Qazax Muellimler Seminariyasi - Wikipedia
Qazax Müəllimlər Seminariyası – (sonralar Qazax Pedaqoji Məktəbi və ya Qazax Pedaqoji Texnikumu) 1918-ci ildən 1959-cu ilə qədər fəaliyyət göstərmiş təhsil müəssisəsidir. Seminariya Azərbaycan Xalq Cümhuriyyətində təsis olunmuş ilk müəllimlər seminariyası idi. Zaqafqaziya Müəllimlər Seminariyasının tatar (Azərbaycan) şöbəsinin əsasında Firudin bəy Köçərli tərəfindən təsis olundu. O, bu təhsil müəssisəsini “Maarif və mədəniyyət çeşməsi” adlandırırdı. Qazax Müəllimlər Seminariyası bu adla 1925-ci ilə qədər fəaliyyət göstərdi. 1925-ci ildə Qazax Pedaqoji Məktəbi adlandırıldı və bu ad altında 1959-cu ilə qədər fəaliyyətini davam etdirdi.
Qazax Müəllimlər Seminariyası | |
---|---|
Əsası qoyulub | 1918-ci il |
Direktor |
1) Firidun bəy Köçərli (1918-1920) 2) Əhməd ağa Mustafayev (1920-1923) 3) Əli Hüseynov (1923-1926 və 1927-1929) 4) Əhməd Qurbanov (1930-1931) 5) Mirqasım Əfəndiyev (1931-1936) 6) Mirzə Bağırov (1936-1940) 7) Məcid Tağıyev (1940-1942) 8) Güllüzar Əliyeva (1942-1947) 9) Əhməd Cəlilov (1947-1950 və 1954-1959) 10) Alı Alıyev (1951-1953) |
Şəhər | Qazax |
Ölkə |
Tarix
redaktə1876-cı ildə əsası qoyulmuş Zaqafqaziya Müəllimlər Seminariyasının nəzdində yaradılmış ayrıca tatar (Azərbaycan) şöbəsi 1879-cu il sentyabrın 23-də Qori şəhərində fəaliyyətə başladı. Şöbənin fəaliyyəti Dövlət Şurasının 13 may 1880-cı il tarixli qərarı ilə rəsmiləşdirildi.[1] Tatar (Azərbaycan) şöbəsi 5 il sınaq müddətinə açılmışdı. Əgər eksperiment yaxşı nəticə verərdisə, yəni azərbaycanlılar öz övladlarını məktəbə təhsil almağa könüllü göndərərdilərsə, onda həmin şöbə ayrılıb Azərbaycanın hansısa bir şəhərinə köçürülməli idi. F.Köçərlinin 1909-cu ildə “Tərəqqi” qəzetində çap etdirdiyi “Zaqafqaziya seminariyası” adlı məqaləsində yazırdı ki, 1884-cü ildə Azərbaycan şöbəsinin hansısa bir Azərbaycan şəhərinə köçürülməsi məsələsi ortaya çıxanda buna şöbənin inspektoru Aleksey Osipoviç Çernyayevski, Mirzə Hüseyn Əfəndi Qayıbzadə, Əbdüssəlam Axundzadə, Səfərəli bəy Vəlibəyov tərəfdar çıxmışdılar. Lakin o zaman bu ideyanı həyata keçirmək mümkün olmamış və bu məsələ sonralar o dövrün maarifçi ziyalıları tərəfindən dəfələrlə qaldırılsa da, həmin şöbəni Qoridən Azərbaycana köçürməyə imkan verilməmişdi.
