Qida Zenciri - Wikipedia
Qida zənciri — canlılar yaşamaq üçün qidalanmalıdırlar. Qida maddələri canlıların böyüməsi, inkişafı, hərəkəti və digər bioloji poseslərini həyata keçirmək üçün enerji mənbəyi rolunu oynayır. Hər bir orqanizm üzvi maddədə olan enerjidən istifadə edir. Üzvi maddələrin parçalanması müəyyən mərhələyə qədər çatdırılır. Enerji ilə zəngin qida qalıqları başqa orqanizmlərin qidasını təşkil edir. Beləliklə, canlıların müxtəlif növləri arasında qida əlaqələri yaranır[1]. Qeyri-üzvi maddələrdən üzvi maddə hazırlayan avtotrof canlılar qida zəncirinin əsas halqasıdır. Bura xlorofil piqmentinə malik bütün canlılar və xemosintezedici bakteriyalar aiddir. Bu canlılar qida zəncirinin başlanğıc halqasını təşkil edir. Quruda yaşayan bitkilər üzərinə düşən Günəş enerjisinin 1%-dən istifadə edərək üzvi maddələr hazırlayır. Otyeyən heyvanlar bitkilərlə qidalanaraq qida zəncirini davam etdirir. Bu heyvanların ifrazatı və cəsədləri ilə müxtəlif cücülər və mikroorqanizmlər qidalanır. Təbii şəraitdə qida əlaqələri çoxşaxəli olur. Belə ki, canlılar arasında mövcud olan trofik əlaqələrə (yunanca “trofe” - qida) ətyeyən heyvanlar və parazitlər də qoşulur. Zəncirin bütün halqalarının həyat fəaliyyəti nəticəsində üzvi qalıqlar əmələ gəlir. Redusentlər isə qalıqları minerallaşdıraraq torpağa qaytarır.[2].
Qida zəncirinin uzunluğu
redaktəQida zəncirinin birinci dərəcəli konsumentlərinə bitki ilə qidalanan heyvanlar və həşəratlar: maral, cüyür, dəvə, dovşan, siçan, çəyitkə, şala, may böcəyi , yosunlarla qidalanan balıqlar və s. aid edilir. İkincili dərəcəli konsumentlər isə birinci dərəcəli konsumentlərlə qidalanan canlılardır. Üçüncü dərəcəli konsumentlər isə, əsasən, yırtıcılardır. Qeyd etmək lazımdır ki, təbii şəraitdə qida zənciri mürəkkəb qidalanma şəbəkəsi əmələ gətirir. Bir növ bir neçə qida mənbəyindən istifadə edir. Ona görə də bir növün yox olması biogeosenozun dağılmasına və ya əvəz olunmasına səbəb olmur.
Çoxşaxəli mürəkkəb qida zənciri
redaktəGöstərilən qida zəncirində əlaqədə ayrıqotunun və ya maralın olmaması qida zəncirinin dağılması ilə nəticələnmir. Belə ki, maralın qidasını yalnız ayrıqotu, canavarın qidasını isə yalnız maral təşkil etmir[3]. Biogeosenozda növ müxtəlifliyi nə qədər çox olarsa, o daha davamlı olar. Qida zəncirinin öyrənilməsi insanların canlılara münasibətini dəyişir. Məlum olmuşdur ki, yırtıcı heyvanların məhv edilməsi nəticəsində mürəkkəb qida zənciri dağıla bilər, beləliklə, mövcud biogeosenozlar məhv olar. Canavarların yırtıcı olmağı, onların, əsasən, dırnaqlı heyvanlarla qidalandığı məlumdur. Ancaq müşahidələr göstərmişdir ki, canavarların kökünün kəsildiyi ərazidə dırnaqlılar azalmağa başlamışlar. Müəyyən olunmuşdur ki, canavarlar xəstə heyvanları tutub yeməklə dırnaqlılar arasında epidemiyaların yayılmasının qarşısını alır. Tozlayıcı həşəratlar məhv edilərsə, bitkilər tozlanmaz, onların sayı azalar. Bu da bitki ilə qidalanan cücülərin azalmasına səbəb olar. Cücülərin azalması qurbağaların, qurbağaların sayının azalması isə ilanların sayının azalmasına gətirib çıxarır. Bunun nəticəsində cücülər sürətlə çoxaldığından yaşıl kütlələri məhv edirlər, beləliklə də biogeosenoz dağılır[4].
Qida zənciri halqası
redaktəQida zəncirinin bir halqasından digərinə keçdikdə biokütlənin həcmi, enerjinin miqdarı, canlıların sayı azalır. Canlıların qidasından bədənlərinə keçən enerji 5-20% olur. Bu, ekoloji piramida qaydası adlanır. Qida zəncirinin halqalarında üzvi maddənin miqdarına görə biokütlə piramidası, fərdlərin sayına görə say piramidası, enerji miqdarına görə enerji piramidası tərtib edilir. Məsələn, göl biogeosenozunda qida zəncirinin ilk halqasını təşkil edən fitoplanktonlar zooplanktonların qidasını təşkil edir. Zooplanktonların aldıqları qidanın hamısı onlarla qidalanan balıqlara keçmir. Qəbul edilən qidanın bir qismindən hüceyrələrin qurulmasında, digər qismindən isə həyat fəaliyyəti üçün lazım olan enerji əldə etmək üçün istifadə olunur. Qida zəncirinin ilk halqasından sonuncu halqaya doğru getdikcə qida və enerjinin miqdarı azalır[5].
