Qazax rayonunun xüsusi idarəsinin rəisi Xoren Qriqoryan Şıxlinskilər nəslinə qənim kəsilir. O, bu nəsilin yaxın və uzaq qohumlarının əksəriyyətini həbs edib sürgünə göndərir. Qiyas bəyin anası Dürlü xanım, oğlu Kamil həbsxanada vəfat etdilər. Qiyas bəyin iki qardaşını isə güllələdilər. Qalanları Qazaxıstana sürgün olundular.
1935-ci ildə Qiyas bəyin xanımı Badisəba xanım Səadəddin Əfəndi qızı, onun yeddi yaşlı qızı Əzizə və 1915-ci il təvəllüdlü oğlu Qiyasla birgə sosial təhlükəli ünsür kimi noyabrın 17-də üç il müddətinə Qazaxıstana sürgün edildilər.
Qiyas bəy Şıxlınski 1949–1955-ci illərdə Qarsda, 1955–1965-ci illərdə Ağrıda yaşayıb. Ağrıda yaşayarkən evlənmiş, 3 oğlu və 2 qızı dünyaya gəlmişdi. Oğlanlarından Çingiz bəy Alqazax (1938, İqdır şəhəri, Türkiyə −1992, Ankara, Türkiyə) hərbi təyyarəçi idi. Türkiyə Hərbi Avasiya Məktəbini bitirmişdi. Çingiz Alqazax albay (polkovnik) rütbəsinə yüksəlmişdi.
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ İstiqlal fədailəri — Azərbaycan Xalq Cümhuriyyətinin Daxili İşlər Nazirləri və silahdaşları: 1918–1920 / İ. M. Əliyarlı, T. R. Behbudov