1918-ci ildə Azərbaycan müstəqillik qazandıqdan sonra şöbə Qazax şəhərinə köçürülür. [2] Azərbaycan Xalq Cümhuriyyəti köçürülmə haqqında 22 iyun 1918-ci ildə qərar verdi. 1918-ci il iyunun 16-da Tiflisdən Gəncəyə köçən Milli hökümət bu məqsədlə Gəncə xəzinədarlığına maliyyə vəsaiti ayırdı və Gürcüstan höküməti ilə əvvəlcədən razılığa gəldi. Müəllimlər Seminariyası Azərbaycan şöbəsinin Qazaxa köçürülməsi, həmin şöbənin əmlakının Qazaxa gətirilməsi məqsədilə seminariyanın keçmiş inspektoru Firudin bəy Köçərliyə 5 min rubl vəsaitin ayrılması haqqında xüsusi qərar qəbul edir, həmin vəsait Gəncə xəzinədarlığından Firudin bəy Köçərliyə verilir. Bundan sonra Firudin bəy Köçərli Azərbaycan şöbəsinin Qazaxa köçürülməsi ilə məşğul olur. Seminariyanın Qazaxa köçürülməsi ilə bağlı Firudin bəy Köçərli "Azərbaycan qəzetinin 14 oktyabr 1918-ci il 14 nömrəli sayında "Zaqafqaziya Darülmüəlliminin Müsəlman Şöbəsi" adlı məqaləsində yazırdı:
"Keçən mayısın ibtidasında [ǝvvǝlindǝ] Qazax şəhərinin əhalisi qırx sənə bundan müqəddəm [ǝvvǝl] Zaqafqaziya Darülmüəllimini cənbində [nǝzdindǝ] açılmış olan müsəlman şöbəsinin Qoridən Qazaxa nəql olunması xüsusunda vəsatətə başlamışdır və gələcəkdə bu şöbənin müstəqil bir darülmüəllimin heyətinə düşüb daimi Qazaxda qalmasını nəzərə alaraq, onun təmiratı, bağ vǝ bostanı və başqa ziraət [ǝkinçilik] və ehtiyacatı üçün on desyatin sulu və münbit yer, hər sənə min manat pul və ibtidada üç min manat biryolluq müavinət [yardım] və sairə kimi müavinətdə bulunmağı vəd etmişdir. Bu məsələni Azərbaycan Hökuməti iyun ayının onunda məhəllimüzakirəyə qoyub qəti surətdə həll eyləmişdir və Maarif naziri şöbənin əşyasını Qori şəhərindən Qazaxa daşımağı bəndələrinə həvalə etmişdi. Əlan [hal-hazırda] mən də öhdəmə götürdüyüm şu təklifi bir çox zəhmət və məşəqqətlərdən sonra əncama yetirib, şöbənin yarım milyonluq əşyasını Qazaxa daşıyıb və orada müvəqqəti olaraq bir mənzil tutduqdan sonra, oraya cəm etmişəm. Darülmüəllimin kimi böyük və ziyadə əhəmiyyətli olan bir mədrəsənin Qazaxda açılması, məzkur məhəldə [adı çǝkilǝn yerdǝ] bir maarif çeşməsinin açılmasına bənzəyir və gələcəkdə əhalinin tərəqqi və təalisinə [ucalmasına] böyük xidmətlər göstərməsi şəkk və şübhədən xalidir [şǝksiz vǝ şübhǝsizdir]. Qazax Darülmüəllimininin nizam və qaydaya düşməsinə Maarif Nəzarətindən asılan maddi və mənəvi köməkdarlığı müzayiqə etməyəcəkdir [ǝsirgǝmǝyǝcǝkdir]. Fəqət bununla belǝ, bu mədrəsənin istiqbalını təmin etmək və onu dərəceyi-tamamiyyətə erdirmək zənnimcə yerli əhalinin rəğbət və himmətlərinə, səy və qeyrətlərinə bağlıdır. F.Köçərli "
Həmin qəzetin eyni sayında F.Köçərlinin yazısına aşağıdakı rəsmi cavab ünvanlanmışdır:
"İdarədən:Ümidvarız ki, Qazax əhalisi sənələrdən bəri türklük və islamlıq qayəsini irəli sürən və bu yolda çalışıb bir çox müəllimlər yetişdirən Firidun bəy Köçərli həzrətlərinin yuxarıda yazdığı nəsayihi [nəsihətləri] qəbul edərək, həm kəndiləri və həm də millət vǝ vətəndaşları böyük-böyük istifadələr edərlər".[3]
Azərbaycan Respublikasının Xalq Maarif naziri Nəsib bəy Yusifbəylinin 12 oktyabr 1918-ci il tarixli 39№li əmri ilə Zaqafqaziya müəllimlər seminariyasının keçmiş inspektoru Firidun bəy Köçərli həmin ilin oktyabrın 1-dən etibarən seminariyanın direktoru təyin edilmişdir. Bununla bağlı Azərbaycan qəzetinin 13 oktyabr 1918-ci il tarixli 13 nömrəli sayında aşağıdakı elan verilmişdir:
"Qori Darülmüəllimininin müsəlman şöbəsi Qazax şəhərinə köçmüşdür. Darülmüəlliminin nazirliyinə [müdirliyinə] məşhur müəllim Firidun bəy Köçərli təyin edilmişdir." [3]
Şöbə Qazaxa köçürüldükdən sonra müstəqil seminariyaya çevrilmiş və Qazax Müəllimlər Seminariyası adlandırılmışdır. Seminariyanın açılışı 1918-ci ilin noyabr ayının 10-da baş tutmuşdur. [4] Azərbaycanda 1920-ci ildə sovet hakimiyyəti qurulduqdan sonra Seminariya işini davam etdirsə də, 1925-ci ildən etibarən 1959-cu ilə qədər Qazax Pedaqoji Texnikumu adı ilə fəaliyyət göstərmişdir. [5][6]
Binası
redaktəQazax Müəllimlər Seminariyasının binası 1910-cu ildə tikilmişdir. Binanın çöl fasadı Gəncə-Qazax memarlıq ornamentləri ilə bəzədilmişdir. [7] Bu bina 1918-ci ildə Məşədi İbrahim adlı xeyriyyəçiyə məxsus olmuşdur. O, Qazaxın mərkəzində yerləşən 17 otaqlı mülkünü Firidun bəy Köçərliyə hədiyyə edir. Bildirir ki, bu binada seminariya aça bilər. Özü isə ömrünün sonuna qədər Qazax mahalının Kosalar kəndindəki beşotaqlı evində yaşadı.[8]
Rəhbərləri
redaktə- Firidun bəy Köçərli seminariyanın ilk direktoru olmuşdur. O, bu vəzifəyə Azərbaycan Xalq Cümhuriyyətinin Xalq Maarifi naziri Nəsif bəy Yusifbəylinin 12 oktyabr 1918-ci il 39 nömrəli əmri ilə təyin olunmuşdur. Onun dövründə seminariyanın şöhrəti bütün ölkəyə yayıldı və bura elmi-pedaqoji və metodik mərkəzə çevrildi. O, seminariyanın işini təşkil etməklə yanaşı, müəllimlərin köməyi ilə yaşlılar üçün savad kursları açdı, yetimlər evi təsis etdi, qaçqınlara yardım fonduna yaxından kömək etdi. O, seminariyaya 1918-1920-ci illərdə rəhbərlik etdi.
- Əhməd ağa Mustafayev Firidun bəy Köçərlinin ölümündən sonra seminariyasının müdiri vəzifəsinə təyin olundu. O, 1864-cü ildə Qazax qəzasının Salahlı kəndində anadan olmuş, 1880-ci ildə Qori Müəllimlər Seminariyasına daxil olmuş, 1885-ci ildə oranı müvəffəqiyyətlə bitirmişdi. Əhməd ağa təkcə Salahlı kəndindən Qori Müəllimlər Seminariyasında oxumaq üçün 30-dan artıq məzun hazırlamış, 50 ildən artıq xalq məktəblərində müəllimlik etmişdi. O, 1923-cü ilə qədər seminariyaya rəhbərlik etdi.