Eyni qayda ilə enerji piramidası da qurmaq mümkündür[1]. Ekoloji piramidaları nəzərdən keçirərək belə nəticəyə gəlmək olar ki, piramidanın ilk halqasından sonuncuya doğru getdikcə:
- ümumi biokütlə azalır;
- növ sayı azalır;
- ehtiyat halında toplanan qidanın miqdarı azalır;
- enerji itkisi azalır[6].
İnsanın təsərrüfat fəaliyyəti nəticəsində istifadə etdiyi zəhərli maddələr bəzən çoxşaxəli qida zənciri vasitəsilə onun özünün zəhərlənməsinə səbəb olur. Bu maddələr yağış suları ilə su hövzələrinə axaraq balıqlara, onlardan isə insan orqanizminə keçir. Bu kimyəvi maddələr meyvələrlə, tərəvəz və göyərtilərlə, heyvanların əti və südü vasitəsilə də insanın orqanizminə keçə bilir. Hətta orqanizmə keçən bu zərərli birləşmələr çox vaxt genotipə təsir göstərir və müxtəlif irsi xəstəliklərin yaranmasına səbəb olur. Ekoloji piramidada dəyişikliklər müxtəlif səbəblərdən baş verə bilər:
- Xəstəlik, hava şəraiti, qanunsuz ov, mühit çirkliliyi və s. kimi səbəblərdən ekoloji piramida dağıla bilir.
- Quraqlıq, şaxta, meşələrin qırılması, hava, su, torpağın çirkliliyi piramidanın ilk halqasını təşkil edən bitkiləri azaldır.
- Otyeyən heyvanların azalması bitkilərin artması ilə nəticələnir.
- Zərərli böcək və çəyirtkələrin sayının artması quşların sayının azalması nəticəsində baş verir[7]
Bütün bunlar bioloji tarazlığı pozur. Qida zənciri. Ekoloji sistemdə orqanizmlərdən biri digərinin qidasını təşkil edir və nəticədə qidada olan enerji bir orqanizmdən digərinə ötürülür. Beləliklə, qida zənciri yaranır. Qida zəncirinə daxil olan ilkin həlqə produsentlərdən ibarət olur. Produsentlər birincidərəcəli konsumentlərin, bunlar isə, öz növbəsində, ikincidərəcəli konsumentlərin və s.-nin qidasını təşkil edir. Qida zəncirinin hər bir sonrakı həlqəsində qidada olan enerjinin 80–95%-i istilik şəklində ətraf mühitə yayılır. Bunun nəticəsində enerji itkisi baş verdiyindən qida zənciri 4–5 həlqədən çox olmur[1].
İstinadlar
redaktə- ↑ 1 2 3 "Qida zənciri" (az.). https://www.e-derslik.edu.az/. 12.02.2021. Archived from the original on 2022-01-22. İstifadə tarixi: 2021-02-04.
- ↑ Briand, F.; Cohen, J. E. "Environmental correlates of food chain length" (PDF). Science. 238 (4829). 1987: 956–960. Bibcode:1987Sci...238..956B. doi:10.1126/science.3672136. PMID 3672136. 2012-04-25 tarixində orijinalından (PDF) arxivləşdirilib.
- ↑ Post, D. M.; Pace, M. L.; Haristis, A. M. "Parasites dominate food web links". Proceedings of the National Academy of Sciences. 103 (30). 2006: 11211–11216. Bibcode:2006PNAS..10311211L. doi:10.1073/pnas.0604755103. PMC 1544067. PMID 16844774.
- ↑ "The Food Chain". www2.nau.edu. 2022-09-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-05-04.
- ↑ Rowland, Freya E.; Bricker, Kelly J.; Vanni, Michael J.; González, María J. "Light and nutrients regulate energy transfer through benthic and pelagic food chains". Oikos. Nordic Foundation Oikos. 124 (12). 2015-04-13: 1648–1663. doi:10.1111/oik.02106. ISSN 1600-0706. İstifadə tarixi: 2019-10-25 – ResearchGate vasitəsilə.
- ↑ Elton, C. S. Animal Ecology. London, UK.: Sidgwick and Jackson. 1927. ISBN 0-226-20639-4.
- ↑ Vander Zanden, M. J.; Shuter, B. J.; Lester, N.; Rasmussen, J. B. "Patterns of food chain length in lakes: A stable isotope study" (PDF). The American Naturalist. 154 (4). 1999: 406–416. doi:10.1086/303250. PMID 10523487. 2016-03-04 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2021-02-12.
Ədəbiyyat
redaktə- Трофическая цепь / Биологический энциклопедический словарь / глав. ред. М. С. Гиляров. — М.: Советская энциклопедия, 1986. — С. 648—649.