Qeybet - Wikipedia
İslamda qeybət müsəlman qardaşının haqqında Allahın gizli saxladığı eybini faş etmək hesab olunur, qeybət etmək və müsəlmanların eybini onların ardınca danışmaq böyük günahlardan sayılır.
Qurani-Kərim qeybət etməyi müsəlman qardaşının ətini yeməyə bərabər hesab edir: "Ey iman gətirənlər! Çox zənnə-gümana qapılmaqdan çəkinin. Şübhəsiz ki, zənnin bəzisi (heç bir əsası olmayan zənn) günahdır. (Bir-birinizin eyibini, sirrini) arayıb axtarmayın, bir-birinizin qeybətini qırmayın! Sizdən biriniz ölmüş qardaşının ətini yeməyə razı olarmı?! Bu sizdə ikrah hissi oyadar (qeybət də belədir). Allahdan qorxun."[1]
Qeybət etməyin pislənməsinə aid hədis və rəvayətlər çoxdur.
Məhəmməd peyğəmbər(s.a.v.)buyurur: "Müsəlmanın dininin məhvində qeybətin təsiri xora xəstəliyinin insan bədənindəki təsirindən çoxdur".
Rəvayət olunur ki, Allah Musa peyğəmbərə belə vəhy etdi:
"Qeybət etməkdən tövbə edib dünyasını dəyişən şəxs hamıdan axırda behiştə daxil olacaq. Qeybətlə məşğul olduğu halda dünyasını dəyişən şəxs isə hamıdan birinci cəhənnəmə daxil olacaq".
Tənbihul-xəvatir kitabında qeyd olunan hədisdən də aydın olur ki, hətta ölmüş mömin qardaşın qeybətini etmək onun ətini yeməkdən də pisdir: "Allahın peyğəmbəri (s) bir zinakar kişini daşqalaq etdi. Bir nəfər öz dostuna dedi: "O, it kimi öldü." Allahın Peyğəmbəri (s) həmin bu iki nəfərlə murdar bir leşin yanından keçəndə onlara buyurdu: "Dişlərinizlə bu leşdən bir tikə qoparın." Ərz etdilər: "Ey Allahın Rəsulu! Allahın salamı olsun sənə, leşi dişimizə götürək?" Buyurdu: "Qardaşınızdan qopardığınız tikə bu leşdən daha üfunətlidir."[2]
Qeybətin icazə verildiyi yerlər
redaktəMüsəlmanın qeybətini etməkdən məqsəd düzgün və mühüm hədəf olarsa, belə ki, bu mühüm hədəfə qeybətdən savayı heç bir şeylə nail olmaq mümkün olmazsa, bu vaxt qeybət etmək günah deyil. Deməli, qeybətdəki istisnaların sayı qeyri-məhduddur. İstisnalardan bir neçəsi aşağıdakılardır:
- Aşkarda günah edən şəxsin etdiyi günahlar haqqında qeybətini etmək.
- Zalım şəxsin qeybətini etmək.
- Bir kəsə məsləhət verən zaman qeybət etmək.
- Günahdan çəkindirmək üçün bir şəxsin qeybətini etmək.
- Mühüm və böyük bir fəsadın qarşısını almaq üçün qeybət etmək. Misal üçün bidət edənin qeybəti.
- Məhkəmə zamanı şahidlərin qeybətini qazinin hüzurunda etmək.
- Bir şəxsi ziyandan qorumaq üçün onun qeybətini etmək.
- Bir şəxsi elə bir eybli adla yad edəsən ki, təkcə o adla tanınır. Misal üçün kar, kor, şil, keçəl və s..
- Yanlış fikirli bir kitabı və yaxud məqaləni tənqid edərkən qeybət etmək.
Eləcə də bir şəxs ailə həyatı qurmaq məqsədilə gələcək həyat yoldaşı haqqında onu tanıyanlardan soruşduğu təqdirdə həmin adam bildikləri doğruları söyləməlidir. Əgər onun söylədiyi həqiqətlər içərisində normalda qeybət hesab olunan varsa da, bu, günah hesab olunmur.