- Əli Hüseynov Qazax seminariyasına 1923-1926 və 1927-1929-cu illərdə rəhbərlik etdi. Əli Hüseynov 1886-cı ildə Qazax qəzasının II Şıxlı kəndində anadan olmuş, ilk təhsilini öz kəndlərində İsa Abakarovdan almış və onun məsləhəti ilə 1897-ci ildə Qori Müəllimlər Seminariyasının aşağı hazırlıq sinfinə daxil olmuş, 1905-ci ildə seminariyanın tam kursunu bitirmişdi. 1918-ci ildə Firidun bəy Köçərli onu Qazax Müəllimlər Seminariyasına dəvət etdi. O, seminariyada müəllim işləməklə yanaşı, Qazaxda maarif işinin təşkilində böyük fədakarlıq göstərmişdir. Əli Hüseynov seminariyanı yeni müəllim kadrları ilə təmin etdi, ədəbiyyat müəllimləri Süleyman Qayıbovu, Əkrəm Cəfəri və Yusif Əfəndiyevi, coğrafiya müəllimi Mirzə Əfəndini, təbiət müəllimləri Mahmud Bayramovu, Tahir Abdullayevi, Abdulla Babanlını, rus dili müəllimi Əhmədağa Gülməmmədovu, alman dili müəllimi Əli Mustafayevi seminariyaya gətirdi.
- Əhməd Osman oğlu Qurbanov 1930-1931-ci illərdə Qazax Müəllimlər Seminariyasına rəhbərlik etdi. O, Qazax rayonunun II Şıxlı kəndində doğulub. İbtidai təhsilini doğulduğu kənddə aldıqdan sonra Qazax Müəllimlər Seminariyasına daxil oldu. Seminariyanı bitirdikdən sonra orada müəllim işlədi. Əhməd Qurbanov sonralar Bakıya köçdü, müxtəlif rəhbər vəzifələrdə işlədi. İkinci Dünya Müharibəsinin iştirakçısı olub, müharibədən qayıtmamışdır.
- Mirqasım Hacı Ömər oğlu Əfəndiyev 1931-1936-cı illərdə Qazax Müəllimlər Seminariyasına rəhbərlik etmişdir. O, 1902-ci ildə Qazax qəzasının I Şıxlı kəndində anadan olmuşdur. İbtidai təhsil aldıqdan sonra 1918-ci ildə Qazax Müəllimlər Seminariyasına daxil oldu. Seminariyada Səməd Vurğun, Mehdixan Vəkilov, Mirəli Mirəliyevlə birlikdə təhsil almışdır. Mirqasım Əfəndiyevin direktorluğu dövründə dərs hissə müdiri vəzifəsində Bəkir Əfəndiyev işləmişdir.
- Mirzə Bağırov 1936-1940-cı ilə qədər Qazax Müəllimlər Seminariyasına rəhbərlik etmişdir. Onun direktorluğu dövründə dərs hissə müdiri vəzifəsində 1936-1938-ci illərdə Alı Alıyev, 1939-1940-cı illərdə isə Məcid Tağıyev işləmişdir.
- Məcid Əsgər oğlu Tağıyev 1940-1942-ci illərdə Qazax Müəllimlər Seminariyasına rəhbərlik etmişdir. O, 1908-ci ildə Qazax rayonunun I Şıxlı kəndində anadan olmuşdur. İbtidai təhsilini öz kəndlərində aldıqdan sonra 1923-cü ildə Qazax Müəllimlər Seminariyasına daxil oldu. 1928-ci ildə seminariyanı müvəffəqiyyətlə bitirərək Şamaxı rayonunun Şəridli kəndində məktəb direktoru vəzifəsində çalışdı. Məcid Tağıyev 1929-cu ildə Ali Pedaqoji İnstituta daxil oldu və 1932-ci ildə institutu bitirdi. Sonralar o, Tovuz rayon Xalq Maarif Şöbəsinin müdiri vəzifəsində işlədi. Məcid Tağıyevin direktorluğu dövründə dərs hissə müdiri vəzifəsində Güllüzar Əliyeva idi.
- Güllüzar Əliyeva 1942-1947-ci illərdə Qazax Müəllimlər Seminariyasına rəhbərlik etmişdir. Güllüzar Əliyevanın direktorluğu dövründə dərs hissə müdiri vəzifəsində Osman Əfəndiyev işləmişdir.
- Əhməd Məmməd oğlu Cəlilov 1947-1950 və 1954-1959-cu illərdə Qazax Müəllimlər Seminariyasına rəhbərlik etmişdir. O, 1913-cü ildə Qazax qəzasının II Şıxlı kəndində doğuldu. İbtidai təhsilini öz kəndlərində alaraq 1932-ci ildə Qazax Pedaqoji Məktəbinə daxil oldu, 1935-ci ildə oranı müvəffəqiyyətlə bitirdi. 1935-1940-cı illərdə Azərbaycan Dövlət Universitetində ali təhsil aldı. Sonra bir il Azərbaycan Maarif Komissarlığında metodist vəzifəsində işlədi. İkinci Dünya Müharibəsində iştirak etmiş, müharibədən qayıtdıqdan sonra Qazax Pedaqoji Məktəbində müəllim və qiyabi şöbənin müdiri vəzifəsində çalışdı. Əhməd Cəlilovun direktorluğu dövründə dərs hissə müdiri vəzifəsində Əli Zeynalov idi.
- Alı Həşim oğlu Alıyev 1951-1953-cü illərdə Qazax Müəllimlər Seminariyasına başçılıq etmişdir. O, 1908-ci ildə Aşağı Salahlı kəndində anadan olmuşdur. İbtidai təhsilini Orta Salahlı kənd məktəbində aldı. 1929-cu ildə Tovuzda kolxozçu gənclər məktəbini bitirdikdən sonra Orta Salahlı kənd məktəbinə müəllim təyin olundu. Bir il burada müəllim işlədi. 1930-1935-ci illərdə Azərbaycan Ali Pedaqoji İnstitutunun tarix şöbəsində təhsil aldı. Təyinatla Qazax Pedaqoji Texnikomuna müəllim göndərildi. Alı Alıyevin direktorluğu dövründə dərs hissə müdiri vəzifəsində Əli Zeynalov işlədi.
Müəllimləri
redaktə1935-ci ilə kimi məktəbdə 21 müəllim işləmişdir. Bu müəllimlərdən 16 nəfəri ali, 5 nəfəri isə orta təhsilli olmuşdur.[9]
- Firudin bəy Köçərli – Zaqafqaziya Müəllimlər Seminariyasının məzunu (1885), seminriyanın ilk direktoru. Direktorluq fəaliyyəti ilə yanaşı seminariyada pedaqogika, Azərbaycan dili və ədəbiyyatı fənlərini də, tədris etmişdir.
- Mirzə Mehdi Vəlizadə - Zaqafqaziya Müəllimlər Seminariyasının məzunu (1890), 1 sentyabr 1919-cu ildən seminariyanın ibtidai sinif müəllimi.
- İbrahim Qayıbov
- Mirzə Vəliyev
- Mustafa Məmmədov
- Əli Hüseynov
- Əhməd ağa Mustafayev
- Yusif Qasımov
- İsfəndiyar Vəkilov
- Məiş Hüseynov
Məzunları
redaktəFəaliyyət göstərdiyi bütün müddət ərzində bu təhsil müəssisəsini 2862 nəfər məzun bitirmişdir.[2] 1918-1935-ci illərə qədər seminariyanın 12 buraxılışı olmuş, buranı 658 müəllim bitirmişdir. Onlardan 582-si oğlan, 66 nəfəri isə qız idi.[9] Seminariyanın məzunları Səməd Vurğun, Mehdi Hüseyn, Osman Sarıvəlli, İsmayıl Şıxlı, Mövsüm Poladov, İlyas Əfəndiyev, Mehdixan Vəkilov, Əhməd Qaravəliyev, Tahir Məhərrəmov, Hacı Hacıyev, Alı Alıyev, Hüseyn Tağıyev, İsmayıl Qasımov, Məmməd Şıxlı, Yunis Eyyubov, Yasin Əfəndiyev, Əsgər Xasməmmədov, Abdulla Babanlı, Əhməd Əhmədov, Osman Cəfərov, Mansır Yaqubov, Qasım Murğuzov, Əli Zeynalov, İkram Eyyubov, Barat Qaravəliyev, Mirqasım Əfəndiyev, Seyfulla Şamilov, Yusif Yusifov, Mahmud Məmmədov, Dilşad Şıxlinski, Gülbahar Vəkilova, Pəri İbrahimova, Qənirə Mehdixanlı, Nərgiz Mahmudova, Mirpaşa Nəsibov, İsmayıl Orucov, Ənvər Əfəndiyev, Mədət Məşiyev, Cavad Bağırov, İsaq İsaqov, Həmid Nəsibov, İslam Vəliyev, İsrafil Yaqubov, İsrafil Yusifov, Abbas Vəfadağlı, Məcid Əhmədov, Mürsəl Əfəndiyev, Xanəhməd Bayramov, Yusif Zeynalov, Zöhrə Həsənova, Alı Mustafayev, Mirəli Mirəliyev, Mahmud Süleymanov, Məhəmməd Nəsibov, Mahir Mahmudov, Mehdi Həsənov, Nəsib Əfəndiyev, Mehdi Hüseynov, İbrahim İbrahimov, Mehri Əhmədova, Gilas Məmmədova, Niftalı Abdullayev kimi şəxslər olmuşdur.
Qalareya
redaktə-
Qazax Müəllimlər Seminariyasının müəllimləri və məzunları - 1924-cü il:
Birinci cərgə, sağdan sola: 1-ci - Səməd Vurğun, 2-ci - Mehdixan Vəkilov, 8-ci - Mirqasım Əfəndiyev.
İkinci cərgə, sağdan sola: Əhməd ağa Gülməmmədov, Süleyman bəy Qayıbov, Yusif Əfəndiyev, Əli Hüseynov, Haley bəy Şıxlınski, Mirzə Mehdi Vəlizadə, İbrahim Qayıbov, Mahmud Yolçuyev. -
Qazax Müəllimlər Seminariyasının müəllim və tələbələri
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ "Qori və İrəvan müəllimlər seminariyalarının milli təhsil tariximizdəki yeri və rolu haqqında". 2023-06-08 tarixində arxivləşdirilib.
- ↑ 1 2 "Qazax Müəllimlər Seminariyasının yaranması tarixindən". 2021-07-19 tarixində arxivləşdirilib.
- ↑ 1 2 "1918-1920-ci iillərdə nəşr olunmuş "Azərbaycan" qəzetinin tam külliyyatı, 20 cilddə, I Cild" (PDF) (az.). 2023-05-12 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-07-31.
- ↑ Elçin Qaliboğlu. "Qazax Müəllimlər Seminariyası: milli təhsilimizin başlanğıc dövrü". 2018-04-24 tarixində arxivləşdirilib.
- ↑ "Mir Cəlal Paşayevin 115 illik yubleyinə həsr olunmuş tədbirlər çərçivəsində Qazax Müəllimlər Seminariyasında görüş keçirilib". 2023-08-14 tarixində arxivləşdirilib.
- ↑ "Qazax Müəllimlər Seminariyası ADA Universiteti Qazax Mərkəzində görüş keçirilib".
- ↑ "Gazakh Teachers' Seminary". 17 iyul 2021 tarixində arxivləşdirilib.
- ↑ "Mülklərini xalqının təhsilinə hədiyyə edən xeyriyyəçi kimdir? MÜSAHİBƏ".
- ↑ 1 2 "İlk milli seminariya: Qazax Müəllimlər Seminariyası". 2024-02-25 tarixində arxivləşdirilib.